Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6687/2021 21.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə və istifadə hüquqlarının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə 21 oktyabr 2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı mənzilə köçürmə və istifadə hüquqlarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə birlikdə Sumqayıt şəhəri, stansiya Sumqayıt bina 15, 5 saylı mənzilə köçürülməsi və otaqlardan istifadə qaydalaının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 11.10.2018-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Bu nikahdan onların 12.09.2019- cu il təvəllüdlü X4 adlı övladı doğulmuşdur. Nikahları Zəngilan Rayon Məhkəməsinin 2(034)-364/2021 saylı qətnaməsi ilə pozulmuş, uşaq onun yanında saxlanmış və saxlanması üçün 175 manat aliment kəsilmişdir. Hazırda onun yaşamağa yeri yoxdur. Belə ki, cavabdeh Sumqayıt şəhəri, Stansıya Sumqayıt, bina-15,mənzil-5-də yerləşən mənzilin kirayə müqaviləsində adı olmasına baxmayaraq ona orada yaşamağa imkan vermir. Əvvəl kirayə qalsa da kirayə pulunu verməyə gücü çatmadığından valideynlərinin yanına köçməyə məcbur olmuşdur. Valideynləri isə qardaşının ailəsi ilə yaşayır və qardaşı ailəlidir, iki uşağı var. Bir sözlə ev şəraitsiz olduğu üçün ona orada yaşamaq çətindir. Onun isə yaşamağa basqa yeri və ünvanı yoxdur. O, övladı ilə birlikdə həmin ünvanda yaşamaq istəyir. Bunları nəzərə alaraq iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq bildirdi ki, iş üzrə cavabdeh məcburi köçkün olduğundan mübahisəli mənzil onlara dövlət tərəfindən müvəqqəti yaşamaq üçün verilmişdir. Onun isə məcburi köçkün statusu yoxdur. Onlar 2017-ci ildə həmin mənzilə köçürülmüşdürlər. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. 14 sentyabr 2021-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə 11.10.2018-ci il tarixdə rəsmi nikah bağlayaraq ailə qurmuşdur. Nikahları Zəngilan rayon məhkəməsinin 2(034)-364/2021 saylı qətnaməsi ilə pozulmuşdur. Onlar artıq bir birilərinə yad adamlardır. Ona görə də o, iddiaçı ilə bir evdə yaşaya bilməz. Bundan əlavə mübahisəli mənzil onun deyil. Dövlət tərəfindən ona məcburi köçkün olduğuna görə müvəqqəti yaşaması üçün verilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 21 oktyabr 2021-ci il tarixli iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan AZ-İV 368196 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 12.09.2019-cu il tarixdə X4 anadan olmuşdur. İş materiallarında olan AZ-İİİ 365211 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Zamanova (hazırda İsmayılova) Arzu Araz qızı ilə X1 birgə nikahından 08.05.2010-cu il tarixdə X5 anadan olmuşdur. İşdə olan Zəngilan Rayon Məhkəməsinin 24.06.2021-ci il tarixli, 2(034)-364/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası təmin edilmiş, iddiaçı X6 ilə Cavabdeh arasında 11.10.2018-ci il tarixdə Sumqayıt «Asan xidmət» mərkəzi Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması və akt qeydləri kitabındakı 2819 saylı nikah qeydinin ləğv edilməsi, 12.09.2019-cu il təvəllüdlü X2 anası İddiaçı himayəsində saxlanılması, Cavabdeh 12.09.2019-cu il təvəllüdlü Cavabdeh oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 18.05.2021-ci il tarixdən başlayaraq hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulması qərara alınmışdır. İşdə olan Xüsusi təyinatlı yaşayış sahəsinin 1 saylı kirayə müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, stansiya Sumqayıt ərazisində 15 saylı binanın 5 nömrəli 2 otaqlı mənzili müvəqqəti yaşamaq üçün Cavabdeh həyat yoldaşı Məmmədova (hazırda İsmayılova) Arzu Araz qızı ilə birlikdə istifadəsinə verilmişdir. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin 12.10.2021-ci il tarixli **********69 saylı məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, stansiya Sumqayıt, ev 15, 5 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar etmək mümkün olmamışdır. İş materiallarında olan AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 12.10.2021-ci il tarixli 02/1352 nömrəli məktubundan görünür ki, Zəngilan rayonundan məcburi köçkün Cavabdeh həyat yoldaşı İddiaçı ilə birlikdə dövlət tərəfindən 01.02.2019-cu il tarixdə Abşeron rayonunun ərazisində salınmış 1001 mənzilli yeni mənzili yeni yaşayış kompleksində 15 saylı binanın 5 nömrəli 2 otaqlı mənzili ilə təmin olunmuşdur. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı 11.10.2018-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmuşdur. Onlara məcburi köçkün ailəsi kimi dövlət tərəfindən Abşeron rayonunu ərazisində salınmış 1001 mənzilli yeni yaşayış kompleksində iki otaqlı 5 saylı mənzil ayrılmış, İddiaçı həmin mənzilə köçüb orada yaşamışdır. Tərəflərin nikahları Zəngilan Rayon Məhkəməsinin 2(034)-364/2021 saylı qətnaməsi ilə pozulmuş və həmin vaxtdan etibarən İddiaçı mübahisəli mənzildən çıxmışdır. Mənzil Məcəlləsinin 8-ci maddəsində mənzil hüquq və vəzifələrinin əmələ gəlməsinin əsasları müəyyən edilərək göstərilir ki, mənzil hüquq və vəzifələri bu Məcəllədə, digər qanunvericilik aktlarında nəzərdə tutulmuş əsaslardan, habelə mənzil münasibətləri iştirakçılarının belə aktlarda nəzərdə tutulmasa belə, lakin mənzil qanunvericiliyinin ümumi əsasları və mahiyyətinə görə mənzil hüquq və vəzifələri doğuran hərəkətlərindən əmələ gəlir. Mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsasları aşağıdakılardır: qanunla nəzərdə tutulmuş müqavilə və digər əqdlər, habelə qanunla nəzərdə tutulmasa belə, ona zidd olmayan müqavilə və əqdlər; mənzil qanunvericiliyi ilə mənzil hüquq və vəzifələrinin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş dövlət orqanlarının və bələdiyyələrin aktları; mənzil hüquq və vəzifələrini müəyyən edən məhkəmə qərarları; qanunla yol verilən əsaslarla yaşayış sahələrini mülkiyyət hüququ ilə əldə etmə; mənzil-tikinti kooperativində üzvlük; mənzil münasibətləri iştirakçılarının hərəkətləri (hərəkətsizlikləri) və qanunun və ya digər normativ hüquqi aktın mənzil münasibətlərinin əmələ gəlməsi ilə bağladığı hadisələrin baş verməsi. Mənzil hüququndan məhrum etmənin yolverilməzliyi barədə Konstitusiyanın 43-cü maddəsində müəyyən olunmuş prinsip, Mənzil Məcəlləsinin 1-ci maddəsində əksini tapan mənzil təhlükəsizliyi, onun toxunulmazlığı, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi, mənzil hüquqlarının maneəsiz həyata keçirilməsi, habelə qanunvericilikdən və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin iştirakçılarının bərabərliyi, pozulmuş yaşayış hüquqlarının bərpası, onların məhkəmə müdafiəsinin təmin edilməsi kimi hüquqlarla təmin olunur. Əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyi prinsipi dedikdə, heç kəsin qanunla müəyyən olunmuş hallardan başqa yaşayış sahəsindən çıxarılmasının, yaşayış sahəsindən istifadə hüququnun məhdudlaşdırılmasının mümkünsüzlüyü başa düşülür. Mənzil Məcəlləsinin 3-cü maddəsinə görə mənzil hüquqları yalnız qanuna əsasən mənəviyyatın, sağlamlığın, digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi, ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədləri üçün zəruri olan həddə məhdudlaşdırıla bilər. Vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsinin 9.1-ci maddəsinə görə mənzil hüquqlarının müdafiəsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və hallarda məhkəmə qaydasında həyata keçirilir. Bu cür müdafiə üsulları kimi Mənzil Məcəlləsinin 9.2.1-ci maddəsində mənzil hüququnun tanınması, 9.2.2-ci maddəsində mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması müəyyən edilmişdir. Yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi barədə iddialara baxılarkən, istifadə hüququnun tanınması və ya köçürülməsi tələb olunan yaşayış sahəsinin hüquqi statusu, yəni kimə məxsus olması mütləq müəyyən olunmalıdır. Çünki, mənzil fondu Məcəllədə özəl mənzil fondu, dövlət mənzil fondu və bələdiyyə mənzil fondu kimi təsnifatlaşdırılmışdır və onların hüquqi rejiminin tənzimlənməsində fərqli cəhətlər vardır. Mənzilin hüquqi statusunun müəyyən olunması bir tərəfdən mübahisə tərəflərinin düzgün müəyyənləşdirilməsi, bununla da prosessual hüquq normalarına əməl olunması baxımından əhəmiyyətlidirsə, digər tərəfdən mübahisənin həlli üçün maddi hüquq normasının düzgün seçilməsi nöqteyi-nəzərindən zəruridir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisəli yaşayış sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan xüsusi təyinatlı yaşayış sahəsidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 17.3.2-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birlikdə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddirlər. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.2-ci maddəsində deyilir ki, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Məhkəmə qeyd edir ki, mübahisəli mənzil AR Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən iddiaçı və cavabdehin birgə istifadəsinə verilmişdir. Mənzil cavabdeh ilə yanaşı iddiaçı tərəfindən də yaşayış sahəsi kimi istifadə olunmuşdur. İddiaçı və cavabdehlər mübahisəli evdən mənzil kimi istifadə etməkdə bərabər hüquqi əsaslara malikdirlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının Sumqayıt şəhəri, stansiya Sumqayıt bina 15, 5 saylı mənzilə köçürülməsi hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi iddiaçının Sumqayıt şəhəri, stansiya Sumqayıt, bina 15, 5 saylı mənzilə övladları 08.05.2010-cu il təvəllüdlü X5 və 12.09.2019-cu il təvəllüdlü X4 ilə birgə köçürülməsi hissəsində də təmin edilməlidir. Lakin məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi istifadə hüquqlarının müəyyən edilməsi hissəsində təmin edilməməlidir. Belə ki, mübahisəli mənzil daşınmaz əmlakın dövlət reyestində qeydə alınmadığından həmin mənzilə dair istifadə hüququnun tanınması qanunvericilikdə nəzərdə tutulmamışdır. Bu səbəbdən iddia təmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı övladları 08.05.2010-cu il təvəllüdlü X5 və 12.09.2019-cu il təvəllüdlü X4 ilə birlikdə Sumqayıt şəhəri, stansiya Sumqayıt ərazisi, 1001 mənzilli yeni yaşayış kompleksində 15 saylı binanın 5 saylı mənzilinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6687/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6687/2021
21.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver