Məhkəmə qərarları › İş №2(060)-6755/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6755/2023

04.12.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6755/2023 04.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X10 Fikrət qızının sədrliyi , Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı, nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməyi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, o, İddiaçı xx.xx.2009-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X14 oğlu və xx.xx.2011-ci il təvəllüdlü X7 adlı iki övladları var. Qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1998/2020 saylı qətnaməsi ilə nikah qeydləri ləğv olunmuş, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X14 oğlu, xx.xx.2011-ci il təvəllüdlü X7 iddiaçı X1 yanında saxlanılması qət olunmuşdur. 2014-cu ildə anası Sumqayıt şəhərində 4-cü mkr-da yerləşən bacısı İbrahimov Ayselin adına olan mənzil satılıb Sumqayıt şəh, Bakı küç, yat.5, otaq 32, məhəllə 41 yerləşən yataqxanadan bir otaqlı ev almışlar. Nikah qeydləri ləğv olunandan sonra cavabdehlə mübahisələri yarandığından yaşadığı mənzildən çıxmışdır. Elə həmin vaxtdan bu günə qədər cavabdeh onu mənzilə buraxmır. Cavabdeh tərəfindən hüquqları pozulur. Ona görə də hazırkı ərizə məhkəməyə müraciət edir. Hesab edir ki, onun həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılmalıdır. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək bildirdi ki, iddiaçı onun oğludur. O, 3 otaqlı mənzili satıb qızı ilə oğluna ayrı-ayrı ev almışdır. 2008-ci ildə o, oğlunu evləndirmişdir. Gəlini yəni cavabdeh ayrı yaşamaq istədiyinə görə qızının adına olan evi satıb oğluna 1 otaqlı mənzil almışdır. Bir otaqlı mənzildə qızı ilə özünə almışdır. Cavabdeh oğlunu ona məxsus olan evdən qovub. Oğlu günlərlə küçələrdə qalmışdır. O, bir ana kimi dözməyib oğlunu qızının evinə gətirmişdir. Həmin vaxtdan o, qızına məxsus olan evdə yaşayır. Hazırda oğlu evlənmək istəyir. Buna görə də, köçüb ona məxsus olan evdə yaşamaq istəyir. Cavabdeh özü də ailə həyatı qurub. Yeni ailəsi ilə oğluna məxsus olan evdə yaşayır. Bu səbəbdən iddia tələbini əsaslı hesab edir və təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, o, iddiaçı ilə ailə qurduqdan sonra aralarında tez-tez mübahisələr olurdu. Onların xasiyyətləri uyğun gəlmədiyinə görə onlar ayrılmışlar. Hazırda o, övladları ilə həmin evdə yaşayır. Həmin ev onun uşaqlarının haqqıdır. Uşaqlarının təhsilinə görə o, evdən çıxmır. Həmin ev onun uşaqlarına məxsusdur. Bu səbəbdən də iddia tələbini əsassız hesab edir və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri və nümayəndəni dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 5, mənzil 32-də qeydiyyatdadır, lakin yaşamır. İşdə olan AZ-İ № 358492 saylı, xx.xx.2020-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, İddiaçı ilə X4 arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 12 iyun 2020-ci il tarixli qətnaməsinə əsasən 15 oktyabr 2020-ci il tarixdə pozulmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(060)-1998/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, iddiaçı X4 ilə cavabdeh İddiaçı arasında 08 may 2009-cu il tarixində Sumqayıt şəhər Qeydiyyat şöbəsində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 08 dekabr 2009-cu il təvəllüdlü X14 oğlu 24 fevral 2011-ci il təvəllüdlü X7 iddiaçı X2 yanında saxlanılmaları qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyinin 22 saylı Mənzil-Kommunal Sahəsinin xx.xx.2023-cü il tarixli ətraflı arayışından görünür ki, 41-ci məhəllə, Bakı küçəsi, yataqxana 5, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 19 noyabr 2007-ci il tarixli 377 №-li sərəncam ilə MKTİB-nin balansına verilmişdir. Yataqxanada otaq 32-də İddiaçı xx.xx.2014-cü ildən ailə üzvləri-X4, X14 oğlu, X6 ilə birlikdə pasport qeydiyyatındadır. Otağa dair hüquqi sənəd olan order, kirayə müqaviləsi, çıxarış yoxdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 7-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə uyğun olaraq ailə münasibətlərindən irəli gələn mübahisələr mediasiya yolu ilə həll oluna bilər. Ailə münasibətlərindən irəli gələn mübahisələrlə bağlı məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, iddiaçı və cavabdeh Sumqayıt 1 saylı Mediasiya Təşkilatının mediatoru X3 xx.xx.2023-cü il tarixində, 14:30 saatında təşkil etdiyi ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. “İnsan Hüquqları və X5 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Belə müddəalar «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»-nin 13-cü maddəsində və «İnsan Hüquqları və X5 haqqında» Avropa Konvensiyasına əlavə 4 nömrəli protokolun 2-ci maddəsinin birinci bəndində də nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, “Eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birinə (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılır. Tərəflər arasında mübahisəli hüquq münasibətlərinin 2009-cu ildən yarandığını, yəni İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla, qeyd olunan mənzilə 2014-cü ildə köçdüyünü nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı həyat yoldaşı Cavabdeh ilə birlikdə mübahisəli evə köçmək hüququnun olub-olmadığını 01 oktyabr 2009-cu il tarixə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqları malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Adı çəkilən Məcəllənin 123-cü maddəsinə görə isə, “yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır”. Qeyd olunan müddəaların mənası baxımından kollegiya hesab edir ki, İddiaçı cavabdehlə uzun müddət birgə təsərrüfat aparmaqla ailə üzvü kimi Sumqayıt şəhəri, ünvan 2 ünvanında yaşadığından oraya köçürülməsini tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və keçmiş arvadı onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı ailə üzvləri ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin otaq faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. O, mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçı da ailə üzvləri ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə görə, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbacan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu baxımdan məhkəmə hesab edir ki, mənzilin İddiaçı 2014-cü ildə anası tərəfindən alındığını iddiaçı ilə cavabdehin orada məskunlaşmaları, ümumi təsərrüfat aparmaları, mənzil hüquqlarına müdaxilə baş verənə qədər orada yaşamaları və başqa yerdə yaşayış yerinin olmaması əsası ilə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilməsi və pozulmuş hüquqları bərpa edilməlidir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar