Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-693/2021 10.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun azyaşlı övladı X8 ilə birlikdə cavabdehlərin yaşadığı ünvan 1 ünvanında yerləşən özbaşına tikili olan 4 otaqlı, bir mətbəx və dəhlizdən ibarət olan fərdi yaşayış evinə köçürülməsi və evdən istifadə qaydalarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, qayınanası X1 başqa cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh1 Bəxşeyis oğlu arasında 2009-cu il oktyabrın 16-dan faktiki nikah münasibətləri olmuş və bu münasibətdən xx.xx.2010-cu il təvəllüdlü X8 dünyaya gəlmişdir. xx xxxx 2010-cu il tarixdə Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 1073 saylı rəsmi nikahları qeydə alınmışdır. Ailə qurduqları gündən ünvan 4ndə yerləşən 4 otaqlı fərdi yaşayış evində yaşamışlar. Həyat yoldaşı Cavabdeh1 Bəxşeyiş oğlu ilə xasiyyətləri tutmadığından Abşeron Rayon Məhkəməsinə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Qeyd etmək istəyir ki, ailə qurduqdan sonra köçüb yaşadığı və 1 övlad dünyaya gətirdiyi ünvan 1ndə yerləşən 4 otaqlı mənzildən cavabdeh X6 onu çıxartmış və ona orada yaşamağa imkan verməmişdir. Artıq neçə vaxtdır ki, azyaşlı övladı ilə birlikdə valideynlərinin yanında qalmağa məcbur olmuşdur. Neçə müddətdir ki, bu halın düzələcəyinə və gəlin köçüb yaşadığı evə yenidən qayıdacağına ümid etsə də, bu hal düzəlməmiş və cavabdeh ona azyaşlı övladı ilə birlikdə həmin evə köçüb yaşamağına imkan verməmişdir. Valideynləri tərəfindən ona verilmiş cehiz əşyaları da mübahisəli fərdi yaşayış evində qalmaqdadır. Bu səbəbdən də o, ünvan 2 ünvanında yerləşən mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahış etdi. xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil3 izahat verərək göstərmişdir ki, iddianı qəbul etmir. Mübahisə predmeti olan mənzil özbaşına tikilidir, hüquqmüəyyənedici sənədləri yoxdur, bununla yanaşı həmin ev Cavabdeh2 tərəfindən inşa edilmişdir, İddiaçı Cavabdeh1lə ailə qurarkən artıq həmin ev mövcud olmuşdur və iddiaçı həmin evə gəlin gəlmişdir. Daha sonra isə iddiaçı özü mənzildən çıxıb getmişdir. Cavabdeh1 isə uzun müddətdir ki, Almaniyada yaşayır, yəni iddiaçının bu evə heç bir bağlılığı yoxdur. Odur ki, iddia tələbi tamamilə əsassızdır, ona görə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehlərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 54 saylı arayışdan görünür ki, Əliyeva X4 rayon, Saray qəsəbəsi M.F.Axundov küçəsi ünvanında yerləşən evdə 2009-2018-ci il tarixlərdə qeydiyyatsız yaşamışdır. AZ-İ seriyalı 596691 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 ilə X3 arasında xx xxxx 2010-cu il tarixdə nikah bağlanmış, qadına Əliyeva soyadı verilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1521/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 ilə X3 arasında xx xxxx 2010-cu il tarixdə bağlanmış 1073 saylı nikahın pozulması, nikah pozulduqdan sonra xx.xx.2010-cu il təvəllüdlü X5 anası İddiaçı yanında qalması qət edilmişdir. AZ-İ seriyalı 350419 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh1 ilə X3 arasında bağlanmış nikah xx xxx 2020-ci il tarixdə ləğv edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(060)-693/2021 saylı sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx xxxxxx 2020-ci il tarixli, №**********41 saylı məktubdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, M.Axundov küçəsində Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. İşin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı Cavabdeh1 ilə nikaha daxil olduqdan sonra mübahisəli Abşeron rayonu, Saray qəsəbəsi, M.Axundov küçəsində ünvanında yerləşən evə gəlin gələrək orada yaşamış, həmin evdə xx.xx.2010-cu il təvəllüdlü X8 anadan olmuşdur. 2018-ci ildən aralarındakı münasibətlərin pozulması nəticəsində İddiaçı və azyaşlı övladı həmin evdə yaşamırlar. İddiaçı evdə yaşamamasının səbəbi kimi cavabdehlər tərəfindən qovulduğunu göstərmişdir. İddiaçının köçürülməsini tələb etdiyi mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmədiyindən hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması olmadığından məhkəmənin qənaətinə görə mübahisə analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Həmin Məcəllənin 27.3-cü maddəsinin tələbinə görə əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsində qeyd olunur ki, "Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz". Məhkəmə hesab edir ki, mübahisəli evə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olsa da, həmin ev mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə görə, “heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz”. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırkı işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni ilkin iddiaçı köçmək istədiyi evdə yaşayıb və cavabdehlər iradəsi əleyhinə onu yaşadığı evdən məhrum edib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Cavabdehlərin ev üzərində hüquqları olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdikləri məhrumetmə qanunsuzdur. Beləliklə, iddia üzrə cavabdehlər yuxarıda qeyd olunan qadağanedici normanı pozmuşlar, pozuntunun nəticələri hal-hazırki vaxta kimi davam edir. Əgər qanun pozuntusu varsa onun nəticələri aradan qaldırılmalıdır, əks təqdirdə pozulan norma əhəmiyyəti olmayan norma sayıla bilər. Nəzərə alınmalıdır ki, Konstitusiyanın hər bir norması birbaşa hüquqi qüvvəyə malikdir. Qanun pozuntusunun nəticələrinin aradan qaldırılması və Konstitusiyanın hüquqi qüvvəsinin təmin edilməsi üçün isə iddiaçı uşağı ilə birlikdə məhrum edildiyi evə köçürülməlidir. Məhkəmə onu da qeyd edir ki, mübahisəli evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış olması Konstitusiyanın 43-cü maddəsinin tətbiq edilməsinə mane olmur. Belə ki, həmin ev faktiki olaraq mövcuddur və cavabdehlər tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Onlar mübahisəli evdə normal şərtlər daxilində yaşadıqlarından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçının da azyaşlı uşağı ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Odur ki, iddiaçı həmin mübahisəli tikilidə cavabdehlə birlikdə yaşadığından və cavabdehlə birgə təsərrüfatın idarə edilməsində iştirak etdiyindən həmçinin mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan onun azyaşlı övladları ilə birlikdə köçürülməsinə dair iddiası təmin edilməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçının və onun uşağının evə köçürülməsi barədə qətnamənin qəbul olunması onun evdən istifadə, o cümlədən digər əmlak hüquqlarının tanınması ilə nəticələnmir. Evə köçürmə barədə qətnamə mahiyyətinə görə evdən qanunsuz məhrumetməyə qədər mövcud olmuş vəziyyətin bərpa edilməsidir. Bu baxımdan məhkəmə iddiaçının “istifadə qaydalarının müəyyən edilməsi” tələbini əsaslı hesab etmir. Məhkəmə yuxarıda şərh olunan müddəalara istinadən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı azyaşlı qızı xx.xx.2010-cu il təvəllüdlü X8 ilə birlikdə ünvan 4 ünvanında yerləşən evə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2 maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı azyaşlı qızı xx.xx.2010-cu il təvəllüdlü X8 ilə birlikdə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsünlər. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-693/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-693/2021
10.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver