Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6652/2022 04.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Aynur Mirzalı qızı Behbudova Ərizəçi maraqlı şəxs Ucar Rayon Notariat Kontoruna qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatına götürülməsi mümkünlüyünə baxaraq, müəyyənetdi: Ərizəçi maraqlı şəxs Ucar Rayon Notariat Kontoruna qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1956-cı ildə anadan olmuş, xx.xx.2020-ci ildə vəfat etmiş mərhum həyat yoldaşı X2 ilə xx.xx.2011-ci ildə rəhmətə getmiş X1 bacı-qardaş olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi tərəfindən verilmiş iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizəçi tərəfindən verilmiş ərizədə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci və 152.1.3-cü maddələrinin tələblərinə əməl olunmadan verildiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Ərizəçi tərəfindən verilmiş ərizəyə Ucar Rayon Notariat Kontoruna müraciət etməsi ilə bağlı məlumatlar və maraqlı şəxsin imtinası əlavə edilməmişdir. Həmçinin ərizə və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, Ərizəçi yaşayış yerinin Sumqayıt şəhəri olmasını təsdiq edən məlumatlar ərizəyə əlavə edilməmişdir. Elektron qaydada yoxlanılmış və ərizəyə əlavə edilmiş məlumatlardan məhkəməyə məlum olur ki, ərizəçi xarici dövlətin vətəndaşı olmaqla Sumqayıt Şəhərində yaşaması müəyyən edilmir. Bu isə aidiyyət qaydalarının pozulması, iddia ərizəsinin forma və məzmun tələblərinə əməl edilməməsi, həmçinin bununla bərabər qətnamənin gələcəkdə icrasını mümkünsüz edir. Məhkəmə hesab edir ki, ərizəçinin işin ərazi üzrə aidiyyətinin müəyyən olunması və gələcəkdə qətnamənin icrasının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır (MPM 307.2.1). Həmin Məcəllənin 309.2-ci maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müəyyən edilməsi haqqında ərizələr daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Həmin məcəllənin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi tərəfindən verilmiş ərizənin məhkəmə icraatında baxılmağa götürülməsi mümkün olmamaqla, ərizə və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan qanunverciliyin tələblərinə əməl etdikdən sonra Ərizəçi (aidiyyət qaydalarına əməl etməklə) yenidən məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.2-ci maddəsinə əsasən, ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından Ərizəçi xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılmalı, qərardadın icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 151, 152, 263, 264, 266-269-cu maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi maraqlı şəxs Ucar Rayon Notariat Kontoruna qarşı qohumluq faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçi xx.xx.2022-ci il tarixdə ********* nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından Ərizəçi qaytarılsın. Qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə verilə bilər. Ərizənin qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra Ərizəçi (aidiyyət qaydalarına əməl etməklə) məhkəməyə yenidən müraciət edə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-6652/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6652/2022
04.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver