Məhkəmə qərarları › İş №2(060)-678/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-678/2021

12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-678/2021 12.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil X7, Cavabdeh3 və Cavabdeh2 nümayəndəsi, vəkil X8 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı mənzildən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 (uşaqları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X6 ilə birlikdə) və Cavabdeh2 (uşaqları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 ilə birlikdə) ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməsi, və həmin evdən çıxarılmaları, Cavabdeh3 xxxxları ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh1 və Zəka Allahverdiyev iddiaçının oğullarıdır. Digər Cavabdeh3 isə cavabdeh Zəka Allahverdiyevin arvadıdır. Hazırda Cavabdeh1 və onun övladları onun mənzilində qeydiyyatda olsalar da, onların qonşuluqda dövlət qeydiyyatına alınmamış hər cür kommunal şəraiti olan fərdi yaşayış evi mövcuddur və həmin evdə yaşayırlar. Hazırda Cavabdeh1 məxsus yaşayış yeri olduğundan onun uşaqları ilə birlikdə istifadə hüququna kompensasiya verilmədən xitam verilməlidir. Digər cavabdehlər Zəka Allahverdiyev və onun arvadı Cavabdeh3 iddiaçının fərdi yaşayış evində yaşayırlar. Onlarla aralarında mütəmadi surətdə münaqişələr yaranır. Hazırda cavabdeh Zəka Allahverdiyevin da Saray qəsəbəsində dövlət qeydiyyatından keçməmiş fərdi yaşayış evi mövcuddur. Bu hal özü həmin şəxsin istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi üçün əsasdır. Digər Cavabdeh3 isə 2006-cı il tarixdən ailə qurub mübahisəli evdə yaşadığından və həmin şəxsin ümumiyyətlə həmin evə istifadə hüququ olmadığından həmin evdən çıxarılmadır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi iddia tələbinə etiraz edərək bildirdi ki, Cavabdeh2 mübahisəli ünvanda yaşayır. Onun həmin evdə məişət əşyaları vardır. İddiaçı Cavabdeh2 həmin mənzildən qeydiyyatdan çıxarılması üçün onun başqa yaşayış yerinin olmasına dair sübutlar təqdim etməlidir. Lakin, iddiaçı bu cür sübutlar təqdim etməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 mübahisəli evdə yaşadığını bildirdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Cavabdeh1 məhkəmə iclası barədə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışına əsasən iddiaçı xx.xx.1958-ci ildə, Cəbrayıl rayonu, Mehdili kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh2 xx.xx.1983-cü ildə, Cavabdeh1 xx.xx.1981-ci ildə, Cavabdeh3 isə xx.xx.1983cü ildə anadan olmuşlar. Onlar hazırda Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 94B saylı evdə qeydiyyatdadırlar. Arayşdan həmçinin Cavabdeh1 övladları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X2, həmçinin Zəka Allahverdiyevin övladları xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 da həmin evdə qeydiyyatda olduqları müəyyən edilir. Daşınmaz xxxxın dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, 16-cı mikrorayonda yerləşən 94B saylı ev (bundan sonra – mübahisəli ev) iddiaçının adına xüsusi mülkiyyət kimi ********** saylı qeydiyyat nömrəsi ilə xx.xx.2020-ci il tarixində qeydə alınmışdır. İşdə olan qeydiyyat vəsiqəsindən görünür ki, mübahisəli ev Sumqayıt şəhər İcraiyyə Komitəsinin 31 nömrəli, xx xxxxxx 1988-ci il tarixli qərarı ilə İddiaçı adına qeydiyyata alınmışdır. Nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Zəka Allahverdiyev ilə Cavabdeh3 arasında xx xxxxxx 2007-ci il tarixdə nikah bağlanmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti “xxxx” Kiçik Müəssisəsinin xx.xx.2020-ci il tarixli arayışında göstərilmişdir ki, Zəka Allahverdiyev öz ailə üzvləri ilə birlikdə mübahisəli evdə qeydiyyatda olmaqla yaşayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. İşdən göründüyü kimi mübahisəli ev 1988-ci ildə iddiaçının mülkiyyətinə verilmişdir. Cavabdehlər Cavabdeh1 və Zəka Allahverdiyev iddiaçının uşaqları olmaqla həmin vaxtdan mübahisəli evdə yaşamışlar. Bu səbəbdən onlara münasibətdə mübahisəyə xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarına əsasən qiymət verilməlidir. xx.xx.2009-cu ilədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış sahəsindən istifadə qaydası haqqında və xərclərdə iştirakın məbləği haqqında mülkiyyətçi ilə onun ailə üzvləri arasında mübahisələr məhkəmə qaydasında həll edilir. Mənzil Məcəlləsinin 53-cü maddəsində göstərilmişdir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Göründüyü kimi cavabdehlər Cavabdeh1 və Zəka Allahverdiyev iddiaçının ailə üzvləri olmaqla mübahisəli evdən istifadə hüququ əldə etmişlər. İddiaçı onların ailə üzvləri ilə birlikdə kompensasiya verilmədən evdən istifadə hüququna xitam verilməsini tələb edir. Eyni zamanda “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Cavabdeh1 və Zəka Allahverdiyevin mübahisəli evdən istifadə hüquqlarına kompensasiya ödənilmədən xitam verilməsi üçün iddiaçı onların başqa yerdə yaşayış yerlərinin olmasını və mübahisəli evə yaşayış sahəsi kimi ehtiyaclarının aradan qalxdığını sübut etməlidir. İddiaçı həmin cavabdehlərin adlarında hər hansı yaşayış sahəsinin olması, onların mübahisəli evə yaşayış sahəsi kimi ehtiyaclarının olmadığını təsdiq edən zəruri sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda iş materialları ilə Zəka Allahverdiyevin mübahisəli evdə yaşaması və onun həmin evdə əşyalarının olması və evə yaşayış sahəsi kimi ehtiyacının olması sübuta yetirilir. Bu səbəbdən iddia tələbi həmin cavabdehlərə və onların uşaqlarına aid hissədə təmin edilə bilməz. Cavabdeh3 gəldikdə isə qeyd edilməlidir ki, o 2007-ci ildə Zəka Allahverdiyev ilə nikaha daxil olaraq mübahisəli evdə yaşamağa başlamışdır. Bu səbəbdən ona aid hissədə mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) müddəaları tətbiq edilməlidir. Mülki Məcəllənin 228.5-ci maddəsində göstərilir ki, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (228.5.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin «mülkiyyətçinin razılığı» müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. İşdən göründüyü kimi Cavabdeh3 Zəka Allahverdiyevlə nikaha daxil olaraq mübahisəli evə köçsə də, onunla iddiaçı arasında mübahisəli evdən istifadə hüququ ilə bağlı yazılı razılaşma bağlanmadığından Cavabdeh3 mübahisəli evə istifadə hüququ yaranmamışdır. Bu səbəbdən iddia Cavabdeh3 evdən çıxarılması hissəsində təmin edilməli və o, xxxxları ilə birlikdə mübahisəli evdən çıxarılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarından biri onun barəsində yaşayış sahəsindən çıxarılma və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamənin olmasıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 94 B (yeni qaydalarla: AZ 5009, Sumqayıt şəhəri, Sumqayıt şəhər ərazi vahidi, Tofiq Bəhramov küçəsi, 28) ünvanından öz xxxxları ilə birlikdə çıxarılsın. İddia qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə göstərilən şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar