Məhkəmə qərarları › İş №2(060)-6828/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6828/2021

31.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6828/2021 31.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və onların azyaşlı övladı 27 sentyabr 2006-cı il təvəllüdlü X1 ünvan 1 ünvanına istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Puşkin küçəsi, məhəllə 5 ünvanında yerləşən 28/1 saylı evin 22 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Həmin mənzilə görə AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfidən 19.05.2016-cı ildə RX Seriyalı ******* №-li Çıxarış verilmişdir. Cavabdehlərdən Cavabdeh1 onun oğlu, digər Cavabdeh2 isə onun gəlnidir. Azyaşlı nəvəsi 27 sentyabr 2006-cı il təvəllüdlü X2 da mülkiyyətində olan mənzildə pasport qeydiyyatındadır. Cavabdehlərin onun mənzilində qeydiyyatda olması onun mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Cavabdehlərin qeydiyyatı formal xarakter daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddianı qəbul edir. O, həmin mənzildə yaşayır və mənzildə pay hüququ olan şəxsdir. Bununla yanaşı, istifadə hüququna xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddianı qəbul etmir. Belə ki, mübahisə predmeti olan mənzil paylı mülkiyyətdir, həmin mənzildə 1/3 hissədə pay hüququ vardır. Digər Cavabdeh1 onun əridir. Onlar həmin mənzildə yaşayırlar. İddianı əsassız hesab edir və rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 1/28, 22 saylı mənzil hər birinə 1/3 hissədə pay hüququ müəyyən olunmaqla, mülkiyyət hüququ ilə Cavabdeh1, Cavabdeh2 və X1 adına daşınmaz əmlakın dövlət reyestrində 19.05.2016-cı il tarixdə qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahisə predmeti olan mənzil paylı mülkiyyət olmaqla, iş üzrə tərəflərin hər birinin mənzil üzərində 1/3 hissədə mülkiyyət hüquqları qeydə alınmışdır. Paylı mülkiyyətin mülkiyyətçilərindən biri olan iddiaçı digər mülkiyyətçilərə qarşı araşdırılan iddia tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. 215.5. Paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Şərh olunan hüquq normalarının göstərişlərindən göründüyü kimi mülkiyyət hüququ dövlət tərəfindən tanın və qorunan hüquqdur. Mülkiyyət hüququ - əmlaka sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququn özündə birləşdirməklə mülkiyyətçi qanunda müəyyənləşdirilmiş qaydada əmlakdan sərbəst surətdə istifadə edə bilər və s. Paylı mülkiyyətin hər bir mülkiyyətçisi qalan mülkiyyətçilər ilə birlikdə əmlakdan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Araşdırılan mübahisədən göründüyü kimi tərəflər paylı mülkiyyətin mülkiyyətçisidir. Məhkəmə hesab edir ki, araşdırılan müabahisə üzrə istifadə hüququ mülkiyyət hüququnun tərkib elementi kimi çıxış edir. Mülki qanunvericilikdə mahiyyət baxımından yaşayış sahəsindən istifadə səlahiyyətinin hüquqi rejimi bir-birindən fərqlənməklə müzakirə edilən iddia tələbi üzrə istifadə hüququnun əsasında mülkiyyət hüququ dayanır. Bu baxımdan məhkəmə hesab edir ki, paylı mülkiyyətin mülkiyyətçilərindən biri olan iddiaçının paylı mülkiyyətin digər mülkiyyətçiləri olan cavabdehlərə qarşı belə bir iddia tələbi irəli sürməyə hüquqi əsası yoxdur. Odur ki, iddia tələbi əsassız olduğunan rədd edilməlidir. Məhkəmə Cavabdeh1 iddianı etirafına gəlincə bu etirafı Azərbaycan Respublikası MPM-nin 52-ci maddəsinə əsasən qanuna zidd hesab edir və qəbul etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar