Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6144/2022 25.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və onun 2 (iki) azyaşlı övladları X8 və X5 Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 86 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 86 saylı mənzili onun mülkiyyətindədir. Cavabdeh onun gəlinidir və X8 və X10 onun nəvələridir. Hazırda cavabdeh həmin mənzildə qeydiyyatda olsa da, heç bir qohumluq əlaqələri qalmayıb. Cavabdehin sözügedən mənzilə qeydiyyatda olmağı onun mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, o, mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcbur olmuşdur. Məhkəmə iclasında iddiaçı izahatında göstərdi ki, cavabdeh onun gəlinidir. Cavabdeh övladı X11 ilə 2009-cu ildə ailə qurmuşdur. Cavabdeh cəmi 1 ay yarım müddətdə onun evində yaşamışdır. Mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzil 1989-cu ildə həyat yoldaşı tərəfindən alınmış daha sonra adına özəlləşdirilmişdir. 2001-ci ildə isə yoldaşı vəfat etdiyindən onun adına çıxarış verilmişdir. Hazırda oğlunun və gəlininin harada qalması barədə məlumatı yoxdur. Həmçinin, onlarla əlaqəsi kəsilmişdir. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Belə ki iş materiallarında olan: - Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, ərizəçi İddiaçı ailə tərkibinə - əri xx.xx.1936-cı il təvəllüdlü X7 (vəfat etmişdir), övladları xx.xx.1982-ci il təvəllüdlü X9, xx.xx.1979-cu il təvəllüdlü X11 və xx.xx.1978-ci il təvəllüdlü X2 aiddir. - Azərbaycan Respublikası DİN-nin ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X8, X10 və Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 86 saylı mənzilində qeydiyyatdadır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 14 saylı Mənzil Kommunal Səhəsinin xx.xx.2022-ci il tarixli aktından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 86 saylı mənzilinə gəlin gəlmiş və onun azyaşlı övladları X8 və X10 həmin ünvanda uzun illərdir ki, yaşamamış və halhazırda da yaşamır. Aktın doğruluğunu Natəvan Həsənova, Şəlalə Süleymanova və Kamilə Paşayeva öz imzaları ilə təsdiq etmişdirlər. - Sumqayıt Şəhər Polis İdarəsinin İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ərizəçiyə Cavabdeh, X8 və X5 yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati icraat qaydasında baxılmasının məqsədəuyğun olduğu bildirilmiş, ərizədə göstərilən məsələ ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət müraciət etməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin verdiyi qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 86 saylı mənzili (evin bir hissəsi) xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər 4 №-li DNK-nın 2V- 32 №-li xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında İddiaçı, X6, X3 və X4 adına 14 №-li reyestr kitabında 15877 inventar nömrəsi ilə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisəli əmlak iddiaçı ilə iş materiallarında olan qeydiyyat vəsiqəsində adları qeyd edilən digər şəxslərin paylı mülkiyyətindədir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin azyaşlı övladları ilə birlikdə mübahisəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddia qaldırmağa hazırki iş üzrə iddiaçı subyektiv hüquqa malik deyildir. Belə ki, cavabdehin istifadə hüququ mübahisələndirilən əmlak paylı mülkiyyətdədir və iddiaçı həmin mənzilin müəyyən hissəsinin mülkiyyətçisidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh azyaşlı övladları X8 və X10 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 72 saylı evin 86 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddiaçı Cavabdeh azyaşlı övladları X8 və X10 ilə birlikdə ona məxsus Sumqayıt şəhəri, 9cu mikrorayonda yerləşən 72 saylı evin 86 saylı mənzilinə istifadə hüquqlarının itirilmiş edilməsinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-6144/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6144/2022
25.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver