Məhkəmə qərarları › İş №2(060)-6848/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6848/2025

09.01.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6848/2025 09.01.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair üzrə (açar sözlər: istifadə hüququna xitam verilməsi) Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 ünvan 1 ünvanında yerləşən, 34 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi, 100 (bir yüz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehlərdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, keçmiş həyat yoldaşı X2 ilə xx.xx.1993-cü il tarixdə Sumqayıt şəhər nikah evində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 adlı övladları vardır. Birgə yaşamaq mümkün olmadığına görə ayrılmışlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-2551/2010 saylı qətnaməsi ilə nikahları pozulmuş və cavabdehlər anaları X1 yanında qalmışlar. Boşanmadan sonra keçmiş həyat yoldaşı uşaqlarla birgə evdən köçüb getmişdir. 15 ildir ki, cavabdehlər ondan ayrı yaşayır və onunla bütün əlaqələrini kəsmişlər. ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlər mənzildən köçüb getsələr də, yaşayış yeri üzrə qeydiyyatdan çıxmamışlar. Formal olaraq ona məxsus olan mənzildə qeydiyyatda qalmaqla onlar mənzilin üzərində olan mülkiyyət hüququnu məhdudlaşdırırlar. Bundan əlavə vavabdehlər ona məxsus mənzildə yaşamadıqları halda o, onların əvəzinə lüzumsuz kommunal xərclərini ödəmək məcburiyyətindədir. Maddi durumu getdikcə pisləşir. Belə bir vəziyyətin saxlanılması onu qane etmir, çünki mülkiyyətində olan mənzilə dair sərəncam vermək hüququnu həyata keçirə bilmir. Mənzilin üzərində mülkiyyət hüququnu bərpa etmək başqa yolla mümkün olmadığına görə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Hesab edir ki, yuxarıda göstərilən hüquq normalarına müvafıq olaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməlidir.

b) iddiaya etiraz

3. Cavabdehlər tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, ünvan 1 ünvanında yerləşən 34 saylı mənzil iddiaçının xüsusi mülkiyyətindədir. Qeyd edir ki, 15 ildir ki, cavabdehlər iddiaçıdan ayrı yaşayır və onunla bütün əlaqələrini kəsmişlər. Cavabdehlərin hər birinin ayrıca yaşayış yeri vardır. Belə ki, Cavabdeh1 ailə qurmuş və hazırda Abşeron rayonunda yaşayır. Digər Cavabdeh2 isə anası ilə birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayonda yaşayır. Qeyd edilənlərin nəzərə alınmasını və cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Belə ki, həmin evdə böyümüş, valideynləri boşandıqdan sonra da 3 il həmin mənzildə yaşamışlar. Sonradan iddiaçı onları həmin evdən çıxarmışdır. Onlar öz istəyi ilə həmin mənzildən çıxmamışlar. Onlara yaşamaq hüququ verilsə də, iddiaçı onlara orada yaşamağa imkan verməmişdir. İddiaçı onlara hədə-qorxu gəlmişdir. Onların həmin evdə yaşamaq hüquqları olduğuna görə kompensasiya ödənilməsini tələb edir. Həmçinin, iddiaçının bağ evi olmuşdur. Həmin ev satıldıqdan sonra onlara cəmi 25000 manat pul verilsə də, özlərinə ev ala bilməmişlər. Hələ də kifayət qədər borcları var. 1 ildir ki, ailə həyatı qurmuş, hazırda Masazırda qəsəbəsində yaşayır. Mübahisəli mənzildə onun haqqı var. Ailə həyatı qursa da heç kim sığortalanmamışdır. Ona görə onlara kompensasiya olaraq birotaqlı ev verilməsini tələb edir. Qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. Hazırda anası ilə birlikdə 3-cü mikrorayonda yaşayır. Mübahisəli mənzildən çıxarılmağa razı deyil. Qeyd edilənlərin nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş etdi.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

7. 11/760 nömrəli, 4 dekabr 1987-ci il tarixli orderdən görünür ki, Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 23 saylı evin 34 saylı mənzili X6 və onun 4 nəfər ailə üzvünə ayrılmışdır.

8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2551/2010 saylı, xx.xx.2010-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı və X2 arasında xx.xx.1993-cü ildə Sumqayıt şəhər nikah evində bağlanmış 1072 nömrə ilə qeydə alınmış nikah pozulmuş, uşaqlar analarının yanında saxlanılmışdır.

9. AZ-İ seriyalı, 521787 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı və X2 arasında olan nikaha Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2010-cu il tarixdə xitam verilmişdir.

10. xx.xx.2021-ci il tarixli, 70 nömrəli arayışdan görünür ki, X4 məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 23 saylı evin 34 saylı mənzildə İddiaçı, X2, Cavabdeh1 və Cavabdeh2 qeydiyyatdadırlar. X5 vəfat etmiş, ölən günə kimi birlikdə yaşamışlar.

11. xx.xx.2021-ci il tarixli, **********354 nömrəli, xx.xx.2021-ci il tarixli, **********363 nömrəli, xx.xx.2021-ci il tarixli, **********358 nömrəli və xx.xx.2021-ci il tarixli, **********356 nömrəli ərizələrin surətindən görünür ki, Cavabdeh2, X6, X2 və Cavabdeh1 Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 23 saylı evin 34 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etməmişlər.

12. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1, 34 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2021-ci il tarixdə qeydə alınmışdır.

13. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 23 saylı evin 34 saylı mənzilində qeydiyyatdadırlar.

14. xx.xx.2025-ci il tarixli qonşuların iştirakı ilə tərtib edilmiş aktdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 23 saylı evin 34 saylı mənzildə qeydiyyatdadırlar. Hal-hazırda bu ünvanda yaşamırlar.

b) tətbiq edilən hüquq

15. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 13. İ. mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

16. «İnsan hüquqlarının və əsas azaldıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolu: Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz.

17. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”: Maddə 17. Hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir.

18. Azərbaycan Respublikası Mənzil Məcəlləsi (qüvvədən düşmüş): Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 54. İcarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır;

c) məhkəmə baxışının hədləri

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

d) məhkəmənin mövqeyi

21. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı deyildir.

22. Məhkəmə araşdırılması ilə müəyyən edilmişdir ki, İddiaçı (bundan sonra iddiaçı) anası cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nənələri X4 xx.xx.1987-ci il tarixdə mübahisəli – Sumqayıt şəhəri, 18-ci mikrorayonda yerləşən 23 saylı evin 34 saylı mənzilinə dair order verilmişdir. İddiaçı X2 ilə xx.xx.1993-cü il tarixdə nikaha daxil olmuş, sonuncu mübahisəli mənzilə gəlin köçmüşdür. İddiaçı ilə Ceyran Atakişiyevanın nikahlarından xx.xx.1994-cü il təvəllüdlü Cavabdeh1 və xx.xx.1995-ci il təvəllüdlü Cavabdeh2 (bundan sonra cavabdehlər) doğulmuş, cavabdehlər doğulduqları vaxtdan mübahisəli mənzildə pasport qeydiyyatına alınmışlar. Tərəflər həmin mənzildə icarədarla birgə təsərrüfat aparmaqla onun digər ailə üzvü kimi orada daimi əsaslarla yaşamışlar. Məhkəmə qətnaməsi əsasında iddiaçı ilə Ceyran Atakişiyevanın nikahları xx.xx.2010-cu il tarixdə pozulmuş, birgə nikahdan olan uşaqlar analarının yanında saxlanılmışlar. İddiaçı 2021-ci ildə mübahisəli mənzili adına özəlləşdirmiş, mənzilə dair hüquqlar xx.xx.2021-ci il tarixdə iddiaçının adına dövlət qeydiyyatına alınmışdır.

23. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, MPM-nin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasındakı mənzilə dair hüquq münasibəti cavabdehlərin doğulduqları vaxtdan mübahisəli mənzildə daimi əsaslarla yaşadığı 2000-ci ilədək yaranmışdır ki, bu da onlar arasındakı mübahisənin həmin dövrdə qüvvədə olan maddi hüquq normaları, yəni Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməklə həll olunmasını şərtləndirir.

24. Həmçinin, məhkəmə hesab edir ki, mübahisəli mənzil dövlət fonduna aid olmaqla yaşayış sahəsi order əsasında 1987-ci ildə iddiaçının anasına verildiyindən və mənzilin eyni hüquqi vəziyyətində (hər hansı şəxsin adına özəlləşdirilmədən) cavabdehlər doğulduqları vaxtdan (müvafiq olaraq 1994 və 1995-ci ildən) daimi əsaslarla yaşadıqlarından, onların da həmin mənzilə istifadə hüquqları yaranmışdır.

25. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə görə mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir.

26. Göstərilənlərlə yanaşı nəzərə alınmalıdır ki, mənzilin mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı (2021-ci ildə) kirayəçi ilə birlikdə faktiki yaşayan və notarial razılıqları alınan ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları olduğundan və orada daimi əsaslarla yaşadıqlarından, onların həmin mənzilə mülkiyyət hüququ üzrə ağlabatan və “qanuni gözləntisi” də istisna olunmur.

27. Belə ki, cavabdehlərin özəlləşdirmə zamanı verdikləri razılıq (notarial ərizələr) tərəflər arasında bir növ sosial müqavilədir. Bu razılıq müqabilində onların mənzildə yaşamaq hüququnun qorunacağı “qanuni gözlənti” yaradır. İddiaçı cavabdehlərin razılığı ilə mənzili öz adına özəlləşdirmiş, hazırda isə həmin şəxsləri mənzildən çıxarmaq istəyir. Bu, hüquqdan sui-istifadədir və məhkəmə tərəfindən müdafiə oluna bilməz.

28. Məhkəmə, iddiaçının ailə münasibətlərinə xitam verilməsi ilə cavabdehlərin anaları ilə birlikdə qalmalarına və bu əsasla mənzilə istifadə hüququnun itirilməsi barədə dəlillərinə münasibətdə isə qeyd edir ki, əvvəla, cavabdehlər dövlət fonduna daxil olan mübahisəli mənzildə 1994-1995-ci ildən etibarən iddiaçı ilə bərabər ailə üzvü kimi yaşayıb birgə təsərrüfat aparmaqla, iddiaçı ilə eyni hüquq və vəzifələrə məxsus olmuşlar ki, belə olan halda da həmin dövrdə qüvvədə olmuş mənzil qanunvericiliyinə əsasən, cavabdehlərin anaları ilə iddiaçı arasında nikahın pozulması ilə əsasında Ceyran Atakişiyevanın iddiaçının ailə üzvləri sırasından çıxması, cavabdehlərin mənzilə istifadə hüquqlarına xitam verilməsinə əsas vermir, əksinə onlar iddiaçının uşaqları olduqlarından ailə üzvü kimi mənzilə dair iddiaçı ilə eyni hüquq və vəzifələrə malikdirlər.

29. İkincisi, hüquqi və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmaz olduğu qədər, mənzil hüququ da, heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünü özündə ehtiva etməklə, hüquqi dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilən dəyərlərdəndir və bu hüquqlar insan hüquq və əsas azadlıqları sistemində vahid vəhdət təşkil edərək eyni əhəmiyyətli hüquqlar kimi müdafiə olunur, həmçinin hər kəsin hüquq və azadlıqları digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının dəlilləri mənzildən məcburi çıxarılan, habelə hazırda ailə həyatı quraraq başqa mənzildə və anası ilə birlikdə digər mənzildə yaşayan cavabdehlərin mənzildən istifadə hüquqlarının xitamı üçün əsas hesab edilə bilməz.

30. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

32. Həmin Məcəllənin 139-1.1.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur.

33. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununun 12-ci maddəsinə əsasən, mənzilləri (evləri) öz mülkiyyətinə almış vətəndaşlar yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzillərə (evlərə) öz mülahizələrinə görə sahiblik edir, onlardan istifadə edir və onlar barəsində sərəncam verirlər: onları vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onların barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilərlər. Mənzilə (evə) mülkiyyət hüququnun həyata keçirilməsi başqa şəxslərin hüquqlarına və qanuni mənafeyinə xələl gətirməməlidir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, Konstitusiyanın 43-cü maddəsinin İ hissəsi mənzil hüququnu neqativ formada ifadə edir. Belə ki, həmin maddəyə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz... Konstitusiyada təsbit olunmuş bu hüquq hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cəbrayılova Nonna Serqeyevnanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 2 fevral 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 2 dekabr 2010-cu il Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil- Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 31 may 2020-ci il Qərarı).

35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 aprel 2018-ci il Qərarına əsasən tərəflər arasında münasibətlər yarandığı zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 306-cı maddəsi nəzərdə tuturdu ki, mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. Kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurdu. Digər qohumlar, habelə himayədə olan əmək qabiliyyəti olmayanlar, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda kirayəçinin ailə üzvləri sayıla bilərdi. Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 1985-ci il 12 aprel tarixli “Məhkəmələrin Azərbaycan SSR Mənzil Qanunvericiliyinin tətbiqi təcrübəsinə dair” Qərarına əsasən yaşayış sahəsinə digər şəxslərin hüququna dair mübahisələrin həlli zamanı məhkəmələr nəzərdə tutmalıdırlar ki, yaşayış sahəsinə yalnız o şəxslər tələb irəli sürə bilər ki, onlar mənzil sahibinin yaxud kirayəçinin yaxın qohumlarıdır, yaxud kirayəçidən asılı olan, əmək qabiliyyəti olmayan şəxslərdir. İstisna halda digər şəxslər yalnız o şərtlə müvafiq hüquqa malik olurlar ki, onlar kirayəçi ilə birgə təsərrüfat aparırlar, yaxud onunla ailə münasibətlərindədirlər. Bunlardan biri olmasa şəxs kirayəçinin ailə üzvü hesab edilə bilməz. Göründüyü kimi, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar. İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər. Beləliklə, yaşayış sahəsindən istifadə hüququ yalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olurdu...Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.

36. Həmin Qərar ilə formalaşdırılmış hüquqi mövqeyə görə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsi ilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

37. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair 21 dekabr 2012-ci il Qərarı ilə formalaşdırılmış hüquqi mövqeyə görə mənzillərin özəlləşdirmə hüququ qanunla təsbit olunan hüquqdur və onun yaranması bilavasitə özəlləşdirilən mənzildə yaşamaq hüququ ilə əlaqəlidir. Mənzillərin əvəzsiz olaraq özəlləşdirilməsinin mümkünlüyünü qanunda təsbit etməklə yanaşı, dövlət vətəndaşlara həmin hüququn həyata keçirilməsi üçün şərait yaratmalı və müəyyən əmlakın onların xüsusi mülkiyyətinə verilməsi zamanı Konstitusiyada nəzərdə tutulmuş prinsiplərin qorunmasını təmin etməlidir. Burada xüsusi önəm həm mülkiyyət hüququnun konstitusion təminatlarına, həm də Qanunda istifadə olunan hüquqi vasitələr və konstitusiya əhəmiyyətli dəyərlər arasında olan mütənasiblik prinsipi əsasında müvafiq münasibətlərin bütün iştirakçılarının hüquqlarının və qanuni mənafelərinin müdafiəsinə verilməlidir. Buna müvafiq olaraq qanunverici “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 3-cü maddəsində digər prinsiplərlə yanaşı, həmçinin yaşadıqları mənzillərin Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması və özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət prinsiplərini təsbit etmişdir. Qanunun göstərilən birinci prinsipdən irəli gələn başlıca məqsədi – yaşayış sahəsinə müstəqil şəkildə sahib olmaq, istifadə etmək, sərəncam vermək və daşınmaz əmlak bazarında iştirak etmək imkanının təqdim edilməsi vasitəsilə vətəndaşların mənzil ehtiyaclarının və mənzil fondunun istifadəsinin və qorunmasının daha səmərəli şəkildə təmin edilməsi kimi qəbul edilməlidir. Qanunun yuxarıda qeyd olunan ikinci prinsipdən irəli gələn digər mühüm məqsədi isə özəlləşdirmə zamanı və onun nəticəsində yaranan münasibətlərin bütün iştirakçılarının, o cümlədən yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının müdafiəsinə yönəlmişdir. Məhz bu iki məqsədin qarşılıqlı təminatı baxımından qanunverici “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 12-ci maddəsində nəzərdə tutulmuş qaydanı müəyyən etmişdir. Həmin maddənin birinci hissəsinin birinci cümləsinin məzmununa görə özəlləşdirilmiş mənzilin mülkiyyətçisi yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə bu mənzilə öz mülahizəsinə görə sahiblik edir, istifadə edir və onun barəsində sərəncam verir: onu vəsiyyət edə bilər, sata bilər, bağışlaya bilər, icarəyə verə bilər, onun barəsində qanunvericiliyə zidd olmayan başqa əqdlər bağlaya bilər. Göründüyü kimi, şəxsin öz mülkiyyətində olan özəlləşdirilmiş mənzillə bağlı qanunvericiliyə zidd olmayan hər hansı əqd bağlaması mütləq şəkildə ailə üzvlərinin razılığı ilə şərtləndirilmişdir. Bununla da qanunverici ailə üzvlərinin özəlləşdirilmiş mənzilə əvvəllər əldə olunmuş və mahiyyətcə məhdud əşya hüququ olan yaşamaq hüququnu təmin etmək məqsədilə mülkiyyətçinin mülkiyyət hüququnu məhdudlaşdırmışdır.

38. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı ilə müəyyən olunmuş hüquqi mövqeyə əsasən, mənzilin (evin) mülkiyyətçisi olmayan, lakin özəlləşdirilmə zamanı kirayəçi ilə birlikdə faktiki yaşayan onun ailə üzvlərinin özəlləşdirilən mənzilə əvvəllər əldə olunmuş yaşamaq hüquqları konstitusiya əhəmiyyətli dəyərlərdən irəli gəldiyindən müdafiə olunmalıdır. Lakin hər bir halda bu, mütənasib şəkildə, özəlləşdirilən mənzilin mülkiyyətçisinin mülkiyyət hüquqları nəzərə alınmaqla həyata keçirilməlidir. Ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılığı Qanunun məqsədlərinə əsasən həmin mənzildən daha səmərəli şəkildə istifadə etmək imkanına sahib olmaq üçün, mənzilin mülkiyyətçisinin mülkiyyət hüququndan ailə üzvlərinin bu mənzildə yaşamaqla bağlı hüquqlarına zidd şəkildə istifadə etməyəcəyinə güvənib, ona etimad göstərərək vermişlər. Bu səbəbdən mülkiyyətçi, mənzilə mülkiyyət hüququndan ona bəslənilən etimada zidd şəkildə istifadə edərək özəlləşdirməyə razılıq vermiş digər ailə üzvlərini həmin mənzildə yaşamaq imkanından məhrum edə bilməz. Əks hal hüququn hamılıqla qəbul edilən ümumi prinsiplərindən biri olan “hüquqdan sui-istifadə qadağası”na zidd olar...Ailə üzvləri mənzilin özəlləşdirilməsinə razılıq verərkən, bunu mənzildə yaşamaq hüququndan imtina etmək üçün deyil, tam əksinə, Qanunun məqsədlərindən birinə uyğun olaraq həmin mənzildən daha səmərəli istifadə etmək imkanına sahib olmaq üçün edirlər. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinin birinci hissəsinə görə özəlləşdirilən mənzildə faktiki yaşayan ailə üzvlərinə həmin mənzildə yaşamaq hüquqlarının hansı şəkildə (mülkiyyətçi və ya yaxud mülkiyyətçinin ailə üzvü kimi) həyata keçirilməsini seçmək imkanı verilmişdir. Lakin bu seçim öz-özlüyündə Qanunun məqsədlərindən birinin tamamilə aradan götürülməsi və özəlləşdirməyə razılıq verən ailə üzvlərinin mənzildə yaşamaq hüququndan məhrum edilməsi ilə nəticələnməməlidir. Buna müvafiq olaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, adına özəlləşdirilmə aparılmış şəxsin, buna razılıq vermiş ailə üzvlərinin ona olan güvən və etimadlarına zidd şəkildə öz mülkiyyət hüququndan istifadə etməsi hüquqdan sui-istifadə hesab olunur.

39. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə xx.xx.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir.

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq ediləbilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).

41. Məhkəmə bir daha qeyd edir ki, İddiaçı mülkiyyətçi kimi mütləq hüquqlara malik olsa da, bu hüquqlar məhdudiyyətsiz deyildir, ictimai maraqlarla, eləcə də digər şəxslərin hüquqları ilə məhdudlaşır. Cavabdehlər mənzilə mülkiyyətçi tərəfindən deyil, dövlət tərəfindən order əsasında (ailə üzvü kimi) yerləşdirilmişlər. Bu, “istifadə hüququnun” mülkiyyət hüququndan daha əvvəl və müstəqil yarandığını göstərir.

42. Həmçinin, yaşayış yerində olmamaq avtomatik olaraq istifadə hüququnun itirilməsi demək deyildir. Burada həlledici amil şəxsin iradəsidir. Hazırkı halda Cavabdeh1 ailə quraraq başqa mənzildə yaşaması, hər iki cavabdehin ailədaxili konfliktlər səbəbindən mənzildə yaşamamaları onların mənzildən istifadə hüquqlarından imtina etməsi kimi qiymətləndirilə bilməz. Cavabdehlərin mənzili tərk etmələri “könüllü seçim” deyil, yaranmış “fors-major” (ailənin dağılması) şəraitinin nəticəsidir. Onların qeydiyyatdan çıxmamaları onların geri qayıtmaq niyyətini qoruyub saxladıqlarını sübut edir.

43. Avropa Məhkəməsinin təcrübəsinə görə, şəxsin yeganə yaşayış yerindən çıxarılması üçün “son zərurət” olmalıdır. İddiaçı mənzilin tam mülkiyyətçisi olsa da, cavabdehlərin qeydiyyatı mülkiyyətdən istifadəyə faktiki maneə yaratmır. İddiaçının isə kompensasiya ödənilməsi barədə təklifi rədd etməsi tələbin təmin edilməsini qeyrimütənasib edir.

44. Həmçinin, məhkəmədə araşdırması zamanı iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi halların – cavabdehlərin həmin evi daimi, könüllü şəkildə tərk etmələri, həmin evə ehtiyaclarının olmaması halının müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən qeyd edilən hallarla bağlı heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdehlər özləri də yaşayış sahəsinə ehtiyacları olduğunu, yalnız kompensasiya məbləği müzakirə edildiyi halda istifadə hüquqlarının xitam edilməsinə etiraz etməyəcəklərini bildirmişlər. Odur ki, hazırkı halda cavabdehlərin mənzilə ehtiyac prezumpsiyası qüvvədə qalır.

45. Məhkəmə hesab edir ki, mülkiyyətçinin mənzil üzərində sərəncam vermək marağı ilə cavabdehlərin yeganə yaşayış yeri və qazanılmış istifadə hüququ arasındakı balansda, sonuncuların marağı daha üstündür. Çünki cavabdehlərin razılığı olmadan iddiaçı mülkiyyətçi statusunu qazana bilməzdi.

46. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, cavabdehlərin həmin yaşayış sahəsinə dair istifadə hüquqları yarandığından, onların həmin yaşayış sahəsinə dair ehtiyaclarının aradan qalxması və həmin evi daimi olaraq könüllü tərk etmələri halları müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməməlidir.

47. MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

48. Məhkəmə xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.

Nəticə hissəsi:

49. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar