Məhkəmə qərarları › İş №2(060)-655/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-655/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-655/2022 17.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı icarə müqaviləsinə əsasən borcun qaytarılması tələbinə dair mülki işə 17 mart 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı icarə müqaviləsinə əsasən borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh icarə müqaviləsinə görə 440 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 470 manat məbləğində pulun alınıb İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru Bünyat-zadə Emil Aydın oğlu ilə Cavabdeh arasında «KİA CERATO» markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilin 12.04.2019-cu il tarixdən 23.04.2019-cu il tarixədək 1 (bir) günü 40 (qırx) manat olmaq şərtilə 11 (on bir) gün müddətinə icarəyə verilməsinə dair 12.04.2019cu il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılaraq yol vərəqəsi və təhvil-təslim aktı verilmişdir. Cavabdehin icarəyə götürdüyü avtomobilə dair 11 (on bir) gün ödəniş etməmişdir və nəticədə 440.00 (dörd yüz qırx) manat borcu yaranmışdır. Avtomobilin icarə haqqına görə 450.00 (dörd yüz əlli) manat borcun tələb edilməsinə dair cavabdehə 02.02.2021-ci il tarixli 007 nömrəli və 12.04.2021-ci il tarixli 032 nömrəli pretenziya ilə müraciət edib 3 (üç) gün müddətində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 2/28-də fəaliyyət göstərən İddiaçı MMC-yə gəlib ödənilməsi barədə EMS Ekspress sürətli poçt daşıma xidməti vasitəsilə məktubla müraciət etmişdirlər. Sonradan sənədləri araşdırıb məlum olmuşdur ki, cavabdehin onlara 440.00 (dörd yüz qırx) manat borcu var. Qeyd edilir ki, cavabdeh 12.04.2019-cu il tarixlu avtonəqliyyat vasitəsinin icarə müqaviləsinin 3.1-ci bəndinin tələblərini pozmuşdur. Göründüyü kimi cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında və lazımi qaydada icra etməyərək İddiaçı MMC-nə maddi ziyan vurmuşdur. Həmin ziyan aşağıdakı kimidir: 1.Nəqliyyat vasitəsinin icarə müqaviləsinə görə cavabdeh tərəfindən ödənilməyən 440.00 (dörd yüz qırx) manat və 2.Cavabdehin onlara olduğu borcunun ödənilməsi üçün məhkəməyə ödədikləri 30 (otuz) manat məbləğində dövlət rüsumu da ondan tutulmalıdır. Ona görə də hesab edirlər ki, icarə müqaviləsinə görə 440.00 (dörd yüz qırx) manat və dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul cavabdehdən alınıb ona ödənilməlidir. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, müqavilədə sözügedən avtomobilin günlük icarəsi 50 manat olması nəzərdə tutulsa da, cavabdeh onların daimi müştərisi olduğundan ona güzəşt edilmiş və günlük icarə haqqı 40 manat məbləğində razılaşdırılmışdır. Əvvəlcə avtomobil qısa müddətə cavabdehə verilsə də, sonradan bu müddət yol vərəqəsinə əsasən 13 günədək uzadılmışdır. Hazırkı mübahisədən cavabdehin xəbəri var. Adətən, müştərilər maşının açarını maşında qoyaraq müqavilənin icrasından yayınırlar. Bu dəfə də belə hal baş vermişdir. Cavabdeh maşını qoyaraq çıxıb getmişdir, bu barədə akt tərtib edilmişdir. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan 02.02.2021-ci il tarixli və 12.04.2021-cci il tarixli məktublardan görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır. İş materiallarında olan G6468 saylı invoysdan görünür ki, Cavabdeh tərəfindən «KİA CERATO» markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilə görə gündəlik qiymət 40 manat olmaqla, 11 günə 440 manat pul ödənilməlidir. İş materiallarında olan 12.04.2021-ci il tarixli icarə müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən «KİA CERATO» markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobil 1 (bir) günü 50 (əlli) manat olmaq şərtilə 12.04.2019-cu il tarixdən 15.04.2019-cu il tarixədək Cavabdeh icarəyə verilmişdir. İş materiallarında olan 21603 nömrəli təhvil təslim aktından görünür ki, Cavabdeh «KİA CERATO» markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobili 12.04.2019-cu il tarixdə saat 15.00-da müvəqqəti istifadəsinə qəbul etmişdir. İş materiallarında olan 216034 və 221158 nömrəli yol vərəqələrindən görünür ki, «KİA CERATO» markalı ** SF *** dövlət qeydiyyat nişanlı avtomobilin 12.04.2019-cu il tarixdən 25.04.2019-cu il tarixədək idarə edilməsi üçün Cavabdeh yol vərəqəsi verilmiş və sonuncu avtomobili texniki cəhətdən saz vəziyyətdə qəbul etdiyini və sürdüyü müddət ərzində yol hərəkəti qaydaları pozuntusuna cavabdeh olduğunu bildirmişdir. İşdə olan 16.03.2022-ci il tarixli, 012 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh hazırda 12.04.2019-cu il tarixli icarə müqaviləsi üzrə İddiaçı MMC-yə 440 manat borcu yaranmışdır. İş materiallarına əlavə edilmiş 24.04.2019-cu il tarixli aktdan görünür ki, “KİA CERATO” markalı **-SF-*** dövlət qeydiyyat nişanlı avtomobili 12.04.2019-cu il tarixdən 23.04.2019-cu il tarixədək idarə etdikdən sonra, 11 (on bir) günün icarə haqqını ödəməmişdir və həmin avtomobili ünvan 1 ünvanında fəaliyyət göstərən Aqrokimya Azərbaycan MMC-nin ətrafında açarı üstündə qoyaraq 24.04.2019-cu il tarixdə onlara təhvil vermədən atıb getmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında 12.04.2021-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. İddiaçı sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. İşdən görünür ki, icarə müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiaçı tərəfindən cavabdehə bildiriş göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.” Mülki Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun müddəlarına görə icarə müqaviləsi icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəddir (7.1). İcarə müqaviləsində aşağıdakılar nəzərdə tutulur: icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək. və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi (7.2). İcarə haqqının məbləği və ödənilməsi qaydası müqavilədə şərtləşdirilir (8.1). İcarə haqqı tərəflərin razılığı ilə natura, pul formalarında və ya qarışıq formada təyin edilə bilər (8.6). Məhkəmə qeyd edir ki, icarə müqaviləsində mübahisəli avtomobilin idarə edilməsi üçün icarə haqqı kimi bir gün üçün 50 manat müəyyən edilsə də, sonradan tərəflər həmin məbləğin 40 manat olması barədə razılaşmışlar. Bu səbəbdən cavabdehin iddiaçıya hər gün üçün 40 manat olmaqla, 11 gün üçün (12.04.2019-cu il tarixdən 23.04.2019-cu il tarixədək) 440 manat icarə haqqı borcu yaranmışdır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh 12.04.2019-cu il tarixli icarə müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə icarə müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad edən halları sübut edə bildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh oğlundan İddiaçı MMC-nin xeyrinə 440 manat məbləğində icarə haqqı tutulmalıdır. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçının məhkəməyə müraciət etmək üçün dövlət rüsumu kimi ödədiyi 30 manat da cavabdehdən alınmalı və iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı MMC-nin xeyrinə 440 (dörd yüz qırx) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar