Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6745/2021 22.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı, Üçüncü şəxs “X18” ASC-nin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Sumqayıt şəhəri 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair mülki işə 22 oktyabr 2021-ci il tarixdə Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdeh Sumqayıt şəhəri 1 saylı notariat ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Əbülfəz Bünyatov tərəfindən tərtib olunmuş 8İ-308 nömrəli 15.01.2020-ci il tarixli icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Əbülfəz Bünyatov 8İ-308 № li 15.01.2020-ci il tarixli “İcra qeydi”ndə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsini əsas gətirərək “X18” ACS-nin xeyrinə ondan RV/94747/5 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1563,94 manatın tutulmasını təklif etmişdir. Bununla əlaqədar “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsi ona qarşı düzgün tətbiq olunmamışdır. Belə ki, “Notariat haqqında” qanunun 76-cı maddəsində, yalnız “BORCLU”-dan pu məbləğlərinin tutulması və ya əmlakı tələb edib alınması nəzərdə tutulur. Lakin RV/94747/5 nömrəli müqavilədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulan “Borclu” qismində deyil, həmin Məcəllənin 470.1-ci maddəsində nəzərdə tutulan “Zamin” qismində iştirak edir. Məlumat üçün Bakı şəhəri 42 saylı notariat ofisində tərtib edilmiş 81-82 №-li 15.01.2020-ci il tarixli “icra qeydi”nə uyğun RV/94747/5 nömrəli müqavilə üzrə ümumi borc borclu Tağıyev Maarif tərəfindən hal hazırda ödənilməkdədir. “Notariat haqqında” qanunun 76-cı maddəsinə əsasən, borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Lakin Azərbaycan Respublikasının Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunun 2-ci və 10-cu maddələrinə əsasən Sumqayıt şəhəri onun “olduğu yer" olmamış və qeydiyyatda da olmamışdır. Məlumat üçün bildirir ki, 30.11.2019-cu il tarixindən yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X17 8, bina 22 mənzil 32 ünvanda qeydiyyatdadır. “Notariat haqqında” qanununun 76-cı maddəsinə əsasən, icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi halda aparılır. Lakin, “X18” ACS-dən alınan kredit ABŞ dolları ilə alınıb sonradan manata çevrilmişdir. Buna görə də 8İ-308 №-li 15.01.2020-ci il tarixli “İcra qeydi” tərtib olunduğu vaxtlarda 28.02.2019-cu il tarixli 551 saylı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının həmin kreditə şamil olub-olmaması məsələsi mübahisəli olmuşdur. “Notariat haqqında” qanunun 76-cı maddəsinə əsasən, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Lakin ona bildiriş göndərilməmişdir və heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Buna görə də RV/94747/5 nömrəli müqavilə üzrə ümumi borcun (1 563,94 manat) zamin tərəfindən ödənilməsi təklifi mövcud qanunvericiliyə ziddir. Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Əbülfəz Bünyatovun hərəkəti nəticəsində Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsində nəzərdə tutulmuş işgüzar nüfuzu ləkələnmişdir. Bununla əlaqədar Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Əbülfəz Bünyatova 10.06.2021-ci il tarixli ərizə ilə müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən işgüzar nüfuzunu ləkələyən məlumatlı 8İ-308 №-li 15.01.2020-ci il tarixli “İcra qeydi”nin ləğv edilməsini xahiş etmişdir. Lakin, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 52.1-ci maddəsi ilə müəyyən edilmiş 30 gün müddətində həmin notarius tərəfindən heç bir qərar qəbul olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddiaçı Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Əbülfəz Bünyatov tərəfindən tərtib olunmuş 8İ-308 №-li 15.01.2020-ci il tarixli “İcra qeydi”nin ləğv edilməsinə dair qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, o, 30.11.2019-cu il tarixindən yaşadığı Bakı şəhəri, Yasamal rayonu, X17 8, bina 22 mənzil 32 ünvanda qeydiyyatdadır. Onun əvvəllər qeydiyyatda olduğu ünvan 2 ünvanında keçmiş həyat yoldaşı yaşayır. Amma orada “Cəfərova” adlı heç kim yaşamır. Ümumiyyətlə onun bu adda qohumu və ya tanışı yoxdur. Halbuki, bank tərəfindən ona vaxtında məlumat verilsə idi o, banka öz etirazlarını bildirər, əsas borclunu borcu ödəməyə məcbur edərdi. 16 sentyabr 2021-ci il tarixli məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Sumqayıt şəhəri 1 saylı notariat ofisinin nümayəndəsi X8 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, adı çəkilən icra qeydi 15.01.2021-ci ildə Sumqayıt şəhər 1 saylı notariat ofisində rəsmiləşdirilmişdir. Həmin icra qeydi “X18” ASC-nin notariat ofisinə təqdim etdiyi sənədlər əsasında rəsmiləşdirilmişdir. İddaçı İddiaçı vətəndaş X12 tərəfindən “X18” ASCdən götürdüyü kredit məbləğinin ödənilməsi üçün zamin durmuş və müvafiq müqaviləyə imza etmişdir. 2015-ci ildən bağlanmış müqaviləyə əsasən götürülmüş kreditlə əlaqədar heç bir ödəniş aparılmadığı üçün Azərbaycan Respublikası MM-nin 472.1 maddəsinə əsasən həm borclu, həm də zamin İddiaçı barəsində icra qeydi rəsmiləşdirilmişdir. İddiaçı arqument kimi gətirdiyi digər dəlillər də əsassızdır, onun Sumqayıt şəhərində qeydiyyatda heç vaxt olmaması düzgün deyil, çünki bank tərəfindən onun şəxsiyyət vəsiqəsinin surəti, ona göndərilən bildirişin kserosurəti notariat ofisinə təqdim edilmişdir. İddiaçı notariat ofisinə müraciətinə isə cavab verilmiş və telefonla ona izah edilmişdir ki, Bankın nümayəndəsi icra qeydinin ona aid olan hissəsinin bir daha araşdırılması və müvafiq tədbirin görülməsi üçün banka müraciət etməsi tövsiyə edilsə də o, bunu etməmiş və məhkəməyə müraciət etməyi üstün tutmuşdur. 2015-ci ildə götürülmüş kredit məbləğinin 5 il ərzində ödənilməməsi isə İddiaçı götürdüyü öhdəliyə əməl etməməsinə görə icra qeydinin rəsmiləşməsi onun işgüzar nüfuzuna xələl gəlməsi barədə iddiası tamamilə əsassızdır. Hesab edir ki, icra qeydi qanuni və düzgün rəsmiləşdirilmişdir və bu barədə İddiaçı cavab məktubunda qeyd edilmişdir. Ona görə də İddiaçı iddiası rədd edilməlidir. Üçüncü şəxs “X18” ASC-nin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmədiyindən icra qeydinin ləğvi üçün əsas ola bilməz və bu əsaslarla icra qeydinin ləğvi qanunsuzdur. Ümumiyyətlə icra qeydinin ləğvi anlayışı hələ mübahisəli olaraq qalır. Bununla bağlı qanunvericilikdə birbaşa göstəriş yoxdur. İddiaçı ərizəsində bildirişin ona göndərilməməsini və 30.11.2019-cu il tarixindən ünvan 2 ünvanında deyil, Bakı şəhəri, Yasamal rayonu, X17 8, bina 22, mənzil 32 ünvanında qeydiyyatda olduğunu bildirmişdir. 04.11.2019-cu il tarixdə icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbərnaməli bildiriş vasitəsi ilə məlumatlandırılmışdır. Hesab edirlər ki, icra qeydinin ləğvi Banka qarşı kredit müqaviləsinin və ya kredit borcunun mübahisələndirilməsi ilə bağlı iddia tələbləri ilə əlaqədar və həmin tələblərlə birlikdə mümkün ola bilər. Yəni, borclu hesab edirsə ki, onunla Bank arasında bağlanmış kredit müqaviləsi etibarsız sayılmalı və ya ləğv edilməlidir, yaxud müqavilə düzgün olsa da borc artıq hesablanmışdır və s. onda icra qeydinin ləğvini tələb etməkdə haqlı ola bilər. İddiaçı real tələbini müəyyən edib Banka qarşı iddia verməlidir. Göründüyü kimi bu kimi tələblər sırf banka qarşı olub notariusa və onun icra qeydinə aidiyyatı yoxdur. Əgər onun maddi hüquqi tələbi təmin edilərsə onda nəticə etibarilə icra qeydi də ləğv edilə bilər. Amma əgər borclu Banka qarşı maddi hüquqi tələb irəli sürmədən sadəcə notarius tərəfindən icra qeydinin aparılması zamanı hüquqi-texniki şərtlərin pozulmasını əsas gətirirsə həmin əsaslarla icra qeydi ləğv edilə bilməz. Məsələn, şəxs borcunun olmasını inkar etmirsə, sadəcə icra qeydinin tarixi, nömrəsi səhv olduğundan və ya icra qeydi yanlış olaraq borclunun olduğu yerdə deyil digər yerdə yerləşən notarius tərəfindən aparıldığından onun ləğvini tələb edirsə həmin əsasla icra qeydinin ləğvi mahiyyət etibarilə qanunsuz və ədalətsiz olardı. Həmin halda sadəcə notariusun intizam məsuliyyətindən söhbət gedə bilər. Hesab edirlər ki, məhz bu kimi hallarda icra qeydi mübahisələndirilə bilər. Digər tərəfdən iddiaçı iddia ərizəsində icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir əsas göstərməmişdir. Sözügedən icra qeydində borcun olması iddiaçı tərəfindən mübahisələndirilməmişdir və belə demək olarsa qəbul edilmişdir. Borcun olmasını iddiaçı öz iddia ərizəsi ilə artıq etiraf etmişdir. Borcun olması faktına görə də icra qeydi bununla bağlı “Notariat haqqında” qanunda nəzərdə tutulmuş prosedur və qaydalara əməl etməklə çıxarılmışdır. Həm notarius, həm də bank icra qeydinin ləğv edilməsinə səbəb ola biləcək heç bir qanunsuz hərəkət etməmişlər. Kredit müqaviləsi üzrə iddia müddəti ötürülməmiş, dövlət rüsumu lazımi qaydada ödənilmiş, icra qeydi çıxarılmamışdan əvvəl öhdəlik barədə borclu xəbərnaməli bildiriş vasitəsi ilə məlumatlandırılmışdır. Həmin vaxt iddiaçı elə həmin ünvanda qeydiyyatda olmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, icra qeydi tam qanuni əsaslarla çıxarılmışdır. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddianı təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdeh Sumqayıt şəhəri 1 saylı notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilən X12 bildirdi ki, ona «X18» ASC tərəfindən 66 ay müddətinə, illik 27,16% olmaqla 2281,20 manat məbləğində kredit verilmişdir. Müqavilənin 5-ci bölməsinə əsasən Aslanov X2 Maarif Məsi oğluna zamin durmuşdur. O, hal-hazırda ödənişlərini edir. Əvvəllər də ödəniş etmişdir. Sonradan Prezidentin 2019-cu il tarixli Fərmanı ilə əlaqədar ödənişlərini dayandırması tövsiyyə edilmişdir. Yalnız həmin vaxt banka ödəniş etməmişdir. Hazırda ödənişləri etdiyi halda Cəmalədddin Aslanovun narahat edilməsinin səbəbini başa düşmür. İndiyə kimi Banka 9000 manata qədər pul ödəmişdir. Bundan başqa borcu ilə əlaqədar hər 3 aydan bir onun pensiyasından 130 manat pul tutulur. Onun başqa heç bir banka borcu yoxdur. Lakin buna baxmayaraq ona sözügedən müqavilənin Prezidentin 2019-cu il tarixli Fərmanının təsiri altına düşmədiyi bildirilmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan 15.01.2020-ci il tarixli icra qeydinin surətindən görünür ki, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən 'Notariat haqqında' Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən həmin sənədlər üzrə Az1069, Bakı Şəhəri Nərimanov Rayonu, X15, ev 42 ünvanında yerləşən "X18" ASC-nin xeyrinə Sumqayıt şəhəri, Mik-17, 37 14 ünvanında qeydiyyatda olan İddiaçı (AZE 14181458, 12/06/2015 - Asan-Sumqayıt2) RV/94747/5 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 1563 manat 94 qəpik (bir min beş yüz altımış üç manat doxsan dörd qəpik) tutulması, həmçinin borcludan tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik (iyirmi manat sıfır qəpik) məbləğində dövlət rüsumu (haqq) olmaqla cəmi 1583 manat 94 qəpik (bir min beş yüz səksən üç manat doxsan dörd qəpik) pul tutulması təklif edilmiş və həmin icra qeydi 15.01.2020-ci il tarixdə aparılmışdır. İş materiallarında olan 25.11.2015-ci il tarixli kredit sazişindən görünür ki, borclu X9 «X18» ASC tərəfindən 66 ay müddətinə, illik 27,16% olmaqla 2281,20 manat məbləğində kredit verilmişdir. Müqavilənin 5-ci bölməsinə əsasən Aslanov X2 Maarif Məsi oğluna zamin durmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli 13.07.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 30.11.2019-cu il tarixdən Bakı şəhəri, Yasamal rayonu, X17 8, Bina 22, mənzil 22 ünvanında qeydiyyatdadır. İşdə olan 12.06.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı 8İ-308 №-li 15.01.2020-ci il tarixli “İcra qeydi”nin ləğv edilməsi üçün Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Əbülfəz Bünyatova müraciət etmişdir. İşdə olan Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Əbülfəz Bünyatovun İddiaçı ünvanlanmış 16.06.2021-ci il tarixli cavab məktubundan görünür ki, həmin məktubla icra qeydinin «X18» ASC-nin təqdim etdiyi sənədlər əsasında aparıldığı, C.X1 həmin bankdan götürdüyü kreditin qaytarılmasma zamin durması və müqaviləyə şəxsən imza etməsi, borclu vaxtında ödənişləri etmədiyi üçün «X18» ASC-nin Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən onun zamin qismində borcun ödənilməsinə cəlb edilməsi, həmin maddəyə əsasən onun borclu ilə birlikdə kreditor qarşısında məsuliyyət daşıdığı bildirilmişdir. Həmçinin həmin məktubda ödəniş olmadıqda hər iki tərəfin ödənişə cəlb olunması, ünvanının dəyişilməsinin isə onun kreditor qarşısında məsuliyyətdən azad etmədiyini və borcun ödənilməsinə qanunauyğun şəkildə cəlb edildiyini, icra qeydinin ləğv edilməsinin notariat ofisinin səlahiyyətinə aid olmadığı bildirilmişdir. Eyni zamanda əlavə məlumat almaq üçün «X18» ASC-yə müraciət edə biləcəyi bildirilmişdir. İş materiallarında olan 01.11.2019-ciu il tarixli bildirişin surətindən görünür ki, borc 20 gün müddətində ödənilmədiyi halda Notariat haqqında AR Qanununun 76-cı maddəsinin tələblərinə əsasən tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasının təmin etmək üçün yaranmış borc məbləği və verilməli əmlak barəsində notarius tərəfindən icra qeydinin aparılacağı bildirilmişdir. İşdə olan 017674 saylı qaimənin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanına göndərilmiş bildiriş 11.11.2019-cu il tarixdə “Cəfərova” adlı şəxsə təqdim olunmuşdur. Məhkəmə iddiaçı və üçüncü şəxsin nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır. Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsi olduğu, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariat orqanlarının üzərinə düşür. İş materiallarından, o cümlədən həm mübahisələndirilən icra qeydini aparmış cavabdeh Sumqayıt şəhəri 1 saylı notariat ofisi, həm də üçüncü şəxs «X18» ASC tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, icra qeydinin aparılması üçün notariat orqanına müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış və alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə maliyyə arayışı təqdim olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın İİ hissəsinin 2-ci bəndinə əsasən isə Banklar tərəfindən kredit müqaviləsi üzrə icra qeydi almaq üçün aşağıdakılar təqdim olunmalıdır: a) əsasında borcun alındığı sənədlərin, o cümlədən kredit xətti müqaviləsinin əsli; b) müddəti keçirilmiş borcun məbləği göstərilməklə, borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarış; c) alınmış borc üzrə faiz və cərimələrin hesablanma tarixi və məbləğləri göstərilməklə, tələbkar tərəfindən tərtib olunmuş təfsilatlı maliyyə arayışı. Göründüyü kimi yalnız qeyd edilən sənədlər əsasında icra qeydi aparılması tələb edilən borcun mübahisəsiz olub-olmadığı və öhdəliyin icrasının hansı hissədə gecikdirilməsi notariat orqanı tərəfindən müəyyən oluna bilər. Hazırki halda isə notarius mübahisələndirilən icra qeydini apararkən qanunvericilikdə qeyd edilən sənədlərin, yəni borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarışın və təfsilatlı maliyyə arayışının ona təqdim edilib-edilmədiyini məhkəməyə ünvanladığı məktubda bildirməmiş, o cümlədən həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Halbuki, bu sənədlər olmadığı təqdirdə borcun məbləğini, o cümlədən borcun mübahisəsiz olub-olmadığını müəyyən etmək mümkün deyil. Bu səbəbdən məhkəmə hesab edir ki, qeyd edilən sənədlər olmadan aparılan icra qeydi qanuni hesab oluna bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 1 saylı notariat ofisinin xüsusi notariusu Ə.Bünyatov məhkəməyə ünvanladığı 31.07.2021-ci il tarixli məktubunda bildirmişdir ki, 2015-ci ildən bağlanmış müqaviləyə əsasən götürülmüş kreditlə əlaqədar heç bir ödəniş aparılmadığı üçün Azərbaycan Respublikası MM-nin 472.1-ci maddəsinə əsasən həm borclu, həm də zamin İddiaçı barəsində icra qeydi rəsmiləşdirilmişdir. Halbuki, iş materiallarında olan 09.06.2021-ci il tarixli hesabdan çıxarışlardan görünür ki, 25.11.2015-ci il tarixli kredit müqaviləsi üzrə 24.12.2015-ci il tarixdən başlayaraq mütəmadi olaraq aylıq təxminən 67 manat məbləğində ödənişlər edilmiş, 07.02.2019-cu il tarixdən 26.08.2019-cu il tarixədək ödənişlər dayandırılmış, 26.08.2019-cu il tarixdən 25.11.2019-cu il tarixədək ödənişlər bərpa edilmiş, 25.11.2019-cu il tarixdən cari (2021) ilin fevral ayınadək isə ödənişlər yenidən dayandırılmışdır. Məhkəmə hesab edir ki, sözügedən kredit müqaviləsi üzrə 2015-ci ildən heç bir ödəniş aparılmaması barədə notariusun gəldiyi nəticə də ona müddəti keçirilmiş borcun məbləği barədə borclunun hesabından tələbkar tərəfindən təsdiq olunmuş çıxarışın və təfsilatlı maliyyə arayışının təqdim edilməməsi nəticəsinə gəlməyə əsas verən hallardan biridir. Məhkəmə onu da qeyd edir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Cavabdeh Sumqayıt şəhəri 1 saylı notariat ofisi, həm də üçüncü şəxs «X18» ASC tərəfindən məhkəməyə təqdim edilmiş 017674 saylı qaimənin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanına göndərilmiş bildiriş 11.11.2019-cu il tarixdə “Cəfərova” adlı şəxsə təqdim olunmuşdur. Məhkəmə hesab edir ki, sözügedən qaimə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin qaimədə iddiaçıya ünvanlanan bildirişin “Cəfərova” adlı şəxsə verildiyi qeyd edilsə də, onun ünvan sahibinə münasibəti (ailə üzvü, qonşu və ya başqa şəxs olması) göstərilməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh isə iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Əbülfəz Bünyatov tərəfindən tərtib olunmuş 8İ-308 nömrəli 15.01.2020-ci il tarixli “İcra qeydi” ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu Əbülfəz Bünyatov tərəfindən tərtib olunmuş 8İ-308 nömrəli 15.01.2020-ci il tarixli “İcra qeydi” ləğv edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-6745/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6745/2021
22.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver