Məhkəmə qərarları › İş №2(060)-679/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-679/2021

12.02.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-679/2021 12.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçı Nümayəndə və onun nümayəndəsi, vəkil X8, Cavabdeh1 nümayəndəsi, vəkil X4 iştirakı ilə, iddiaçı Nümayəndə Cavabdeh1 və Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı əqdlərin etibarsız hesab edilməsi tələbinə dair dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Nümayəndə (bundan sonra - iddiaç) Cavabdeh1 və Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (üçüncü şəxslər Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X10 və Sumqayıt şəhər İcra hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası) ünvan 2 və ünvan 1 ünvanında yerləşən mənzillərə dair X3 ilə Cavabdeh1 arasında Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda xx.xx.2020-ci il tarixdə bağlanmış 4Ə-219 və 4Ə-218 reyestr nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sevinc Alverdiyeva ilə 1998-ci il tarixdən rəsmi nikah qeydiyyatı olmadan ər-arvad kimi yaşamışlar. Bir neçə il yaşadıqdan sonra 2004-cü ildə bir otaqlı mənzil alıblar. Onların faktiki nikah münasibətlərindən xx.xx.2007-ci il təvəllüdlü İddiaçı dünyaya gəlib. İddiaçı həmin uşağa atalıq və öz soyadını vermiş və əsl ailə kimi yaşamağa davam etmişlər. Uşaq doğulandan sonra bir otaq darısqal olduğu üçün həmin bir otağı satıb 2008-ci ildə ünvan 2 ünvanda yerləşən 2 otaqlı mənzil alıb və orada yaşamağa başlayıblar. Əlavə olaraq ünvan 1 ünvanda yerləşən 1 otaqlı mənzili də alıblar. 2019-cu ilin noyabrında Sevinc Alverdiyeva xəstələnmiş və müayinələr nəticəsində ona mədəaltı vəzinin pankrativi diaqnozu qoyulmuşdur. 3 ay iddiaçının iştirakı və köməyilə bütün müalicələr aparılsa da, nəticə olmadığı üçün Sevinc xahiş edib ki, onu Türkiyədəki bacısı Kifayətin yanma göndərsin. xx.xx.2020-ci il tarixdə iddiaçı Naxçıvan vasitəsilə onu İqdir şəhərinə göndərib. Ordakı müayinələrdən məlum olub ki, onda bağırsaq xərçəngi vardır. Bir neçə ay orada müalicə alandan sonra evə qayıdıb. Həmin vaxt onun vəziyyəti yaxşı deyildi. Bir neçə müddət Bakıda müalicə olunmuşdur. Onkoloji Dispanserin həkiminin təyinatı ilə ona dərmanlar yazılmış və vurulmağa başlamışdır. Həmin dərmanlar ağrıkəsici və narkotik tərkibli olduğu üçün Sevinc Alverdiyeva bütün günü narkotik sərxoşluğu altında olurdu. xx.xx.2020-ci il tarixdə Sevinc iddiaçıya deyib ki, ağır vəziyyətindən istifadə edib ona bağışlama müqaviləsinə imza etdiriblər və hər iki mənzili bacısı Kifayətin oğlu etibarnamə əsasında anası Cavabdeh1 adına keçirib. Bunu nəyə görə etdiyini soruşanda Sevinc bildirib ki, həmin vaxt ağır narkotik iynələrin təsiri altında olub və nə etdiyini, nəyə imza etdiyini bilməyib. Bunu yalnız bacısı bu yaxınlarda ona bu barədə məlumat verəndə bilib. İddiaçı bunu eşidəndən sonra dərhal notariat kontoruna gedib və notarius bildirib ki, həqiqətən də arvadı xx.xx.2020-ci il tarixdə hər iki mənzilin bacısı Kifayətə bağışlaması barədə müqavilələrə imza edib. Nəyə görə belə xəstə adamın müqavilələrini təsdiq etdiyini bildirəndə notarius bildirib ki, Sevinc bunu könüllü edib. xx.xx.2020-ci il tarixdə Sevincin bacısı Kifayət Türkiyədən gəlib və həmin gündən iddiaçının öz evinə gəlib-getməyinə və uşağı ilə ünsiyyətə qadağa qoyub. Həmin vaxtdan iddiaçı arvadını və uşağını görə bilmir. Hazırda iddiaçının uşağı yad əllərdə köməksiz, sahibsiz və himayəsiz qalmışdır. Belə ki, uşağın anası ölüm ayağındadır. Sevincin bacısı Kifayət qanunsuz olaraq mənzillərə sahib çıxaraq bacısının ölümünü gözləyir ki, tez evləri satıb Türkiyəyə qaçsın. Kifayət uzun müddətdir ki, Türkiyədə yaşayır, orada vətəndaşlıq alıb. İndi o, mənzilləri zəbt edərək Sevinc Alverdiyevanın ağır vəziyyətindən, uşağın azyaşlı olmaqla köməksiz vəziyyətindən istifadə edir və mənzilləri satmaq planı qurub. Artıq bir otaqlı mənzilin satılması üçün maklerlərə məlumat verib və xx xxxxxxxx 2020-ci il tarixdə mənzilin yerləşdiyi binanın sahə ustası iddiaçıya zəng edərək evin satışa çıxarıldığını bildirib. İddiaçının o mənzillərə ehtiyacı yoxdur. Onun ailəsi və mənzili vardır. İndi Sevincin ölüm ayağında olmasından istifadə edərək Kifayətin həmin mənzilləri mənimsəməsi nəticəsində iddiaçının oğlu çöldə qalacaqdır və anası ölən kimi mənzilsiz və sahibsiz qalacaq, Kifayət isə bu mənzillərə sahib çıxacaqdır. Sevinc Alverdiyeva iddia ərizəsində üçüncü şəxs kimi göstərilsə də, xx.xx.2020-ci il tarixində vəfat etdiyindən iş üzrə üçüncü şəxslər sırasından çıxarılmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək həmçinin bildirdi ki, Sevinc Alverdiyeva ilə 1998-ci ildə tanış olublar. X7 3 bacı biryerdə yaşadıqlarını demişdi. Onun ata və anası təqaüdçü idi. 2004-cü ildə Sevincə ev alıb. 2007-ci ildə övladları olub. 2009-cu ildə evi dəyişərək 13-cü mikrorayondan yeni ev alıblar. Onun rəsmi nikahlı ailəsi var. Sevinc xx.xx.2020-ci ildə Türkiyəyə gedib. 02 iyulda geri qayıdıb. Həmin vaxt o çox pis vəziyyətdə idi. Həmin vaxt ona deyiblər ki, evə gəlməsin. O, 2-3 gün evə gəlməyib. Sonra evə gələndə ona münasibətləri pis deyildi. O zaman öyrənib ki, artıq Sevinc bağışlama müqavilələrini imzalayıb. 8 oktyabrda Sevinc vəfat edib. Ondan sonra onu uşaqdan uzaqlaşdırıblar. Onun ev tələbi yoxdur, məqsədi evin Ümidə qalmasıdır. Sevinc psixotrop dərnanlar qəbul edirdi. O, şəxsən resept əsasında “Omid” dərmanı alıb Sevincə verib ki, bu da psixotrtop dərmandır. Onlar Sevinclə tanış olanda o, ailəli idi və 1 övladı vardı. 2-ci övladı 2005-ci ildə anadan olub. Rəsmi nikahlı yoldaşı ilə mütəmadi olaraq biryerdə yaşayıblar. Evi kimi adına salmaq mübahisəsi səbəbindən atalıq daha sonra verilib. O, həyat yoldaşı ilə 17-ci mikrorayonda yaşayıb. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, bu iddia azyaşlı uşağın mənafeyinin pozulmaması üçün qaldırılıb. Belə ki, uşağın anasının ağır vəziyyətindən istifadə olunub və həmin əqdlərə imza etməyə məcbur edilib. Yəni, Sevinc Alverdiyeva həmin bağışlama müqavilələrini imzalayarkən ağır vəziyyətdə olub və psixotrop maddələr qəbul etdiyindən öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmayıb. Bu isə əqdin etibarsız hesab edilməsi üçün əsasdır. İddianın əsası uşağın mənafeyidir. Faktiki olaraq uşaq mülkiyyətsiz qalıb. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 əvvəlki məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, o, Sevinc Alverdiyevanın bacısıdır. Sumqayıt şəhəri 48-ci məhəllədə atasıın evi vardı. 