Məhkəmə qərarları › İş №2(060)-690/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-690/2021

02.04.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-690/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun Sumqayıt şəhəri, Corat qəsəbəsi, 322 saylı evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 322 saylı ev iddiaçının mərhum nənəsi X3 məxsus olmuşdur. İddiaçı həmin evdə doğulub böyümüşdür. İddiaçının nənəsi 2000-ci il tarixində vəfal etmişdir. İddiaçının nənəsi rəhmətə gedəndən sonra iddiaçının anası X4, təbii ki, iddiaçı da orada yaşamaqda davam etmişlər. Cavabdeh isə dayısı X1 gəlini olmuş və həm nənəsinin sağlığında, həm də anasının sağlığında da digər yaxın qohumlar kimi həmin evə gəlib getmişdir. İddiaçının anası da 2007-ci il tarixində rəhmətə getmişdir. İddiaçının nənəsi də, anası da rəhmətə getməzdən əvvəl vəsiyyət etmişdilər ki evi sahibsiz qoymasın. Ona görə də, iddiaçı anasının vəfatından xeyli müddət sonra özü çox vaxt həmin evdə qalmışdır. 2 il əvvəl isə dayısı oğlu olan Şirbala rəhmətə gedəndən sonra cavabdeh iddiaçını və ailə üzvlərini həmin evdən birdəfəlik uzaqlaşdırmağa çalışmağa başlamışdır. İddiaçı bildirəndə ki, iddiaçının özü də, anası da bu evin sakinləri olmuşlar, iddiaçının da burada yaşamaq, evdən, torpaq sahəsində istifadə etmək hüququ var. Cavabdeh təxminən 0,8 ha-dan ibarət olan həmin torpaq sahəsinin içində, iddiaçının nənə evinin yerində əlavə tikinti işi aparmağa başlamışdır. 2020-ci ilin yanvar ayında isə iddiaçı evə gələndə görmüşdür ki, cavabdeh evdəki, mənzilə dair bütün sənədləri götürüb və iddiaçının köhnə evi sökdürməyə başlamışdır. İddiaçı 102 xidmətinə zəng etmişdir. Sumqayıt şəhər 1-ci PB-si şikayəti üzrə cinayət işi qaldırmaqdan imtina edərək işin mülki xarakterli olub iddiaçının məhkəməyə müraciət etməyi barədə x xxxxxx 2020-ci il tarixli qərar çıxarmışdır. İddiaçı da məhkəməyə müraciət üçün sənədləri toplamağa başlamışdır. Lakin AR ƏMDK-nin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi 27.07. 2020-ci il tarixli məktubla cavab vermişdir ki, evin qeydiyyal vəsiqəsi yoxdur, yalnız texniki pasportu aşkar olunmuşdur. Bu pasportun 1 nüsxəsi isə cavabdehdə idi, cavabdeh evi sökdürən vaxt gizlicə evdən götürmüşdür. Bundan başqa torpaq sahəsi, cavabdehə ayrılması barədə nə arxiv idarəsindən, nə Corat qəsəbə nümayəndəliyindən arayış almaq mümkün olmamış, orada məlumat aşkar olunmamışdır. Bu barədə-torpaq sahəsinin ölçüsü, planı barədə məlumatlar- evin texniki pasportunda əks olunur, hansı ki həmin pasportun surəti ərazi idarəsi tərəfindən vətəndaşa verilmir. Bu, yalnız məhkəmənin tələbi ilə verilə bilər. Bu məlumatları bir də yalnız cavabdehdə olan texniki pasportdan əldə etmək olar. Sumqayıt qeydiyyat idarəsi isə iddiaçının nənəsinin ölüm qeydi barədə arayış verməkdən imtina edərək bu arayışın yalnız məhkəmənin tələbi ilə verilə biləcəyini yazmışdır. Corat qəsəbə nümayəndəliyinin arayişından isə görünür ki, cavabdeh artiq bütün ailə üzvləri ilə həmin evdə oturub orada qeydiyyatsız yaşayır. Cavabdeh nə iddiaçını, nə ailəsini, öz nənə, ana evinə buraxmır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Suqmayıt şəhəri, məhəllə 47, ev 8, mənzil 20 ünvanında rəsmi olaraq qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, Ərazi İdarəsinin elektron bazaya toplanmış məlumatlara, arxiv məlumatlarına əsasən X9 (sorğuda X10) qızının adına Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən 322 saylı fərdi yaşayış evinə dair texniki pasport aşkar edilmişdir. İddia tələbindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 322 saylı evə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Lakin İddiaçı həmin mənzilə istifadə hüququnun olması və onun həmin mənzilə köçürülməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmiş və iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq, belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar