Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6658/2025 28.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair üzrə (açar sözlər: istifadə hüququna xitam verilməsi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndələri (vəkilləri) Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2 ünvan 1 ünvanında yerləşən 9 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, keçmiş həyat yoldaşı Cəbiyeva Reyhan Tofiq qızı ilə xx.xx.1999-cu il tarixdə Sumqayıt şəhər Nikah evində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2 adlı övladları vardır. Birgə yaşamaq mümkün olmadığına görə ayrılmışlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2842/2023 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. İki ildir ki, ayrı yaşayırlar və birgə təsərrüfat aparmırlar. 2011-ci ildə onlar ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili alqı-satqı yolu ilə əldə edib həmin mənzilə köçmüş və orada 2023-cü ilə kimi birgə yaşamışlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-3413/2023 saylı qətnaməsi ilə birgə nikah dövründə əldə olunmuş ünvan 1 ünvanında yerləşən 9 saylı mənzilinə payları 1/2 hissədə müəyyən edilmişdir. Cəbiyeva Reyhan Tofiq qızı ilə aralarında bağlanılmış xx.xx.2025-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sonuncu mənzildə olan payını ona satmışdır. Keçmiş həyat yoldaşı ilə boşandıqdan sonra cavabdehlər anaları ilə birgə yaşamaq qərarına gəlmiş və özlərinə məxsus bütün əşyalarını götürərək anaları X1 yaşadığı mənzilə köçüb getmişlər. İki ildir ki, cavabdehlər onunla heç bir əlaqə saxlamırlar. Cavabdehlər mənzildən köçüb getsələr də, yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışlar. Onlar formal olaraq ona məxsus olan mənzildə qeydiyyatda qalmaqla mənzilin üzərində olan mülkiyyət hüququnu məhdudlaşdırırlar. Bundan əlavə cavabdehlər ona məxsus mənzildə yaşamadıqları halda onların əvəzinə lüzumsuz kommunal xərclərini ödəmək məcburiyyətindədir. Belə bir vəziyyətin saxlanılması onu qane etmir. Çünki mülkiyyətində olan əmlak barəsində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Mənzilə mülkiyyət hüququnu başqa yolla həyata keçirə bilmədiyinə görə məhkəməyə müraciət etmək məcburiyyərində qalmışdır.
b) iddiaya etiraz
3. Cavabdehlər xx.xx.2025-ci il tarixdə iddiaya etiraz təqdim edərək bildirmişlər ki, iddiaçı onların atalarıdır. X3 Tofiq qızı ilə ataları İddiaçı xx.xx.1999-cu il tarixdə rəsmi nikah münasibətlərinə girərək ailə həyatı qurmuşlar. Birgə nikahlarından onlar, yəni xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2842/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə X3 Tofiq qızı ilə ataları İddiaçı arasında xx.xx.1999-cu il tarixdə baglanmış nikah pozulmuşdur. Valideynləri birgə nikah dovründa sözügedən ünvan 1 ünvanında yerləşən 9 saylı mənzili almışlar. ünvan 2, xx.xx.2023-cü il tarixli qətnəməsi ilə birgə nikah dövründə əldə olunmuş Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 41/14 saylı evin 9 saylı mənzilinə Cəbiyeva Reyhan Tofiq qızının 1/2 hissə və İddiaçı ½ hissədə payı müəyyən edilmişdir. Valideynlərinin əmlak bölgüsü məsələsi bir xeyli müddət məhkəmələrdə mübahisə predmeti olmuş, hətta avtomaşınla olan hissədə yəni, Cavabdeh2 tərəf kimi işə qoşulmuşdur. Anasının adına olan avtomaşın ona (Cavabdeh2) bağışlanmışdır deyə, o cavabdeh qismində işə cəlb edilmişdir. Ataları həmin məsələdə bağışlanmanı ləğv etdirmiş və avtomaşının yarı pulunu yəni 6500 manatı onlardan almışdır. Ataları analarının payına düşen 1/2 hissəsini təqribən 2025-ci ilin fevral ayında notariat orqanında alqı-satqı müqaviləsi əsasında almışdır. Anaları mənzili xx.xx.2025-ci il tarixdə tərk etmiş və atalarının ərizədə göstərdiyi kimi əşyaları aparmamış, onlara məxsus heç nəyə əl vurmamışdır. Həmçinin, kommunal xərcləri də daimi ödəmişlər. Bu barədə sübutları da məhkəməyə təqdim edə bilərlər. Həmin vaxt onların hüquqları valideynləri arasında müzakirə olunmuş, onların mənzildə istifadə hüquqları olduğu üçün ataları analarına əlavə pul ödəməmişdir. Hətta bildirmişdir ki, nə vaxt pulu olsa, kompensasiya ilə bağlı məhkəməyə müraciət edə bilər. Hal-hazırda isə onlara qarşı istifadə hüquqlarının kompensasiya vermədən itirmək istəyir. Onlar hesab edirlər ki, valideynləri arasında mübahisə onların yaşayış hüquqlarına təsir etmir. Onlar artıq o yaşda deyillər ki, ya analarının, ya da atalarının tərəfini tutsunlar. Cavabdehlərdən Cavabdeh1 məhz bu mənzildə xaricdə oxumağa getmişdir. Belə çıxır ki, o, xaricdən gələndən sonra havada qalmalıdır. Ona görə də hesab edirlər ki, atalarının iddiası tam qanunsuz və əsassızdır. Ataları onların hüquqlarını bazar qiymətinə uyğun kompensasiya verməklə itirə bilər. Kompensasiya məbləğində ataları ilə razılığa gələ də bilərlər, yəni bu ifadəni qanunamüvafiq işlədirlər. İşin mənəvi tərəfinə gəldikdə isə atalarının onlara qarşı iddiasına nə ad verə biləcəklərini düşünüb tapa bilmirlər. Ona çox ehtiyacları olduğu halda onları yaşayış yerindən məhrum etmək istəyir. Atalarının onlara qarşı iddiası qanunsuz və əsassızdır, iddianı qəbul etmirlər. Hesab edirlər ki, iddia məhkəmə qaydasında rədd olunmalıdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, etirazda göstərilənlərlə razı deyil. Belə ki, cavabdehlərdən Cavabdeh1 onun dəstəyi ilə Polşaya oxumağa getmişdir. Hazırda da orada təhsil alır. Digər Cavabdeh2 isə 8 aydan çoxdur ki, mənzili tərk etmişdir. O, evdə adambaşına düşən kommunal xərcləri ödəyir. Halbuki, həmin şəxslər evdə yaşamırlar. Kompensasiya məsələsinə gəldikdə cavabdehlərə heç bir ödəniş etmək niyyəti yoxdur. Həmçinin, bildirdi ki, mənzilin tam mülkiyyətçisi olmasına baxmayaraq evdə qeydiyyatda olan şəxslər olduğundan mənzillə bağlı sərəncam vermək hüququ məhdudlaşmışdır. Bütün bunları nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 etibarnamə üzrə nümayəndələri (vəkilləri) Nümayəndə etiraz ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Cavabdehlər iddiaçının doğma övladlarıdır. Sözügedən mənzil onların valideynlərinin birgə nikahları dövründə əldə edilmişdir. Cavabdehlər yalnız iddiaçı tərəfindən onlara kompensasiya verilməklə həmin mənzildən çıxarıla bilərlər. Kompensasiya məbləğinə gəldikdə iddiaçı razılıq verərsə, müzakirə edə bilərlər. Məhkəmə tərəfindən verilmiş suallara cavab olaraq bildirdi ki, cavabdehlər Cavabdeh1 bu yaxınlarda təhsilini başa vurub ölkəyə qayıdacaqdır. Onun başqa yaşayış yeri yoxdur. Qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
6. xx.xx.2011-ci il tarixli, 4Ə-03/376 saylı alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 41/14 saylı evin 9 saylı mənzili X2 tərəfindən İddiaçı satılmışdır.
7. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Pulkik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, 9 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2011-ci il tarixdə qeydə alınmışdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2842/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı və Cəbiyeva Reyhan Tofiq qızı arasında Sumqayıt şəhər Nikah evində xx.xx.1999-cu il tarixdə bağlanmış 446 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur.
9. AZ-İ seriyalı, 496657 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təəsdiqlənmiş surətindən görünür ki, İddiaçı və Cəbiyeva Reyhan Tofiq qızı arasında olan nikaha məhkəmə qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir.
10. ünvan 2, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, birgə nikah dövründə əldə olunmuş ünvan 1, 9 saylı mənzilə İddiaçı ½ və Cəbiyeva Reyhan Tofiq qızının ½ hissədə payı müəyyən edilmişdir.
11. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Pulkik Hüquqi Şəxsi tərəfindən verilmiş çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 1, 9 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə ½ hissədə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə, ½ hissədə Cəbiyeva Reyhan Tofiq qızının adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır.
12. AN-İ seriyalı, ******* nömrəli, xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cəbiyeva Reyhan Tofiq qızı ünvan 1, 9 saylı mənzil üzərində xüsusi mülkiyyət hüququ ilə ona məxsus ½ hissəni 40600 manata İddiaçı satmışdır.
13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ASAN-Sumqayıt tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən 41/14 saylı evin 9 saylı mənzilində qeydiyyatdadırlar.
14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 Saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yeriəşən 9 saylı mənzil üzərində xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış ilə İddiaçı tam mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, lakin vətəndaş tərəfindən sənədlərin hazırlanması üçün nəzərdə tutulan ödəniş olunmadığından çıxarış elektron portalda mövcud deyil.
b) tətbiq edilən hüquq
15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
16. «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.
17. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”: Maddə 17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.
18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi: Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
c) məhkəmə baxışının hədləri
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
21. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir.
22. Məhkəmə araşdırılması ilə işin mübahisəsiz halları olaraq müəyyən edilmişdir ki, İddiaçı (bundan sonra iddiaçı) və Cəbiyeva Reyhan Tofiq qızının xx.xx.1999-cu il tarixli nikahından xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1 və xx.xx.2005-ci il təvəllüdlü Cavabdeh2 (bundan sonra cavabdehlər) doğulmuşlar. Mübahisəli mənzil xx.xx.2011-ci il tarixdə alqısatqı müqaviləsi ilə əldə edilmiş, mənzilə dair hüquqlar xx.xx.2011-ci il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasındakı nikah 2023-cü ildə pozulmuş, daha sonra məhkəmə qətnaməsi ilə mübahisəli mənzil üzərində iddiaçı və Cəbiyeva Reyhan Tofiq qızının hər birinin ½ payı müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixdə Reyhan Cəbiyeva özünə aid payı iddiaçıya satmışdır. İddiaçı hazırda mənzilin tam mülkiyyətçisi olmaqla, cavabdehlərin mənzildən istifadə hüquqlarına xitam verilməsini tələb edir.
23. Məhkəmə bununla əlaqədar ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan mənzildə cavabdehlər 2011-ci il tarixdən pasport qeydiyyatında olduqlarından və cavabdehlər iddiaçının qızı olmaqla, ailə üzvü hesab edildiklərindən, onlar arasında yaranmış mübahisəli hüquq münasibətləri məhz Mənzil Məcəlləsinin 30-cu maddəsinin normaları əsasında həll edilməlidir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
25. Əvvəla qeyd edilməlidir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq ediləbilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
26. Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013-cü il tarixli Qərarı).
27. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 oktyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər.
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki Məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.
30. Həmçinin, həmin Qərarda qeyd edilmişdir ki, Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur.
31. Göründüyü kimi mübahisə predmeti olan yaşayış sahəsi 2011-ci ildən mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur və cavabdehlər həmin evdə 2011-ci il tarixdən daimi pasport qeydiyyatında olmaqla, 2011-ci ildən həmin evdə mülkiyyətçi iddiaçı ilə birlikdə yaşamışlar.
32. Məhkəmə yuxarıda qeyd edilən qanunvericiliyin normalarını rəhbər tutaraq, ilk öncə onu qeyd edir ki, cavabdehlər iddiaçının ailə üzvü (qızları) olmaqla, mübahisə predmeti olan mənzildə iddiaçı ilə birlikdə yaşamışlar. Bu halda, məhkəmə hesab edir ki, MM-nin 30-cu maddəsinin tələbinə əsasən cavabdehlərin mübahisə predmeti olan evə dair istifadə hüquqları yaranmışdır. Həmçinin, məhkəmə tərəflər arasındakı mübahisənin hüquqi təbiətini araşdırarkən müəyyən etmişdir ki, cavabdehlərin mübahisəli mənzildən istifadə hüququ mülki-hüquqi müqavilədən deyil, ailə münasibətlərindən və qanunun birbaşa göstərişindən yaranmışdır.
33. İddiaçı mülkiyyətçi kimi mütləq hüquqlara malik olsa da, bu hüquqlar məhdudiyyətsiz deyildir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələri mülkiyyət hüququnun sosial öhdəliklərini ehtiva edir. Cavabdehlərin hüquqları mənzilin ilkin əldə edilməsi zamanı (2011-ci il) yaranmışdır. Onların yetkinlik yaşına çatmaları və ya mülkiyyətçinin dəyişməsi (iddiaçının tam mülkiyyətçi olması) bu hüququn avtomatik xitamına səbəb ola bilməz.
34. İndiki halda, iddiaçı cavabdehlərin həmin evdə yaşamadıqlarını, anaları ilə birlikdə daimi tərk etdiklərini, cavabdehlərin qeydiyyatının formal xarakter daşıdığını və mülkiyyətçi kimi hüquqlarını tam şəkildə həyata keçirə bilmədiyini əsas gətirərək, belə bir iddia tələbi irəli sürmüşdür.
35. Məhkəmə hüquqi presedentlərə əsaslanaraq hesab edir ki, yaşayış yerində olmamaq avtomatik olaraq istifadə hüququnun itirilməsi demək deyildir. Burada həlledici amil şəxsin iradəsidir. Hazırkı halda Cavabdeh1 təhsillə əlaqədar xaricdədir (müvəqqəti yoxluq), Cavabdeh2 isə valideynlərin boşanması və ailə münaqişəsi zəminində mənzili tərk etmişdir. Odur ki, şəxsin təhsil, müalicə və ya ailə daxili konfliktlər səbəbindən mənzildə yaşamaması onun mənzildən istifadə hüququndan imtina etməsi kimi qiymətləndirilə bilməz. Cavabdehlərin mənzili tərk etmələri “könüllü seçim” deyil, yaranmış “fors-major” (ailənin dağılması) şəraitinin nəticəsidir. Onların qeydiyyatdan çıxmamaları da geri qayıtmaq niyyətini qoruyub saxladıqlarını sübut edir.
36. Avropa Məhkəməsinin təcrübəsinə görə, şəxsin yeganə yaşayış yerindən çıxarılması üçün “son zərurət” olmalıdır. İddiaçı mənzilin tam mülkiyyətçisi olsa da, cavabdehlərin qeydiyyatı mülkiyyətdən istifadəyə faktiki maneə yaratmır. Həmçinin, cavabdehlərin alternativ yaşayış sahələrinin olmaması və iddiaçının kompensasiya ödənilməsi barədə təklifi rədd etməsi tələbin təmin edilməsini qeyri-mütənasib edir.
37. Həmçinin, məhkəmə tərəfindən işin araşdırması zamanı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların – cavabdehlərin həmin evi daimi, könüllü şəkildə tərk etmələri, həmin evə ehtiyaclarının olmaması halının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən qeyd edilən hallarla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehlər özləri də yaşayış sahəsinə ehtiyacları olduğunu, yalnız kompensasiya məbləği müzakirə edildiyi halda istifadə hüquqlarının xitam edilməsinə etiraz etməyəcəklərini bildirmişlər. Odur ki, hazırkı halda cavabdehlərin mənzilə ehtiyac prezumpsiyası qüvvədə qalır.
38. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərin həmin yaşayış sahəsinə dair istifadə hüquqları yarandığından, onların həmin yaşayış sahəsinə dair ehtiyaclarının aradan qalxması və həmin evi daimi olaraq könüllü tərk etmələri halları müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir.
39. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
40. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
Nəticə hissəsi:
41. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərvin İmamverdiyeva