2003-cü ildən atası, anası və Sevinc orada yaşayırdılar. Qardaşının o evdən çıxması üçün ona pul veriblər. Sonradan ev onun adına keçirilib. Sonra Sevinc 7000 manat, o isə 2000 manat pul yığıb 17-ci mikrorayondan Sevincin adına ev alıblar. Sonradan eşidiblər ki, o evə Altay gedib-gəlir. Bir gün anası deyib ki, Sevinc hamilədir. Altay onu uşağın olmaması üçün məcbur edirdi. Sonra 1 otaqlı evi satıb, 2 otaqlı ev alıblar. 2008-ci ildə 27000 manata ev satılıb. 3000 manat da o verib. Sevinc Alverdiyeva xəstələnəndə Türkiyəyə onun yanına gəlib. 2020-ci ilin mart ayında Sevinci xəstəxanaya aparıb və öz hesabına 4 ay müalicə etdirib. Sonra onlar Bakıya gəliblər. Sevinc istəyirdi ki, ev Ümidin olsun. Lakin, o iddiaçıya inanmırdı. Bu səbəbdən mənzilləri ona bağışlayıb. Qeyd edilənlərə əsasən, cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi Nigar Hüseynova məhkəmə iclasında iddiaya etiraz edərək bildirdi ki, iddiaçının Sevinc Alverdiyeva ilə rəsmi nikahı olmayıb. Uşaq onların qeyri-rəsmi münasibətlərindən doğulub. Uşaq 2007-ci ildə anadan olsa da, iddiaçı ona 2013-cü ildə atalıq verib. Cavabdeh iddiaçıya inanmadığından mənzilləri bacısına bağışlayıb. İddiaçının hazırkı iddianın qaldırılmasına subyektiv hüququ yoxdu. İddiaçının öz ailəsi və uşaqları vardır. Məlum məsələdir ki, o Ümidi öz ailəsinin yanında saxlaya bilməyəcəy. Ümid özü də atası ilə qalmaq istəmir. Belə olan halda uşağın mənafeyi naminə iddia qaldırılmasından söhbət gedə bilməz. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 məhkəmə iclasında verdiyi izahatnda bildirdi ki, iddiaçı mənzillərin bağışlanması ilə bağlı Komissiyaya müraciət etmişdi. Həmin vaxt X5 tərəfindən dəvət edilərək onunla söhbət aparılıb. Sevinc Alverdiyeva mənzilləri öz istəyi ilə bacısına bağışladığını bildirib. Lakin, mənzillər bağışlanarkən Sevinc Alverdiyeva bununla bağlı Komissiyaya müraciət etməyib. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilib- edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisi məhkəməyə ünvanlanmış ərizəsində işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Üçüncü şəxs Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı X10 məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə həmin cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1970-ci ildə anadan olmuşdur. 11 saylı Mənzil Kommunal Sahəsinin 1651 saylı, xx.xx.2020-ci il tarixli arayışına əsasən o, ünvan 4 ünvanında yaşayır. Cavabdeh1 xx.xx.1965-ci ildə anadan olmuşdur. O, ünvan 5 ünvanında qeydiyyatdadır. Yetkinlik yaşına çatmayan şəxsin şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.2007-ci ildə, Sumqayıt şəhərində anadan olmuşdur. Onun atası Nümayəndə, anası X2r. Sumqayıt şəhəri 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2020-ci il tarixli, 4ə-218 və 4ə- 219 saylı daşınmaz əmlakın bağışlama müqavilələrinə əsasən Sevinc Alverdiyeva öz mülkiyyətində olan müvafiq olaraq Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 14/21-də yerləşən 3 saylı və Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 50-də yerləşən 15 saylı mənzilləri Cavabdeh1 bağışlamışdır. Atalığın müəyyən edilməsi haqqında xx.xx.2013-cü il tarixli şəhadətnaməyə əsasən iddiaçı xx.xx.2007-ci ildə doğulmuş İddiaçı atası hesab edilmişdir. İşdə olan ölüm haqqında şəhadətnaməyə əsasən Sevinc Alverdiyeva xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda xüsusi notarius Əbülfəz Bünyatov qeyd etmişdir ki, adı çəkilən bağışlama müqavilələri həqiqətən onun tərəfindən xx.xx.2020-ci ildə X1 iştirakı ilə rəsmiləşdirilmişdir. Mənzillərin bağışlanması haqqındakı müqavilələrin rəsmiləşdirilməsindən əvvəl Sevinc Alverdiyeva ona müraciət edərək adına olan mənzilləri bağışlamaq istədiyini bildirib. Lakin bunu elə etmək istəyirdi ki, nikahda olmadığı övladının atası 18 yaşına qədər onun işlərinə qarışa bilməsin. Notarius ona izah edib ki, Nümayəndə onun övladının atasıdır, qanuni nümayəndəsidir, 18 yaşına çatana qədər bu məsələnin həlli onun da iştirakı ilə olmalıdır. O isə bunu heç cür istəmirdi və təminat istəyirdi ki, Altay Allahverdiyev bu məsələlərə qarışmasın. Notarius ona təklif edib ki, bir daha fikirləşsin, məsləhət etsin başqa formada necə həll etmək olar. Bir neçə gündən sonra Sevinc Alverdiyeva notariat ofisinə gəlmiş və izah etmişdir ki, o bacısından başqa heç kəsə inanmır, ona görə də mənzilləri ona bağışlamaq istəyir ki, gələcəkdə bacısı övladına mənzilləri bağışlasın və ona yardımçı olsun. Övladının atasına inanmadığını bildirmiş və izah etmişdir ki, bu şəxsə qarşı heç bir inamı yoxdur. Notariat ofisinə gələndə onun vəziyyəti normal görünürdü. O sərbəst müqavilələrə imza etdi. O özü ağır xəstə olduğunu bilirdi. Ona görə də bu məsələni tez həll etmək istəyirdi. Ağrıkəsici iynələr vurulması məsələsinə gəldikdə notarius hesab etmir ki, bu Sevincin fəaliyyət qabiliyyətinə və davranışına təsir edə bilsin. Notarius belə bir şey hiss etməmişdir. O, çox səlist və qəti şəkildə öz fikrini bildirirdi. Ona görə də hesab edir ki, mənzilləri bacısına bağışlaması haqqında müqavilələrə o tam şüurlu şəkildə imza etmişdir və bu onun iradəsinin ifadəsi idi. Bu onun etdiyi imza və yazılardan da görünür. İş materiallarına Sevinc Alverdiyevanın xəstəlik tarixçəsinin və xəstəliyi ilə bağlı sənədlərin surətləri əlavə edilmişdir. İddiaçı 10 yaşına çatdığı üçün məhkəmə onun hüquq və vəzifələrinə dair məsələni həll edərkən onun fikrinin dinlənilməsini zəruri hesab etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, hal-hazırda xalası ilə birlikdə yaşayır. Onun anası xəstə olan vaxtlarda da xalası ona və anasına baxmışdır. O, hesab edir ki, anası mənzilləri bilərək və istəyərək xalasına bağışlayıb. O, buna etiraz etmir. Eyni zamanda o, atası ilə birlikdə qalmaq istəmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (666.1.). Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın (667.1.). Daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlıdır (668.1.1.). Göründüyü kimi Sevinc Alverdiyeva öz mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 14/21-də yerləşən 3 saylı və Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 50-də yerləşən 15 saylı mənzilləri Cavabdeh1 bağışlamışdır. Hal-hazırda iddiaçı həmin bağışlama müqavilələrini mübahisələndirir və hesab edir ki, Sevinc Alverdiyeva bağışlama müqavilələrini imzalayarkən ağır xəstə olmuş və ağrıkəsici xarakterli ağır psixotrop dərmanlar qəbul etdiyindən öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu surətdə idarə etmək iqtidarında olmamışdır. Bu səbəbdən müqavilələr etibarsız hesab edilməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1.). Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (346.1.). Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər (346.2.). Şüurun itməsi və ya müvəqqəti psixi pozuntu zamanı edilmiş iradə ifadəsi etibarsız sayıla bilər (346.3.). Ruhi xəstə şəxsin iradə ifadəsi real şəraitin düzgün qavranışına uyğun gəlmədikdə və şəxs məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıldıqda iradə ifadəsi etibarsızdır (346.4.). İddiaçı hesab edir ki, qeyd edilən bağışlama müqavilələri nəticəsində onun oğlu İddiaçı hüquq və qanuni mənafeyi pozulmuşdur. Bu səbəbdən o qanuni nümayəndə kimi həmin əqdləri mübahisələndirməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər (49.3.). On dörd yaşınadək yetkinlik yaşına çatmayanların, habelə fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafelərini məhkəmədə onların qanuni nümayəndələri qoruyurlar (49.4.). Məhkəmə hesab edir ki, İddiaçı qanuni nümayəndəsi olmaqla hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malikdir. İddianın təmin edilməsi üçün iddiaçı Sevinc Alverdiyevanın bağışlama müqavilələrini bağlayarkən öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə olmasını sübut etməlidir. Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinin məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubunda notarius bağışlama müqavilələrini imzalayarkən Sevinc Alverdiyevanın şüurunun yerində olduğunu, onun davranışlarında hər hansı pozuntunun hiss edilmədiyini bildirmişdir. Həmçinin notarius müqavilələri təsdiq etməzdən əvvəl Sevinc Alverdiyeva ilə söhbət apardığını, Sevincin hazırkı iş üzrə iddiaçıya inanmadığı üçün mənzilləri bacısına bağışlamaq istəməsini bildirdiyini qeyd etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi iddiaçının ərizəsi əsasında Komissiya tərəfindən Sevinc Alverdiyeva ilə söhbət aparıldığını, Sevincin bağışlama müqavilələrini bilərək və istəyərək imzaladığını bildirdiyini məhkəmə iclasında verdiyi izahatında qeyd etmişdir. İddiaçı məhkəmə iclasında anasının mənzilləri bilərək və istəyərək xalasına bağışladığını, onun özünün buna etiraz etmədiyini və atası ilə birlikdə qalmaq istəmədiyini qeyd etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən hallar mübahisəli mənzillərin Sevinc Alverdiyeva tərəfindən şüurlu surətdə, bilərək və istəyərək Cavabdeh1 bağışlanması qənaətinə gəlməyə imkan verir. İddiaçı isə həmin halların əksini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı məhkəməyə Sevinc Alverdiyevanın xəstəlik tarixçəsini təqdim edərək ona tətbiq edilən dərmanların psixi pozuntuya səbəb olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin edilməsi barədə vəsatət vermişdir. Lakin, həmin vəsatət məhkəmətərəfindən təmin edilməmişdir. Məhkəmə hesab edir ki, Sevinc Alverdiyeva artıq vəfat etdiyi üçün onun qəbul etdiyi dərmanların həmin vaxt onda psixi pozuntuya səbəb olub-olmadığını ekspert dəqiqliklə müəyyən edə bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Nümayəndə cavabdehlər Cavabdeh1 və Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı ünvan 2 və ünvan 1 ünvanında yerləşən mənzillərə dair X3 ilə Cavabdeh1 arasında Sumqayıt şəhər 1 saylı Notariat Ofisində xx.xx.2020-ci il tarixdə bağlanmış 4Ə-219 və 4Ə-218 reyestr nömrəli bağışlama müqavilələrinin etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar