Məhkəmə qərarları › İş №2(060)-620/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-620/2023

06.06.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-620/2023 06.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏSSMN tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi Nümayəndə4 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı aylıq zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Sumqayıt Poladkonstruksiya Quraşdırma ASC tərəfindən ona xx.xx.1988-ci ildən xx.xx.2002-ci ilədək 147 manat, xx.xx.2002-ci il tarixdən Dövlət Statistika Komitəsinin müvafiq iqtisadiyyat sahəsinə uyğun orta aylıq nominal əmək haqqının altmış faizi məbləğində aylıq zərərin ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Poladkonstruksiya İdarəsində xx.xx.1980-ci ildə xəsarət almış, əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar ona xx.xx.1988-ci ilədək həmin müəssisə tərəfindən aylıq zərər verilmiş, sonuncu tarixdən bu günədək isə cavabdeh müvafiq ödənişi ödəməkdən imtina etmişdir. İddiaçı və onun nümayəndəsi iddianı müdafiə edərək eyni məzmunlu izahat verərək onun təmin olunmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədiyini onun rədd olunmasını xahiş etdi. Cavabdeh iddiaya etirazında İddiaçı əlilliyini mübahisələndirmiş və onun iş zamanı xəsarət almasının təsdiqini tapdığı təqdirdə belə aylıq zərər verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulmalı olduğunu bildirmişdir. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs AR ƏSSMN tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin nümayəndəsi izahatında göstərdi ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 804 saylı və 903 saylı Fərmanlarına əsasən müəssisələr özəlləşənə qədər istehsalat zədəsinə görə müavinəti nazirlik, özəlləşdikdən sonra isə müəssisə özü ödəyir. Bu barədə müəssisə nazirliyə siyahı göndərir və müəssisənin hesabına pul vəsaiti köçürülür. Həmin siyahı müəssisə tərəfindən nazirliyə göndərilməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasına öz nümayəndəsini göndərməmiş, bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə sonuncunun nümayəndəsininin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının, onun nümayəndəsinin, cavabdehin nümayəndəsinin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.1980-ci il tarixli, 5 saylı istehsalatda bədbəxt hadisə haqqında aktdan; “Poladkonstruksiya” İdarəsində 32 saylı, xx.xx.1982-ci il tarixli əmrindən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 7 saylı Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli müayinə aktından çıxarışdan; X1 Sistemindən çıxarışlardan; 6 saylı Sumqayıt şəhəri TSEK-nin əlilliyinin təyini üzrə müayinə iclaslarının protokol jurnalından (xx.xx.2002-xx.xx.2022); iddiaçının əmək kitabçasından; Rayonlar üzrə səhmdar cəmiyyətlərinin yaradılması şöbəsi üzrə dövlət müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi haqqında məlumatdan; Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli, 527 №-li sərəncamından; “Poladkonstruksiya” Quraşdırma İdarəsinin özəlləşdirmə planından (emissiya prospekti); "xxxx" ASC-nin nizamnaməsindən; İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2003-cü il tarixli məktubundan; tərəflərin izahatlarından, eləcə də təqdim etdikləri yazılı etiraz və mülahizələrindən işin mübahisəssiz halı kimi aşağıdakılar müəyyən edilmişdir: İddiaçı xx.xx.1980-ci ildə dördüncü dərəcəli çilingər kimi çalışdığı “PoladKonstruksiya” Quraşdırma İdarəsində istehsalatda bədbəxt hadisəyə məruz qalaraq əmək qabiliyyətinin 80%-ni itirmiş və bununla əlaqədar olaraq xx.xx.1988-ci ilədək ona həmin müəssisə tərəfindən aylıq zərər ödənilmiş, bu tarixdən etibarən isə nə təqsirkar təşkilat, nə onun özəllişdirilməsi nəticəsində hüquqi varisi olaraq yaranmış ASC, nə də ki, DSMF tərəfindən ona ödənc verilməmişdir. İddiaçı xx.xx.1998-ci ilədək əmək qabiliyyətinin 80%-ni, həmin tarixdən etibarən isə 60%-ni itirdiyinə görə pensiya almış, habelə onun əlilliyi xx.xx.2022-ci ildən sonra həmin faizlə müddətsiz hesab edilmişdir. xx.xx.1998-ci ildə müvafiq sərəncamla “Poladkonstruksiya” Quraşdırma İdarəsinin bazasında “Sumqayıt – Polad - Konstruksiya - Quraşdırma” açıq tipli səhmdar cəmiyyəti təsis edilmiş və onun emissiya planı təsdiq olunmuş, səhmlərin özəlləşdirilməsi xx.xx.2001-ci ildə başa çatdırılmış, sözügedən müəssisəsinin hüquqi varisi "xxxx" ASC yaranmış və xx.xx.2002-ci il tarixdə nizamnaməsi təsdiqlənərək dövlət qeydiyyatına alınmışdır. Özəlləşdirmə planında müəssisənin işçilərinin siyahısında iddiaçının adı qeyd olunmamışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. Həmin Məcəllənin 46-cı maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri hüquqi şəxsin dövlət qeydiyyatına alınmasına qədər əmələ gəlmiş, hüquqi şəxsin yaradılması ilə bağlı olan öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar. Bu Məcəllənin 47.1-ci maddəsinə əsasən hüquqi şəxsin təsisçiləri tərəfindən təsdiq edilmiş nizamnaməsi hüquqi şəxsin təsis sənədidir. “Banklar haqqında” və “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, bir təsisçinin yaratdığı hüquqi şəxs həmin təsisçinin təsdiq etdiyi nizamnamə əsasında fəaliyyət göstərir. Həmin Məcəllənin 56.5-ci maddəsinə əsasən bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Bu Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1119.1-ci maddəsinə əsasən zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir. Həmin Məcəllənin 1126-cı maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquq varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli, 129 saylı Qərarının İ bölməsinin İ bəndinin İİ hissəsindən görünür ki, işçilər öz əmək vəzifələrini yerinə yetirərkən xəsarət aldıqda, peşə xəstəliyinə tutulduqda və yaxud həlak olduqda) bədbəxt hadisənin baş verməsində xüsusi təhqiqat aktının nəticələrinə görə təqsirkar sayılan müəssisə, idarə və təşkilatlar onlara dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyırlar və bu zərər həmin müəssisələrin vəsaiti hesabına ödənilir. Həmin Qərarın İİ bölməsinin 8-ci bəndindən görünür ki, istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkən şəxsə ödənilməli olan aylıq ödənc, onun xəsarət almazdan, yaxud peşə əmək qabiliyyətinin itirdiyi gündən əvvəl malik olduğu orta əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilir. Bu Qərarın İV bölməsinin 26-cı bəndindən görünür ki, zərərin dəyməsində təqsirkar müəssisə birləşdikdə, yenidən təşkil edildikdə və yaxud ləğv olunduqda onun işini davam etdirən hüquqi varis və yaxud yuxarı təşkilat zərərşəkənə zərəri ödəyir. Hüquqi varisin və ya yuxarı təşkilatın olmadığı hallarda zərərçəkənə zərərə görə ödənclərin ödənilməsi barədə yaranan mübahisələrə təqsirkar müəssisə və hüquqi varisin yerləşdiyi ərazinin xalq məhkəməsində baxılır. “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 3 saylı Qərarının İ bölməsinin 1.1-ci bəndinin 2-ci hissəsindən görünür ki, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Həmin Qərarın 1.2-ci bəndindən görünür ki, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Həmin Qərarının İİ bölməsinin 2.1-ci bəndinin 2-ci hissəsindən görünür ki, həmin aylıq ödənc zərərçəkənin xəsarət almazdan və yaxud peşə əmək qabiliyyətini itirdiyi gündən əvvəl malik olduğu orta aylıq əmək haqqının həmin xəsarət nəticəsində itirdiyi peşə əmək qabiliyyətinin faizi miqdarında müəyyən edilib ödənilir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının İ bölməsindən görünür ki, bu Qaydalar “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Həmin Qaydaların 5-ci bölməsinin 5.1-ci bəndindən görünür ki, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Həmin Qaydaların 5-ci bölməsinin 5.6-cı bəndindən görünür ki, dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı cavabdeh tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək orta aylıq əmək haqqının 80%-i, bu tarixdən sonra isə 60%-i miqdarında aylıq ödənc verilməsi həcmində əsaslıdır. Belə ki, cavabdeh iddiaçının istehsalatda bədbəxt hadisə nəticəsində əlil olduğu təqsirkar müəssisənin hüquqi varisidir və sonuncunun özəlləşdirilməsi artıq xx.xx.2001-ci ildə başa çatmışdır. Özəlləşmənin göstərilən tarixdə, 2003-cü ilin oktyabr ayınadək yekunlaşması mübahisənin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 804 №-li Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarının təsirinə düşməsini, eləcə də iddiaçıya müvafiq dövlət orqanı tərəfindən aylıq müavinətin verilməsini istisna edir. Qanunvericilik 2003-cü ilin oktyabr ayınadək özəlləşdirilməsi başa çatmayan dövlət müəssisələrinin aylıq ödənc borclarının müavinət şəklində ödənilməsini müvafiq dövlət orqanının üzərinə qoymuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək hər ay üzrə orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998-ci ildən etibarən isə hər ay orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödənc ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.1988-ci ildən xx.xx.1998-ci ilədək hər ay üzrə onun orta aylıq əmək haqqının 80%-i, xx.xx.1998-ci ildən etibarən isə hər ay onun orta aylıq əmək haqqının 60%-i məbləğində aylıq ödənc ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar