Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-662/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı İddiaçı, vəkili və nümayəndəsi X5, Cavabdehin vəkili və nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh1 qarşı «mənzildən çıxarılma» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Babayeva Şərqiyyə Ələkbər qızına qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, 41 saylı evin 53 saylı mənzilindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək cavabdehlərdən X1 “Saqiri” olaraq qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək X4 cavabdehlər sırasından çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərdi ki, Sumqayıt şəhəri, 10cu mikrorayon, 41 saylı evin 53 saylı mənzili AR ƏMDK yanında DƏDRX-nin RX seriyalı ******* № li,********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışına əsasən onun mülkiyyətindədir. Sözügedən mənzili anası ona bağışlanma müqaviləsi ilə bağışlamışdır. Anası uzun illərdir ağır sürən xəstəlikdən əziyyət çəkir. Bu illər ərzində anasına həmişə özü baxmış, onun qayğısına qalmışdır. Həkimə gedib-gəlməsini, müalicələrinin edilməsini o, təmin etmişdir. O, Siyəzən rayonunda yaşayır. Gedib gəlmək uzaq olduğu üçün anası çox vaxt onun yanında qalırdı. Son 3 ayda anasını Sumqayıta gətirmişdir. Ölkə üzrə yaranmış pandemiya ilə əlaqədar yollar bağlı olduğundan Siyəzəndən Sumqayıta gəlibgetmk mümkün olmamışdır. Bu vaxt ərzində cavabdeh qismində təqdim etdiyi qardaşı Cavabdeh1 mülkiyyətində olan mənzilə girmiş, anası ilə görüşməsinə mane olur. Artiq uzun müddətdir nə anasını görür, nə də mənzilindən istifadə edə bilir. Hesab edir ki, o, öz evindən rahat şəkildə istifadə etmək hüuquna malikdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili onun göstərdiklərini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi iddia tələbini qəbul etməyərək rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 izahatında göstərmişdir ki, iddiaçı bacısıdır. Ev bacısının mülkiyyətindədir. Həmin evi iddiaçı hansı yolla öz adına keçirdiyini bilmir, anasının bundan xəbəri olmayıb. Hazırda evdə o və anası birlikdə yaşayırlar. Anasının qayğısına o, qalır. Cavabdeh həmçinin göstərdir ki, 2016-cı ilədək onun ayrıca öz evi olmuş, sonra həmin mənzili satıb kirayədə yaşamışdır. Anasının yanında daimi yaşamamışdır. 2020-ci ilin iyul ayında bu mənzilə gəlmişdir, həmin vaxta qədər Biləcəridə kirayədə yaşamışdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, 41 saylı evin 53 saylı mənzili xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 306 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində xx xxxx 2017-ci il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmədə işin araşdırılan halları ilə müəyyən edildi ki, mübahisə predmeti olan mənzil iddaçının xüsusi mülkiyyətindədir. İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Cavabdeh hazırda həmin mənzildə yaşayır. Müəyyən edilmiş bu hallar işin faktiki və mübahisəsiz hallarıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx xxxx 2006-cı il tarixli Ali Məhkəmənin Plenum qərarında isə göstərilir ki, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Akimova Azərbaycana qarşı» iş üzrə 2007-ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, «mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolun 1-ci maddəsi üç müxtəlif normadan ibarətdir: birinci norma ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir, ikinci norma mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərlə şərtləndirir; nəhayət üçüncü norma təsdiq edir ki, iştirakçı dövlətlər ümumi maraqlara uyğun olaraq mülkiyyətdən istifadəyə nəzarəti və digər tədbirləri həyata keçirmək hüququna malikdirlər. 1 saylı Protokolun 1-ci maddəsinin tələbi ondan ibarətdir ki, mülkiyyət hüqüqundan maneəsiz istifadəyə dövlət orqanının hər hansı müdaxiləsi qanunsuz sayılmalıdır. Məhkəmənin hüquqi mövqeyinə görə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli balansa riayət edilib-edilməməsi məsələsi yalnız o halda müsbət həll olunur ki, sözügedən müdaxilə qanunililik tələbinə cavab versin və əsassız olmasın. Konvensiyadakı «qanun» və «qanuni» anlayışları mahiyyətcə daxili qanunvericiliyə istinad edir və qanunun keyfiyyətini bildirir və daxili qanunvericiliyin qanunun aliliyi prinsipinə uyğun olmasını tələb edir. Məhkəmə işin faktiki hallarını hüquq normalarına əsasən təhlil edib bu nəticəyə gəlir ki, iddiaçının cavabdehin ona məxsus mənzildən çıxarılması barədə iddia tələbi əsaslı və qanunidir. Cavabdeh tərəfindən mülkiyyətə müdaxilə edilməklə iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Bu isə öz növbəsində daxili qanunvericiliyinin yuxarıda şərh olunan pozuntusu ilə yanaşı, həm də Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, cavabdehtq mənzildə yaşaması iddiaçıya öz mülkiyyətinə sahiblik, istifadə və sərəncam hüququnu həyata keçirməyə mane olur. Odur ki, iddia tələbi əsaslı və qanuni olduğundan təmin olunmalıdır. Cavabdeh etirazında həmin mənzildə yaşama səbəbini anasına qulluq etmək üçün onun yanında yaşaması zərurəti ilə əlaqələndirsə də məhkəmə qeyd edir ki, bu hal mənzilin mülkiyyətçisinin razılığı ilə və onun öz mülkiyyət hüquqlarını həyata keçirməsinə mane olmamaq şərti ilə mümkün ola bildiyindən cavabdehin etirazı əsaslı hesab oluna bilməz. Eləcə də işin araşdırılan halları ilə müəyyən olundu ki, cavabdeh bu mənzildən xeyli müddət əvvəl çıxıb getmiş, özünə məxsus daimi yaşayış yeri olmuş, həmin mənzildə 2020-ci ilin iyul ayına qədər yaşamamış, göstərilən tarixdən sonra mənzilə köçmüşdür. İddianın təmin edilməsi ilə bağlı nəticəyə gələrkən məhkəmə qeyd olunan bu halları, yəni əmlak hüququ olan mənzildən istifadə hüququnun əsaslarını qiymətləndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırılmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh1 Sumqayıt şəhəri, 10-cu mikrorayon, 41 saylı evin 53 saylı mənzilindən çıxarılsın və həmin mənzil İddiaçı təhvil verilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-662/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-662/2021
02.03.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver