Məhkəmə qərarları › İş №2(060)-6137/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6137/2021

01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6137/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 1 saylı Regional Ərazi Filialının nümayəndəsi X3 iştirakları ilə, Ərizəçi maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 1 saylı Regional Ərazi Filialına qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt Şəhər Şöbəsinə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı ildə Laçın rayonunun Alxaslı kəndində anadan olmuşdur. 01 aprel 1972-ci ildən Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda əmək fəaliyyətinə başlamışdır. Həmin tarixdən 01 may 1992-ci ilədək fasiləsiz olaraq kolxozda mexanizator vəzifəsində işləmişdir. Lakin Laçın rayonunun işğalı ilə bağlı o, Sumqayıt şəhərinə gəlmiş və burada məskunlaşmışdır. Rayonun işğalı ilə əlaqədar olaraq onun əmək kitabçası həmin rayonda qalmışdır. Laçın rayonunun Alxaslı kəndində yerləşən “Qızıl Ordu" kolxozunda əmək fəaliyyətinin olduğunun müəyyən edilməsi üçün Laçın Rayon Dövlət Arxiv İdarəsinə müraciət etmişdir. Arxiv İdarəsinin 19.03.2021-ci il tarixli, 06 saylı arayışı ilə ona yalnız 1992-ci ilin may ayından 1999-cu ilin mart ayına qədər olan qrafik verilmişdir. Bundan əvvəlki tarixə olan məlumatlara dair sənədlər isə işğal olunmuş Laçın rayonunda məhv olduğundan onların verilməsi mümkün olmamışdır. Qeyd olunan faktın müəyyən olunması onun mülki, sosial və digər hüquqlarını həyata keçirməyinə təsir göstərir və bu faktı təsdiq edən lazımi sənədi məhkəmədən kənar başqa qaydada ala bilmir. Əks halda, o, sosial təminat hüququndan məhrum ola bilər ki, bu da onun konstitusion hüquqlarının reallaşmasına maneədir. Onun işləməyi faktının müəyyən edilməsi 1972-1992-ci illərdəki əmək stajının ümumi əmək stajına əlavə edilməsi və pensiyasının hesablanılması üçün lazımdır. Hesab edir ki, onun sosial sığorta stajı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmədən onun 01 aprel 1972-ci il tarixdən 01 may 1992-ci il tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək iş üzrə maraqlı şəxsin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı ilə əvəz edilməsini xahiş etmişdir. Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək 01 aprel 1972-ci il tarixdən 30 noyabr 1974-cü il tarixə qədər və 22 noyabr 1976-cı il tarixdən 01 may 1992-ci tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X13 Şəxsin 1 saylı Regional Ərazi Filialının nümayəndəsi X6 iddia ərizəsinə etiraz verərək etirazı onunla əsaslandırmışdır ki, Ərizəçi ərizəsində xx.xx.1956-cı il tarixdə Laçın rayonunun Alxaslı kəndində anadan olduğunu, 01.04.1972-01.05.1992-ci illər ərzində Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu işlədiyini iddia etmiş və 01.04.1972-ci il tarixdən 01.05.1992-ci il tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu işləməsi faktının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər ( əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilibedilməməsinə xüsusi diqqət yetirilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 11.12.2017-ci il tarixli, 17 nömrəli qərarı ilə təsdiqlənmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin, edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru tənzimlənmişdir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 1) Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 2) Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 1) əmək kitabçası; 2) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; və s. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədi bərpa etmək mümkün olmadıqdan iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin İ bölməsinin 1-ci bəndinə əsasən, əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda iş stajı ən azı iki nəfər şahidin ifadələrinə əsasən həmin Əsasnamənin İİİ bölməsində nəzərdə tutulan qaydada müəyyən olunur. Həmin Əsasnamənin İİİ bölməsinin 16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən respublika Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Həmin əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Yuxarıda sadalananları nəzərə alaraq Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Covid-19 pasportu olmadığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X6 etirazda göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, Ərizəçi ilə bir yerdə işləmişlər. Ərizəçi fəhlə kimi işə 1972-ci ildə qəbul olunub, sonra əsgərliyə gedib, qayıdandan sonra yenə orda işləyib. Hər ikisi traktorçu işləmişlər. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Ərizəçi uşaqlıqdan tanıyır. Bir kənddə böyümüş, sonra da bir yerdə “Qızıl Ordu” kolxozunda işləmişlər. Ərizəçi 1972-ci ildə işə qəbul olmuş, 1974-cü ildə əsgərliyə getmişdir. Əsgərlikdən qayıtdıqdan sonra yenidən bir yerdə işləmişlər. Məhkəmə, ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasdən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi Filialı tərəfindən Ərizəçi ünvanlanmış 21.06.2021-ci il tarixli **********7№-li məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1.1 bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən ərizədə qeyd edilən 1972-ci il tarixdən 1999-cu il tarixədək olan dövrün sosial sığorta stajının hesablanması zamanı nəzərə alınması qaydalara ziddir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Laçın Rayon İcra Hakimiyyəti Laçın Rayon Dövlət Arxiv İdarəsi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli 06№-li arxiv arayışından görünür ki, Ağdam rayon X1 "Qızıl Ordu" kolxozunun arayış xarakterli arxiv sənədlərinə əsasən Ərizəçi 1992-1999-cu illər ərzində Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda mexanizator işləmişdir. İş materiallarında olan Sumqayıt bələdiyyəsi 1 saylı “İnşaatçı” Məhəllə Komitəsi tərəfindən verilmiş 238 saylı arayışdan görünür ki, Ərizəçi Sumqayıt şəhəri Beton zavod üzrə 1 saylı “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən ev 283A ünvanında yaşayır. İş materiallarında olan şahidlər X7 və X2 məxsus əmək kitabçalarının surətindən görünür ki, onların hər ikisi 1979-cu il tarixdə "Qızıl Ordu" kolxozunda fəaliyyət göstərmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi 01 aprel 1972-ci il tarixdən 30 noyabr 1974-cü il tarixədək və 22 noyabr 1976-cı il tarixdən 01 may 1992-ci tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu vəzifəsində işləməsi faktı məhkəmə araşdırması zamanı həmin müəssisədə işləmiş şahidlərin ifadələri ilə tam təsdiq olunmuşdur. Həmçinin bu fakt iş materiallarına əlavə edilmiş şahidlər X7 və X2 məxsus əmək kitabçaları ilə də öz təsdiqini tapır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin olunması üçün sosial sığorta stajının müəyyən edilməsi və hesablanması Qaydalarının 2.5-ci bəndinə əsasən əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda sığorta olunanların (o cümlədən qaçqın və məcburi köçkünlərin) sığorta stajı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında qeyd olunmuşdur ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Plenum həmçinin əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı olduğunu qeyd etməklə, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməli olduğunu nəzərə çatdırmışdır. Məhkəmə hesab edir ki, Ərizəçi 01 aprel 1972-ci il tarixdən 30 noyabr 1974-cü il tarixədək və 22 noyabr 1976-cı il tarixdən 01 may 1992-ci tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu vəzifəsində işləməsi faktı tam təsdiq olunduğundan və əmək fəaliyyəti barəsində sənədləri üzrlü səbəbdən təqdim edə bilmədiyindən, eləcə də ərizəçinin pensiya hüququnun əmələ gəlməsi bu faktın müəyyən edilməsindən asılı olduğundan, faktın müəyyən edilmiş hesab olunması barədə qətnamə çıxarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət e t d i: Ərizə təmin edilsin. Ərizəçi oğlunun 01 aprel 1972-ci il tarixdən 30 noyabr 1974-cü il tarixədək və 22 noyabr 1976-cı il tarixdən 01 may 1992-ci tarixədək olan dövrdə Laçın rayonunun Alxaslı kəndində yerləşən "Qızıl Ordu" kolxozunda kolxozçu vəzifəsində işləməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar