Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6375/2024 19.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Ərizəçi Maraqlı şəxs olmaqla şəxsin ölmüş elan edilməsi barədə verilmiş ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, müəyyən etdi : Ərizəçi Maraqlı şəxs olmaqla şəxsin ölmüş elan edilməsi tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən X1 xx.xx.2015-ci il tarixdə Suriya Ərəb Respublikasında döyüşlər zamanı ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.2-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Prosessual qanunverciliyin tələblərindən göründüyü kimi, xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını təsdiq edən hallar şərh edilməli olduğu halda, ərizəçi tərəfindən bu tələblərə riayət edilməmişdir. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, MPM-nin tələbinə əsasən hazırki halda ərizə ilə müraciət etmək imkanının olmaması, yəni şəxsin ölmüş elan edilməsi tələb edilən şəxsin yaxın qohumlarının həmin hüquqdan istifadə etmək imkanının olmaması ərizəyə əlavə edilmiş sənədlərdə təsdiq olunmadığından hazırki ərizəyə baxılması mümkün olmamaqla, ona əlavə edilmiş sənədlərlə birliktə geri qaytarılması üçün əsasdır. Məhkəmə həmin hüquqa məxsus olan şəxslərin məhkəməyə müraciət etmək imkanının olmasının izah edilməsini zəruri hesab edir. Məhkəmə hesab edir ki, ərizə məhkəməyə verilərkən MPM-nin 149-cu və 152.1.1-ci maddələrinin tələbləri pozulduğundan iddia ərizəsi geri qaytarılmalı, Ərizəçi göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra (yaxın qohumların müraciət etmək imkanının olması) yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığı üçün Ərizəçi xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1, 152.2 və 152.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxs olmaqla şəxsin ölmüş elan edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Ərizəçi göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6375/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6375/2024
19.09.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver