Məhkəmə qərarları › İş №2(060)-6740/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6740/2021

21.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6740/2021 21.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi ilə, Cavabdeh5 Xanbaba oğlunun iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Xanbaba oğluna və Cavabdeh6 qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Xanbaba oğluna və Cavabdeh6 qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 Səfulla qızının, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 övladları - 25.12.2003-ci il təvəllüdlü X4, 20.12.2006-cı il təvəllüdlü X5, 16.05.2013-cü il təvəllüdlü X2, 07.12.2004-cü il təvəllüdlü X7, 11.09.2003-cü il təvəllüdlü X8, 20.12.2008-ci il təvəllüdlü X6 Sumqayıt şəhəri X9 qəsəbəsi, X19 küçəsində yerləşən 14 saylı binadakı 1-ci mənzilə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri X9 qəsəbəsi, X19 küçəsində yerləşən 14 saylı binadakı 1-ci mənzil onun mülkiyyətinə verilmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 həmin ünvanda yaşamırlar və faktiki olaraq onun mülkiyyətində olan Sumqayıt şəhəri X9 qəsəbəsi, X19 küçəsində yerləşən 14 saylı binadakı 1-ci mənzildə qeydiyyatda qalmışlar. Dəfələrlə cavabdehlərə bu barədə xəbərdarlıq etsə də, onlar buna məhəl qoymurlar. Bu səbəbdən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 mənzilə olan istifadə hüququna xitam verilməsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə İddiaçı telefonla əlaqə saxlayaraq vaksini olmadığı üçün məhkəmə binasına buraxılmadığını bildirmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-ci maddələrinə əsasən məhkəmə işə iddiaçının və məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 Xanbaba oğlu iddia tələbinə etiraz edərək bildirdi ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X19 küçəsi, ev 14, mənzil 1 ona 1977-ci ildə order əsasında ayrılmışdır. Hazırda mübahisəli mənzildə o və digər ailə üzvləri yaşayırlar. Hazırki iddia təmin olunacağı təqdirdə o və ailə üzvləri öz yaşadığı şəxsi mənzilindən qeydiyyatdan çıxarılmış olacaq. Bu isə yolverilməzdir. Əmlak Komitəsi iddiaçıya 1 nömrəli mənzil ünvanını verməklə səhvə yol vermişdir. Bu isə onun günahı deyil. Ona görə də hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X19 küçəsi, ev 14, mənzil 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə 06.02.2020-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında AR MN Hacı Zeynalabdin Rayon Mənzil–İstismar Hissə 1 nömrəli Mənzil İstismar sahəsinin 08.09.2021-ci il tarixli, 1012 saylı saylı məktubundan görünür ki, H.Zeynalabdin qəsəbəsi, X19 küçəsi, ev 14, mənzil 1 ünvanı Mənzil–İstismar hissəsinin Mənzil fondunda 2 ayrı ayrılıqda olan yaşayış mənzili eyni nömrə ilə qeydiyyatdan keçmişdir. İş materiallarında AR ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 17.09.2021-ci il tarixli, **********81 nömrəli məktubdan görünür ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X19 küçəsi, ev 14 ünvanında yerləşən 1 saylı mənzil ünvan 2rəfindən təsdiq edilmiş 29.01.2020-ci il tarixli 4Ə-224 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınaraq 06.02.2020-cil tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarış verilmişdir. İş materiallarında olan 08.12.1977-ci il tarixli 15/398 nömrəli orderin surətindən görünür ki, H.Zeynalabdin qəsəbəsi, X19 küçəsi, ev 14 ünvanında yerləşən 1 saylı mənzil Cavabdeh5 Xanbaba oğlunun və ailə üzvlərinin istifadəsinə verilmişdir. İş materiallarına əlavə edilmiş 28.01.2020-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X19 küçəsi, ev 14 ünvanında yerləşən 1 saylı mənzili 45500 manata X1 almışdır. İşdə olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında İddiaçı verilmiş ******* nömrəli 22.07.2021-ci il tarixli arayışlardan görünür ki, İddiaçı, Cavabdeh5 Xanbaba oğlu və iş üzrə digər cavabdehlər ünvan 3 ünvanında yerləşən 1 saylı mənzildə qeydiyyatdadırlar. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında Cavabdeh5 Xanbaba oğluna verilmiş ******* nömrəli 01.02.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh5 Xanbaba oğlu və iş üzrə digər cavabdehlər Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X19 küçəsi, ev 14, mənzil 1 ünvanında qeydiyyatdadırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır; “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının: 1.1-ci bəndinə əsasən məhkəmələrin diqqətinə çatdırılmışdır ki, ərizənin baxılmamış saxlanılması Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş elə prosessual qaydadır ki, həmin qaydaya görə mülki işlər üzrə məhkəmə müdafiəsi hüququ həyata keçirildikdə hüquqi şərait imkan vermədiyi üçün qətnamə qəbul edilmədən məhkəmə baxışı başa çatdırılır. İddianın baxılmamış saxlanılmasına səbəb olan maneə aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etmək hüququna malik olur; 13-cü bəndinə əsasən məhkəmələrə xatırladılmışdır ki, iddia ərizəsində (ərizədə, şikayətdə) Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsində müəyyən olunmuş məlumatlar dəqiq göstərilməli və ərizəyə 150-ci maddədə göstərilən sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə müvafiq olaraq hakim iddia ərizəsində yol verilmiş nöqsanın aradan qaldırılması və yaxud zəruri sənədin ərizəyə əlavə edilməsi üçün ərizəçiyə vaxt verə bilər. Ərizəçi ona təyin olunan müddətdə işin mahiyyəti üzrə həll edilməsinə maneçilik törədən nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X19 küçəsi, ev 14 ünvanında 1 nömrəli iki mənzil var. Belə ki, həmin mənzillərdən biri 08.12.1977-ci il tarixli 15/398 nömrəli orderə əsasən Cavabdeh5 Xanbaba oğlunun və onun ailə üzvlərinin istifadəsinə verilmişdir. Digər mənzilə dair isə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 06.02.2020-ci il tarixli çıxarış verilmişdir. Bu fakt iş materiallarında olan sənədlərlə və tərəflərin izahatları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, belə olan halda, iddia tələbi üzrə məhkəmə aktı qəbul edilməsi mümkün deyil. Belə ki, məhkəmə hesab edir ki, Cavabdeh5 Xanbaba oğlunun mübahisəli yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, onun həmin mənzilə gözlənilən mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “X11rşı” məhkəmə işində Avropa Məhkəməsi vurğulamışdır ki, ərizəçinin torpağa istifadə hüququ və gələcəkdə ondan fayda götürməsi barədə gözləntiləri də mülkiyyət hüququnu təşkil edir və bu hüquq Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ) müdafiə dairəsinə düşür. Həmin məhkəmə “Önəryıldız Türkiyəyə qarşı” işi üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və X3 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilibedilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Məhkəməsinin qeyd olunan hüquqi mövqeyini nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə müvafiq olaraq ərizəçi mənzilin özəlləşdirilməsindən ümumi mülkiyyət payı almaq barədə əsaslı və “qanuni gözləntiyə” malik olduğu üçün onun bu marağı “İnsan Hüquqlarının və X3 Haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “mülkiyyət” anlayışına daxildir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27.05.2003-cü ildə “Qarrax Çexiyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarında isə nümayiş etdirdiyi mövqeyə görə “real mövcud olan əmlakı əldə etməyi gələcəkdə qanuni olaraq gözləmək hüququ” mülkiyyət hüququ kimi qiymətləndirilir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin olunması cavabdehlərin həm mülkiyyət, həm də istifadə hüquqlarının pozulmasına səbəb ola bilər. Belə ki, hər iki mənzil yaşayış yeri üzrə qeydiyyat aparan müvafiq orqanda eyni nömrə ilə qeydə alındığından iddianın təmin olunması yekunda cavabdehlərin hal-hazırda yaşadıqları 1 nömrəli digər mənzildən (iddianın predmeti olmayan) istifadə hüquqlarının itirilməsinə gətirib çıxaracaqdır. Məhkəmə onu da qeyd edir ki, hazırkı iş üzrə iddia tələbinin təmin olunmaması isə iddiaçının mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Belə ki, cavabdehlərin ona məxsus 1 nömrəli (iddianın predmeti olan) mənzildə qeydiyyatda qalması iddiaçının göstərilən mənzillə bağlı mülkiyyət hüququnun həyata keçirilməsinə maneə yaradır. Qeyd edilənlər isə, məhkəmənin iş üzrə yekun nəticəyə gəlməsinə, məhkəmə aktı formasında qətnamə qəbul etməsinə mane olur, eləcə də ümumiyyətlə həmin tələbə hazırkı vəziyyətdə məhkəmə qaydasında baxılmasını müəyyən etmək mümkün olmur, ona görə məhkəmə hesab edir ki, sözügedən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Məhkəmə onu da qeyd edir ki, İddiaçı və Cavabdeh5 Xanbaba oğlu (və ya onlardan hər hansı biri) onlara məxsus mənzillərin nömrəsinin dəqiqləşdirilməsi (və ya dəyişdirilməsi) barədə müvafiq tələblə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etməli, xahişləri təmin olunmadığı halda bunu inzibati məhkəmə icraatı qaydasında mübahisələndirməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.12, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Xanbaba oğluna və Cavabdeh6 qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi barədə tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt şəhər məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar