Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1627/2025 22.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: vahid mülkiyyət hüququ – istifadə hüququna xitam verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X18 (sədrlik edən və məruzəçi), Hüseynzadə Afiq Hüseyn oğlu və X12 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2569/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Abşeron rayonu, Mehdiabad qəsəbə ərazi dairəsi, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsi, ev 15 ünvanda qeydiyyatdadırlar.
2. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-4192/2024 nömrəli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, cavabdehlər X7 və X2 özlərinə məxsus əşyaları ilə birlikdə ünvan 2 evdən çıxarılması qət edilmişdir.
3. Həmin qətnamədən görünür ki, təsviri hissəsində “1993-cü ildə Zəngilan rayonu işğal olunduqdan sonra iddiaçının ailəsi, atası, anası, qardaşı və bacıları qaçqın kimi ona məxsus ünvan 2 fərdi yaşayış evinə gəlmişlər. Lakin digər bacısı 1977-ci il təvəllüdlü Nəzakət 9-10-cu sinifdən iddiaçının yanında qalmışdır”, həmçinin “Cavabdehlər X5 və X4 Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının keçirildiyi vaxt və yer haqqında məlumat Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Mehdiabad qəsəbəsi üzrə Nümayəndəliyinə göndərilmiş, zəruri məlumatların cavabdehlərə çatdırılması xahiş olunmuşdur. Buna baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər” ifadələri qeyd olunmuşdur.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan (reyestr nömrəsi – **********23) görünür ki, sahəsi 0.065 ha olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanda yerləşən torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1, İddiaçı, X1, X8, X9 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır.
5. xx.xx.2014-cü il tarixdə İddiaçı adına texniki pasport əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib olunmuşdur.
6. 74 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanda yerləşən 2 yaşayış otağından ibarət, sahəsi 44.8 m2 olan 15 nömrəli yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Abşeron rayon XDS İcraiyyə Komitəsinin 08/08 nömrəli, xx.xx.1988-ci il tarixli qərarı əsasında İddiaçı adına qeydə alınmışdır.
7. Abşeron rayon Hərbi Komissarlığı tərəfindən X6 verilmiş xx.xx.2001-ci il tarixli, 048688 saylı vəsiqədən görünür ki, vəsiqənin sahibi müharibə veteranı olduğu üçün AR qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi, sonradan isə tələbin dəyişdirilməsi ilə məhkəməyə müraciət edərək, “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Natiq oğlunun ünvan 2 evdən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını” xahiş etmişdir.
9. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda yerləşən mülk iddiaçıya məxsus olmaqla, sahəsi 44.8 kv.mdən ibarətdir. Cavabdehlərdən Cavabdeh1 iddiaçının bacısı, Cavabdeh2 Natiq oğlu isə bacısının oğludur. Hazırda cavabdehlər iddiaçıya məxsus olan mülkdə yaşamasalar da, formal olaraq mülkündə qeydiyyatdadırlar. Belə ki, bacısı Cavabdeh1 ailə qurmuş və cavabdehlərin özlərinə məxsus yaşayış yerləri var. Belə olan halda cavabdehlərin iddiaçının mülkiyyətində olan evdən istifadə hüququ yoxdur. Dəfələrlə cavabdehlərdən ona məxsus olan evdən qeydiyyatdan çıxıb öz yaşadıqları evə qeydiyyata düşmələrini tələb etməsinə baxmayaraq, cavabdehlər hər dəfə bir bəhanə gətirərək imtina etmişlər. Nəhayət, o məcbur olub məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
10. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2569/2025 nömrəli qətnaməsi ilə (hakim M.Mirhəsənli) iddia təmin edilmişdir.
11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, mübahisəli evə dair iddiaçının adına 1988-ci il tarixdə qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlər iddiaçının bacısı və bacısının oğludur və onlar artıq uzun müddətdir ki, yəni 2014-cü il tarixdən həmin mənzildə yaşamırlar. Hazırda İddiaçı iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 ünvan 2 evə olan istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırki iş üzrə cavabdehlərin mübahisə predmeti olan evi uzun müddət əvvəl tərk edərək başqa yaşayış ünvanına cavabdehlərə məxsus mənzilə köçməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə olan halda cavabdehlərin iddiaçıya məxsus evdə istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi İddiaçı hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehlərin hazırda iddiaçının mülkiyyətində olan mübahisəli əmlaka formal olaraq istifadə hüququnun qalması mülkiyyətçinin öz mülkiyyəti barəsində azad sərəncam vermək hüququnu məhdudlaşdırdığından, bu isə öz növbəsində iddiaçının mülkiyyət hüquqlarını pozduğundan həmin cavabdehlərin qeyd olunan evə dair istifadə hüquqlarına xitam verilməlidir.
12. Məhkəmə Cavabdeh1 kompensasiya tələb etməsi ilə bağlı qeyd edib ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarından görünür ki, Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi özözlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə sonda hesab edib ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Natiq oğlunun Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Cavanşir küçəsi ünvanda yerləşən 15 saylı evə olan istifadə hüququ itirilmiş hesab olunmaqla həmin hüquqa xitam verilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarına, xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60, 87, 123-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında xx.xx.1999-cu il tarixli qərarına, Mülki Məcəllənin 140, 152.1, 157.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2016-cı il tarixli Qərarına və MPM-nin 14.2, 77.1, 88, 217.4, 218.3-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
14. Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2569/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsi qanunsuz və əsassızdır. Qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə hərtərəfli araşdırma aparmadan iddianı təmin etmiş və məhkəmə prosesində onun dediklərinə diqqət verməmişdir. Hakim onun çıxışlarına və dediklərinə o dərəcədə soyuq və etinasız yanaşmışdır ki, onların göstərdikləri və işin həlli üçün əhəmiyyət kəsb edən halların heç birisini araşdırmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqındadaşınmazəmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışdan (reyestr nömrəsi-**********23) görünürki, sahəsi 0,065 ha olan Abşeron rayonu, Mehdiabad qəsəbəsi ünvanında yerləşən torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1, İddiaçı Ələskər oğlunun, X1, X8, X9 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2014-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin sənəddən göründüyü kimi onun adı gedən mübahisəli evin üzərində tikilmiş torpaq sahəsinə paylı mülkiyyət hüququ vardır. Həmçinin bildirir ki, həmin torpaq sahəsinə dair İddiaçı Ələskər oğlunun adına texniki pasport əsasında torpaq sahəsinin planı və ölçüsü tərtib olunmasından xəbəri olmamışdır, prosesdə iştirak etməmiş və razılıq verməmişdir. Xahiş edir ki, onun hansı yolla 2014-cü il tarixdə həmin torpağa sənəd alması yoxlanılsın. Həmçinin adıgedən torpaq sahəsi və onun üzərində tikilmiş ev atasının, onun və digər bacılarının birgə qazancı əsasında alınıb və tikilib. Xüsusən onun və mərhum atasının qazancı əsasında həmin ev tikilib və sonradan iddiaçının adına sənədləşdirilib. Hal-hazırda o və oğlu Cavabdeh2 adıgedən mübahisəli evdə qeydiyyatdadırlar. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli ev tikilən vaxtdan 1992-ci il tarixdən orada yaşamağa başlamışlar. 1997-ci il tarixdə ailə qursa da, yenə də həmin evdə yaşamını davam etdirmişdir. İddiaçı isə mübahisəli evdə cəmi 3-4 il yaşamışdır. O, isə 2014-cü ilə kimi həmin evdə yaşamışdır. Oğlu Cavabdeh2 həmin mübahisəli evdə doğulmuşdur.1992-ci ildən özü, oğlu isə doğulduğu vaxtdan həmin evdə qeydiyyatdadırlar. Mübahisəli evə onun istifadə hüququ yaranarkən qüvvədə olmuş Mülki Məcəllənin 228.2-ci maddəsinin müddaları tətbiq edilməli idi. Həmin maddəyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Maddənin tələbindən də göründüyü kimi onun mübahisəli evə istifadə hüququna xitam verilməsi iddiaçının ona kompensasiya verməsi yolu ilə mümkündür. Məhkəmə isə maddənin bu tələbini nəzərə almamışdır. Onun evdən çıxıb getməsi isə könüllü olmamışdır. Belə ki, iddiaçının verdiyi işgəncələrdən bezib getmişdir. İddiaçı həmin evdə onlarla birlikdə yaşamasa da, tez-tez həmin evə gəlir onu, ata və anasını və bacılarını döyür, söyür və təhqir edirdi. Onun işgəncələrinə dözməyib sonda oradan köçüb getmişdir. Yəni həmin evdən könüllü yox, zor gücünə çıxarılmışdır. Bu barədə həmin illərdə və son illərədək polis orqanlarına ərizələri vardır. Məhkəmə bu halların heç birini araşdırmamışdır. Həmçinin evin tikildiyi beş sot torpaq sahəsi mərhum bacısı X3 məxsus olmuşdur. Həmin torpaq sahəsi mərhum bacısına Abşeron rayonu, Mehdiabad qəsəbəsində üzümçülük sovxozunda işləməsi ilə əlaqədar pay verilmişdir. Bacısı həmin torpağı ona vermişdir. Bütün bunlar onun mübahisəli evdən istifadə hüququnu sübut edir. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının vəkili altı iclasın əvvəlki iki iclasında və sonuncu iclasda iştirak etməmişdir. Yerdə qalan üçüncü, dördüncü və beşinci iclaslarda iştirak etdi. O, iştirak etdiyi 3 və 4-cü iclaslarda sənədsiz iştirak etdi. Yalnız beşinci iclasda ona telefonla göndərilən etibarnaməni hakimə təqdim etdi. Onun heç bir hüququ olmadan iştirak edən vaxtı onu polislə hədələdi. Hansı ki həmin vaxtı onun zala vəkil kimi girmək hüququ yox idi. Həmin vaxt hakim də ona dedi ki, bu gündən başla ver polisə. Birinci instansiya məhkəməsi isə prosessual normaların bu tələblərinə riayət etməmiş və işin hallarını tam araşdırmadan nəticədə qanunsuz və əsassız bir qətnamə qəbul etmişdir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o, Zəngilan rayonu Canbar kəndindən Abşeron rayonu, Mehdiabad qəsəbəsinə 9-10-cu siniflərdə oxuyanda gəlmişdir. Yəni, həmin evə o məcburi köçkün kimi gəlməmişdir. Bir müddət sonra atası ilə birgə qazancları hesabına torpaq sahəsi üzərində ev tikmiş və həmin evdə yaşamışlar. ünvan 3 ünvanında yaşaya-yaşaya orta məktəbdə oxumuşdur. İddiaçı qardaşıdır. Mübahisəli ev iddiaçının adınadır. O, həmin evdə 2014-cü ilə kimi yaşamışdır. Sonradan isə iddiaçının təzyiqləri nəticəsində evdən çıxmağa məcbur olmuşdur. Hazırda oğlu ilə birlikdə yaşayır. İddia tələbini qəbul etmir, mübahisəli evdə yaşamaq istəyir, lakin iddiaçı buna imkan vermir. Göstərilənlərə əsasən cavabdeh sonda apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, mübahisəli torpaq sahəsi ona 1988-ci ildə verilmişdir. Müvafiq sənədlərdə ona Mehdiabad qəsəbəsindən 10 sot torpaq sahəsinin verildiyi qeyd olunub. 1990-cı ildə ev tikmişdir, 1992-ci ildə isə artıq ev tam şəkildə qeydiyyata alınmışdı. Cavabdeh1 9-10-cu sinifdə oxuyarkən onun yanında qalmaqla təhsil alırdı. Cavabdeh məcburi köçkündür. Həmin evə 1993-cü ilin dekabr ayında cavabdehi qeydiyyata salmışdır. Cavabdehin mübahisəli evə heç bir hüququ yoxdur. Göstərilənlərə əsasən iddiaçı sonda apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
19. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv olunması xahiş olunsa da, qətnamə yalnız Cavabdeh1 tərəfindən mübahisələndirilmişdir. Digər Cavabdeh2 isə apellyasiya şikayəti verməmişdir.
23. Ona görə də kollegiya, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə araşdırılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni apellyasiya şikayətinə münasibətdə ləğv olunaraq, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia tələbi apellyatora münasibətdə təmin edilməməlidir.
25. İddia tələbi cavabdehin istifadə hüququna xitam verilməsindən ibarətdir.
26. İstər Azərbaycan Respublikası Konstitusiyasının, istərsə də Mülki Məcəllənin tələbləri baxımından mülkiyyət toxunulmazdır və iddiaçı tərəfin öz əmlakına öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququ vardır ki, bu hüquq da dövlət tərəfindən qorunur. Bu isə onu deməyə əsas verir ki, hər bir mülkiyyətçi özünə məxsus olan əmlak üzərində qanunveriliklə müəyyən edilmiş qaydada hüquqlardan istifadə etmək üçün subyektiv hüququn daşıyıcısıdır.
27. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya aşağıdakılara əsasən hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.
28. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa, iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə), iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
29. Baxılan işin faktiki halları ilə müəyyən edilir ki, sözügedən ünvan 2 fərdi yaşayış evi mülkiyyət hüququ ilə İddiaçı adına qeydə alınmasına baxmayaraq, həmin evin yerləşdiyi torpaq sahəsi birgə mülkiyyət hüququ ilə 5 nəfərə, o cümlədən, Cavabdeh1, Gülgəz Ələsgərovaya, Rəşad Ələsgərova, Aytac Ələsgərli və İddiaçı məxsusdur.
30. Göründüyü kimi mübahisəsi gedən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınsa da, Cavabdeh1 həmin evin yerləşdiyi torpaq sahəsinin ümumi birgə mülkiyyətçilərindən biridir. Başqa sözlə, hazırkı Cavabdeh1 mübahisəli evin yerləşdiyi torpaq sahəsinin həmmülkiyyətçisidir.
31. Kollegiya bildirir ki, qeyd olunan mövqe mübahisənin həllinə təsiri baxımından önəmli olmaqla, istifadə hüququna xitam verilməsi (o cümlədən kompensasiya) institutu ilə uzlaşmır. Yəni əgər cavabdehin evdən istifadə hüququna xitam verilməsi imkanı torpaq sahəsinin ümumi mülkiyyətçisi olmasına görə istisna edilirsə, bu mövqe daşınmaz əşyaya vahid mülkiyyət prinsipinin tətbiq olunması kimi qəbul edilə bilər.
32. Belə olan halda kollegiyanın mövqeyinə görə Cavabdeh1 torpaq mülkiyyətçilərindən biri olmasına görə iddia istisna olunursa, onda iddiaçının hazırkı tələbinin araşdırılmasına və qiymətləndirilməsinə gərək qalmır.
33. Qanuna əsasən, torpaq sahələri və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır.
34. Mülki Məcəlləyə əsasən, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
35. Məlum olduğu kimi, əsas daşınmaz əşya sayılan torpaq sahəsi və ona bağlı olan digər fiziki obyektlər mülkiyyət hüququnun predmetidir. Yəni mülki hüququn subyektləri onun üzərində mülkiyyət hüququ qura bilərlər.
36. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, maddə 152.1 ).
37. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur (Mülki Məcəllə, maddə 213.1).
38. Göründüyü kimi, ümumi mülkiyyət halında bir neçə mülkiyyət deyil, bir əşya üzərində bir mülkiyyət hüququ mövcud olur. Həmin hüquq iki və ya daha artıq şəxsdən ibarət ümumiliyə aiddirsə, birgə mülkiyyət, müvafiq paylarla birdən çox şəxsə məxsus olduqda isə paylı mülkiyyət sayılır. Bu səbəbdən qanunda nəzərdə tutulmuşdur ki, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər (Mülki Məcəllə, maddə 213.2 ).
39. Kollegiya vurğulayır ki, ümumi mülkiyyətin növləri olaraq birgəlik və ya paydaşlıq əşyaya deyil, əşya üzərindəki hüquqa münasibətdə aparılan bölgüdür. Yəni ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir hissəsinin mülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Başqa sözlə, ümumi mülkiyyətçinin hüququ əşyanın naturada bir hissəsinə yox, onun tamamına şamil olunur. Məsələn, torpağın ümumi mülkiyyətçilərdən hər hansı birinin sahənin naturada onun payına uyğun gələn hissəsinə deyil, hər nöqtəsinə münasibətdə öz payı həcmində mülkiyyət hüququna malik olduğu qəbul edilir. Bu hüquqi vəziyyət əşya naturada bölünənədək və ya paylar naturada ayrılanadək (fərdi mülkiyyət vəziyyətinə keçənədək) davam edir.
40. Qeyd edilənlər ona dəlalət edir ki, baxılan iş üzrə Cavabdeh1 torpaq sahəsinə dair dövlət reyestrində qeydə alınmış ümumi paylı mülkiyyət hüququ mübahisəli evin (tikilinin) altında yerləşən torpaq sahəsinə də aiddir. Yəni cavabdeh bu evin bitişik olduğu torpaq sahəsinin paylı mülkiyyətçisidir.
41. Şübhəsizdir ki, cavabdehin evdən çıxarılması onun mübahisəli evin yerləşdiyi (mülkiyyətçisi olduğu) torpaq sahəsindən də məhrum olması ilə nəticələnəcək.
42. Qeyd edilir ki, qanunvericilikdə bir mülkiyyətçinin öz təşəbbüsü ilə digər mülkiyyətçini iradəsinə zidd şəkildə kompensasiya ödəməklə daşınmaz əşyadan çıxarması nəzərdə tutulmamışdır. Bu vəziyyət onu göstərir ki, mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir.
43. Bu səbəbdən Cavabdeh1 mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsində digər şəxslər, o cümlədən iddiaçı ilə birgə mülkiyyət hüququnun olması, onun həmin torpaqla möhkəm bağlılığı olan (ondan ayrıla bilməyən) əşyaya, vahid daşınmaz əşya və vahid mülkiyyət obyektinə də hüququnun olması anlamına gəlir.
44. Beləliklə də, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda qeyd edilən maddi və prossesual hüquq normalarının tələblərinə cavab vermir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilərək, iddia Cavabdeh1 münasibətdə təmin edilməməlidir.
45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(012)-2569/2025 nömrəli qətnaməsi qismən, yəni “Cavabdeh1 Abşeron rayonu, Mehdiabad qəsəbəsi Cavanşir küçəsi ev 15”dən istifadə hüququna xitam verilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə (elektron kabunet və vəkil vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.