Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6838/2025 27.11.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və tikilinin söküİməsi tələbinə dair iş üzrə (açar sözlər: torpaq sahəsinin boşaldılması) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və tikilinin söküİməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər X1 qəsəbəsi Tağıyev-2 qapalı hərbi şəhərciyinin ərazisində Cavabdeh tərəfindən qanunsuz inşa edilmiş evin sökülməsi və cavabdehin ailə üzvləri ilə blrlikdə həmin zəbt edilmiş torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsi iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh X1 qəsəbəsi Tağıyev- 2 qapalı hərbi şəhərciyin ərazisində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hacı Zeynalabdin rayon Mənzil-İstismar hissəsinin balansında olan torpaq sahəsini zəbt edərək, burada özlərinə müxtəlif ölçülü ev tikmiş və ailə üzvləri ilə bu evdə yaşayır. Tərəflərindən aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh tikdiyi evin torpaq sahəsi AR Müdafiə Nazirliyinin balansında olmaqla qapalı hərbi şəhərciyin ərazində inşa edilmişdir. Lakin bu tikintiyə tərəflərindən razılıq verilməmiş və bu torpaq sahəsi cavabdehə qanuni əsaslarla ayrılmamışdır.
b) iddiaya etiraz
3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.
c) məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (məhkəmə bildirişinə imza etməklə) xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, iddia tələbini qəbul etmir. Həmin ərazi qapalı hərbi şəhərciyin ərazisi deyil, boş sahədir. Onun tərəfindən heç bir qanunsuz tikinti işi aparılmamışdır. O, 2010-cu ildə tanımadığı şəxsdən alqı-satqı yolu ilə hazır ev almışdır. 15 ildir ki, ailəsi ilə orada yaşayır. Alqı-satqı zamanı aralarında müqavilə bağlanmamış, şifahi razılığa gəlmişlər. Həmin ərazinin hər hansı hərbi hissəyə aid olmasını qəbul etmir.
Əsaslandırıcı hissə:
a) mülki işin materialları
7. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 1 saylı Mənzil İstismar sahəsi tərəfindən “Tağıyev-2v” hərbi şəhərciyində Kərim Kərimov küçəsində olan qanunsuz fərdi tikili sahibləri barəsində tədbir görülməsi üçün H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsinə müraciət edilmişdir.
8. “Tağıyev 2 və 2v”-nin hərbi şəhərciyində qanunsuz fərdi tikili sahibləri haqqında məlumatdan görünür ki, Cavabdeh qanunsuz fərdi tikili sahibdir.
9. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh qanunsuz yaşadığı Sumqayıt şəhəri, Z.Tağıyev 2-2v hərbi şəhərciyinin ərazisində K.Kərimov küçəsində inşa edilmiş mənzilin boşaldılması bildirilmiş, əks halda məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir.
b) tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;
11. «Azərbaycan Respublikasının Silahlı Qüvvələrində mənzil-istismar xidməti və mənzil təminatı haqqında Təlimat»ın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin 55 №li Qərarının 1-ci fəsli: “1.1. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin mənzil istsmar xidmətinə ümumi rəhbərliyi Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi həyata keçirir. 1.2. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi, Müdafiə Nazirliyinin mənzil-istismar xidmətlərinə bütövlükdə rəhbərlik edir və hərbi hissələri təyin olunmuş normalara uyğun olaraq bütün növ mənzil təminatları ilə təmin edir. 1.3. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinə aşağıdakılar həvalə edilir: 1.3.11. hərbi qulluqçuların, fəhlələrin və qulluqçuların yaşayış sahəsi ilə təmin edilməsinin, MN satın aldığı, inşa etdiyi (etdirdiyi) yaşayış binalarındakı mənzillərin, yataqxanalardakı yaşayış sahələrinin uçotunun aparılması; 1.3.13. qarnizonlarda yaşayış sahəsinin bölüşdürülməsinə və mənzil fondunun düzgün istifadə edilməsinə nəzarət; 1.4. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsi rəisinə bilavasitə aşağıdakıla tabedir: 1.4.1. rayon mənzil-istsmar hissələri; 1.9. Silahlı Qüvvələrin Qarnizon və Qaravul Xidmətləri Nizamnaməsinin 46-cı bəndində nəzərdə tutulan vəzifələrdən əlavə, rayon mənzil-istsmar hissəsi rəisinə aşağıdakılar həvalə edilir; 1.9.1. Müdafiə Nazirliyinin yaşayış sahəsinə ehtiyacı olan hərbi qulluqçularının, fəhlələrin və qulluqçuların qeydiyyata alınması; 1.9.3. Dövlət təminatı və digər qaydada alınan yaşayış sahələrinin qeydiyyata alınması; 1.9.4. yaşayış sahələrinə yerləşdirilmə üçün müəyyən edilmiş qaydada sənədlərin rəsmiləşdirilməsi.
12. “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarı: “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.”
c) məhkəmə baxışının hədləri
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
d) məhkəmənin mövqeyi
14. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir.
15. Yuxarıda qeyd edilən normaların tələblərindən görünür ki, rayon mənzil istismar hissəsinin tərkibində formalaşan komissiyanın mənzillərə dair qərar qəbul etmək səlahiyyəti olsa da, həmin komissiyalar hüquqi şəxs və ya inzibati orqan deyildir. Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsi Müdafiə Nazirliyinin mənzil-istismar xidmətlərinə bütövlükdə rəhbərlik edir və hərbi hissələri təyin olunmuş normalara uyğun olaraq bütün növ mənzil təminatları ilə təmin edir.
16. Beləliklə də, hazırkı iddia tələbi üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsi subyektiv hüquqa malik deyildir.
17. Qeyd olunmalıdır ki, mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.
18. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında da göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir.
19. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
20. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil-İstismar Xidmətinin H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsi hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüquqa malik olmadığından onun Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və tikilinin söküİməsi tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə hissəsi:
21. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin H.Zeynalabdin rayon Mənzil İstismar Hissəsinin Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və tikilinin söküİməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Pərvin İmamverdiyeva