Məhkəmə qərarları › İş №2(060)-6885/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6885/2021

19.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6885/2021 19.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılma, Cavabdeh İddiaçı qarşı mənzilə köçürülmə barədə ilkin və qarşılıqlı iddialarına dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin Sumqayıt şəhər, 18-ci mikrorayon, ev 39-da yerləşən 19 saylı mənzilə istifadə hüququna xitam verilməsi və pasport qeydiyyatından çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, mənzil 19 Sumqayıt şəhəri, XDS-in İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən 31.05.1991-ci il tarixli, 34/496 saylı order ilə 6 nəfər ailə üzvü ilə birlikdə iddiaçıya verilmişdir. 4 otaqdan ibarət olan həmin mənzil hal-hazırda dövlət fondundadır. 1991-ci ildən həmin mənzilə köçərək orada yaşayırlar. Cavabdeh iddiaçının qızıdır. O, 2006-cı ildə Sahib Dəmirov ilə ailə həyatı quraraq həyat yoldaşına məxsus Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 40, mənzil 4-ə gəlin köçmüşdür və 2006-cı ildən Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, mənzil 19 ünvanında yaşamır. Cavabdeh mənzildən getdiyi vaxtdan istifadə hüququnu itirmişdir. O, həyat yoldaşına məxsus mənzildə yaşayır və iddiaçının mənzildən istədiyi kimi istifadə etməsinə maneçilik törədir. Cavabdeh qarşılıqlı iddia ərizəsi verərək, onun uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39-da yerləşən 19 saylı mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil 1991-ci ildə iddiaçıya işlədiyi müəssisədən 4 uşağa görə verilmiş və cavabdehin adı da həmin mənzilə dair verilmiş orderdə olmuşdur. Cavabdeh sözügedən mənzildə 2006-cı ilə kimi daimi olaraq yaşamış və pasport qeydiyyatında olmuş və hazırda da qeydiyyatdadır. Cavabdeh 2006-cı ildə ailə həyatı qurmuş, mübahisəli mənzillə əlaqəni kəsməmişdir. Anası 1993-cü ildə dünyasını dəyişmiş və iddiaçı 2-ci dəfə ailə həyatı qurmuşdur. Lakin analığı olan Solmaz Mikayılova cavabdehlə və onun bacı-qardaşı ilə normal rəftar etməmiş, onları incitmiş və onlar bu əzablara qatlaşaraq həmin mənzildə yaşamışlar. Cavabdehin əmlaklarının bir qismi də həmin mənzildə olmuş, yalnız 04.07.2021-ci ildə evdə qalan ona məxsus digər əşyaları cavabdehə geri qaytarmışlar. Cavabdeh qaynanasının mülkiyyətində olan özəl mənzilə gəlin köçdüyü üçün həmin mənzilə istifadə hüququ yaranmamışdır. Hazırda isə cavabdehlə həyat yoldaşı arasında münasibətlər pozulmuş və onun qaynanası da cavabdehə mənzilində istifadə hüququ vermək istəmir və ondan mənzildən çıxmasını tələb edir. Cavabdehin isə yaşamağa başqa yeri yoxdur. İddiaçı 09.09.2021-ci il tarixində məhkəməyə daxil olmuş yazılı etirazında bildirmişdir ki, cavabdeh 2006-cı ildə Sahib Dəmirov ilə ailə həyatı quraraq Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 40, mənzil 4-ə gəlin köçmüşdür və bu günə kimi həmin mənzildə dünyaya gəlmiş övladları və həyat yoldaşı ilə birlikdə yaşayırlar. O, gəlin köçdüyü gündən bütün əşyalarını aparmışdır, mənzildə ona aid olan heç bir əşya yoxdur. İddiaçı 18.10.2021-ci ildə məhkəməyə daxil olmuş ərizəsində işə onun iştirakı olmadan baxılmasını, iddianın tam təmin edilməsini və qarşılıqlı iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirdi ki, həqiqətən 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və qaynanasının mülkiyyətində olan mənzilə köçmüşdür. Qaynanası ilə aralarında hər zaman mübahisə olur. Hal-hazırda yaşadığı ev də qaynanasının adınadır, lakin cavabdeh 15 ildir ki, ailə həyatı qurmasına baxmayaraq qaynanası onu həmin mənzilə qeydiyyata saldırmır. Qaynanası ona deyib ki, heç bir zaman da onu qeydiyyata saldırmayacaq. İddiaçının bir neçə mənzili vardır. Əgər o, barəsində iddia qaldırılan evdən pasport qeydiyyatından çıxarılsa, qeydiyyatsız qalacaqdır. Qeyd edilənlərə əsasən cavabdeh ilkin iddianın iddianın təmin olunmamasını və qarşılıqlı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını, ilkin və qarşılıqlı iddia ərizələrinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1953-cü il tarixində, Qəbələ rayonu, Vəndam kəndində anadan olmuş, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, mənzil 19 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1983-cü ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Sumqayıt şəhəri, X3 İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən 31.05.1991-ci il tarixli, 34/496 saylı orderə əsasən Sumqayıt şəhəri, 18ci mikrorayon, ev 39, mənzil 19 (bundan sonra – mübahisəli mənzil) altı nəfər ailə üzü ilə birlikdə iddiaçıya verilmişdir. İşdə olan 19 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş, sahə ustası Gülarə Qüdrətova, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 mənzil 17-də yaşayan X2, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 mənzil 5-də yaşayan X5, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39 mənzil 26-da yaşayan X1 tərəfindən tərtib edilərək imzalanmış aktda göstərilmişdir ki, cavabdeh 2006-cı ildən ailə həyatı qurub və həmin vaxtdan da mübahisəli mənzildə yaşamır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 217.18-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.18-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Göründüyü kimi mübahisəli mənzil 1991-ci ildə order əsasında iddiaçıya verilmiş və cavabdeh iddiaçının ailə üzvü kimi mənzilə istifadə hüququ əldə etmişdir. Mübahisəli mənzil özəlləşdirilməmişdir. Bu səbəbdən mübahisəyə 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəalarına uyğun qiymət verilməlidir. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş 08 iyul 1981-ci il tarixli Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (87). İş üzrə tərəflərin izahatları ilə müəyyən edilir ki, cavabdeh 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və daimi yaşamaq üçün başqa yerə köçmüşdür. Beləliklə onun mübahisəli mənzildən istifadə hüququ həmin tarixdən itirilmişdir. Bu səbəbdən ilkin iddia cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi hissəsində təmin edilməlidir. İddiaçı iddia tələbində cavabdehin mənzildən pasport qeydiyyatından çıxarılmasını xahiş etmişdir. Lakin qeyd edilən məsələ müvafiq qeydiyyatı həyata keçirən dövlət orqanının səlahiyyətində olduğundan iddia həmin hissədə təmin edilə bilməz. Qarşılıqlı iddiaya gəldikdə qeyd edilməlidir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququna xitam verildiyi üçün onun həmin mənzilə köçürülməsi tələbi əsaslı sayıla və təmin edilə bilməz. Cavabdeh ailə problemlərinin olduğunu, qaynanası tərəfindən hazırkı yaşayış sahəsindən çıxarılma ehtimalının olduğunu bildirsə də, qeyd edilən halı təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin həmin dəlilini əsassız hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, mənzil 19 ünvanına istifadə hüququna xitam verilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Hazırkı qətnamə Cavabdeh Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 39, mənzil 19 ünvanından qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar