Məhkəmə qərarları › İş №2(060)-6409/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6409/2024

06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6409/2024 06.11.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsini cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsini cəlb etməklə “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin həyat yoldaşı X11 1946-cı ildə Ağdam rayonu, İsmayılbəyli kəndində anadan olmuşdur. xx.xx.2023-cü ildə rəsmi nikaha daxil olmuşdur. 2 övladları var: xx.xx.1985-ci il təvəllüdlü X9 və xx.xx.1987-ci il təvəllüdlü X12. Ərizəçinin həyat yoldaşı dünyasını dəyişdikdən sonra vərəsəlik işi açılmış və ərizəçidən onun doğum haqqında şəhadətnaməsini tələb etmişlər. Ərizəçi də həmin sənədi tapmadığı üçün qeydiyyat şöbəsinə müraciət etmişdir. 2 saylı Sumqayıt “ASAN Xidmət” mərkəzində qeydiyyat şöbəsində doğum haqqında aktın verilməsindən imtina edilmişdir. Dövlət arxivinin Ağdam filialıda doğum haqqında akt qeydini aşkar edə bilməmişdir. Həmçinin qeydiyyat şöbəsində ərizəçiyə izah olunmuşdur ki, doğum haqqında aktın alınması üçün məhkəməyə müraciət etməlidir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənlərə əsasən ərizəçinin həyat yoldaşı X4 1946-cı il tarixdə Ağdam rayonu, İsmayılbəyli kəndində doğumunun qeydə alınması faktının və doğum haqqında akt qeydlərində ata qrafasında X13, anasının X3 qeyd olunmasına dair doğum haqqında akt qeydinin bərpa olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Sonradan Ərizəçi məhkəməyə ərizəsinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Ərizəçi həyat yoldaşı X4 XX.XX.1946-cı il tarixdə Ağdam rayonu, İsmayılbəyli kəndində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunması, doğum haqqında qeydlər kitabında adının “Ərşad”, soyadının “Quliyev”, ata adının “Əyyub”, doğum tarixinin “XX.XX.1986-cı il”, doğum yerinin “Ağdam rayonu, İsmayılbəyli kəndi”, atasının adının “X5”, milliyyəti “azərbaycanlı”, anasının adı “X3”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum aktı qeydi bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs qismində cəlb olunan 2 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun anasıdır. X2r. Atası 1946-cı il tarixdə Ağdam rayonunda anadan olmuşdur. 18 iyun 2024-cü il tarixdə atası vəfat etmişdir. Atasının anasının adı Zəriş, atasının adı isə Əyyub olmuşdur.

8. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək göstərmişdir ki, Ərizəçi onun qayınanasıdır. X11 isə qayınatasıdır. Qayınatası 1946-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, 18 iyun 2024-cü il tarixdə isə vəfat etmişdir. Qayınatasının anasının adı Zəriş, atasının adı isə Əyyub olmuşdur.

9. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-1162/69/24 saylı arayışın surətindən görünür ki, X13 xx.xx.1997-ci il tarixdə hipertoniya xəstəliyi səbəbindən ölmüşdür.

10. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-1161/69/24 saylı arayışın surətindən görünür ki, X3 xx.xx.2006-cı il tarixdə qaraciyər koması səbəbindən ölmüşdür.

11. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ № 438707 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2024-cü il tarixdə sidik kisəsinin bədxassəli yenitörəməsi səbəbindən ölmüşdür.

12. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X11 xx.xx.1946-cı ildə Ağdam rayonu, İsmayılbəyli kəndində doğulmuş, 18.6.2024-cü il tarixində ölmüşdür. Arvadı Ərizəçi (xx.xx.1966), oğlu X9 (xx.xx.1985), oğlu X12 (xx.xx.1987).

13. İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 42 nömrəli müraciətə cavab məktubundan görünür ki, Ağdam rayonuna aid olan doğum haqqında 1945-1946-cı illərin akt qeydiyyat kitabı yoxlanıldı, lakin X4 doğum haqqında aktı aşkar olunmadı. Ona görə də, X4 1946-cı ildə doğum haqqında akt qeydini təsdiq edən heç bir məlumat vermək mümkün olmadı.

14. İş materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-5/8-H-15-629/2024 saylı arayışdan görünür ki, X11 barəsində Azərbaycan Respublikası Dövlət Arxivinin Ağdam filialında doğum aktı aşkar olunmamışdır. Arxiv məlumatları Ağdam rayonu üzrə 1945-1946-cı illər akt qeydiyyat kitabları yoxlanılmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır.

15. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 20 avqust 2024-cü il tarixli məktubdan görünür ki, əri X7 məxsus doğum haqqında akt qeydinin bərpa edilməsi haqqında ərizəyə baxılmışdır. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

16. Beləliklə məhkəmədə müəyyən olundu ki, X11 XX.XX.1946-cı il tarixdə Ağdam rayonu, İsmayılbəyli kəndində anadan olmuş, atası X5, anası isə X1r. Ərizəçi 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, əri X4 doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

17. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktları bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir.

18. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

20. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir.

21. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.

22. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

23. Göründüyü kimi ərizəçi ərinin doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir.

24. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

25. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

26. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi həyat yoldaşı X4 XX.XX.1946-cı il tarixdə Ağdam rayonu, İsmayılbəyli kəndində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunmalı, doğum haqqında akt qeydləri kitabında adının “Ərşad”, soyadının “Quliyev”, ata adının “Əyyub”, doğum tarixinin “XX.XX.1946-cı il”, doğum yerinin “Ağdam rayonu, İsmayılbəyli kəndi”, atasının adının “X5”, milliyyəti “azərbaycanlı”, anasının adı “X3”, milliyyəti “azərbaycanlı” olması ilə bağlı doğum akt qeydi bərpa olunmalıdır.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

30. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Nəticə hissəsi:

33. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizəçi “doğum aktı qeydinin bərpa edilməsi”nə dair ərizəsi təmin edilsin. Ərizəçi həyat yoldaşı X4 XX.XX.1946-cı il tarixdə Ağdam rayonu, İsmayılbəyli kəndində doğulması barədə doğumun qeyd edilmə faktı müəyyən olunsun. Doğum haqqında akt qeydləri kitabında adının “Ərşad”, soyadının “Quliyev”, ata adının “Əyyub”, doğum tarixinin “XX.XX.1946-cı il”, doğum yerinin “Ağdam rayonu, İsmayılbəyli kəndi”, atasının adının “X5”, milliyyəti “azərbaycanlı”, anasının adı “X3”, milliyyəti “azərbaycanlı”olması ilə bağlı doğum akt qeydi bərpa olunsun. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar