Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7/2022 11.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh və qeyrilərinə qarşı “istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 saylı evin 14 saylı mənzilinə Cavabdeh, X3, Vəliyeva Aygün Feyruz qızının və X5 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhəri, 9-cu mikrorayon, 74 saylı evin 14 saylı mənzilinə Cavabdeh, X3 və Vəliyeva Aygün Feyruz qızının istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 74 saylı evin 14 saylı mənzilini almışdır. Bu barədə DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydiyyat aparılmış, eləcə də RX seriyalı ******* nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. “Elektron notariat” X1 əldə olunmuş xx.xx.2019-cu il tarixli çıxarışa əsasən iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 74 saylı evin 14 saylı mənzilində hal-hazırda iş üzrə cavabdehlər Cavabdeh, X6, Vəliyeva Aygün Feyruz qızı və X7 qeydiyyatdadırlar və bu şəxslərin mübahisəli evdə qeydiyyatda qalmaları iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüquqlarının icrasına müəyyən məhdudiyyətlər yaradır. Belə ki, həmin əmlakın qanuni özgəninkiləşdirilməsi bu şəxslərin iradəsindən asılı edilməkdədir. Lakin, qeyd olunan fərdi yaşayış evinin hazırda mülkiyyətçisi olan iddiaçı "xxxx" KB ASC ilə keçmiş mülkiyyətçi Cavabdeh və onun ailə üzvləri arasında nə qanunla müəyyən edilmiş qaydada razılaşma var, nə də ki, belə bir razılaşmanın rəsmi reyestrdə qeydi var. Belə olduğu təqdirdə, hazırki iş üzrə Cavabdeh və onun ailə üzvlərinin həmin fərdi yaşayış evinə heç bir hüququ yoxdur. Bu səbəbdən keçmiş mülkiyyətçi Cavabdeh və onun ailə üzvlərinin Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 74 saylı evin 14 saylı mənzilində qeydiyyatda olması və orada yaşamaları qeyri-qanunidir. Qeyd edilir ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 74 saylı evin 14 saylı mənzili kredit öhdəliyinin təminatı qismində ipoteka ilə yüklü edildiyindən hərrac vasitəsilə satılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarında olan: "xxxx" MMC ilə "xxxx" Kommersiya Bankı ASC arasında bağlanmış 09 avqust 2018ci il tarixli Y-275 saylı «Hərracın nəticələri haqqında yekun» Protokoldan və eyni tarixli «Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə» Müqavilədən görünür ki, Sumqayıt şəhəri üzrə icra idarəsinin sifarişi əsasında Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2016cı il tarixli 2(060)-5875/2016 saylı icra vərəqəsinə əsasən Cavabdeh məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 74 saylı evin 14 saylı mənzili hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 207.000 manat müəyyən edilmiş, keçirilən iki hərrac baş tutmadığına görə ipoteka saxlayan "xxxx" Kommersiya ASC əmlakı 131962,5 manata almışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı, ******* nömrəli Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 74 saylı evin 14 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə "xxxx" Kommersiya Bankı ASC-nin adına xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 46 nömrəli reyestr kitabının 163 nömrəli vərəqində qeydə alınmışdır. “Elektron notariat” X1 çıxarışa əsasən X6, Vəliyeva Aygün Feyruz qızı Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 74 saylı evin 14 saylı mənzilində qeydiyyatdadırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsindəşikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair Protokolun (qeyri-rəsmi 1 saylı Protokol) 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, mübahisə predmeti olan mənzil ipoteka predmeti olmuş, icra sənədinə əsasən ipoteka predmetinə tutma yönəldilmiş və o, satılaraq keçmiş mülkiyyətçinin adına qeyd olunan mənzilin dövlət reyestrində qeydiyyat yazısı ləğv edilmiş və həmin mənzil dövlət reyestrində iddiaçının adına qeydiyyata alınmışdır. Lakin cavabdehlər mənzildən qeydiyyatdan çıxmamış, mənzili boşaldaraq iddiaçıya təhvil verməmişlər. Cavabdehlər qeyd olunan mənzildən qeydiyyatdan çıxmamaqla və mənzili boşaldıb tərk etməməklə iddiaçının öz mülkiyyəti üzərində sərəncam vermək hüquqlarını, öz mülkiyyətindən maneəsiz istifadə hüququnu məhdudlaşdırırlar. Cavabdehlərlərin mənzildən qeydiyyatdan çıxarılması üçün onun mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehlərlərin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan itirilmiş sayılmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalı, cavabdehlər Cavabdeh, X3 və Vəliyeva Aygün Feyruz qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 74 saylı evin 14 saylı mənzilinə istifadə hüquqlarına xitam verilməlidir. İş üzrə ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 10 manat cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, X3 və Vəliyeva Aygün Feyruz qızının Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə), 74 saylı evin 14 saylı mənzilə istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 10 (on) manat cavabdehlər Cavabdeh, X2 və Vəliyeva Aygün Feyruz qızından alınaraq iddiaçı "xxxx" Kommersiya Bankı ASC xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-7/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7/2022
11.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver