Məhkəmə qərarları › İş №2(060)-7005/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7005/2021

13.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7005/2021 13.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 1a/1i saylı fərdi evə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı qızı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, o cavabdehlə rəsmi nikahla daxıl olmaqla 2007-ci ildə ailə həyatı qurmuş və cavabdehlə birlikdə 10 il müddətində sənədsiz tikilidə yaşamışlar. Birgə nikahdan 16.03.2009-cu il təvəllüdlü Mədinə və 22.03.2011-ci il təvəllüdlü Rəsul adında 2 azyaşlı övladları vardır. 2016-cı ildə yaşadıqları tikili yandığı üçün onlara 45000 manat məbləğində kompensasiya verilmişdir. 2016-cı ilin noyabr ayında onlar daimi yaşayış yeri olmadığı üçün həmin kompensasiya pulu ilə alınmış, hal-hazırda onun anasına məxsus olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 1a/1i saylı evə köçmüş və uşaqları ilə bu evdə 2021-ci ilin yanvar ayına kimi yaşamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, mübahisəli mənzil birgə nikah dövründə əldə edilmişdir. Onun bütün cehizləri və uşaqlarına məxsus olan pal-paltarlar, şəxsi əmlaklar bu evdədir. Bu evdə birgə yaşadıqları müddətdə cavabdeh ona xəyanət etmiş, evdə daima dava-dalaş salmış və bu səbəbdən də o məhkəmədə boşanma tələbinə dair iddia qaldırmış və məhkəmənin qətnaməsinə əsasən aralarında bağlanmış nikah ləğv olunmuşdur. 2021-ci ilin yanvar ayında növbəti dəfə cavabdehlə aralarında yaranmış münaqişə səbəbindən o, uşaqları ilə bu evi tərk etmiş, təxminən 2-3 ay sonra ona məlum olmuşdur ki, cavabdeh evə başqa bir qadın gətirmişdir. İddiaçı onu uşaqları ilə evə buraxmır, halbuki onun bu evdə yaşamaq hüququ vardır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək göstərmişdir ki, həqiqətəndə onlar mübahisəli evi birgə yaşadıqları dövrdə 23500 manata almışlar və iddiaçı 2021-ci ilin yanvar ayınadək mübahisəli evdə yaşamışdır. Lakin iddiaçı evdən çıxdıqdan sonra əvvəlki əri ilə barışmış və onunla birlikdə yaşayır. Ona görə də iddiaçının mübahisəli mənzilə köçüb, onunla yaşaması mümkün deyildir. Qeyd edilənlərin nəzərə alınaraq məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək, belə hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-2550/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə, iddia qismən təmin edilmiş, iddiaçı X3 ilə Cavabdeh arasında 13.04.2007-ci ildə, Sumqayıt nikah evində bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra 16.03.2009-cu il təvəllüdlü X5 və 22.03.2011-ci il təvllüdlü X4 iddiaçı X1 yanında saxlanılması, 16.03.2009-cu il təvəllüdlü X5 və 22.03.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 140 manat məbləğində sabit pul məbləğində alimentin tutularaq X2 ödənilməsi qət edilmişdir. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə 13.04.2007-cı il tarixdə rəsmi nikaha daxil olmuş və onların birgə nikahlarından 16.03.2009-cu il təvəllüdlü X5 və 22.03.2011-ci il təvəllüdlü X6 adlı iki uşaqları vardır. Tərəflər ailə qurduqdan sonra Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində digər sənədi olmayan tikilidə yaşamış, 2016-cı ildə isə hazırki mübahisəli fərdi yaşayış evini 23500 manata alaraq, həmin evə köçmüş və 2021-ci ilin yanvar ayınadək birlikdə yaşamışlar. Hazırda iddiaçı özü və azyaşlı uşaqları üçün başqa yaşayış yeri olmadığını bildirərək hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmişdir. Bundan başqa iş materialları araşdırılarkən müəyyən edildi ki, mübahisə predmeti olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 1a/1i saylı fərdi yaşayış evi özbaşına tikintidir və sənədsiz faktiki istifadədir. Azərbaycan Republikası Mülki Məcəlləsinin 180.1-ci madddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1. maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ və İİİ bəndlərinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Eyni zamanda, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı və azyaşlı uşaqları 16.03.2009-cu il təvəllüdlü X5 və 22.03.2011-ci il təvəllüdlü X6 ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 1a/1i saylı fərdi yaşayış evinə köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.2. maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 68.1. maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2. maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.4. maddəsinə əsasən, vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. 69.1. maddəsinə əsasən, kirayəçinin öz ailə üzvlərini (arvadını (ərini), uşaqlarını və valideynlərini) sosial kirayə müqaviləsi əsasında yaşadığı yaşayış sahəsinə köçürmək hüququ vardır. Məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 1a/1i saylı fərdi yaşayış evi özbaşına tikili olmasına baxmayaraq, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11-ci maddəsi, yəni mülki qanunvericiliyin analogiya üzrə tətbiqi Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yuxarıda göstərilən normalarının hazırki iddia tələbinə tətbiq olunması üçün əsas verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3. maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı və uşaqları 16.03.2009-cu il təvəllüdlü X5 və 22.03.2011-ci il təvəllüdlü X6 ilə birlikdə Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xətai küçəsində yerləşən 1a/1i saylı fərdi yaşayış evinə köçürülsünlər. Qətnamədən rəsmi qaydada təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar