Məhkəmə qərarları › İş №2(060)-6437/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6437/2021

09.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6437/2021 09.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iştirakı ilə, iddiaçı İddiaçı1 və digərlərinin Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1, İddiaçı2 və İddiaçı3 (bundan sonra - iddiaçılar) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdehin və onun yetkinlik yaşına çatmayan uşaqlarının Sumqayıt şəhəri, 29-cu məhəllə, 7/22 saylı evin 26 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 29-cu məhəllə, 7/22 saylı evin 26 saylı mənzili paylı mülkiyyət hüququ ilə iddiaçılara məxsusdur. Cavabdeh İddiaçı1 və İddiaçı2 bacısı qızlarıdır. Cavabdeh həmin mənzildə yaşamır və formal olaraq qeydiyyatda qalıb. Bu səbəbdən cavabdehin mənzilə istifadə hüququna xitam verilməlidir. Cavabdeh məhkəməyə ünvanladığı ərizədə göstərmişdir ki, o qeyd edilən ünvanda qeydiyyatda olsa da, həmin ünvanda heç vaxt yaşamayıb. Bu səbəbdən onun həmin mənzilə istifadə hüququ yoxdur. Olmayan istifadə hüququna isə xitam verilə bilməz. Bu səbəbdən iş üzrə icraata xitam verilməlidir. Cavabdehə məhkəmə iclası barədə bildiriş göndərilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı1 izahat verərək öz izahatında bildirdi ki, iddiaçılardan İddiaçı2 onun bacısı, digər iddiaçı isə onlarına bacısı qızıdır. Cavabdeh də onların bacısı qızıdır. Mübahisəli mənzil onun anasına məxsus olmuş və vərəsəlik əsasında iddiaçılara keçmişdir. Cavadehin anası olan Şəkilənin evə hər hansı iddiası yoxdur. Evdə qardaşları yaşayırdı. Qardaşları isə 2019-cu ildə vəfat edib. Cavabdehi onların anaları formal olaraq evə qeydiyyata saldırıb. Belə ki, sosial müavinətin alınması və sair səbərdən cavabdehin Sumqayıtda qeydiyyat yerinə ehtiyacı var idi. Cavabdeh həmin evdə bir gün də olsun yaşamayıb. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Digər iddiaçılar Natəvəan Məsləhinin izahatı ilə oxşar məzmunlu izahat verərək iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, Sumqayıt şəhəri, 29-cu məhəllə, ev 7/22, mənzil 26-da (bundan sonra – mübahisəli mənzil) iddiaçılarla yanaşı xx.xx.1976-cı il təvəllüdlü cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları X1 və talıblı Xəyalə Qəhrəman qızı qeydiyyatdadırlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin məhkəmə sorğusu əsasında göndərdiyi sənədlərlə müəyyən edilir ki, mübahisəli mənzil 22.10.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında X2 tərəfindən alınmışdır. Mənzxilə dair 18.06.2021-ci il tarixində Sürüş Talıbovanın adına çıxarış alınmış və qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən mənzil üzərində iddiaçıların hər birinin 1/3 hissədə payları müəyyən edilməklə daşınmaz əmlakın dövlət reyestrindən 02.07.2021-ci il tarixli çıxarış verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdən göründüyü kimi mübahisəli mənzil 2003-cü ildə Sürüş Talıbova tərəfindən alınmışdır. Bu səbəbdən mübahisəyə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) müddəaları tətbiq edilməlidir. Həmin Məcəlləyə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (228.5.). İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh Sürüş Talıbovanın bacısı qızı olmuş və mübahisəli mənzildə yaşamamış, yalnız Sürüş Talıbova tərəfindən formal olaraq mənzilə qeydiyyata salınmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.09.2020-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Qeyd edilənlərdən göründüyü kimi mülkiyyətçi öz mülkiyyətində olan yaşayış sahəsinə digər şəxsləri könüllü olaraq qeydiyyata saldırdığı halda onların oradan qeydiyyatdan çıxarılması üçün ümumi məhkəməyə deyil, müvafiq inzibati orqana müraciət etməlidir. İnzibati orqan tərəfindən mülkiyyətçiyə imtina cavabı verilərsə o, bununla bağlı müvafiq inzibati məhkəmədə iddia qaldıra bilər. Hazırkı iş üzrə tərəflərin izahatları ilə müəyyən edilir ki, Sürüş Talıbova könüllü şəkildə cavabdehi öz mənzilinə qeydiyyata saldırmışdır. Cavabdehin mənzildən istifadə hüququ yaranmamış və formal olaraq mənzildə qeydiyyatda olmuşdur. Belə olan halda isdə hazırkı tələbə ümumi məhkəmədə baxılması qeyri-mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir (261.0.1.). Məhkəmə hesab edir ki, idiaçıların tələbinə məhkəmədə baxılmalı olmadığından hazırkı iş üzrə icraata xitam verilməli, iddiaçılar cavabdehin onların mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması üçün müvafiq inzibati orqana, imtina cavabı aldığı təqdirdə isə müvafiq inzibati məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh qarşı cavabdehin və onun yetkinlik yaşına çatmayan uşaqlarının Sumqayıt şəhəri, 29-cu məhəllə, 7/22 saylı evin 26 saylı mənzilinə olan istifadə hüquqlarına xitam verilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar