Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6256/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair iş üzrə (açar sözlər: mənzildən çıxarılma) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 azyaşlı uşaqları X5, X6, X11, X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 34 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 20 avqust 1963-cü il tarixdə Quba rayonunda anadan olmuşdur. Hazırda oğluna məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Üzümlük massivində yerləşən fərdi evdə yaşayır. Bildirmək istəyir ki, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil onun mülkiyyətindədir. Belə ki, birlik tərəfindən sözügedən mənzil ona verilmişdir. Hazırkı iş üzrə cavabdehlər Qubadlı rayonundan məcburi köçkündürlər. Özlərinə məxsus ayrıca evləri vardır. Lakin dəfələrlə müraciət etməyinə baxmayaraq, mənzili tərk etmirlər. Yuxarıda da qeyd etdiyi kimi hazırda oğlunun yanında yaşayır. Lakin orada mənzil şəraiti yaxşı deyildir. Axı öz evi ola-ola nəyə görə hardasa yaşamalıdır və ya cavabdehlər öz evləri ola-ola niyə onun evindən çıxmırlar? Hesab edir ki, hazırkı mübahisənin məhkəmədənkənar həlli mövcud deyildir. Bu səbəbdən də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
b) iddiaya etiraz
3. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ev ona 1993-cü ildə ayrılmışdır. Lakin cavabdehlərin evdən çıxmaması səbəbi ilə uzun illərdir ki, ona məxsus mənzilə dair çıxarış ala bilmir.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, Qubadlı rayonundan məcburi köçkündür. Məlum hadisələrlə bağlı o da ailə üzvləri ilə birlikdə sözügedən mənzildə məskunlaşmışdır. Evin iddiaçının olduğunu qəbul edirlər. Lakin hazırda onların yaşamaq üçün başqa evləri yoxdur. Məsələ ilə bağlı dəfələrlə icra nümayəndəsinin qəbulunda olmuş, onlara ev veriləcəyi bildirilmişdir. Onlar ev verilən kimi iddiaçının evindən çıxacaqlar.
6. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 bildirdi ki, məcburi köçkünlərin məskunlaşdıqları yerlərdən çıxarılması ilə bağlı heç bir qərar yoxdur. Ona görə də hesab edir ki, məhkəmə tərəfindən də onların çıxarılması barədə qərar verilə bilməz. Belə ki, onlara dövlət tərəfindən hələlik ev verilməmişdir. Yaşamaq üçün onların başqa evləri yoxdur. Onlara ev verildiyi halda iddiaçının evindən çıxacaqlar.
7. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsinə dair bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər.Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırıcı hissə: a) mülki işin materialları
8. 105 nömrəli, xx.xx.1996-cı il tarixli zəmanət məktubunun notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Sumqayıt Səthi Aktiv X1 xx.xx.1993-cü il tarixli müdiriyyət və HİK-in birgə iclasının 7 nömrəli protokoluna əsasən 47-ci məhəllədəki təzə istifadəyə verilən 11 nömrəli binanın 4 otaqlı 34 nömrəli mənzili İddiaçı ayrılmışdır.
9. SAMZ Baş direktorunun müavini və SAMZ HİK-nin sədri tərəfindən verilmiş arayışın notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixdə SAM zavodunda keçirilən mənzil bölgüsündə iştirak etmiş və 47-ci məhəllə, ev 11, mənzil 34 ünvanda 8-ci mərətəbədə 4 otaqlı mənzil ona verilmişdir.
10. Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 20 saylı Mənzil Kommunal Sahəsinin 303 nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 Qubadlı rayonundan məcbur köçkündür və ailə üzvləri (Cavabdeh5, X11, X5 və X6) ilə birlikdə ünvan 1, mənzil 34-də yaşayır.
11. Azərbaycan Respublikası Qubadlı Rayon İcra Hakimiyyəti Başçısının Muradxanlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 01 oktyabr 2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh3 Qubadlı rayonundan məcbur köçkündür və ailə üzvləri Cavabdeh1, Cavabdeh2, X8, Cavabdeh3, Cavabdeh5 Tofıq qızı, X5, X6, X11, X7 və X2 ilə birlikdə Sumqayıt şəhəri, məhəllə 47, ev 11, mənzil 34-də məskunlaşmışdır.
b) mülki iş üzrə tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Maddə 43. İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsi: “Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; c) məhkəmənin mövqeyi
15. Nəzərə alınmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir.
16. Məhkəmə iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
17. Belə ki, Sumqayıt Səthi Aktiv X4 tərəfindən iddiaçıya xx.xx.1993-cü ildə ünvan 1 ünvanında yerləşən 34 saylı mənzilin ayrılması işin mübahisəsiz halıdır.
18. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır (Mülki Prosessual Məcəllənin 217.2. maddəsi).
19. Tərəflər arasında mübahisə predmeti təşkil edən (dövlət mənzil fonduna aid) mənzil ilə bağlı hüquq münasibəti 2000-ci il tarixdən əvvəl yarandığından məhkəmə hesab edir ki, hazırkı mübahisəyə hüquq münasibətinin yarandığı vaxt qüvvədə olan Mənzil Məcəlləsinin (1982-ci il redaksiyalı) müddəalarına uyğun baxılaraq hüquqi qiymət verilməlidir.
20. İlk növbədə qeyd edilməlidir ki, mübahisəli mənzil Sumqayıt Səthi Aktiv X4 tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli müdiriyyət və HİK-in birgə iclasının 7 nömrəli protokoluna (müvafiq təşkilatın zəmanət məktubuna əsasən) əsasında İddiaçı verilmişdir. İddiaçının mübahisəli mənzilə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, iddiaçının həmin mənzilə gözlənilən mülkiyyət hüququ olduğundan iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququnun olmasını qaçılmaz edir.
21. İşdən görünür ki, 1993-cü ildə mübahisəli mənzil iddiaçıya ayrılsa da, lakin həmin mənzil məcburi köçkün ailəsi tərəfindən tutulduğundan, o həmin mənzilə köçə bilməmişdir.
22. Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində, yaxud mənzil-tikinti kooperativləri evlərində yaşayış sahəsi almaq hüququna malikdir. Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilmiş hallardan başqa, heç kim yaşadığı sahədən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz (Mənzil Məcəlləsinin 10-cu maddəsi).
23. Mənzil Məcəlləsinin 42 və 46-cı maddələrinə əsasən yaşayış sahəsi vətəndaşın iş yeri, səhhəti, habelə diqqət yetirilməli olan başqa hallar nəzərə alınmaqla verilir. İctimai mənzil fondu evlərində yaşayış sahəsi vətəndaşlara müvafiq təşkilatın orqanının və onun həmkarlar ittifaqı komitəsinin birgə qərarı üzrə verilir və köçürülmək üçün yaşayış sahəsi verilməsi haqqında sonra müvafiq rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsinə məlumat verilir.
24. Lakin hazırkı iş üzrə iddiaçıya məxsus mənzil məcburi köçkün ailəsi, yəni cavabdehlər tərəfindən tutulduğundan, onlar Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrində nəzərdə tutulmuş qaydada iddiaçının ailə üzvü olmadıqlarından, mübahisəli mənzil üzərində hər hansı müstəqil hüquqa malik deyillər.
25. Mənzil Məcəlləsinin 89 və 98-ci maddələrinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsini özbaşına tutmuş şəxslər bu Məcəllənin 89-cu maddəsinin ikinci hissəsində nəzərdə tutulan qaydada digər yaşayış sahəsi verilmədən çıxarılırlar.
26. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında da mənzilin hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirmişdir.
27. Avropa İnsan Hüquqları Məhkəməsi “X12rşı” məhkəmə işində vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür.
28. Avropa İnsan Hüquqları Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər.
29. Bu mənada məhkəmə hesab edir ki, Sumqayıt Səthi Aktiv X4 tərəfindən 1993-cü il tarixli iclas protokolu ilə mübahisəli mənzil iddiaçının ailə üzvləri nəzərə alınmaqla ona verildiyindən, mənzil qanunvericiliyinin yuxarıda qeyd olunan maddələrinin tələbi baxımından iddiaçının həmin mənzil üzərində yaşayış sahəsinə hüququ yarandığından, sonuncu cavabdehlərin həmin mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur.
30. Məhkəmə cavabdehlərin məcburi köçkün olaraq sosial müdafiəsi tədbirləri ilə bağlı qeyd edir ki, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 21 may 1999-cu il tarixli Qanununun tələblərinə uyğun olaraq məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına digər şəxslərin hüquqlarının və qanuni maraqlarının pozulmadığı halda yol verilir.
31. Cavabdehlərin izahatlarına münasibətdə isə məhkəmə qeyd edir ki, göstərilən dəlillər əsaslı sayıla bilməz. Belə ki, mübahisəli mənzilin iddiaçıya ayrılması işin mübahisəsiz halıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə dövlətin sosial problemləri, o cümlədən məcburi köçkünlərin mənzillə təmin edilməsi vəzifəsi fərdi şəxslərin hüquqlarını qeyri-mütənasib şəkildə məhdudlaşdırmamalıdır.
32. Belə ki, “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir.
33. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər.
34. Göründüyü kimi, iddiaçı tələbinin əsaslılığını təsdiq edən sübutlar təqdim etmiş, bu halları təkzib edən heç bir sübut cavabdehlər tərəfindən təqdim edilməmişdir.
35. Cavabdehlərin həmin mənzildə yaşamaları üçün heç bir hüquqi əsas olmadığından, onların həmin mənzildə qalmaları iddiaçının mübahisəli mənzil üzərindəki sahiblik və istifadə hüququnun pozulmasını qaçılmaz etdiyindən cavabdehlər mübahisəli mənzildən çıxarılmalıdırlar.
36. Məhkəmə iddia tələbinin cavabdehlərin azyaşlı uşaqları X5, X6, X11, X3 mənzildən çıxarılmasına münasibətdə qeyd edir ki, Elektron Məhkəmə Sistemində cavabdehlərə məxsus məlumatlardan və işə əlavə edilmiş arayışdan görünür ki, X5 xx.xx.2016-cı il təvüllüdlü, X6 xx.xx.2018-ci il təvəllüdlü, X11 xx.xx.2023-cü il təvəllüdlü və X7 xx.xx.2011-ci il təvəllüdlüdür. Nə qədər ki, fəaliyyət qabiliyyəti olmayan yetkinlik yaşına çatmamış şəxslər prosesdə cavabdeh qismində tərəf ola bilməz, onların üzərinə hər hansı öhdəlik də qoyulmamalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, həmin uşaqların yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır, belə olan halda azyaşlı uşaqlar da iddiaçıya məxsus mənzildən cavabdehlərlə birlikdə çıxarılmalıdırlar.
37. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, tələb etməməsi nəzərə alınaraq dövlət büdcəsinə ödənilmiş 100 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə hissəsi:
38. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 azyaşlı uşaqlar X5, X6, X11 və X7 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 34 saylı mənzildən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva