Məhkəmə qərarları › İş №2(060)-6215/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6215/2022

02.11.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6215/2022 02.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair Sumqayıt şəhəri M.Füzuli adına 15 saylı tam orta məktəb tərəfindən çıxarılmış xx.xx.2022-ci il tarixli 55 nömrəli Əmrin etibarsız hesab edilməsi, onun həmin məktəbə hərbi rəhbər, Çağırışaqədərki hazırlıq və bədən tərbiyəsiidman müəllimi vəzifəsində öz əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2002-2022-ci illərdə Sumqayıt şəhər M.Füzuli adına 15 saylı tam orta məktəbdə hərbi rəhbər işləmiş və Çağırışaqədərki hazırlıq və bədən tərbiyəsi idman fənnini tədris etmişdir. O, bu illər ərzində heç bir nöqsana yol verməmiş və öz işinin öhdəsindən bacarıqla gəlmişdir. Şəhər səviyyəsində keçirilən bir çox yarışlarda iştirak etməklə dəfələrlə l-ci, 2-ci yerlərə layiq görülmüş və «Fəxri Fərman»larla mükafatlandırılmışdır. Onun yetirmələrinin bir çoxu Vətən Müharibəsində qəhrəmanlıqlar göstərmiş və o, bir müəllim kimi gənc nəslin vətənpərvərlik ruhunda böyümələri üçün öz bacarığını əsirgəməmişdir. Onun ümumi pedaqoji fəvliyyəti 42 ildir. Onun dərs dediyi 11-ci sinfin rus bölməsində təhsil alan şagird X3 (hazırda məzundur) dəfələrlə dərsdə özünü pis aparmış, nizam-intizam qaydalarını pozmuş və Kamal adlı şagirdlə arxa partada oturaraq nalayiq hərəkətlərə yol vermiş, uşaqların diqqətini dərsdən yayındırmış və o, da bir müəllim kimi bu hərəkətləri ona irad tutaraq danlamış və Kamalı da dəfələrlə dərsdən xaric etmişdir. Onun bu hərəkətinə görə ondan qisas almaq fikrinə düşən Alyona ona şər-böhtan ataraq guya ona qarşı əxlaqsız, müəllim etikasına yaraşmayan hərəkətlər etməyi barədə valideynlərinə bildirmiş, ata-anası direktorun yanında onu nalayiq sözlərlə təhqir edərək xx.xx.2022-ci ildə AR DİN-nin 102 xidmətinə zəng vurmuşlar. Bundan sonra Sumqayıt şəhər Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılmış və onun bu işdə günahsız olduğu və əməlində cinayət tərkibinin olmaması sübuta yetdiyi üçün Sumqayıt şəhər Polis İdarəsi İstintaq şöbəsinin xx.xx.2022-ci il tarixli Qərarı ilə barəsində olan material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. Lakin, cavabdeh olan məktəbin direktoru və Sumqayıt şəhər Təhsil şöbəsinin müdir müavini onu rahat buraxmamış və ona bildirmişlər ki, «öz xoşunla ərizə yaz işdən çıx, yoxsa səni AR ƏM-nin 70-ci maddəsinin “c” bəndi ilə işdən çıxaracağıq, onda səni heç yerdə işə götürməyəcəklər». O, da artıq bütün bu hədələrdən və təhdidlərdən bezərək direktorun diqtəsi altında xx.xx.2022-ci il tarixdə öz xahişi ilə işdən çıxmağı barədə ərizəni yazaraq təqdim etmiş və elə həmin gün də başa düşmüşdür ki, bu ərizəni yazmaqda səhv etmiş, psixoloji təsir altında olmuş, bu səbəbdən də məktəb direktoruna müraciət edərək həmin ərizəni ləğv etməsini və onun öz işində işləməyinə icazə verməsini xahiş etmişdir. Lakin direktor bildirmişdir ki, artıq əmr verilib və onun işə qaytarılması mümkünsüzdür. Bundan sonra o, bir sıra orqanlara, Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Sumqayıt şəhər Təhsil şöbəsinə müraciət etmiş, bütün müraciətlərində ona böhtan atıldığını və hədə-qorxu təsiri altında həmin ərizəni yazdığını və bu səbəbdən də yenidən öz işinə qaytarılmağını xahiş etmişdir. Lakin, həmin ərizəni əlində əsas tutan bu orqanlar onun şikayətini təmin etməmişlər. Bu haqsızlıq nəticəsində o, 22 il işlədiyi bir məktəbdən kənarlaşdırılmış, onun əmək hüquqları kobud surətdə pozulmuşdur. Hətta məktəb rəhbərliyinin ərizə üzrə dərhal, elə həmin gün işdən çıxma əmrini verməsi də ona dəlalət edir ki, direktor onun işdən kənarlaşdırılmasında maraqlı olmuş və bu niyyətinə də çatmışdır. Belə hesab edir ki, işdən çıxma barədə ərizə hədəqorxu, psixoloji təsir altında yazıldığından onun əsasında verilmiş xx.xx.2022-ci il tarixli 55 nömrəli Əmr etibarsız hesab edilməli, o, Sumqayıt şəhər M.Füzuli adına 15 saylı tam orta məktəbə öz işinə bərpa edilməli və məcburi işburaxmaya görə əmək haqq cavabdeh təşkilatdan alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Həmçinin izahatında bildirmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini, ertəsi gün, yəni 06 iyul 2022-ci il tarixdə qəbul etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X4 izahatında bildirdi ki, iddia tələbini qəbul etmirlər. İddiaçı öz ərizəsi əsasında, tarix göstərməklə işdən çıxmışdır. Bir müddət sonra isə o, məktəbə gələrək digər məktəbdə işə düzəldiyi üçün ona xasiyyətnamə verilməsini xahiş etmişdir. Məktəb rəhbərliyi də onun xahişini nəzərə alıb ona xasiyyətnamə təqdim etmişdir. İddiaçının iddia etdiyi vəzifədə hal-hazırda başqa bir şəxs işə götürülmüşdür. Eləcə də iddiaçının mübahisələndirilən əmrin verilməsinə əsas olan ərizənin təsir altında yazması barədə göstərdikləri doğru deyildir. İddiaçı öz arzusu ilə işdən azad edilmişdir. Odur ki, iddianı əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Məhkəmə gəldiyini nəticəni aşağıda şərh olunanlara əsaslandırır: Mülki iş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli, №MŞB/6-5350 ilkin X1 Edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin X1 etməmişdir. İddiaçı ilkin X1 etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İddiaçı tərəfindən Cavabdeh direktoru səlahiyyətlərini müvəqqəti icra edən İlham Surxayevə yazılmış xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, onun xx.xx.2022-ci il tarixdən tutduğu vəzifədən və müəllimlikdən azad edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Əmrdən görünür ki, İddiaçıməktəbin GÇH rəhbəri və müəllimi ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən 05 iyul 2022-ci il tarixindən ləğv edilmişdir. İddiaçı tərəfindən Cavabdeh direktoru səlahiyyətlərini müvəqqəti icra edən İlham Surxayevə yazılmış xx.xx.2022-ci il tarixli ərizənin məzmunundan görünür ki, xx.xx.2022-ci il tarixdə AR ƏM-nin 69.7-ci maddəsinə uyğun olaraq (işəgötürən tərəfdən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı xoşəgəlməz üsulla, işçinin iradəsinin əleyhinə ƏMnin ləğv etməyə onu məcbur etmək qadağandır) basqı altında yazdığı ərizənin etibarsız olması barəsində, Elm və Təhsil Nazirliyi qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Göründüyü kimi tərəflər arasında yaranmış mübahisə əmək münasibətləri ilə bağlıdır. Odur ki, araşdırılan mübahisə üzrə əmək qanunvericiliyinin normalarına riayət edilibedilməməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 292-ci maddəsinə əsasən işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. 296-cı maddəyə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. 32.4.2. bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən. Məhkəmə araşdırması zamanı tərəflərin izahatından və iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən edildi ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini 06 iyul 2022-ci il tarixdə (iddiaçı öz bu barədə izahat verdi) qəbul etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(060)-5553/2022 saylı qərardadı ilə iddiaçının eyni məzmunlu iddia tələbi mediasiya prosesindən keçmədiyi üçün iddia ərizəsi geri qaytarılmış, bundan sonra 15 avqust 2022-ci il tarixdə (əmrin ləğvindən 1 aydan artıq vaxt keçdikdə sonra) mediasiya prosesinin tətbiqi ilə əlaqədar müraciət etmiş, 02 sentyabr 2022-ci il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək müddəti ötürülmüşdür. Bununla da iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Bununla yanaşı məhkəmə iddianın əsaslılığı ilə məsələyə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş mübahisəsiz faktiki hallarından göründüyü kimi, İddiaçı cavabdeh təşkilatın 05 iyul 2022-ci il tarixli əmrilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilmişdir. Araşdırılan mübahisə üzrə iddiaçı işdən azad olunması barədə əmrin verilməsi əsas olan ərizəni işəgötürənin təzyiqi ilə yazdığını, ərizənin etibarsız hesab edilməsi ilə bağlı təkrarən ərizə verdiyini iddia edir və əmrin etibarsız hesab edilməsini xahiş edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Tərəflərdən birinin təşəbbüsü Əmək müqaviləsinə xitam verilməsi həmin əsaslardan biri kimi nəzərdə tutulmuşdur. 69-cu maddəyə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Göründüyü kimi qanunvericiliyin göstərişinə əsasən işçi ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər və bu halda əmək müqaviləsinin ləğv edilməsi üçün işəgötürən tərəfindən xəbərdarlıq müddətinin gözlənilməsi tələb olunmur. Eyni zamanda qanunvericiliyin göstərişinə əsasən əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Qeyd olunanlar bunu deməyə əsas verir ki, cavabdeh (işəgötürən) tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələbləri pozulmamışdır. Eləcə də məhkəmə qeyd edir ki, iddiaçı ərizənin onun tərəfindən işəgötürənin təziyiqi altında yazdığını bildirsə də bununla bağlı heç bir mötəbər və əsaslı sübut məhkəmə təqdim etməmişdir. Bundan başqa, məhkəmə qeyd edir ki, əmək qanunvericiliyi əmrin etibarsız hesab edilməsi ilə bağlı konkret əsasları nəzərədə tutmuşdur. Belə ki, Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsində göstərilir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. 84-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinin ləğv edilməsinin əsası; həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsi ləğv edilən gün, ay və il; əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Mübahisələndirilən əmrin məzmunundan görünür ki, işəgötürən tərəfindən qanunvericiliyin sadalanan normalarına əməl edilmiş, tələb olunan məlumatlar göstərilməklə əmr qəbul edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə əmrin etibarsız hesab edilməsi barədə iddiaçının tələbini əsassız hesab edir. İddia tələbinin «işinə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının hesablanaraq ona ödənilməsi» hissəsinə gəldikdə məhkəmə qeyd edir ki, bu hissədə tələb törəmə tələblər olmaqla və «əmrin etibarsız hesab edilməsi» əsas tələb olmaqla və həmin hissədə iddia təmin edilmədiyndən, törəmə tələb hissədə iddia təmin oluna bilməz. Beləliklə məhkəmə, ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 333 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilmə barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Məhkəmənin hakimi Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar