Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-6989/2021 06.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1650 manat əsas borc, 200 manat dəbbə pulu və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “AZTUR RENT A CAR" MMC ilə Cavabdeh arasında avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən Cavabdeh nəqliyyat vasitəsi icrayə verilmişdir. İcarə müqaviləsinə əsasən Hyundai Elantra markalı, ** LY *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi, yol vərəqəsinə əsasən, 26.01.2021-ci il tarixdən-26.06.2021-ci tarixədək günlük 50 AZN olmaqla icarəyə verilmişdir. Cavabdeh 117 günün ödənişini-5850 AZN ödəniş etmiş, 1650 AZN borcu qalmışdır. Cavabdeh sözügedən məbləği tezliklə İddiaçı MMC-yə qaytaracağına söz vermiş və borcu olduğunu yazılı şəkildə təsdiq etmişdir. Lakin indiyə kimi cavabdeh həmin məbləği qaytarmağa heç bir cəhd göstərmir. Borcun tam ödənilməsiylə bağlı dəfələrlə cavabdehlərə müraciət etsək də, müxtəlif bəhanələrlə borcun ödənilməsindən yayınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərmişdir ki, İddiaçı MMCnin ona qarşı iddia tələbini əsas borc hissədə, yəni 1650 manat tutulması hissəsində qəbul edir. İddiaçı ilə icarə müqaviləsi bağlayaraq bir günə 50 manat ödənilməsi şərti ilə avtomaşını icarəyə götürmüşdür. Əvvəlcə ödənişləri vaxtında ödəsə də, daha sonra yol nəqliyyat hadisəsi nəticəsində maddi zərərə uğramışdır, bu səbəbdən ödənişləri ödəyə bilməmişdir. Tezliklə icarə borcunu ödəyəcəkdir. İddianı əsas borc tələbinə aid hissədə etirafa dair məhkəməyə ərizə təqdim edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki iş materiallarında olan İcarə müqaviləsindən görünür ki, İddiaçı MMC (icarəyə verən) müqavilə predmeti olan Hyundai Elantra markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh (icarəyə götürən) 26.01.2021-ci il tarixdən-26.06.2021-ci il tarixədək icarəyə verməyi, icarəyə götürən də öz növbəsində icarənin hər günü üçün 50 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən tərtib olunan icarəyə verilən avotmobilin təhvil-təslim aktından görünür ki, icarəçi Cavabdeh Hyundai Elantra markalı, ** LY *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almış və akta imza etmişdir. Maliyyə arayışından görünür ki, Aztur Rent a Car MMC-yə məxsus Hundai Elantra markalı, ** LY *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 26.01.2021-ci tarixdən, 26.06.2021-ci il tarixədək Cavabdeh Camalətdin oğluna günlük 50 (əlli) AZN olmaq şərti ilə icarəyə verilmişdir. Cavabdeh 117 (yüz on yeddi) günün ödənişini 5850 (beş min səkkiz yüz əlli) AZN etmiş və 1650 (min altı yüz əlli) AZN borcu qalmışdır. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən iddiaçı Hundai Elantra markalı, **-LY-*** dövlət qeydiyyat nişanlı avtomobili 26.01.2021-ci tarixdən, 26.06.2021-ci il tarixədək günlük 50 manat olmaq şərti ilə cavabdehin istifadəsinə vermişdir. Cavabdeh icarə müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməmiş və nəticədə 1650 manat məbləğində borcu yaranmışdır. İddiaçı icarə müqaviləsinin predmeti olan nəqliyyat vasitəsinin icarə haqqının cavabdeh tərəfindən ona tam qaytarılmadığını iddia edir və vurulmuş zərərin əvəzinin, eləcə də 200 manat dəbbə pulu ödənilməsini tələb edir. Cavabdeh iddianı əsas borc tələbi hissədə etirafa dair məhkəməyə ərizə təqdim etdi. Məhkəmə işin faktiki hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 700, 675, 684, 462-ci maddəsinin tələblərinə əsasən qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır. Cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyi üçün iddiaçı qarşısında cavabdehlik və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnaməçıxarır. Məhkəmə iddianın əsas borc hissədə etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdehin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksəkdir. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin üzərində əsas borc olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsini onun vəziyyətini daha da ağırlaşdırdığını, habelə cavabdehin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, 200 manat məbləğində dəbbə pulu azaldılaraq 20 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1650 manat əsas, 20 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1650 manat əsas borc, 20 manat dəbbə pulu, cəmi 1670 (bir min altı yüz yetmiş) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-6989/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-6989/2021
06.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver