Məhkəmə qərarları › İş №2(060)-650/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-650/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-650/2021 16.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, iddiaçı Heybətova Qönçə Vahid qızının iştirakı ilə iddiaçı Heybətova Qönçə Vahid qızının Cavabdeh qarşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Heybətova Qönçə Vahid qızı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1, 37 saylı mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, 37 saylı mənzil mülkiyyət hüququilə iddiaçıya məxsusdur. Bu barədə onun adına xx.xx.2005-ci il tarixdə qeydiyyat vəsiqəsi də verilmişdir. Cavabdeh keçmiş həyat yoldaşıdır. Aralarında olan nikah xx.xx.2010-cu il tarixdə rəsmi olaraq pozulmuşdur. Cavabdehlə sözügedən mənzildən qeydiyyatdan çıxmaq üçün götürülmüş öhdəliyin əvəzi olaraq 10000 manat məbləğində pul kompensasiyası ödənilməsi barədə saziş də imzalanmışdır. Sazişə əsasən cavabdeh qeyd olunan mənzildən 1 ay ərzində pasport qeydiyyatından çıxacağını və gələcəkdə əmlak tələbinə dair heç bir iddia tələbinin olmayacağını öhdəsinə götürmüşdür. Cavabdehin onun mənzilində pasport qeydiyyatında olması ona bir sıra çətinliklər yaradır. Belə ki o, cavabdehin əvəzinə əlavə kommunal xərclər ödəmək məcburiyyətində qalır. Bununla yanaşı o bir mülkiyyətçi kimi öz mülkiyyəti üzərində sahiblik, sərəncam və istifadə hüququnu həyata keçirə bilmir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Heybətova Qönçə Vahid qızı məhkəmə iclasında bildirdi ki, cavabdehin harada olduğunu bilmir. Cavabdehlə aralarında bağlanmış müqaviləyə uyğun olaraq ona 10000 manat pul ğödəmişdir. Lakin, cavabdeh mənzildən qeydiyyatdan çıxacağını bildirsə də, hələ də qeydiyyatdan çıxmır. Qeyd edilənlərə əsasən iddiaçı iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı arayışına əsasən iddiaçı Heybətova Qönçə Vahid qızı xx.xx.1967-ci ildə, Qazax rayonu, Qıraq Kəsəmən kəndində, Cavabdeh isə xx.xx.1964-cü ildə anadan olmuşlar. İddiaçı və cavabdeh hazırda ünvan 1, mənzil 37 ünvanında qeydiyyatdadırlar. xx xxxx 2019-cu il tarixli sazişə əsasən iddiaçı Heybətova Qönçə Vahid qızı ünvan 1 ünvanında yerləşən 37 nömrəli mənzildən (bundan sonra – mübahisəli mənzil) 1 ay ərzində qeydiyyatdan çıxmaq üçün Cavabdeh götürülmüş öhdəliyin əvəzi olaraq 10000 manat məbləğində kompensasiya ödəməyi, X1 isə həmin mənzildən 1 ay ərzində qeydiyyatdan çıxmağı və gələcəkdə əmlak tələbinə dair heç bir iddia tələbinin olmayacağını öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinin qeydiyyat vəsiqəsinə əsasən mübahisəli mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (152.1.). Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1.). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2.). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4.). İşdən göründüyü kimi mübahisəli mənzil xüsusi mülkiyyət hüququ ilə idiaçıya məxsusdur. Cavabdeh həmin mənzildə yaşamır və formal olaraq mənzildə qeydiyyatda qalmışdır. Mülki Məcəllədə göstərilir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). Göründüyü kimi xx xxxx 2019-cu il tarixli sazişə əsasən iddiaçı cavabdehə mübahisəli mənzildən qeydiyyatdan çıxmağının müqabilində 10000 manat kompensasiya ödəmiş, cavabdeh isə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 8) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından da biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının xüsusi mülkiyyətində olan mənzildə qeydiyyatda qalması iddiaçının mənafeyinə zidd olmaqla bir mülkiyyətçi kimi onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 860-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1, mənzil 37 ünvanına istifadə hüquqları itirilmiş hesab olunsun. Hazırkı qətnamə göstərilən şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar