Məhkəmə qərarları › İş №2(060)-6148/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6148/2021

10.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6148/2021 10.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Cavabdeh və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə 10 avqust 2021-ci il tarixdə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 1-ə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 orderlə onun adınadır. Cavabdeh onun keçmiş gəlinidir. X2 ilə cavabdehin - keçmiş gəlinin nikahı 29 noyabr 2013cü ildə pozulmuşdur. Oğlu ilə gəlini 2013-cü il tarixdən həm rəsmi, həm də faktiki olaraq ayrı yaşayırlar və cavabdeh həmin mənzildən 2013-cü ildən istifadə etmir. Bunu iddia ərizəsinə əlavə etdiyi MİS tərəfindən verilmiş qonşuların iştirakı ilə tərtib edilmiş akt da sübut edir. Cavabdehin onun evinə qeydiyyada olması mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını məhdudlaşdırır. Belə ki, əmlakı özəlləşdirmək, alqı-satqı etmək istədikdə cavabdeh də qeydiyyatda olduğundan onun razılığı tələb olunur. Halbuki cavabdeh faktiki olaraq həmin evdə yaşamır, daimi yaşayış yeri uzun müddətdir ki, dəyişib və onun qeydiyyatı formal xarakter daşıyır. Bu səbəbədən də hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyərində qalmışdır. Ona görə də iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, hazırda o mübahisəli mənzili özəlləşdirib satmaq istəyir. Cavabdeh isə həmin mənzilə istifadə hüququnun itirilməsi müqabilində 7000-10000 manat məbləğində kompensasiya istəyir. Hazırkı vəziyyətdə həmin pulu cavabdehə verməyə onun maddi gücü çatmır. Belə ki, özü təqaüdçüdür, 200 manat pensiya alır. Onunla birlikdə yaşayan oğlu Etibar Baxışov isə 240 manat maaş alır. Əgər cavabdeh evin onun adına özəlləşməsinə razılıq verərsə o, həmin evi satıb əldə etdiyi puldan cavabdehə kompensasiya ödəyəcəkdir. Hazırda mübahisəli mənzildə 8 nəfər qeydiyyatdadır. İddiaçı məhkəmədən qeyd etdiklərinin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçının X2 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan iki övladı olmuşdur. 30.06.2009-cu ildə mübahisəli mənzilə passport qeydiyyatına düşmüşdür. Cavabdehin oğlu ilə nikahları 2013-cü ildə pozulmuşdur. Buna baxmayaraq ona məxsus əşyalar hələ də həmin mənzildədir. O əslində qanunvericiliyin tələblərini bilmədiyi üçün evin iddiaçının adına özəlləşməsindən və sonra satılmasından ehtiyat edir. O, bunların müqabilində cavabdehdən 10000 manat məbləğində kompensasiya istəyir. Çünki uşaqları ilə birlikdə yaşamaq üçün ev almaq niyyətindədir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil iddia tələbinə etiraz edərək cavabdehin izahatına uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli mənzil dövlət fondunda aiddir. Tərəflər arasında mənzil bölgüsünə dair məhkəmə mübahisəsi olub və Sumqayıt Şəhər Məhkəməsinin 23.11.2015-ci il tarixli qətnaməsi ilə tərəflərin mübahisəli mənzilə ümumi-birgə istifadə qaydaları müəyyən edilmişdir. Bundan başqa cavabdeh öz istəyi ilə həmin mənili tərk etməyib. Hazırda ona məxsus əşyalar mübahisəli mənzildədir. Qeyd olunanları nəzərə alaraq cavabdehin vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan AZ-İ 185677 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə Cavabdeh arasında olan nikah ləğv edilmişdir və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 29.11.2013-cü ildə 540 nömrə ilə qeyd edilmişdir. . İş materiallarında olan 29 aprel 1985-ci il tarixli 09/414 nömrəli orderin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mkr, ev 69, 2 saylı mənzil İddiaçı və ailə üzvlərinin istifadəsinə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili işlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında 24.06.2021-ci il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı, Cavabdeh və digər şəxslər ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan 22.06.2021-ci il tarixli və Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 14 saylı Mənzil Kommunal Sahəsi tərəfindən təsdiqlənmiş aktdan görünür ki, Cavabdeh 2013-cü ildən ünvan 1 ünvanında yaşamır. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin 23 noyabr 2015-ci il tarixli, 2(060)-11149/2015 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X1 cavabdehlər X5 və digərlərinə qarşı mənzil bölgüsü tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, Sumqayıt şəhəri 9-cu mkr, 69 aylı evin 2 saylı mənzilin sahəsi 12.60 kv.metr olan yaşayış sahəsinə X1, sahəsi 17.9 kv.metr olan və 9.4 kv.metr yaşayış sahələrinə X3, X7, X6 və X4 istifadə qaydaları və mənzilin qeyri-yaşayış sahələrinə tərəflərin ümumi birgə istifadə qaydaları müəyyən olunmuş, iddia tələbi Sumqayıt şəhəri 9-cu mkr, 69 aylı evin 2 saylı mənzilin otaqlarına dair hər biri ilə ayrı-ayrılıqda kirayə müqaviləsinin bağlanması hissəsində baxılmamış saxlanılmışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Ağalarovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, yaşayış sahəsindən istifadəyə xitam verilməsi məsələsi məhz yaşayış sahəsindən istifadə qaydasına aid olunan məsələlərdən biridir. Eyni zamanda, ailə üzvləri yaşadığı halda, onlardan birində mənzilə mülkiyyət hüququ, digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Beləliklə, yaşayış sahəsindən istifadə hüququna məhkəmə qaydasında o, vaxt xitam verilə bilər ki, belə bir tələbi mülkiyyətçi irəli sürmüş olsun, iddia tələbi yaşayış sahəsindən istifadə hüququ olan şəxsə qarşı yönəlsin, mülkiyyətçinin təklif etdiyi kompensasiya mövcud bazar qiymətlərinə uyğun olmaqla yaşayış sahəsindən istifadə hüququna mütənasib olsun, iddia ərizəsində istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği mülkiyyətçi tərəfindən müəyyən edilmiş olsun, təklif olunan kompensasiya mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və ya müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, İddiaçı mənzilin mülkiyyətçisi deyil. Order əsasında sözügedən mənzil İddiaçı və onun ailə üzvlərinə ayrılsa da, mənzil hal-hazırda dövlət fondundadır, yəni mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Məhkəmə hesab edir ki, mübahisəli mənzilə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına hər iki tərəfin gözlənilən hüququ vardır. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı və Cavabdeh mənzildən istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. Bundan başqa, iddiaçı cavabdehin 2013-cü ildən mənzildən istifadə etmədiyini bildirsə də, iş materiallarından görünür ki, cavabdehin mübahisəli mənzilə istifadə hüququ və bunun əsasında mənzilin bir otağından istifadə qaydası 2015-ci il tarixli məhkəmə qətnaməsi əsasında müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar