Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6670/2025 06.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzində notariat ofisi) mərhum əri M.S.Mehtiyevin adına 07 iyun 1990-cı il tarixli qərar əsasında Sumqayıt şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən qeydə alınmış qeydiyyat vəsiqəsi itdiyi üçün etibarsız sayılması və adına yeni çıxarışla əvəz olunaraq varisi kimi mirası qəbul etməsinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum əri M.S.Mehtiyevin adına 07 iyun 1990-cı il tarixli qərar əsasında Sumqayıt şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən qeydə alınmış qeydiyyat vəsiqəsi, itdiyi üçün etibarsız sayılması və adına yeni çıxarışla əvəz olunaraq varisi kimi mirası qəbul etmək barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, hal-hazırda yaşadığı mənzil mərhum həyat yoldaşının mülkiyyətində olmuşdur. Həmin yaşadığı mənzilə mülkiyyət hüququnu əldə etmək istəyir. Buna görə məhkəməyə müraciət etmə məcburiyyətinə qalmışdır. Məhkəmə ərizəçini dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq aşağıda göstərilənlərə əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, ərizəçi ərizəsində başlıq olaraq mirasın qəbul faktının müəyyən olunmasını qoysa da, ərizəçinin tələbindən və məhkəmə iclasında verdiyi izahatı əsasında müəyyən olunur ki, o, yaşadığı əmlak üzərində mərhum həyat yoldaşının hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına, başqa sözlə desək yeni növ mülkiyyət hüuququnu təsdiq edən sənədin əldə olumasına nail olmağa çalışır. Ərizəçi sözügedən əmlak üzərində mərhum həyat yoldaşının adına qeydiyyat vəsiqəsi verildiyini, lakin həmin sənədin itdiyi bildirir. Belə olan halda məhkəmə qeyd edir ki, qeyd olunan məsələ, yəni daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyət olduğundan, Sumqayıt Şəhər Məhkəməsi hazırki iddiaya mülki məhkəmə icraatı qaydasında baxmağa səlahiyyətli deyildir. Belə ki, məhkəmə “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı Qərarına istinadən qeyd edir ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Beləliklə məhkəmə qeyd edir ki, hazırki mübahisə ümumi (publik) hüquq sahəsinə aid olmaqla mülki məhkəmə icraatının araşdırma predmetinə aid deyildir. Bu səbəbdən hazırki iddia tələbinə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı qaydasında baxıla bilər. Qeydiyyat vəqsiqəsinin itdiyi üçün etibarsızlığına gəldikdə isə məhkəmə qeyd edir ki, sənəd itirildiyi halda həmin sənədin itirilməsi səbəbindən məhkəmə tərəfindən etibarsız hesab edilməsinə dair iddialara məhkəmə qaydasında baxılmalı olması qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, həmin sənədin itirilməsi halında sənədin aid olduğu şəxs, həmin şəxs vəfat etmişdirdə onun vərəsəsi tərəfindən bununla bağlı müvafiq orqanlara müraciət oluna bilər, sənədin dublikatı əldə oluna bilər. Ərizəçiyə izah olunur ki, mərhum ərinə məxsus əmlak üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin müvafiq ərazi idarəsinə müraciət edə bilər. Həmin orqan tərəfindən hüquqlarının qeydiyyata alınmasından imtina edildiyi və ya hərəkətsizlik edildiyi təqdirdə qanunvericilikdə müəyyən edilmiş müddətdə iddia ilə müvafiq inzibati məhkəməyə müraciət edə bilər. Eyni zamanda ərizəçinin bundan əvvəl də məhkəməyə eyni ərizə və iddialarla müraciət etməsini və bununla bağlı Sumqayıt Şəhər Məhkəməsi tərəfindən çoxsaylı qərardadların qəbul olunmasını nəzərə alaraq, nəzərinə çatdırılır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 174.5-ci maddəsinə əsasən məhkəmə, işə düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə aşkar surətdə maneçilik törədən, o cümlədən dəfələrlə açıq-aşkar əsassız vəsatət və ya şikayətlər verən işdə iştirak edən şəxsləri, onların nümayəndələrini və ya vəkillərini 500 manatadək cərimə edə bilər. Cərimənin məbləği məhkəmə tərəfindən konkret hallar nəzərə alınmaqla ağlabatan miqdarda müəyyən edilir Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. Azərbaycan Respublikası MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 261, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional «ASAN xidmət» mərkəzində notariat ofisi) mərhum əri M.S.Mehtiyevin adına 07 iyun 1990-cı il tarixli qərar əsasında Sumqayıt şəhəri Texniki İnventarlaşdırma Bürosu tərəfindən qeydə alınmış qeydiyyat vəsiqəsi, itdiyi üçün etibarsız sayılması və adına yeni çıxarışla əvəz olunaraq varisi kimi mirası qəbul etməsi ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Vəfa Şirəliyeva
Məhkəmə qərarları › İş №2(060)-6670/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6670/2025
06.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver