Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-634/2021 16.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdülhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Nəbiyev Mirzə-Ağa Fazil oğlunun Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Nəbiyev Mirzə-Ağa Fazil oğlu Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ünvan 1, mənzil 19 ünvanına istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 19 saylı mənzil xx.xx.1973-cü il tarixdə 10/2122 saylı order əsasında X1na verilmişdir. X1 xx xxxx 2004-cü ildə, anacs X7 isə xx.xx.1985-ci ildə vəfat etmişlər. Hal-hazırda o, həmin mənzildə ailə üzvləriylə birlikdə yaşayır. Cavabdeh onun doğma bacısıdır. O, 1999-cu ildən həmin mənzildə yaşamır. Belə ki, o, 1999-cu ildə ailə həyatı qurmuş və daimi yaşamaq üçün başqa yerə getmişdir. Həmin vaxtdan da bu günə kimi cavabdeh bir gün də olsun həmin mənzildə yaşamamışdır. Bu qonşuların İştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. Onun harada yaşaması barədə məlumatı yoxdur. Hesab edir ki, cavabdeh 1999-cu ildən həmin mənzili tərk edərək daimi yaşamaq üçün başqa yerə getdiyindən onun həmin mənzilə istifadə hüququ itirilmiş hesab edilməlidir. Çünki, onun həmin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Həmçinin mənzilin özəlləşdirilməsində cavabdehin də razılığı olmalıdır. Lakin qeyd etdiyi kimi cavabdehin harda yaşaması barədə məlumatı yoxdur. Bütün sadalananlar isə ona çətinliklər yaradır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, iddiaçının arvadıdır. Cavabdeh onun baldızıdır. O, mübahisəli evə 1987-ci ildə gəlin gəlmişdir. Həmin vaxt Rəhilə də bu evdə yaşamışdır. 1999-cu ildə ailə quraraq bu evdən getmişdir. Həmin vaxtdan onunla heç bir əlaqələri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, iddiaçı ilə qonşudurlar. Eşitdiyinə görə Rəhilə adlı şəxs 2006-cı ildən mübahisəli mənzildə yaşamır, onda olan məlumata görə ailə quraraq getmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Sumqayıt şəhər X4 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin 10/2122 saylı, xx.xx.1973-cü il tarixli orderinin təsdiq olunmuş surətindən görünür ki, X6 5 nəfər ailə tərikibi daxil olmaqla yaşayış sahəsinə ehtiyaclarının ödənilməsi məqsədilə ünvan 1 ünvanında yerləşən 19 saylı mənzil ayrılmışdır. AZ-İİ seriyalı, 096924 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olumuş surətindən görünür ki, X9 xx xxxx 2004-cü il tarixdə ölmüşdür. İİİ-JQ seriyalı 331863 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X7 xx xxxxxx 1985-ci il tarixdə ölmüşdür. Sumqayıt İcra Hakimiyyəti MKTİB-nin 14 saylı MKS tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 332 saylı arayışdan görünür ki, Cavabdeh xx xxxxxxx 1974-cü il tarixdən ünvan 1 ünvanında yerləşən 19 saylı mənzildə qeydiyyatdadır. Beləliklə, məhkəmə iclasında işin araşdırılan mübahisəsiz hallar ilə müəyyən olundu ki, mübahisə predmeti olan ev order əsasında iddiaçının atasına ayrılmışdır. Mənzilin icarədarı 2004-cü il tarixdə vəfat etmişdir. İcarədarın ölümündan sonra icarədarın oğlu, hazırki iş üzrə iddaçı həmin mənzilə sahiblik və istifadə edir. Cavabdeh 1973-cü ildən bu mənzildə yaşamış, iddiaçının sözlərinə görə 1999-cu ildə ailə quraraq həmin evdən köçüb getmiş, həmin vaxtdan mübahisəli evdə yaşamamış və istifadə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır. Məhkəmə işin hallarını qiymətləndirərək qeyd edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırmalıdır. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüqüqun ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Mənzil Məcəlləsinin 60-ci maddəsinin 6-cı hissəsinə əsasən şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, araşdırılan mübahisə üzrə iddiaçı Mirzə-Ağa Nəbiyev mübahisə predmeti olan mənzildə yaşamaqla daimi istifadəçi kimi məhkəmədə iddia hüququna malikdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitutsiya məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarında məhkəmə qeyd etmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki prosessual qanunvericiliyin tələblərinə görə hər bir tərəf istinad etdiyi halları məhkəmədə sübuta yetirmək vəzifəsi daşıyır. Bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür və təqdim edilən sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan irəli gəlməlidir. Məhkəmə sübutetmə yükü iddia edənin üzərinə düşür prinsipinə əsaslanaraq hesab edir ki, iddiaçı iddia tələbini məhkəmədə sübuta yetirə bilmədi. İddiaçı tərəf cavabdehin 1999-cu il tarixdən mübahisəli evdən köçüb getdiyini, ailə quraraq başqa yerdə yaşadığını göstərərək həmin əsaslara görə iddianın təmin edilməsini xahiş etmişdir. Lakin iddiaçının iddia tələbinin əsası olaraq göstərdikləri yalnız özünün şifahi bildirdiklərindən ibarət olmaqla heç bir mötəbər sübuta əsaslanmır. Belə ki, iddiaçı tərəf cavabdehin ailə qurduğunu, bununla bağlı olaraq həmin mənzili tərk edib getdiyini göstərsə də, cavabdehin nikahda olması, daimi yaşayış yeri olmaqla bu yaşayış sahəsinə ehtiyacının aradan qalxması, uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsinə dair məhkəmə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə şahid ifadələrinə gəlincə hesab edir ki, şahidlər iddiaçıya yaxın olan şəxslər olmaqla iddianın həllində maraqlı şəxslərdir, odur ki, həmin şahid ifadələri əsaslı şübhədən kənar mötəbər sübut kimi qəbul edilə bilməz. Məhkəmə ədalət mühakiməsini tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirərək, məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktları hərtərəfli, tam və qərəzsiz məcmuu halda tədqiq edərək bu nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Nəbiyev Mirzə-Ağa Fazil oğlunun Cavabdeh qarşı “mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-634/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-634/2021
16.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver