Məhkəmə qərarları › İş №2(060)-7041/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7041/2022

19.12.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7041/2022 19.12.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə qarşı əmrin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, hal-hazırda Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri vəzifəsində işləyir. Abşeron-Xızı Regional Təhsil İdarəsinin K-184 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndi əsas götürülərək ona töhmət verilmişdir. Əmrin əsasları kimi nazir müavini Muxtar Məmmədovun xx.xx.2022-ci il tarixli, 1-02-2268 nömrəli xidməti məlumatı, arayışlar və onun izahatı göstərilmişdir. Əmək qanunvericiliyi baxımından qeyd olunan əmri tam qanunsuz və əsassız hesab edir, həmçinin töhmət verilməsinə səbəb olan hallara etiraz edərək hesab edir ki, əmr ləğv edilməlidir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Halhazırda işlədiyi vəzifənin nomeklaturası AR Elm və Təhsil Nazirliyinə aiddir, onu işə götürən AR Elm və Təhsil Nazirliyidir və o, əmək müqaviləsini nazlirliklə bağlamışdır. İşçi barəsində intizam tənbehi tətbiq etmək səlahiyyətləri yalnız işəgötürənə məxsusdur. Onun hal-hazırda işlədiyi vəzifə üzrə işəgötürən şəxs AR Elm və Təhsil naziridir. Belə ki, işə götürülməyi barədə əmri imzalayan şəxs cənab nazirdir və o, öz izahatını da nazirin adına yazmışdır. Yəni, AR Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərinin onun barəsində intizam tənbehi tətbiq edilməsinə səlahiyyəti çatmır. Tənbeh vermə qaydalarına əsasən intizam tənbehi tətbiq edilərkən işçi tərəfindən yazılı izahat alınır və nöqsanlar aşkar edildiyi gündən 1 ay müddətində şəxs barəsində intizam tənbehi tətbiq edilə bilər. Əmrin mahiyyətindən də göründüyü kimi "nöqsanlara" dair araşdırılmalara Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, E 301 nömrəli əmrindən sonra başlanılmış və yoxlamaların yekun nəticəsi olaraq əmrin əsaslarında qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixdə nazir müavini Muxtar Məmmədovun xidməti məlumatı təqdim olunmuş və onun izahatı alınmışdır. Göründüyü kimi töhmət verilməsinə səbəb olan “nöqsanlar” artıq aprel ayında aşkarlanmış, araşdırılmış və xx.xx.2022-ci il tarixdə araşdırılmalar yekunlaşmışdır. Lakin qanunvericiliyin müvafiq göstərişlərinə əməl edilmədən və qeyd olunan 1 aylıq müddət nəzərə alınmadan ona xx.xx.2022-ci il tarixdə töhmət elan olunmuşdur. Əmrin verilməsinə səbəb olan "nöqsanları" barədə də AR Elm və Təhsil naziri cənab Emin Əmrullayevə yazdığı izahatında razılaşmadığını qeyd etmişdir. Belə ki, xidməti məlumatda və əmrdə qeyd olunan Sumqayıt şəhəri 11 saylı məktəbdə və evdə fərdi təhsil məktəblərində işçilər ilə bağlı yaranan problemlərə görə cavabdeh o deyildir. Çünki, həmin məktəblərdə işəgötürən şəxs məktəb direktorlarıdır. O isə öz növbəsində həmin məsələ ilə bağlı direktorlara müvafiq yazılı göstərişlərini vermişdir. Həmin "nöqsanlar" barəsində yazılı izahatında və görüş zamanı əlumat vermiş, onunla razılaşmışlar. Mübahisə ilə bağlı mediasiya prosesi də baş tutmuşdur. Belə ki, qarşı tərəfə xx.xx.2022-ci il tarixdə mediasiya təklifi ünvanlanmış, lakin cavabdeh bu prosesdə iştirak etməmişdir. Mübahisənin araşdırılması üçün xx.xx.2022-ci il tarixdə X4 də müraciət edilmişdir. Araşdırmanın nəticəsi olaraq ona yekun cavab hələ gəlməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən onun əmək qanunvericiliyindən irəli gələn hüquqlarının müdafiəsi ilə bağlı tədbirlər görərək, Abşeron- Xızı Regional Təhsil İdarəsinin K-184 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında iddia tələbini müdafiə etdiklərini bildirərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qbəul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, İddiaçı xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdə tanış olmuşdur. Xidməti məlumatdan əvvəl xidməti araşdırma ilə əlaqədar olaraq iyun ayında nazirlikdə iddiaçının izahatı alınmışdır. Məhkəmə iclasında xidməti araşdırma ilə bağlı bütün hallara aydınlıq gətirmişdir. Belə ki, xidməti araşdırmanın aparıldığı vaxtdan 1 ay keçdikdən sonra və başlıcası buna səlahiyyəti olmayan şəxs tərəfindən verilmiş əmr əsassızdır.Əmrin ləğvi üçün həm maddi, həm də prosessual əsaslar vardır. Hal-hazırda iddiaçının işlədiyi vəzifənin nomeklaturası AR Elm və Təhsil Nazirliyinə aiddir. İddiaçını işə götürən AR Elm və Təhsil Nazirliyidir və onun barəsində intizam tənbehi tətbiq etmək səlahiyyətləri yalnız işəgötürənə məxsusdur. Mediasiya prosesi 15 sentyabr tarixində başlamışdır. Onların məhkəməyə müraciət etmə müddəti ayın 18-nə qədər idi. Sumqayıtda mediasiya təşkilatı olmadığına görə 12 oktyabr tarixində arayışı imza etdirərək Bakıya müraciət etmişdir. Bundan sonra 13 oktyabrda Əmək Müfəttişliyinə, 14 otyabrda isə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddia müddəti ötürülməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Yoxlama Təhsil Nazirliyi tərəfindən keçirilmişdir. İddiaçı həmin dövrdə Təhsil Şöbəsinin müdiri vəzifəsini icra etmişdir. Məktəblərdə baş vermiş pozuntularla bağlı birbaşa məsuliyyət Təhsil Nazirliyinin icra və yerli nəzarət qurumu olaraq RTŞ-nin səlahiyyətində olmuş və iddiaçı buna nəzarət etməmişdir. Yoxlama birbaşa Təhsil Nazirliyi tərəfindən həyata keçirilidiyindən əmrin də əsası Təhsil Nazirliyinin məktubu və sənədləri olmuşdur. Onda olan məlumata əsasən təmsil etdiyi müəssisəyə bele bir səlahiyyət xidməti araşdırma aparıldığı vaxtdan sonra verilmişdir.Hesab edir ki, hazırki iddia tələbi üzrə iddia müddəti ötürülmüşdür. Çünki mediasiyaya müraciət olunanda müddət axımı dayanır, lakin mediasiya arayışı alınandan sonra isə müddət axımı davam edir. Biz sübut edirik ki, xx.xx.2022-ci il tarixdə intizam tənbehi iddiaçıya təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixdə onlara mediasiyadan təklif gəlmiş, müddət axımı dayanmışdır. Mediasiya arayışı isə xx.xx.2022-ci il tarixdə alınıb və iddiaçı 3 gün müddətində, yəni xx.xx.2022-ci il tarixə kimi məhkəməyə müraciət etməli idi. İddia ərizəsinin məhkəməyə nə vaxt daxil olduğunu bilmir, lakin iddia ərizəsində tarix xx.xx.2022-ci il qeyd olunmuşdur. Belə olan halda da hesab edir ki, iddia müddəti ötürülmüşdür. Həmçinin hesab edir ki, məhkəmə tərəfindən iddia müddətinin ötürülməsinə dair ərizə məhkəmə baxışınadək təqdim olunduğundan qəbul edilməlidir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və sübutları tədqiq edərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 06 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, ilkin mediasiya sessiyasında nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, K-184 №-li əmrindən görünür ki, işində ciddi nöqsanlara yol verdiyini nəzərə alaraq keçmiş Sumqayıt Şəhər Təhsil Şöbəsinin, halhazırda Sumqayıt şəhəri üzrə təhsil sektorunun müdiri İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və şəhərin ümumi təhsil müəssisələrinin işinə zəif nəzarət etdiyinə görə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. İş materiallarında olan nazir müavini Muxtar Məmmədovun xx.xx.2022-ci il tarixli, 1- 02-2268 nömrəli xidməti məlumatından görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirinin E 301 nömrəli xx.xx.2022-ci il tarixli əmrinə uyğun olaraq Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbdə baş verən qanunsuz hallar barədə daxil olan müraciətlər Daxili nəzarət, Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbələri tərəfindən 17 mart və 06-08 aprel 2022-ci il tarixlərində yerində araşdırılmış, tədrisin təşkilində, məktəb sənədləri ilə iş, rəhbərlik və nəzarətin həyata keçirilməsi və digər sahələr üzrə nöqsanlar, qanunsuz hallar aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Abşeron- Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı aid sənədlərin təqdim olunmasına dair sorğuyaa Abşeron-Xızı Regional Təhsil İdarəsində baxılmışdır. Bu vəzifə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nomenklaturasına daxil olduğundan işçinin əmək müqaviləsi, işə qəbul əmri və əmək kitabçasının surətinin təqdim edilməsi ilə bağlı aidiyyəti üzrə Nazirliyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin xx.xx.2021-ci il tarixli Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Arzu xanım Alızadəyə ünvanlanmış məktubundan görünür ki, məktəbin ali təhsilli, diaqnostik qiymətləndirmədə iştirak edərək 54 bal toplamış (ixtisas 37, metodika 17), dörd ildən artıq pedaqoji stajı olan və 2014-cü ildə X6 vəzifəsində çalışan X2 qabaqcıl işlərdə fəallığını, müəllim və şagirdlər arasında olan nüfuzunu, işinə olan məsuliyyətini, öz üzərində mütəmadi olaraq çalışdığını nəzərə alaraq onun təşkilatı işlər üzrə direktor müavini, boş olan vakant yerə - tədris və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə isə məktəbin qabaqcıl işlərində fəallığı ilə seçilən, 6 il stajı olan X1 münasibət bildirilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri İddiaçı Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin direktoru İlahə Həsənliyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X2 məktəbdə yaranmış vakant məktəbdəkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı, X3 tədris və təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə keçirilməsinə Təhsil Şöbəsi etiraz etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və şəhərin ümumi təhsil müəssisələrinin işinə zəif nəzarət etdiyinə görə İddiaçı xx.xx.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət intizam tənbehi verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 183-cü maddəsinə əsasən 1-ci hissəsinə əsasən müəssisədaxili intizam qaydalarına, bir qayda olaraq, aşağıdakılar daxil edilir: a) müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı; b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar; c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları; ç) əmək şəraitinin təmin edilməsi qaydaları; d) əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları; e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları. Həmin Məcəllənin 186-cı maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Mülki işin faktiki hallarına əsasən müəyyən edilir ki, əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və şəhərin ümumi təhsil müəssisələrinin işinə zəif nəzarət etdiyinə görə Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri İddiaçı Abşeron-Xızı Regional Təhsil İdarəsinin K- 184 nömrəli, xx.xx.2022-ci il tarixli əmrinə əsasən AR Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndi əsas götürülərək töhmət verilmişdir. İşlədiyi vəzifənin nomeklaturası AR Elm və Təhsil Nazirliyinə aiddir. İşçi barəsində intizam tənbehi tətbiq etmək səlahiyyətləri yalnız AR Elm və Təhsil nazirinə məxsusdur. Araşdırılmalara Təhsil Nazirliyinin xx.xx.2022-ci il tarixli, E 301 nömrəli əmrindən sonra başlanılmışdır. xx.xx.2022ci il tarixdə nazir müavini Muxtar Məmmədovun xidməti məlumatı təqdim olunmuş və iddiaçının izahatı alınmışdır. Töhmət verilməsinə səbəb olan nöqsanlar aprel ayında aşkarlanaraq araşdırma aparılmış və xx.xx.2022-ci il tarixdə araşdırılmalar yekunlaşmışdır. Lakin qanunvericiliklə nəzərdə tutulan 1 aylıq müddət nəzərə alınmadan iddiaçıya xx.xx.2022-ci il tarixdə töhmət elan olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən zəruri sübutların təqdim edilməsi üçün hazırlıq iclasının təxirə salınmasına və işin məhkəmə baxışına təyin edilməsi məsələsinin məhz həmin nümayəndənin iştirakı ilə müzakirə olunmasına baxmayaraq, cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin ötürülməsinə dair ərizə mülki iş məhkəmə baxışına təyin olunduqdan sonra elektron qaydada daxil olduğundan qəbul edilməmişdir. Bundan əlavə bele bir səlahiyyətin cavabdeh Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinə verilməsinə dair zəruri sənədlər məhkəməyə təqdim edilməmiş, əksinə onların səlahiyyətlərinə aid olmaması iş materiallarında olan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən İddiaçı aid sənədlərin təqdim olunmasına dair sorğuya Abşeron-Xızı Regional Təhsil İdarəsində baxılaraq bu vəzifənin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin nomenklaturasına daxil olduğundan işçinin əmək müqaviləsi, işə qəbul əmri və əmək kitabçasının surətinin təqdim edilməsi ilə bağlı aidiyyəti üzrə Nazirliyə müraciət edilməsi tövsiyə olunmaqla təsdiq olunmuşdur. Həmçinin iddiaçının əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə, əmək müqaviləsi ilə müəyyənləşdirilmiş vəzifələrin icrasına səhlənkar yanaşdığına və şəhərin ümumi təhsil müəssisələrinin işinə zəif nəzarət etdiyinə istinad etsə də, bu halı təsdiq edəcək kifayət qədər mötəbər sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Odur ki, xx.xx.2022-ci il tarixində töhmət intizam tənbehinin tətbiq edildiyini nəzərə alaraq məhkəmə belə qənaət gəlir ki, işəgötürən Azərbaycan Respublikasının Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsi tərəfindən iddiaçı barəsində qeyd edilən intizam tənbehinin tətbiqi İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab edilməməli, prosessual baxımından vaxtında və səlahiyyəti olmayan orqan tərəfindən verilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı töhmət verilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli K-184 saylı əmri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Konstitusiyanın 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Əmək müqavilələri sərbəst bağlanır, heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsinin “c” bəndinin şərh edilməsinə dair 12 yanvar 2022-ci il-ci il tarixli qərarında qeyd olunmuşdur ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinin şərh edilməsinə dair” 2005-ci il 21 oktyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, dövlətin və insanın vətəndaşların və digər şəxslərin hüquq və azadlıqlarına qəsd etməmək vəzifəsi hüquqların məhdudlaşdırılması kimi qəbul edilir. Dövlət tərəfindən insan hüquqlarının qanuni məhdudlaşdırılması digər subyektlərin hüquqlarına özbaşına münasibətə sədd qoymaq məqsədinə yönəlmişdir. Hüquqi dövlətdə insan hüquqlarının məhdudlaşdırılması yalnız qanun əsasında mümkündür. Bu prinsip “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda da öz əksini tapmışdır. Belə ki, həmin Konstitusiya Qanununun 3.1 və 3.4-cü maddələrinə əsasən, Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquqları və azadlıqları yalnız qanunla məhdudlaşdırıla bilər. İnsan hüquqlarına və ya azadlıqlarına qoyulan məhdudiyyətlər Azərbaycan Respublikasının Konstitusiyasında və bu Konstitusiya Qanununda nəzərdə tutulan qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Sadalanan xüsusatlarla və istinad edilən hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi təmin edilsin İddiaçı töhmət verilməsi barədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2022-ci il tarixli, K-184 saylı əmri ləğv edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar