Məhkəmə qərarları › İş №2(060)-6250/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6250/2021

27.09.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6250/2021 27.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 Ərizəçi Məhi qızının nümayəndəsi Nümayəndə iştirakları ilə Ərizəçi Məhi qızının maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “şəxsin ölmüş elan edilməsi barədə” ərizəsinə dair mülki işə, Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi Məhi qızı ərizə ilə məhkəməyə müraciət edərək, 29 yanvar 1979-cu il təvəllüdlü keçmiş həyat yoldaşı Qasımov Zahir Əhməd oğlu ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi Məhi qızının nümayəndəsi Nümayəndə ərizəsini müdafiə edərək izahatında göstərdi ki, ərizəçinin həyat yoldaşı Qasımov Zahir Əhməd oğlu 29 yanvar 1979-cu ildə Manqışlaq rayonunda anadan olmuşdur. Ərizəçi ilə 01 dekabr 2003cü ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Birgə nikahdan 07.07.2004-cü il təvəllüdlü Umamə, 10.02.2006-cı ıl təvəllüdlü Abdulkərim, 05.11.2008- ci il təvəllüdlü Əsma, 18.04.2013-cü il təvəllüdlü Mərva adlı 4 övladları var. Qasımov Zahir Əhməd oğlu 2005-ci ildə heç bir səbəb olmadan evi tərk edib getmişdir. Həmin vaxtdan başlayaraq onunla bütün əlaqələr kəsilmişdir. Z.Qasımovun harada olmasını aydınlaşdırmağa çalışsa da, bunun heç bir nəticəsi olmamışdır. Bu barədə Polis İdarəsinə də müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7149/2014 saylı, 12.12.2014-cü il tarixli qətnaməsinə əsasən nikahları ləğv olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3113/2015 saylı, 06.04.2015-ci il tarixli qətnaməsinə əsasən hər uşağa 50 manat olmaqla, 4 uşağa 200 manat aliment tutulması qət edilmişdir. Artıq 16 ildir ki, Qasımov Zahir Əhməd oğlunun harada olduğu barədə heç bir məlumat yoxdur. Hüseyn Namazovun sağ olduğuna bütün inamlarını itirmişlər. 16 ildən artıqdır ki, ondan heç bir səs-soraq yoxdur, o, onları axtarmamışdır. Onun sağ olduğuna şübhə ilə yanaşırlar. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşlar. Göstərilənləri nəzərə alaraq, 29 yanvar 1979-cu il təvəllüdlü ərizəçinin keçmiş həyat yoldaşı Qasımov Zahir Əhməd oğlunun ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin nümayəndəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə Ərizəçi Məhi qızının nümayəndəsi Nümayəndə dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsassızdır və aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7149/2014 saylı, 12.12.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, Qasımov Zahir Əhməd oğlu ilə X12 arasında Sumqayıt şəhər Nikah evində 2003-cü ilin dekabr ayının 01-ci günündə akt qeydləri kitabında 1190 nömrə ilə qeydə alınmış nikahın pozulması, nikah pozulmasından sonra 07 iyul 2004-cü il təvəllüdlü X8, 10 fevral 2006-cı il təvəllüdlü X10 oğlu, 05 noyabr 2008-ci il təvəllüdlü X11 və 18 aprel 2013-cü il təvəllüdlü X9 anaları X6 yanında qalmaları qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3113/2015 saylı, 06.04.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilərək, 07.07.2004-cü il təvəllüdlü X3, 10.02.2006-cı il təvəllüdlü Abdulkərim Zahir oğlu Qasımovun, 05.11.2008-ci il təvəllüdlü X5 və 18.04.2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 05 mart 2015-ci il tarixdən başlayaraq cavabdeh Zahir Əhməd oğlu Qasımovdan hər ay hər uşağa 50 (əlli) manat olmaqla, cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Ərizəçi verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 06.05.2021-ci il tarixli arayışından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-313\2015 saylı, 06.04.2015-ci il tarixli icra sənədinə əsasən 4 uşağın saxlanması üçün Qasımov Zahir Əhməd oğlundan hər ay cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi Məhi qızına ödənilməlidir. Qeyd olunan icra sənədi üzrə borclu Rusiya Federasiyasında olduğundan 01.07.2016-cı il tarixdən barəsində axtarış qərarı verilmiş və hal-hazıradək axtarışdadır. Bu günə kimi borclu tərəfindən heç bir aliment ödənişi olmamış və hal-hazırda onun 14800 (on dörd min səkkiz yüz) manat aliment borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin 11.06.2021-ci il tarixli məktubundan görünür ki, tərəflərindən mülki-hüquq öhdəliklərin icrasından yayındığına görə Qasımov Zahir Əhməd oğlu barəsində 01.06.2016-cı il tarixdə axtarış işi açılmış, axtarışda olan Qasımov Zahir Əhməd oğlunun yerinin müəyyən olunması istiqamətində tədbirləri davam etdirilir. İş materiallarında olan Ədliyyə Nazirliyi Sumqayıt şəhər X1 Rəna Mehi qızına ünvanladığı 22.06.2021-ci il tarixli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən ərizənin təmin edilməsi mümkün deyildir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil-Kommunal sahəsinin 14.06.2021-ci il tarixli arayışından görünür ki, Qasımov Zahir Əhməd oğlu Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 26/65, mənzil 26-da qeydiyyatı var, lakin 2005-ci ildən yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 6 saylı Mənzil-Kommunal sahəsinin möhürü ilə təsdiq edilmiş 17.06.2021-ci il tarixli “akt”dan görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayon, ev 26/65-in sakinləri M.Mikayılova, N.Dövlətova və sahə ustası M.Əsgərova 2-ci mikrorayon, ev 26/65, mənzil 26-da qeydiyyatda olan Qasımov Zahir Əhməd oğlu qonşuların dediyinə görə 2005-ci ildən göstərilən ünvanda yaşamadığını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsinin 06.09.2021-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri İcra İdarəsinin icra sənədinə əsasən aliment ödəməkdən yayınan Qasımov Zahir Əhməd oğlu barəsində Sumqayıt ŞPİ-də 01.06.2016-cı il tarixdə 730341 saylı axtarış işi açılmış və borclu Zahir Qasımovun yerinin müəyyən edilərək Sumqayıt şəhəri üzrə İcra İdarəsinə təhvil verilməsi üçün mümkün olan bir sıra tədbirlər həyata keçirilmişdir. Axtarış işi üzrə müvafiq tədbirlər həyata keçirilərkən müəyyən edilmişdir ki, Z.Ə.Qasımov Azərbaycan Respublikası hüdudlarını tərk etmişdir. Borclu şəxs kimi axtarışda olan Qasımov Zahir Əhməd oğlu barəsində 19.10.2018-ci il tarixdə Sumqayıt ŞPİ-si tərəfindən dövlətlərarası axtarış elan edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10.09.2021-ci il tarixli məktubundan görünür ki, 29.01.1979-cu il təvəllüdlü X7 Azərbaycan Respublikasının ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 20.09.2021-ci il tarixli məktubundan görünür ki, Qasımov Zahir Əhməd oğlu sonuncu dəfə 31.03.2013-cü il tarixində dövlət sərhədindən Türkiyə istiqamətində çıxmışdır. Göründüyü kimi, Qasımov Zahir Əhməd oğlunun ölmüş elan edilməsi üçün iş materiallarında mötəbər sübut yoxdur. Buna görə də, məhkəmə hesab edir ki, ərizəçinin Qasımov Zahir Əhməd oğlunun ölmüş elan edilməsinə dair ərizəsi əsassızdır. Belə ki, Azərbaycan Respublikası MM-nin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Normadan da görünur ki, fiziki şəxs üç halda məhkəmə tərəfindən ölmüş elan edilə bilər. Əvvəla, şəxsin ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğu güman edilən bir şəraitdə xəbərsiz itkin düşməsidir. Bu halda həmin şəxsin haqqında cəmi altı ay ərzində xəbər çıxmaması onun ölmüş elan edilməsinə əsas verir. Göründüyü kimi, bu halda şəxsin haqqında müəyyən müddət ərzində məlumat olmaması ilə yanaşı onun həlak olması üçün real ölüm təhlükəsi yaradan şəraitin də mövcudluğu tələb olunur. Şəxsin ölmüş elan edilməsinin qanunvericiliyin normasına əsasən digər əsası hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş şəxsin haqqında hərbi əməliyyatlar qurtardığı gündən azı iki il keçdikdən sonra məlumat alınmamasıdır. Bu halda da, şəxsin həlak olduğunu güman etməyə əsas vardır. Şəxsin ölmüş elan edilməsinin digər əsası isə şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, məhkəmə onu ölmüş elan edə bilər. Bu halda, şəxsin ölümünü güman etməyə başqa əsaslar tələb olunmur, ancaq beş il ərzində onun barəsində məlumat olmaması onun ölmüş elan edilməsi üçün kifayətdir. Lakin, bu o demək deyil ki, şəxsin sağ olub-olmaması şübhəli olduqda o, ölmüş elan edilə bilər. Həmçinin, ərizəçi prosessual qanunvericiliyin tələblərinə əsasən 29 yanvar 1979-cu il təvəllüdlü keçmiş həyat yoldaşı Qasımov Zahir Əhməd oğlunun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli olduğu halda bunuda göstərməmişdir. Mülki qanunvericiliyin müvafiq müddəasının tələblərindən göründüyü kimi, həmin norma imperativ olmamaqla bu halın müəyyən edilməsi üçün kifayət qədər məlumatların olması halında edilə bilməsininin mükünlüyünü nəzərdə tutmuşdur. Belə məlumatların olmaması halında şəxsin ölmüş elan edilməsi barədə qənaətə gəlinməsi mümkünsüzdür. Məhkəmə ümumiyyətlə qeyd edir ki, qanunla müəyyən edilmiş müstəsna hallarda müəyyən edilə bilən və ciddi hüquqi nəticələrə səbəb ola biləcək hal olan şəxsin ölmüş elan edilməsi, yalnız həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükəndikdən sonra edilə bilər. Göründüyü kimi, Qasımov Zahir Əhməd oğlunun ölmüş elan edilməsi üçün iş materiallarında həmin şəxsin axtarışı üzrə bütün mümkün vasitələr tükənməsi barədə məlumatlar yoxdur. Bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki halda ərizəçinin Qasımov Zahir Əhməd oğlunun ölmüş elan edilməsinə dair ərizəsi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 315, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Məhi qızının – 29 yanvar 1979-cu il təvəllüdlü keçmiş həyat yoldaşı Qasımov Zahir Əhməd oğlu ölmüş elan edilməsinə dair ərizəsi təmin edilməsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar