Məhkəmə qərarları › İş №2(060)-6126/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6126/2025

04.12.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6126/2025 04.12.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirlimiş hesab edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Cavabdeh ünvan 1-dan istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 mülkiyyət hüququ ilə ona məxsusdur. Bunu onun adına xx.xx.2015-ci ildə verilmiş RX seriyalı ******* RX seriyalı çıxarış təsdiq edir. Cavabdeh onun qızıdır. Cavabdeh mülkiyyətçisi olduğu mənzildə qeydiyyatı formal xarakter daşıyır. Cavabdeh 10 iyul 2010-cu ildə ailə həyatı qurduqdan sonra mülkiyyətçisi olduğu mənzildən el adəti ilə gəlin köçmüş və bir daha orada yaşamamışdır. Bunu 16 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 12 nömrəli akt təsdiq edir. Hesab edir ki, Cavabdeh ünvan 1-dan istifadə hüququna xitam verilməsi barədə qətnamə qət edilməlidir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal X1 16 saylı Mənzil-Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli, 12 nömrəli aktdan görünür ki, ünvan 1-da yaşayan Cavabdeh 10 iyul 2010-cu ildən gəlin köçmüş (ailə həyatı qurmuş), həmin tarixdən sonra orada yaşamamışdır.

6. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, ünvan 1 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 15 avqust 2015-ci ildə qeydiyyata alınmışdır.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı, Cavabdeh, X3 və Mehdiyeva İlknur Elvin qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar.

Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

9. Azərbaycan Respublikası Konstitusiyasının:

-13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. -29-cu maddəsinin 3-cü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

10. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Mənzil Məcəlləsi:

51-ci maddəsinə əsasən dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. 53-cü maddəsinə görə icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 54-cümaddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 60-cı maddəsinə görə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. 87.2-ci maddəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

11. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı: “..Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir...”.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməlidir.

13. Belə ki, iş materialları ilə müəyyən olunur ki, hal-hazırda Sumqayıt şəhəri, 10cu mikrorayon, ev 10, 46 nömrəli mənzil İddiaçı mülkiyyətindədir. Həmin mənzil üzərində iddiaçının ilk dəfə mülkiyyət hüququ 23 noyabr 2001-ci il tarixdə yaranmışdır. Mülkiyyət hüququnun qeydiyyata alınmasına əsas olan sənəd yaşayış evlərinin dəyişdirilməsinə dair 11 iyun 1992-ci il tarixli order olmuşdur. Yəni həmin ev sözügedən order əsasında iddiaçının istifadəsində olmuş, daha sonra 2001-ci ildə özəlləşdirilmişdir.

14. Hal-hazırda İddiaçı, qızı Cavabdeh sözügedən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir.

15. Məhkəmə cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verilməsi məsələsinə qiymət verməzdən əvvəl, ümumiyyətlə onun həmin yaşayış sahəsinə münasibətdə istifadə hüququnun yaranıb-yaranmaması (mövcud olub-olmaması) məsələsinin araşdırılmasını zəruri hesab edir. Belə ki, mövcud olmayan hüququn itirilmiş hesab edilməsindən söhbət gedə bilməz.

16. Bu baxımdan məhkəmə hesab edir ki, ilk növbədə hazırki işə tətbiq edilməli olan hüquq norması müəyyən edilməlidir. Buna görə də tərəflər arasında sözügedən mənzilə dair hüquq münasibətinin hansı dövrdə yaranmasının müəyyən edilməsi zəruridir.

17. Məhkəmə qeyd edir ki, yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə bağlı hüquq münasibətləri 01 sentyabr 2000-ci ilədək, yəni hazırkı Mülki Məcəllə qüvvəyə minənədək yarandığından, belə münasibətlərdən irəli gələn mübahisələrə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53 və ya 123- cü maddələrinin tələblərinə görə baxılmalı və hazırkı mübahisəyə 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Mənzil Məcəlləsinin normaları tətbiq olunmalıdır.

18. İş materiallarından görünür ki, mübahisəli mənzil 11 iyun 1992-ci il tarixli order əsasında İddiaçı istifadəsində olmuşdur. Cavabdeh atası İddiaçı icarəsinə verilmiş mübahisəli mənzilə köçüb, icarədarla birlikdə yaşayıb, onunla ümumi təsərrüfat apararaq ailə üzvü qismində həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrinin tələbinə əsasən mənzildən istifadə hüququ əldə etmişdir.

19. 2001-ci il tarixdə dövlət mülkiyyətində olan mənzilin özəlləşməsi ilə əlaqədar, mənzil iddiaçının xüsusi mülkiyyətinə keçmişdir ki, bu hal Mülki Məcəllənin 158.3-cü maddəsinin tələbinə müvafiq olaraq cavabdeh X2 həmin mənzildə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün əsas olmamış, onun istifadə hüququ saxlanılmışdır.

20. Cavabdehin mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsinə gəldikdə isə məhkəmə qeyd edir ki, sözügedən Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı və onun ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

21. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1 hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən, altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində 6 ay və daha uzun müddətdə yaşamamağının səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

22. Mübahisənin həlli, yəni cavabdehin mübahisəli mənzildən olan istifadə hüququnun itirilib-itirilməməsinin müəyyən edilməsi üçün onun bu yaşayış sahəsini tərk etməsinin səbəbləri araşdırılmalı və bu tərk etmənin daimi və yaxud müvəqqəti əsaslarla olmasına qiymət verilməlidir.

23. Belə ki, bu münasibətləri tənzimləyən yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt icarəçi və ya qeydiyyatda olan şəxslərin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir.

24. Məhkəmə cavabdehin mübahisəli mənzildə yaşamamasının səbəblərini araşdıraraq hesab edir ki, cavabdehin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamaması hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onun daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsi ilə əlaqədardır. Belə ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh X5 ilə nikaha daxil olmuş və onların bu nikahdan xx.xx.2020-ci il təvəllüdlü övladları vardır. Eyni zamanda məhkəməyə təqdim edilmiş qonşular X6, Ələkbərova Gülcahan Babaş qızı və 16 saylı MKS-nin sahə ustası X4 tərəfindən tərtib edilmiş və Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal-X1 16 saylı Mənzil Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş 12 saylı, 11 avqust 2025-ci il tarixli aktdan görünür ki,Cavabdeh 10 iyul 2010-cu ildən gəlin köçmüş (ailə həyatı qurmuş), həmin tarixdən sonra orada yaşamamışdır. Beləliklə cavabdehin ailə quraraq başqa yaşayış sahəsinə köçməsi onun sözügedən mənzili könüllü olaraq, daimi əsaslarla tərk etməsi anlamına gəlir.

25. Cavabdehin qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilsə də, həmin ünvanda yaşamaması səsbindən zərf geri qaytarılmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə həmçinin AZEMİS vasitəsilə SMS xəbərdalıq göndərilməklə məlumat verilmiş, lakin o, məhkəmə iclaslarında iştirak etməmiş, iddiaya qarşı yazılı münasibətini məhkəməyə təqdim etməmiş, eyni zamanda yuxarıda qeyd edilən dəlilləri təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

26. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 10, 46 saylı mənzilə istifadə hüququna xitam verilməlidir. Nəticə:

27. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 10, 46 saylı mənzilə istifadə hüququna xitam verilsin. Cavabdeh ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar