Məhkəmə qərarları › İş №2(060)-653/2022

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-653/2022

06.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-653/2022 06.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən, 20/23 saylı evin 5 saylı mənzilinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdeh onun bacısı oğludur, o, mənzildə formal olaraq pasport qeydiyyatındadır və heç vaxt orada yaşamamışdır. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin verdiyi qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 20/23 saylı evin 5 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır və daşınmaz əmlak üzərində hüquq Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin dövlət reyestrində 2003-cü ildə 14 nömrəsi ilə qeydiyyata alınmışdır. - Həmin vəsiqədən görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən 20/23 saylı evin 5 saylı mənzili 18.11.2003-cü il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətinə verilmişdir. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyinin 3 saylı Mənzil Kommunal Səhəsinin 29.09.2021-ci il tarixli aktından görünür ki, Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən, 20/23 saylı evin 5 saylı mənzilində 2003-cü ildən qeydiyyatda olan Cavabdeh bu günə kimi həmin ünvanda yaşamır. Qeyd olunanları Bağırova.S.D, Dəmirova.V.S və Rəhimova Z.N öz imzaları ilə təsdiq etmişdir. Məhkəmə, qeyd edir ki, Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin hallarından göründüyü kimi iş üzrə Cavabdeh həmin mənzilə mülkiyyətçinin razılığı ilə (ərizəsi əsasında) formal qeydiyyata götürülmüş, o, bu yaşayış sahəsində yaşamamış, həmin mənzildən istifadə etmək imkanını təmin edən notariat qaydada təsdiq edilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış müqavilə, eləcə də ev sahibi ilə arasında bağlanmış yazılı razılaşma olmamış, cavabdehin həmin əmlakdan istifadə edə bilməsi üçün, yəni istifadə hüququnun əmələ gəlməsi üçün hüquqi əsas yaranmamışdır. Məhkəmə hesab edir ki, belə bir hüququn yaranmadığı halda həmin hüquqa xitam verilə bilməz. Eləcə də Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək hüququna malik deyildir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh Sumqayıt şəhəri, 16-cı məhəllədə yerləşən, 20/23 saylı evin 5 saylı mənzilinə istifadə hüququna malik deyildir. Məhkəmə Konstitutsiya Məhkəməsi Plenumunun Qərarında göstərilmiş hüquqi mövqeyə əsaslanaraq hesab edir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməli, iddiaçıya izah edilməlidir ki, cavabdeh müvafiq icra hakimiyyəti orqani (AR DİN) tərəfindən onun mənzilindən pasport qeydiyyatından çıxarılmalıdır. Odur ki, iddiaçı cavabdehin qeydiyyatdan çıxarılması üçün müvafiq səlahiyyətli inzibati orqana müraciət etməli, məsələnin həllindən narazı qaldığı təqdirdə isə həmin qərarı, o cümlədən hərəkət və hərəkətsizliyi inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. AR MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261- 262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar