Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6923/2021 21.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin ünvan 1 ünvanına olan istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 iddiaçının mərhum həyat yoldaşı X2 05.05.2003-cü ildə 42/92 nömrəli order əsasında verilmişdir. İddiaçının həyat yoldaşı 22.04.2012-ci ildə vəfat etmişdir. Hal-hazırda həmin mənzildə iddiaçıdan savayı qızı X1 və oğlu X4 yaşayır. Cavabdeh iddiaçının böyük oğludur və həmin mənzildə qeydiyyatda qalsa da, 2008-ci ildən etibarən həmin mənzildə yaşamır. Bunu 03.03.2021-ci il tarixli akt da təsdiq edir. Cavabdehin mənzilə qeydiyyatı formal xarakter daşıyır. Oğlunun dəqiq yaşayış yeri iddiaçıya məlum deyildir. Cavabdeh həm iddiaçı ilə, həm də mənzillə əlaqəsini kəsmişdir. İddiaçı hal-hazırda məcburdur ki, bu mənzillə heç bir əlaqəsi olmayan cavabdehimn əvəzindən də kommunal xərclər ödəsin. Bu da ona maddi cəhətdən çətinliklər yaradır. İddiaçı cavabdehin sözügedən mənzildən qeydiyyatdan çıxarılması ilə bağlı Sumqayıt şəhər Polis İdarısinə müraciət etmiş, lakin iddiaçıya cavab olaraq bu məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı ərizə təqdim edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, cavabdehin hal-hazırda harada yaşaması barədə məlumatı yoxdur. Cavabdeh onunla heç bir əlaqə saxlamır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1962-ci ildə, cavabdeh isə 1987-ci ildə anadan olmuşdur. Tərəflər ünvan 1 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadırlar. 05.05.2003-cü il tarixli, 42/92 saylı orderə əsasən mübahisəli mənzil X2 verilmişdir. Orderdə sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısında İlyas İlyasovla yanaşı iddiaçı və cavabdehin də adları qeyd edilmişdir. Öüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 22.04.2012-ci il tarixdə vəfat etmişdir. Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 56-da yaşayan şəxslər X3, X6 və 11 saylı MKS-nin sahə ustası Sayad Süleymanova tərəfindən tərtib edilmiş və imzalanmış 03.03.2021-ci il tarixli aktda cavabdehin 2008-ci ildən bəri mübahisəli mənzildə yaşamadığı göstərilmişdir. 11 saylı Mənzil-Kommunal Sahəsinin 332 saylı, 03.03.2021-ci il tarixli arayışına əsasən Sumqayıt şəhəri, 17-ci mikrorayon, mənzil 56-da hal-hazırda iddiaçı yaşayır, cavabdeh isə mənzildə qeydiyyatda olsa da, orada yaşamır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti tərəfindən sorğuya cavab olaraq bildirilmişdir ki, cavabdehin dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, öncə iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etmək hüququnun, yəni iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmaması müəyyən edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli.. qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşdən göründüyü kimi mübahisəli mənzil order əsasında iddiaçının mərhum həyat yoldaşına verilmişdir. Mənzil hal-hazırda özəlləşdirilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar (1159.1.1.). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30.11.2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da əmlak və beləliklə, «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı mövcud mülkiyyətlə məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və qanuni gözləntiyə malik olduğuna dair tələblərini də əhatə edir. Məhkəmə hesab edir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən Qərarında göstərilən “hüquqi gözlənti” anlayışı konkret əmlak üzərində şəxsin hazırda mülkiyyət hüququ olmasa da, onun həmin hüququ gələcəkdə əldə edəcəyinə dair real gözləntisini nəzərdə tutur. İddiaçı özü mübahisəli əmlakın mülkiyyətçisi olmasa da, həmin əmlak onun mərhum həyat yoldaşına məxsus olduğundan və həmin əmlak üzərində onun hüquqi gözləntisinin olduğu üçün məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Göründüyü kimi mübahisəli mənzil 2003-cü ildə order əsasında iddiaçının həyat yoldaşına verilmişdir. Cavabdehin mənzildən istifadə hüququ həmin vaxtdan yaranmışdır. Mənzil hal-hazırda özəlləşməmişdir. Bu səbəbdən mübahisəyə mənzilə icarə münasibətlərinin tənzimləndiyi 01 oktyabr 2009-cu ilə qədər qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının 2009-cu ilədək qüvvədə olmuş 08 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinə əsasən dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla—mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar — adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən yaşayış sahəsini icarə müqaviləsinə uyğun olaraq istifadə edilir (51). İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar (53). İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır (60). İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir (87). Yuxarıda qeyd edilən normalardan göründüyü kimi icarədarın ailə üzvləri yaşayış sahəsindən istifadə hüququnu o vaxt itirə bilərlər ki, daimi yaşamaq üçün başqa yerə getsinlər və ya 6 aydan artıq müddətdə yaşayış sahəsində yaşamasınlar. Göründüyü kimi cavabdeh təxminən 13 ildir ki, mübahisəli mənzildə yaşamır və onun həmin mənzilə yaşayış sahəsi kimi ehtiyacı yoxdur. Bu səbəbdən iddia təmin edilməli və cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanına olan istifadə hüququna xitam verilsin. Hazırkı qətnamə göstərilən şəxsin həmin mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-6923/2021
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-6923/2021
21.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver