Məhkəmə qərarları › İş №2(060)-6099/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6099/2021

27.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6099/2021 27.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin və az yaşlı övladları 16.08.2010-cu il təvəllüdlü X4, 09.06.2007-ci il təvəllüdlü X1, 24.04.2006-cı il təvəllüdlü X2, 26.01.2005-ci il təvəllüdlü X3 Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 22, mənzil 54 ünvanında yerləşən mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 22 ünvanında yerləşən mənzili 20.07.2017-ci il tarixdə müqavilə əsasında Cavabdeh2 almışdır. Mənzilin ödənişi tam şəkildə həyata keçmişdir. Cavabdehlər Cavabdeh2 ailə üzvləridir. Onların həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır, bu isə iddiaçının mülkiyyətinə əsassız müdaxilə təşkil edir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 22, mənzil 54 ünvanında yerləşən mənzillə bağlı onunla Cavabdeh2 arasında müqavilə bağlanmış və o mənzili almışdır. Cavabdeh2 mənzillə bağlı ona etibarnamə də vermişdir. Mənzil ipotekada olmuş və hal-hazırda o ödənişləri edib qutarmışdır. Lakin, mənzili həyat yoldaşının adına keçirmək istəyəndə notariat orqanında ona bildirmişlər ki, mənzildə qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılmaları zəruridir. Bu səbəbdən məhkəməyə müraciət edib. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur. Cavabdehlər Cavabdeh1 xx.xx.1967-ci ildə, Cavabdeh2 xx.xx.1984-cü ildə, Cavabdeh3 xx.xx.1985-ci ildə, Cavabdeh4 xx.xx.1983-cü ildə, Cavabdeh5 xx.xx.1969-cu ildə, Cavabdeh6 xx.xx.1991-ci ildə və Cavabdeh7 xx.xx.1964-cü ildə anadan olmuşlar. Tərəflər ünvan 1 ünvanında qeydiyyatdadırlar. Eyni zamanda mübahisəli mənzildə yetkinlik yaşına çatmayan şəxslər 16.08.2010-cu il təvəllüdlü X8, 09.06.2007-ci il təvəllüdlü X5, 24.04.2006-cı il təvəllüdlü X6 və 26.01.2005-ci il təvəllüdlü X7 da qeydiyyatdadırlar. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən mübahisəli mənzil 23.12.2013-cü il tarixdə Cavabdeh2 adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. 20.07.2017-ci il tarixli ilkin müqaviləyə əsasən Cavabdeh2 "xxxx" ASC-də ipotekada olan mübahisəli mənzili 111596,15 manata iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən iddiaçı 25000 manatı Cavabdeh2 ödəmiş, qalan 86596,15 manatı isə hər ay 336,95 manat ödəniş etməklə ödəməlidir. İlkin müqavilədə əsas müqavilənin bağlanmasının 257 ay ərzində başa çatması göstərilmişdir. 11 saylı Mənzil-Kommunal sahəsinin 595 saylı, 04.06.2021-ci il tarixli arayışında göstərilmişdir ki, cavabdehlər və yetkinlik yaşına çatmayan şəxslər 16.08.2010-cu il təvəllüdlü X8, 09.06.2007-ci il təvəllüdlü X5 , 24.04.2006-cı il təvəllüdlü X6 və 26.01.2005ci il təvəllüdlü X7 mübahisəli mənzildə qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. 20.07.2017-ci il tarixli etibarnaməyə əsasən Cavabdeh2 mübahisəli mənzillə bağlı sərəncam vermək hüququ da daxil olmaqla digər hərəkətlərin edilməsini iddiaçıya etibar etmişdir. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi mübahisəli mənzil hal-hazırda Cavabdeh2 mülkiyyətindədir. Cavabdeh2 da həmin mənzildə qeydiyyatdadır. İddiaçı digər cavabdehlərlə yanaşı Cavabdeh2 da mübahisəli mənzildən isitfadə hüququna xitam verilməsini xahiş edir. O, Cavabdeh2la aralarında bağlanmış ilkin müqaviləyə əsaslanır. Mülki Məcəlləyə əsasən ilkin müqaviləyə görə tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər (402.1.). İlkin müqavilə əsas müqavilə üçün nəzərdə tutulmuş formada bağlanır. İlkin müqavilənin formasına dair qaydalara əməl edilməməsi onun əhəmiyyətsizliyinə səbəb olur (402.2.) İlkin müqavilədə əsas müqavilənin predmetini, habelə digər mühüm şərtlərini müəyyənləşdirməyə imkan verən şərtlər göstərilməlidir (402.3.). İlkin müqavilədə tərəflərin əsas müqaviləni hansı müddətdə bağlamağı öhdələrinə götürdükləri göstərilir. Əgər ilkin müqavilədə bu müddət müəyyənləşdirilməyibsə, əsas müqavilə ilkin müqavilənin bağlandığı andan bir il müddətində bağlanmalıdır (402.4.). Əgər əsas müqavilə tərəflərin onu bağlamalı olduğu müddət qurtarana qədər bağlanmazsa və ya tərəflərdən biri digər tərəfə həmin müqaviləni bağlamaq barədə təklif göndərməzsə, ilkin müqavilədə nəzərdə tutulmuş öhdəliklərə xitam verilir (402.5.). Niyyət razılaşmasında (niyyət protokolunda və s.) tərəflərin ona ilkin müqavilə qüvvəsi vermək iradəsi birbaşa ifadə olunmayıbsa, o, mülki hüquq nəticələri doğurmur (402.6.). Göründüyü kimi iddiaçı ilə Cavabdeh2 arasında mənzillə bağlı ilkin müqavilə bağlansa da, əsas müqavilə (alqı-satqı müqaviləsi) bağlanmamışdır. Mübahisəli mənzil hələ də Cavabdeh2 mülkiyyətindədir. Bu səbəbdən iddiaçı mənzildə qeydiyyatda olan şəxslərin mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə tələb irəli sürməkdə subyektiv hüquqa malik deyildir. Mənzillə bağlı Cavabdeh2 tərəfindən ona etibarnamə verilməsi ilə bağlı iddiaçının dəlillərinə gəldikdə isə qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər (359.1.). Təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz (359.3.). İddiaçı digər cavabdehlərlə yanaşı Cavabdeh2 da mənzildən istifadə hüququna xitam verilməsini xahiş edir. Eyni zamanda digər cavabdehlərin Cavabdeh2 ailə üzvləri olub-olmamaları da iş materialları ilə müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı cavabdehlərin həmçinin yetkinlik yaşına çatmayan şəxslər 16.08.2010-cu il təvəllüdlü X4, 09.06.2007-ci il təvəllüdlü X1, 24.04.2006-cı il təvəllüdlü X2 və 26.01.2005-ci il təvəllüdlü X3 Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 22, mənzil 54 ünvanına istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar