Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-6753/2021 02.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını üçüncü şəxs qismində işə cəlb etməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsini nəzərdən keçirib müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını üçüncü şəxs qismində işə cəlb etməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının vətəndaşı, 01.08.1987-ci il təvəllüdlü, 15.02.2016-cı il tarixdə öldürülmüş X1 hazırda İraq Respublikasının Rusafa həbsxanasında himayəsində yaşayan 13.12.2010-cu il təvəllüdlü X3, 06.03.2012-ci il təvəllüdlü X2, 27.07.2014-cü il təvəllüdlü X4 və 10.08.2016-cı il təvəllüdlü X5 doğma ataları olması haqda hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, ərizənin məzmunundan göründüyü kimi Ərizəçi Tacikistan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 439.1-ci maddəsinə əsasən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların (bundan sonra—xarici şəxslər) pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır. Mümkünlüyü yoxlanılan hazırkı tələb öz-özlüyündə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 445-ci maddəsində əks olunmuş xarici şəxslərin iştirakı ilə olan xüsusi icraat işləri üzrə Azərbaycan Respublikası məhkəmələrinin səlahiyyətləri ilə bağlı tələblərə də cavab vermir. Belə ki, MPM-nin 445-ci maddəsinə əsasən xarici şəxslərin iştirakı ilə xüsusi icraat üzrə işlərə Azərbaycan Respublikası məhkəmələri tərəfindən yalnız bu maddədə göstərilən hallarda baxıla bilər. Maddənin tələbinə əsasən barəsində itkin düşmüş hesab edilmə və yaxud ölmüş elan etmə haqqında, məhdud fəaliyyət qabiliyyətli hesab edilmə haqqında, sahibsiz hesab etmə haqqında, itirilmiş hesab edilməsi haqqında və üzərindəki müvafiq hüquqların bərpa edilməsi (çağırış icraatı) haqqında, yanlışlıqların müəyyən edilməsi haqqında və şikayət edilən notarial hərəkətlər (onların edilməsindən imtina) Azərbaycan Respublikasının notariusu və ya digər orqanı tərəfindən edildikdə həmin işlərə Azərbaycan Respublikasının məhkəmələrində baxıla bilər. Göründüyü kimi göstərilən maddədə atalıq faktının müəyyən edilməsi ilə bağlı məsələlərə baxılması haqqında işlərə baxılması nəzərdə tutulmamışdır. Bundan başqa, ərizədən görünür ki, ərizə ərizəçinin nümayəndəsi qismində göstərilmiş Nümayəndə tərəfindən imzalanmışdır. Lakin ərizəyə nümayəndənin səlahiyyətlərini təsdiq edən etibarnamə əlavə edilməmişdir. Həmçinin ərizənin məzmunundan görünür ki, nümayəndə qismində göstərilmiş Nümayəndə Ərizəçi faktiki ər-arvad münasibətində olduğu X1 anasıdır. Göründüyü kimi ərizəçi ilə nümayəndə qismində çıxış edən Nümayəndə arasında yaxın qohumluq münasibəti yoxdur. Bu hal isə həmin şəxsin nümayəndə qismində məhkəmə icraatında çıxış etməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 69-cu maddəsinin göstərişinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası MPM-in 152.1 və 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim ərizənin yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 153, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını üçüncü şəxs qismində işə cəlb etməklə «hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsinin qəbul edilməsindən iddianın yolverilməzliyinə görə imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər rəsmi qaydada ərizəçiyə təqdim edilsin. Ərizəçiyə vətəndaşı olduğu dövlətin aidiyyatı məhkəməsinə müraciət etmək hüququnun olduğu izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-6753/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-6753/2021
02.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver