Məhkəmə qərarları › İş №2(060)-669/2021

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-669/2021

16.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-669/2021 16.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh1 və digərlərinə qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərin xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 88, mənzil 13 ünvanına olan istifadə hüquqlarını itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 88, mənzil 13 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Cavabdehlərdən Cavabdeh1 onun doğma bacısı, Cavabdeh2 isə onun qızıdır. Cavabdehlər 1990-cı ildən ona məxsus mənzildə yaşamırlar. Bu qonşuların iştirakı ilə tərtib olunmuş aktda da öz təsdiqini tapır. Belə ki, bacısı ailə həyatı qurmuş və daimi yaşamaq üçün ona məxsus mənzili tərk etmişdir. 1990-cı ildən bugünə kimi bir gün də olsun cavabdehlər ona məxsus mənzildə yaşamamışlar. Onların daimi yaşayış yerləri var. Cavabdehlərin ona məxsus mənzilə qeydiyyatı formal xarakter daşıyır. Onların ona məxsus mənzildə qeydiyyatda qalmaları onun mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. O cavabdehlərin əvəzinə kommunal xidmət haqqı ödəyir. Bu isə onun üçün əlavə xərcdir. Buna maddi imkanı çatmır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının nümayəndəsi ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1970-ci ildə, Ermənistan Respublikası, Amasiya rayonunda anadan olmuşdur. O, hazırda Sumqayıt şəhəri, 7-8-12ci məhəllə, ev 88, mənzil 13 ünvanında qeydiyyatdadır. İşdə olan Qeydiyyat Vəsiqəsinə əsasən Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 88, mənzil 13 iddiaçıya verilmişdir. 4 saylı Mənzil Kommunal sahəsinin 340 saylı, xx.xx.2020-ci il tarixli arayışında, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə ******* saylı arayışında cavabdehlərin Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 88, mənzil 13 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatda olduğu göstərilmişdir. İşdə olan Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 88-də yaşayan şəxslər X1, X6 və 4 saylı MKS-in mühasibi X3 tərəfindən tərtib edilərək imzalanmış və 4 saylı Mənzil Kommunal Sahəsi tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli aktda göstərilmişdir ki, Cavabdeh1 1990-ci ildə ailə qurmuş, elə həmin ildən də mübahisəli mənzildə yaşamır. O cümlədən də onun qızı 1995-ci il təvəllüdlü Cavabdeh2 da göstərilən ünvanda qeydiyyatda olmasına baxmayaraq yuxarıda göstərilən ünvanda yaşamır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi iddiaçı mübahisəli mənzili 1997-ci ildə əldə etmişdir. Bu səbəbdən mübahisəyə xx xxxxxxx 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş xx xxxx 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir (123). Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. İş materialları ilə müəyyən edilir ki, cavabdehlər mübahisəli mənzili uzun müddətdir ki, tərk etmişlər və həmin mənzildə yaşamırlar. Onların mübahisəli mənzildə hər hansı əşya və əmlakları yoxdur. Yəni, cavabdehlərin mübahisəli mənzilə yaşayış sahəsi kimi ehtiyacları aradan qalxmışdır. Bu səbəbdən iddia təmin edilməli və cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, ev 88, mənzil 13 ünvanına olan istifadə hüququna xitam verilsin. Hazırkı qətnamə göstərilən şəxslərin həmin mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Cavabdehlər qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilərlər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar