Məhkəmə qərarları › İş №2(060)-6206/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6206/2025

13.11.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6206/2025 13.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102 ünavnında yerləşən 7 saylı mənzilə köçürülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1988-ci il tarixdə ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil xx.xx.2025-ci il tarixdən vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqmda şəhadətnaməyə əsasən miras əmlakdan 1/4 hissədə ona pay ayrılmış, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətçidir. Sözügedən mənzilin 1/4 hissəsi mülkiyyətində olsa da mülkiyyətindən istifadə edə bilmir. Belə ki, həmin mənzildə Cavabdeh ailə üzvləri ilə yaşayır. Ailə üzvləri ilə kirayədə yaşayır. Lakin orada yaşamaq onun üçün əlverişli deyildir. Həm də özünün mülkiyyətində olan 1/4 hissədə ona pay mənzil ola-ola nəyə görə öz mənzilində yaşaya bilmir? Dəfələrlə cavabdehə mənzildə ailə üzvüləri ilə yaşamağını bildirsə də nəticəsi olmamışdır. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, mübahisənin məhkəmədən kənar həlli mövcud deyildir.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, nənəsi X2 ilə birlikdə Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102 ünvanda yerləşən 7 nömrəli mənzildə qeydiyyatda olmaqla həmin mənzildə yaşayırlar. Mərhum dayısı X1 verdiyi vəsiyyətnaməyə əsasən 1/2 hissəsinə anası X2, 1/4 hissəsinə o, 1/4 hissəsinə xalası oğlu cavabdeh İddiaçı vərəsəlik hüququ haqında şəhadətnamə almışdır. X4 xx.xx.2024-cü il tarixli bağışlama müqaviləsinə əsasən öz payını ona bağışlamışdır. Vərəsəlik hüququ şəhadətnaməyə əsasən ona mənzildə payının 3/4, cavabdehə isə 1/4 hissəsi olması barədə çıxarış verilmişdir. İddiaçı 5-6 yaşı olarkən anası vəfat etmiş, onu hər ikisinin nənəsi X2 saxlayıb boya-başa çatdırmışdır. Orta məktəbin 9-cu sinfini, daha sonra kolleci bitirmişdir. Bu müddətdə nənəsinin sözünə baxmamışdır. Sonra hərbi xidmətdə olmuşdur. Daha sonra evlənərək, ailəsi ilə Maştağa qəsəbəsində yaşamışdır. Az sonra 9 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını tam çəkdikdən sonra 2023-cü ilin əvvəllərində azadlıqdan məhrumetmə yerlərindən buraxılmışdır. Bundan sonra dayısı Şahin Hüseynov tutularaq həbs olunmuş, 26 dekabr 2023-cü il tarixdə azadlıqdan məhrum etmə yerlərində vəfat etmişdir. 95 yaşlı nənəsi Liana Hüseynova bildirir ki, cavabdeh İddiaçı oğlu Şahini tutdurmuşdur, onun ölümünün səbəbkarıdır, ona görə də onunla bir mənzildə yaşamaqdan qorxur və bu səbəbdən mənzilə köçməsini istəmir. Həmçinin onun və cavabdehin biri-birlərinə payın dəyərini ödəmək imkanı olmadığını, mübahisənin yeganə və düzgün həlli yolu kimi mənzilin satılması, satışından əldə olunan pul vəsaitinin İddiaçı ilə aralarında paylara uyğun bölünməsini bildirir. Onunla da iddiaçının münasibəti pisdir. O, nənəsi və iddiaçının bir mənzildə yaşaması mümkün deyil.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil izahatında bildirdi ki, payların bölünməsinə dair iddia ilə tərəflərindən məhkəməyə müraciət olunmuşdur. Hazırda həmin iş Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi.

Tədqiq olunan sübutlar:

7. Vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə təsdiq edilən və reyestrdə 109 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X1 vəsiyyətnamədə göstərilən əmlakının vərəsəsi ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçıdur, o, miras əmlakdan ¼ hissədə pay almalıdır, şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Ərazi idarəsin tərəfındən xx.xx.2019-cu il tarixdə X3 verilmiş **********55-05101-093008 reyestr nömrəli ********** qeydiyyat nömrəli dövət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 92 kv/m olan mənzildən ibarətdir.

8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından görünür ki, İddiaçı 12 mart 2004-cü il tarixindən ünvan 2 ünvanında qeydiyyatdadır.

9. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və X5 Şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış”dan görünür ki, ünvan 2 üzərində mülkiyyət hüququ xx.xx.2025-ci il tarixdə ¼ hissədə İddiaçı, xx.xx.2024-cü il tarixdə ¾ hissədə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

- 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia təmin edilməməlidir.

13. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, mübahisəli yaşayış sahəsi 1/4 hissədə İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı adına ünvan 2-ə dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış verilməklə, o həmin evə 1/4 hissədə mülkiyyət hüququ əldə etmişdir. İddiaçı Cavabdeh qarşı olan “mənzilə köçürülmə” tələbini 1/4 hissədə pay hüququ ilə mülkiyyətçisi olduğu mənzilə köçməsinə cavabdehlər tərəfindən yaradılan maneə ilə əsaslandırmışdır.

14. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

15. Tələbin qanuni əsası dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfin qarşı tərəfə icranı, yəni nəyisə etməyi və ya etməməyi tələb etməyə imkan verir.

16. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən istənilən iddia tələbi üzrə məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin hansı hüquqi dəyərləndirməni irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir.

17. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəllənin 215.2-ci və 215.4-cü maddələri çıxış edir.

18. Belə ki, MM-in 215.2-ci və 215.4-cü maddələrinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir.

19. İşin faktiki hallarından görünür ki, İddiaçı mübahisəli mənzilə 1/4 hissədə pay hüququ vardır və bu hüquq Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır. Belə olan halda iddiaçı, cavabdehə qarşı mübahisəli mənzilə köçürülmə barədə iddia qaldırmaqda müvafiq subyektiv hüquqa (tələb hüququna) malikdir.

20. Məhkəmə qeyd edir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürülmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa, iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa, iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa və s.

21. İşin faktiki hallarına əsasən İddiaçı Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, 7 saylı mənzilin 1/4 hissəsinin mülkiyyətçisi olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

22. Belə ki, o Cavabdeh hərəkətləri nəticəsində mülkiyyətdəki payından istədiyi kimi istifadə, sahiblik edə bilmir. Bu da onun mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırılmasına səbəb olur.

23. Beləliklə işin araşdırılmış hallarına və istinad edilən qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə qeyd edir ki, iddiaçı Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, 7 saylı mənzilin 1/4 hissəsinin mülkiyyətçisi olaraq onun həmin mübahisəli mənzildə yaşamaq hüququ vardır. Lakin iddiaçının bu hüququ cavabdehin qanunsuz hərəkətləri nəticəsində pozulmuş, bu səbəbdən iddiaçı mülkiyyət hüquqlarının həyata keçirilməsindən məhrum olmuşdur. Ona görə də, iddiaçı mübahisəli mənzilə köçürülməlidir.

24. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının dövlət rüsumunun əvəzinin ona ödənilməsi ilə bağlı tələbinin olmaması nəzərə alınmalıdır. Nəticə:

25. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 102, 7 saylı mənzilə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar