Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6785/2021 02.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllə 200A saylı bağ sahəsində yerləşən evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğludur. Münasibətləri çox gərgindir. Cavabdeh onun 2000-ci ildən yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllə 200A saylı bağ sahəsində yerləşən evi zəbt etmiş, qapının açarını dəyişərək onu mənzilə buraxmır. Bildirir ki, həmin bağ evi tikiləndə cavabdehin 16 yaşı var idi, evi özü və həyat yoldaşı tikib. Sənədləşmə cavabdehin adına rəsmləşdirilib. Lakin, bu günə qədər o, həmin mənzildə yaşamışdır. Cavabdeh dəfələrlə onu mənzildən çıxarmaq barədə məhkəməyə versə də, iddiaları təmin olunmamışdır. Halhazırda onun əşyaları həmin mənzildə qalıb, lakin cavabdeh istifadə etməyinə imkan vermir. Çarəsizlikdən qızının evində yerləşmişdir. Əgər cavabdeh onun həmin bağ evində yaşamağını istəmirsə ona kompensasiya versin, mənzildən istifadə hüququma xitam verilsin. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, həmin bağ torpaq sahəsi mərhum əri tərəfindən alınmış, sonra oğlu olan cavabdehin adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində iki ev – 200a və 200a/1 saylı inşa edilmiş, həmin evlərdən 200a/1 saylı ev qızına məxsusdur və qızının adına qeydə alınmışdır. 200a saylı torpaq sahəsi cavabdehin adına bağcılıq cəmiyyəti tərəfindən qeydə alınsada oradakı yaşayış evini mərhum əri inşa etdirib, həmin ev onların ümumi istifadəsində olmuş, son bir ayadək o, həmin evdə yaşamışdır. Ona məxsus əşyalar hamısı həmin evdədir. Cavabdeh təxminən bir ay əvvəl onu döyərək evdən çıxarmış və evə buraxmır. Cavabdehlə aralarında olan məhkəmə mübahisələri nəticəsində qəbul edilmiş qərarlardan da görünür ki, o, həmin yaşayış sahəsində yaşamışdır. Yaşamağa başqa evi yoxdur. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirdi ki, iddianı qəbul etmir. Mübahisə predmeti olan bağ sahəsi ona məxsusdur. Oradakı yaşayış evini o, inşa etdirib. Həmin bağ sahəsinin daxilində iki yaşayış evi vardır. Digər bağ evinə iddiaçının köçürülməsinə etirazı yoxdur. Digər bağ evi bacısının istifadəsindədir, həmin evi də bacısına o, verib, iddiaçı köçüb orada yaşasın, iddiaçı əvvəldə həmin evdə yaşayıb. Mübahisə predmeti olan evdə iddiaçı yaşamayıb, iddiaçının həmin evə heç bir hüququ yoxdur. Mübahisə predmeti olan ev onun istifadəsindədir, bütün kommunal xərclər onun tərəfindən ödənilir. Cavabdeh həmçinin göstərdi ki, mübahisə predmeti olan yaşayış evi dövlət qeydiyyatına alınmamışdır, evə dair hüquqmüəyyənedici sənədlər yoxdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5538/2018 saylı, 27 iyun 2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və qeyrilərinə qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, cavabdenlər X1, İddiaçı və X4 və onların yetkinlik yaşına çatmayan uşaqlarının Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllə, 200A və 200A/1 saylı bağ sahələrindən çıxarılmaları barədə iddiası iddia rədd edilmişdir. Həmin qətnamənin məzmunundan görünür ki, iddiaçı Cavabdeh mübahisəli bağ sahəsində yerləşən evlərin mərhum atası tərəfindən inşa etdirilməsinə baxmayaraq, həmin tikililərin inşası üçün maliyyə vəsaiti onun tərəfindən ödənildiyini, o zaman atası ilə əldə olunmuş razılığa əşasən onun ailəsi ilə birlikdə atasına məxsus bina evində, valideynlərinin isa 200A saylı bağ evində yaşadıqlarını, sonradan bacısının ailəsində narazıçılıqlar yarandığı üçün, onun və valideynlərinin razılığı ilə bacısının da həmin bağ evinə köçdüyünü, daha sonra bacısı ilə sonuncunun ata mülkiyyətindən pay tələb etməyəcəyi şərti ilə ona 200A/1 saylı bağ sahəsinin rəsmiləşdirilməsi üçün etibarnamə verdiyini, lakin sonradan bacısının həmin bağ evini satıb, ata mülkiyyətindən də pay istəmək niyyətində olduğunu bildikdən sonra ona verdiyi etibarnaməni ləğv etdirdiyini, anası olan cavabdeh İddiaçı hazırda 200A saylı bağ sahəsində inşa edilmiş evdə, digər cavabdehlər X1 və X4 isə 200A/1 saylı bağ sahəsində inşa edilmiş evdə yaşadıqlarını göstərmişdir. Həmçinin Qətnamədən görünür ki, iş materiallarına əlavə olunmuş 10.12.2000-ci ildə Sumqayıt şəhəri “Xəzər” KBC tərəfindən verilmiş “Bağçının üzvlük kitabçası”nın notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Sumqayıt şəhəri S.Vurğun küçəsi, birləşmiş məhəllədə yerləşən 200A №li bağ sahəsi Sumqayıt şəhər XDS-nin 16.08.1986cı il tarixdə 119 №li əmrlə qeydə alınmış müqaviləsinə əsasən 10.12.2000-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş Cavabdeh daimi istifadə etmək üçün verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3383/2020 saylı, 05 noyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X3 qarşı “bağçının üzvlük kitabçasının və bağ evinin tikintisinə dair icazənin etibarsız hesab edilməsi, torpaq sahəsindən çıxarılma və bağ sahəsinə köçürmə tələbinə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X2 adına Sumqayıt şəhəri, Xəzər bağlar sahəsi, Nəsimi küçəsində yerləşən 200a/1 saylı bağ sahəsinə dair verilmiş bağçının üzvlük kitabçasının və cavabdeh İddiaçı adına 08.12.2014-cü il tarixdə tikinti işinin aparılmasına dair icazənin etibarsız hesab edilməsi, bu şəxslərin və həmin bağda yaşayan digər yaşayışçıların həmin bağdan çıxarılmaları və onun bağa köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra iddiaçı Cavabdeh iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək, Sumqayıt şəhəri, Xəzər bağlar sahəsi, Nəsimi küçəsi 2-ci məhəllədə yerləşən və ona məxsus olan 200a saylı bağ sahəsindən cavabdehlərin çıxarılmaları və onun həmin bağa köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh Sumqayıt şəhəri, Xəzər bağlar sahəsi, Nəsimi küçəsi 2-ci məhəllədə yerləşən və ona məxsus olan 200a saylı bağ sahəsinə köçürülməsi qət edilmişdir. Beləliklə, göründüyü kimi mübahisə predmeti olan bağ torpaq sahəsi 10.12.2000-ci ildə bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş Cavabdeh daimi istifadəsinə verilmişdir. Həmin bağ torpaq sahəsində yaşayış evi inşa edilmiş, qarşılıqlı razılıq əsasında iddiaçı həmin evə köçərək 2000-ci ildən son bir ayadək həmin evdə yaşamışdır. Hazırda cavabdeh tərəfindən iddiaçı həmin evdən çıxarılaraq evə buraxılmır. Yaşayış evinə dair hüquqlar dövlət qeydiyyatına alınmamışdır. Məhkəmə hesab edir ki, mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur, yaşayış sahəsi kimi istifadə olunur və iddiaçı uzun müddət daxilində bu evdən yaşayış sahəsi kimi istifadə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz". Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdeh iradəsi əleyhinə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Məhkəmə hesab edir ki, cavabdehin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onun iddiaçıya qarşı törətdiyi məhrumetmə qanunsuzdur. Bununla da cavabdeh qeyd olunan qadağanedici normanı pozmuşdur və pozuntunun nəticələri hal-hazırki vaxta kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Odur ki, iddiaçı həmin mübahisəli tikilidə cavabdehlə birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan onun köçürülməsinə dair iddiası təmin edilməlidir. Məhkəmə yuxarıda şərh olunan müddəalara istinadən bu nəticəgə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllə 200 A saylı bağ sahəsində yerləşən evə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi, 2-ci məhəllə 200A saylı bağ sahəsində yerləşən evə köçürülsün. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-6785/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6785/2021
02.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver