Məhkəmə qərarları › İş №2(103)-5458/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-5458/2025

28.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-5458/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ İş № 2(103)-5458/2025 (Açar sözlər: mənzildən istifadə hüququna xitam verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3549/2025 nömrəli 23 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə 28 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı Talib qızının xüsusi mülkiyyətindədir.

2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2614/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının əsaslandırıcı hissəsindən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. İşdə olan Cavabdeh fərdi uçot kartoçkasının surətindən görünür ki, o, ünvan 2 ünvanına atası X4 ərizəsi əsasında şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə əsasında qeydiyyata alınmışdır.

3. 19.06.2025-ci il tarixli aktdan görünür ki, N.Nərimanov prospekti 207, mənzil 60 İddiaçı məxsusdur. Valideynlərindən miras qalıb. Həmin mənzildə İddiaçı bacısı, İ qrup əlil - ruhi xəstə X2 gündüzlər gəlib qulluq edir. Cavabdeh orada formal olaraq qeydiyyatdadır, lakin həmin mənzilə gedib-gəlmir, heç bir əşyası yoxdur və olmayıb. O, yaxınlıqda valideynləri tərəfindən bağışlanan evdə (Nəriman Nərimanov prospekti 205, mənzil 23-də) yaşayır.

4. Azərbaycan Respublikası Yasamal Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 40 saylı Mənzil Kommunal İstismar sahəsinin xx.xx.2022-ci il tarixli, 47 nömrəli məktubuna əsasən müəyyyən olunur ki, Yasamal rayonu, N.Nərimanov prospekti 205 saylı binanın 23-cü mənzili çıxarışa əsasən Cavabdeh adınadır və N.Nərimanov 207 saylı binanın 60-cı mənzilində qeydiyyatdadır, amma 205 saylı binanın 23-cü mənzilində yaşayır. Anası İddiaçı 2003-cü ildən 205 saylı binanın 23-cü mənzildə qeydiyyatdadır və yaşayır. Tərəflərindən mənzildə kimin yaşaması ilə əlaqədar baxış keçirildi və İddiaçı mənzili açaraq həmin mənzildə yaşamasını göstərdi. Qonşular da aktla İddiaçı həmin mənzildə yaşadığını təsdiq etmişlər.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı "mənzildən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 6kı ona məxsus mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə təqdim edərək, Cavabdeh ünvan 2 ünvanındakı ona məxsus mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, X7 ilə rəsmi nikahda olmaqla həmin nikahdan 1997-ci ildə Cavabdeh anadan olmuşdur. Birgə nikahda olduqları dövrdə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 205, mənzil 23 ünvanda sabiq həyat yoldaşı X4 adına mənzil almışlar və həmin mənzildə uzun müddət yaşamışlar. Qeyd edilən mənzil onun və sabiq həyat yoldaşının razılığı ilə Cavabdeh 2021-ci il tarixdə notarial qaydada bağışlanmışdır. Sabiq həyat yoldaşı və kiçik oğlu Almaniyaya işləməyə getmişlər. O və cavabdeh olan böyük oğlu Cavabdeh Bakı şəhərində qeyd edilən mənzildə 2023-cü ilə qədər bir yerdə yaşamışlar. Lakin Cavabdeh ona qarşı getdikcə hörmətsizlik etməyə, hətta ona fiziki zor göstərməyə başlamış və ondan tələb etmişdir ki, ona məxsus ünvan 2 ünvanında yerləşən mənzilə köçsün və pasport qeydiyyatından da çıxsın. Bunu etmədikdə isə ona qarşı mənzilə yaşayış hüququna xitam verilməsinə dair Bakı İnzibati Məhkəməsində, daha sonra Yasamal Rayon Məhkəməsində iddia qaldırmışdır. Hətta cavabdeh onun psixiatriya stasionarına qeyri-könüllü yerləşdirilməyi ilə bağlı Yasamal Rayon Məhkəməsi qarşısında iddia da qaldırmışdır. Onun məqsədi qeyd edilən mənzili sataraq tanımadığı bir qızla ölkədən getmək olmuşdur. Buna görə də o, məhkəmədə iddia qaldıraraq qeyd edilən bağışlama müqaviləsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(103)-406/2024 saylı qətnaməsi ilə onun tələbi qismən təmin edilmiş, qeyd edilən bağışlama müqaviləsi onun payına münasibətdə ləğv edilmiş, ünvan 3 ünvanda olan mənzilə onun ½ hissədə mülkiyyət hüququ bərpa edilmişdir. Həmin qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-3583/2004 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən mənzildə hal-hazırda cavabdeh tək yaşayır. O isə qəyyumu olduğu İ qrup əlil bacısı ilə birgə ünvan 4 ünvanında olan mənzilində qalmaq məcburiyyətindədir. Bacısı İ qrup əlil olduğuna görə valideynləri yuxarıda qeyd olunan evi onun alına almışlar. Bu mənzil ona tam mülkiyyət hüququ ilə məxsus olmasına baxmayaraq, cavabdeh həmin mənzildə formal olaraq pasport qeydiyyatındadır ki, bu da ona mülkiyyətçi kimi hüquqlarını həyata keçirməkdə maneələr törədir. Dəfələrlə ondan mənzildən pasport qeydiyyatından çıxaraq ona bağışlanmış mənzilə qeydiyyata düşməyini tələb etsə də, buna əməl etməmişdir.

8. Cavabdeh iddia ərizəsinə etiraz ünvanlayaraq iddianın təmin edilməməsini xahiş etmişdir. Onun mübahisəli mənzildən istifadə hüququna heç bir halda xitam verilə bilməz. Belə ki, mübahisəli N.Nərimanov prospekti, ev 205, mənzil 23 saylı mənzilin ½ hissəsi ona xüsusi mülkiyyət hüququ ilə məxsusdur və onun həmin mənzildən istifadə hüququ Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə qorunur. Bundan başqa iddia tələbində göstərilənlər həqiqətə uyğun deyil. Mübahisəli ünvan 2 mənzildə anadan olmuş, həmin mənzildə daimi yaşamışdır. Lakin 2022-ci ildə anası ilə münasibətləri korlanmış və anası onu mübahisəli mənzilə buraxmamış və mənzilin açarını dəyişmişdir. O, mənzilə daxil ola bilməmiş və məcbur qalıb N.Nərimanov prospekti, ev 205, mənzil 23 saylı mənzildə yaşamalı olmuşdur. Bunu nəzərə alaraq, mənzilə daxil ola bilmədiyinə görə o, polisə şikayət ərizəsi ilə müraciət etməli olmuşdur. İddiaçı istinad etdiyi qərar və digər sənədlər onun göstərdiklərini təsdiq edir. Odur ki, İddiaçı guya onun həmin mənzildə ümumiyyətlə yaşamadığına dair gətirdiyi dəlillər əsassızdır.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 23 iyul 2025-ci il tarixli 2(004)-3549/2025 nömrəli qətnaməsi ilə (hakim Ülkər Xəlil) iddianın təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu İddiaçı özünə aid edilməsi, qət edilmişdir.

10. Məhkəmə həmçinin göstərmişdir ki, Qətnamə Cavabdeh ünvan 5 ünvanında yerləşən mənzildə qeydiyyatdan çıxarılması üçün əsasdır.

11. Məhkəmə işin mübahisəsiz halı kimi müəyyən etmişdir ki, xx.xx.1994-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 207 ünvanında yerləşən 60 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqları qeydə alınmış, xx.xx.2022-ci il tarixdə isə həmin mənzillə bağlı iddiaçıya çıxarış verilmişdir. Cavabdeh iddiaçının oğlu olmaqla doğulduğu 1997-ci il tarixdən həmin ünvana qeydiyyata düşmüş və anası ilə birlikdə yaşamışdır.

12. Məhkəmə bu baxımdan, mübahisəyə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq etmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin müddəaları əsasında cavabdehin mənzildən istifadə hüququ yaranmışdır. Lakin məhkəmə hesab etmişdir ki, cavabdehin mənzildən istifadə hüququ saxlanıla bilməz, belə ki, cavabdeh uzun müddətdir ki, mənzildə yaşamır.

14. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh uzun müddətdir ki, mənzildə yaşamır. İşin bu halı həm iş materiallarında olan sənədlər, həm də cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş etirazda qeyd edilənlərlə öz təsdiqini tapmışdır.

15. Cavabdeh iddia ərizəsinə etirazında 2022-ci ildən anası ilə münasibətlərinin korlandığını və anasının onu həmin mənzilə buraxmadığını, mənzilin açarını dəyişdiyini və məcbur qalıb N.Nərimanov prospekti ev 205, mənzil 23 saylı mənzildə yaşamalı olduğunu, mənzilə daxil ola bilmədiyinə görə polisə şikayət ərizəsi ilə müraciət etdiyini qeyd etsə də, qeyd olunan halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir.

16. Məhkəmə hesab etmişdir ki, cavabdeh ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olsa da, həmin ünvanda deyil, paylı mülkiyyətində olan ünvan 6 yaşayır. Belə olduğu halda cavabdehin iddiaçıya məxsus olan mənzilə dair istifadə hüququ mövcud deyil. Odur ki, mövcud olmayan istifadə hüququnun itirilməsinə dair iddia tələbi təmin oluna bilməz.

17. Məhkəmə həmçinin hesab etmişdir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır.

18. Məhkəmə gəldiyi nəticəni 2009-cu ilin oktyabr ayının 01-dək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53.1, 53.3, 60, 87.2, 123.1, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 77.1, 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

19. Qətnamədən iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayətləri vermişlər. İddiaçı qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnamənin qismən - Cavabdeh ünvan 5 ünvanında yerləşən mənzildə qeydiyyatdan çıxarılması üçün əsasdır.” hissəsində ləğv edilməsini xahiş etmişdir.

20. İddiaçının apellyasiya şikayətində göstərilmişdir ki, iddia tələbi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası MMnin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarına istinad edilərək verilmişdir. Məhkəmə isə 2009cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə istinad etmişdir. Məhkəmə qeyd edilən maddi hüquq normasını düzgün tətbiq etsə də nədənsə cavabdehin mənzilə yaşayış hüququna xitam verilməsi və ya həmin yaşayış hüququnun itirilməsi haqqında qətnamə çıxarmamış, iddia tələbini təmin etməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardan biridir.

21. Cavabdehin apellyasiya şikayətində isə göstərilmişdir ki, iddia tələbi mənzildən istifadə hüququnun itirilməsinə dair deyil, istifadə hüququna xitam verilməsinə dair olmuşdur. Məhkəmə iddia tələbindən kənara çıxaraq, iş üzrə qanunsuz və əsassız qətnamə çıxarmışdır: “Lakin məhkəmə hesab edir ki, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir.” qeyd etməklə onun mənzildən istifadə hüququnu pozmuşdur. Belə ki, iddia tələbində göstərilənlər həqiqətə uyğun deyil. O, mübahisəli mənzildə anadan olmuş, həmin mənzildə daimi yaşamışdır. Yasamal Rayon Məhkəməsinin 2(004)-5335/2013 saylı xx.xx.2013-cü il tarixli Qətnaməsinə əsasən İddiaçı X8 ilə olan rəsmi nikahları pozulmış, məhkəmə qətnaməsinə əsasən o, anasının yanında qalmışdır. Lakin 2022ci ildə anası ilə münasibətləri korlanmış və anası onu mübahisəli mənzilə buraxmamış və mənizlin açarını dəyişmişdir. O, mənzilə daxil ola bilməmiş və məcbur qalıb N.Nərimanov prospekti, ev 205 mənzil 23 saylı mənzildə yaşamalı olmuşdur. Bunu nəzərə alaraq, mənzilə daxil ola bilmədiyinə görə o, polisə şikayət ərizəsi ilə müraciət etməli olmuş və bunu çox saylı polis qərarları deyilənləri sübut edir. İddiaçı istinad etdiyi qərar və digər sənədlər onun göstərdiklərini təqsdiq edir. Hesab edir ki, onun mənzildən istifadə hüququna yalnız ədaləti kompensasiya verilməklə xitam verilə bilər. İddiaçı isə ona kompensasiya təklif etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

23. Məhkəmə iclasında iştirak edən iddiaçı öz apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi.

24. Cavabdeh də öz növbəsində verdiyi apellyasiya şikayətini müdafiə etmiş, iddiaçının apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi

25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

01 ktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi

26. Maddə 53.1. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

27. Maddə 53.3. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri) onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.

28. Maddə 60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanılır.

29. Maddə 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.

30. Maddə 123.1. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

34. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

37. Qətnamə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.

39. Mübahisəli mənzil iddiaçının mülkiyyətindədir. Cavabdeh isə həmin mənzildə qeydiyyatdadır və hesab edir ki, yalnız kompensasiya verilməklə onun istifadə hüququna xitam verilə bilər.

40. İddiaçı hazırki tələbində cavabdehin istifadə hüquqununa xitam verilməsini xahiş etmişdir.

41. Məhkəmə iddianı cavabdehin mənzilinə dair istifadə hüquqlarının olmaması qənaətinə gəlmişdir.

42. Cavabdeh hazırda ünvan 2 ünvanında yerləşən mənzildə qeydiyyatda olsa da, həmin ünvanda deyil, ünvan 6 yaşayır.

43. İşin mübahisəsiz halı ondan ibarətdir ki, xx.xx.1994-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov prospekti, ev 207 ünvanında yerləşən 60 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqları qeydə alınmış, xx.xx.2022-ci il tarixdə isə həmin mənzillə bağlı iddiaçıya çıxarış verilmişdir. Cavabdeh iddiaçının oğlu olmaqla doğulduğu 1997-ci il tarixdən həmin ünvana qeydiyyatda olmaqla, onunla birlikdə yaşamışdır.

44. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.

45. Belə olduqda hazırki tələbə 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

46. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırda qüvvədən düşmüş Mənzil Məcəlləsinin müddəaları əsasında cavabdehin mənzildən istifadə hüququ yaranmışdır. Lakin cavabdehin mənzildən istifadə hüququ saxlanıla bilməz. Belə ki, cavabdeh uzun müddətdir ki, mənzildə yaşamır.

47. İşin hallarından, eləcə də, cavabdehin etirazından görünür ki, cavabdeh 2022-ci ildən müddətdir mənzildə yaşamır. Eləcə də cavabdehin iddiaçı ilə paylı mülkiyyətində mənzil var və o, göstərilən vaxtdan həmin mənzildə yaşayır.

48. İddiaçının ərizəsinə əsasən cavabdeh barəsində edilmiş xx.xx.2022-ci il tarixli müraciətdən də görünür ki, iddiaçı oğlu Muradın onun sağ qol nahiyyəsindən əli ilə tutub sıxması ilə bağlı polisə müraciət edərək, qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Müraciət əsasında xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan da görünür ki, izahatı alınmış Cavabdeh Bakı şəhəri, Yasamal rayonu, N.Nərimanov küçəsi, ev 205, mənzil 23-də yaşayır.

49. Kollegiya qeyd edir ki, hazırki iddianı qaldırmaqda iddiaçının məqsədi cavabdehin 60 saylı mənzildən qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir, yəni iddiaçı hesab edir ki, cavabdehin istifadə hüququna xitam verilməlidir ki, sonuncu onun mənzilindən qeydiyyatdan çıxarıla bilsin.

50. Cavabdeh də 60 saylı mənzildə yaşamır, ancaq həmin mənzildəki qeydiyyatına əsaslanaraq hesab edir, onun istifadə hüququna yalnız kompensasiya verilməklə xitam verilə bilər.

51. Məsələnin mahiyəti ondan ibarətdir ki, şəxsin yaşayış yeri və olduğu yer üzrə pasport qeydiyyatından çıxarılması üçün hansı hallarda məhkəmə aktına ehtiyac yaranır.

52. Şəxsin müəyyən yaşayış sahəsindən istifadə hüququnun olub-olmaması, həmin hüquqa xitam verilməsi, pasport qeydiyyatından çıxarılma və s. məsələlərə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında ətraflı aydınlıq gətirilmişdir.

53. Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

54. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür.

55. Şəxsin məhkəmə qətnaməsi əsasında yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün əsaslara dair Konstitusiya Məhkəməsinin mövqeyi belə olmuşdur ki, məhkəmələr tərəfindən baxılmalı olan tələblərin təsnifatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndində əks olunmuşdur. Həmin normaya görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur.

56. “Yaşayış sahəsindən çıxarılma barədə” qətnamə məhkəmələr tərəfindən şəxsin yaşayış sahəsindən istifadə hüququnun olmaması müəyyən edildikdə qəbul edilir. Belə ki, yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsi üzrə qeydiyyatda olub orada yaşayan şəxsin qeydiyyatdan çıxarılması üçün məhkəmədə sonuncunun yaşayış sahəsindən çıxarılması haqqında iddia qaldırmalıdır. Bu halda şəxsin yaşayış sahəsindən çıxarılması haqqında məhkəmə qətnaməsi şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas kimi çıxış edir.

57. “Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə” qətnamələr isə şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu zaman şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə baş verir.

58. Mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir.

59. Beləliklə, göstərilənləri ümumiləşdirdikdə belə nəticə hasil olur ki, məhkəmələrdə baxılmalı olan iddialar yalnız şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı olan tələblərinə aid olmalıdır.

60. «Yaşayış sahəsindən çıxarılma barədə» iddia o halda verilir ki, şəxs həmin sahə üzrə qeydiyyatdadır və orada yaşayır, lakin istifadə hüququ yoxdur. Bu halda şəxsin istifadə hüququ olmadığı üçün iddia tələbi yalnız onun yaşayış sahəsindən çıxarılması ilə bağlı olur.

61. «Yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə» iddia isə o halda verilir ki, şəxs yaşayış sahəsi üzrə qeydiyyatdadır, orada yaşayır və istifadə hüququ vardır. Bu halda istifadə hüququna xitam verilməsi barədə iddianın təmin olunması onun həmin yaşayış sahəsindən və pasport qeydiyyatından çıxarılması üçün əsas hesab olunur.

62. Bu baxımdan formal olaraq yaşayış sahəsi üzrə qeydiyyatda olan, lakin istifadə hüququ olmayan və orada yaşamayan şəxsin pasport qeydiyyatından çıxarılması hər hansı iddia formasında məhkəmə qaydasında həyata keçirilə bilməz. Belə hallarda şəxsin qeydiyyatdan çıxarılması mülkiyyətçinin inzibati orqana müraciəti əsasında həyata keçirilməlidir.

63. Beləliklə Kollegiya hesab edir ki, cavabdeh mübahisəli mənzilə istifadə hüququnu itirmişdir. Digər tərəfdən, cavabdehin özünün şəxsi mənzili olduğundan, onun iddiaçıya məxsus mənzildən istifadəsinə zərurət aradan qalxmışdır.

64. Mülkiyyətçi İddiaçı iddia tələbinə münasibətdə Kollegiya qeyd edir ki, Cavabdeh mübahisəli mənzilə istifadə hüququ olmadığına görə hazırda həmin hüquqa xitam verilməsi də mümkün deyil.

65. Birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzilindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir.

66. Göründüyü kimi birinci instansiya məhkəməsinin bu mövqeyi izah xarakterlidir. Qeyd edilən cümlə göstərilməsə belə, iddiaçı cavabdehi mənzildən qeydiyyatdan çıxara bilər. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün ayrıca iddia tələbi ilə gələcəkdə yenidən məhkəməyə müraciət etmək zərurəti yoxdur.

67. Cavabdehin apellyasiya şikayətinin dəlili olan kompensasiya ödənilməsinə münasibətdə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi bu hissədə də düzgün nəticəyə gəlmişdir.

68. Belə ki, cavabdehin mənzildən istifadə hüququ hazırki qətnamə ilə deyil, mübahisəli mənzildən köçdüyü vaxtdan 6 ay sonra itirildiyindən, itirilmiş hüquqa xitam verilməsi və buna görə kompensasiya ödənilməsi yolverilməzdir.

69. Beləliklə, şikayətlərin dəlilləri formaldır. Birinci instansiya məhkəməsi mübahisəni düzgün həll etmiş, maddi və presessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir.

70. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3549/2025 nömrəli iş üzrə 23 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə iş üzrə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar