Məhkəmə qərarları › İş №2(060)-6327/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6327/2023

18.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6327/2023 18.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin qanunsuz sahiblikdən qaytarılması və mənzildən çıxarılma tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçının nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus ünvan 2, 11 saylı mənzilin qanunsuz sahiblikdən qaytarılması və cavabdehlərin Cavabdeh1, Cavabdeh2 ona məxsus ünvan 1, 11 saylı mənzildən məcburi çıxarılması, hüquqi yardım üçün vəkilə ödənilmiş 200 (iki yüz) manat dövlət rüsumunun cavabdehlərdən İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2, mənzil 11 İddiaçı xüsusi mülkiyyətindədir. Mülkiyyət hüququ Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən verilmiş Seriya № 1110733, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarşla daşınmaz əmlakın Dövlət reystrində 146 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Cavabdehlər Cavabdeh1 X2 kimi müvəqqəti qalmaq şərti ilə qohumu tərəfindən mənzilə buraxılmışlar. Kirayə haqqı kimi hər ay 150 (yüz əlli) manat ödəniş etməli idilər. Lakin 1 ildən artıqdır ki, yaşamalarına baxmayaraq cəmi bir ay ödəniş etmişlər. İddiaçı ailəsi ilə bir müddət idi ki, Azərbaycandan kənarad yaşayırdılar. Hazırda orta məktəbdə dərslərin başlaması ilə əlaqədar Azərbaycana Sumqayıt şəhərinə gəlmişlər ki, evlərində yaşayamaq və uşaqlar məktəbə getsinlər. Lakin, cavabdehlər iddiaçıya məxsus bu mənzildən çıxmırlar. Bütün şəxsi və məişət əşyaları da mənzildədir. Dəfələrlə tələb etmişlər ki, mənzillərindən çıxsınlar, lakin, onlar müxtəlif bəhanələr edərək mənzildən çıxmaqdan imtina edirlər. Bununla əlaqədar Az.Resp. DİN-nin Sumqayıt şəhər Polis İdarəsinə də şikayət ərizəsi vermişlər, polis və prokurorluq orqanları onlara həmin şəxslərin mənzildən çıxarılması üçün məhkəməyə müraciət etməli olduğunu tövsiyyə etmişlər. Cavabdehlərin iddiaçının mənzilindən çıxmaması mülkiyyət hüquqlarını pozur və mənzilindən sərbəst istifadə etməyinin qarşısını almışdır. İddiaçıının nümayəndəsi Vəkil məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişlər. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyat haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 5/13, mənzil 11 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə iş materiallarından müəyyən olunur ki, mübahisəli mənzil iddiaçıya məxsusdur və cavabdehlər heç bir qanuni əsas olmadan həmin evdən istifadə edirlər. İddiaçının hazırkı tələbindən müəyyən olunur ki, cavabdehlərin ona məxsus evdən istifadəsi onun iradəsinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “İnsan Hüquqları və X4 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Akimova Azərbaycana qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında hətta orderli mənzilın hüquqi əsas olmadan tutulması mülkiyyət hüququnun pozuntusu kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). “Cəfərov (Jafarov) Azərbaycana qarşı” xx.xx.2010-cu il tarixli məhkəmə qərarına əsasən “Xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər” məcburi köçkün hesab olunurlar (2-ci maddə). Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər (5-ci maddə). Nazirlər Kabinetinin 24 dekabr 1999-cu il tarixli 200 saylı Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin başqa yaşayış sahəsinə köçürülməsi Qaydası” 4-cü maddəsinə əsasən “Müvəqqəti məskunlaşmış məcburi köçkünlər digər şəxslərin mənzil hüququnu pozduqda, onlar həmin yaşayış məntəqəsi ərazisində zəruri tələblərə cavab verən başqa yaşayış sahəsi ilə təmin olunurlar”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. “İnsan hüquqlarının və X4 haqqında Konvensiyanın” Protokolunun (Protokol qeyri rəsmi olaraq 1 saylı Protokol da adlandırılır) 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Göstərilənlənlərə əsasən məhkəmə hesab edir ki, ünvan 2, 11 saylı mənzildən cavabdehlər G.C.Şamiyev və Cavabdeh2 çıxarılmalı, həmin mənzildən qanunsuz sahiblik edən cavabdehlər tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərdən müəyyən edildi ki, iddiaçının tələb etdiyi mübahisəli mənzilin hüquqi statusunu müəyyən edən sənəd onun adına verilmiş RX seriyalı, № ******* saylı çıxarışdır. Məhkəmə hesab edir ki, şəxs istifadə hüququ əldə etdiyi mənzilə yaşamaq imkanına malik olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alıqmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş üzrə hüquqi yardıma görə vəkilə ödənilmiş 200 (iki yüz) manat cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 11 saylı mənzildən məcburi çıxarılsınlar. ünvan 2 ünvanında yerləşən 11 saylı mənzil qanunsuz sahiblikdən İddiaçı qaytarılsın. İş üzrə hüquqi yardıma görə vəkilə ödənilmiş 200 (iki yüz) manat Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq iddiaçıya ödənilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar