Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7087/2021 05.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X5 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə gecəqonduda yerləşən fərdi yaşayış evi 1999-cu ildən onun istifadəsi və sahibliyindədir. O, həmin evi 1999-cu ildə Mənsur adlı şəxsdən 2000 ABŞ dollarına alıb. Ev iki otaqdan ibarətdir. Evi aldıqdan sonra iki övladı ilə birlikdə həmin evdə yaşamışdır. Cavabdeh onun ikinci həyat yoldaşıdır. Onlar 2000-ci ildə nikah münasibətlərinə daxil olmuş, faktiki ailə həyatı qurmuşlar. Aralarında rəsmi nikah olmayıb. 2000-ci ildən onlar bir yerdə yaşayırlar. Hazırda onların ailə münasibətləri pozulub, ona görə cavabdehdən ona məxsus mənzildən çıxmasını tələb edir. Lakin cavabdeh ona məxsus mənzildən çıxmır. Ona görə də məhkəməyə müraciət etməli olub. Hesab edir ki, ona məxsus olan mənzildə heç bir hüququ olmayan cavabdeh mənzildən çıxmalıdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə gecəqonduda yerləşən fərdi yaşayış evindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, hazırda sözügedən qanunsuz tikilidə yaşayır. Həmin qanunsuz tikilinin elektrik sayğacı, qaz və su onun adına qeydiyyata alınmışdır. Tək yaşadığından heç bir rəsmi nikaha girmədən iddiaçının müvəqqəti olaraq onunla yaşamasına etiraz etməmişdir. Məhkəmədən İddiaçı fərdi yaşayış evindən çıxarılma barədə iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında göstərdi ki, cavabdeh tərəfindən iddiaçıya məxsus əmlak dağıdılmış və bu barədə məhkəməyə disk təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında göstərdi ki, mənzilin pulunu özü vermişdir. O almasa belə 21 ildir ki, həmin evdə yaşamış, xərc çəkmişdir. Evin dağıdılmasına gəldikdə isə bildirdi ki, ağacları budaqlayıb, pəncərəni dəyişmişdir. Ona görə də pəncərəni çıxarmışdır. İddiaçı polisə zəng etmiş, polisə də bununla bağlı məlumat vermişdir. İddia tələbini qəbul etmir və məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X1 izahatında göstərdi ki, iddiaçı onun bacısıdır, cavabdehlə isə bir kənddə böyümüşlər onu uşaqlıqdan tanıyır. Evi Mənsur adlı şəxsdən şirvanla 2000-ə yaxın pul verərək almışlar. Bacısının pulu var idi, o və qardaşı Uğur da köməklik göstəriblər. Evi alandan sonra bacısı 2 uşağı ilə bir yerdə yaşayıb. O vaxt cavabdehlə münasibəti yox idi, sonradan birlikdə yaşayıblar. Məhkəmə iclasında iştirak edən şahid X3 izahatında göstərdi ki, iddiaçı onun anasıdır. Anası ailə qurana qədər anası və bacısıyla birlikdə həmin evdə yaşayıb. Daha sonra o, babası və nənəsiylə yaşayıb. Anası cavabdehlə 20 ildir ki, birlikdə yaşayır. Ev anası tərəfindən alınıb. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv araşdıraraq toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyəsi Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı Məhəllə komitəsi tərəfindən verilmiş 15.02.2021-ci il tarixli, 40 №-li arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə gecəqonduda yaşayır. İş materiallarında olan Azəriqaz İB–nin Sumqayıt Qaz İstismar Sahəsi ilə istehlakçı Cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” 8486№-li müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini paylayıcı tərəfindən təqdim olunan hesaba əsasən ödəyir. İş materiallarında olan çeklərdən görünür ki, Azərişıq ASC-yə elektrik enerjisindən istifadəyə görə müəyyən miqdarda ödənişlər edilmişdir. İş materiallarında olan Azəriqaz İB tərəfindən verilmiş bildiriş-xəbərdarlıqlardan görünür ki, abunə kodu **********00380 olan Ximstr, ev 22, mən. 38 ünvanında yerləşən yaşayış sahəsinin qaz sərfinə görə borcu yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Eyni zamanda, İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. İşin hallarına əsasən cavabdehlərin iddiaçının mülkiyyətinə müdaxiləsi nəticəsində sonuncunun davamlı şəkildə ev üzərində maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinin pozulması kimi də baxıla bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etdi ki, mülkiyyətə «müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 №-li Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v.Turkey, 28.11.1996, § İİ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikili sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Həmin Məcəllənin 157.8-ci maddəsinin tələbinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən, əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 27.1 və 27.3-cü maddələrindən görünür ki, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir. Həmin Məcəllənin 6.1.7-ci maddəsinin tələbinə əsasən mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması mülki qanunvericiliyin prinsiplərindən biri kimi nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində təsbit edilmişdir ki, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasına maneçilik görmür. İşin məhkəmə iclasında araşdırılan hallarına və iş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə gecəqondu İddiaçı tərəfindən 1999-ci ildə alınıb. Cavabdeh oğlunun Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə gecəqondunu zəbt etməsi səbəbindən İddiaçı özünə məxsus fərdi yaşayış sahəsindən istifadə etmək hüququndan qanunsuz olaraq məhrum edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə gecəqondu ünvanında yerləşən fərdi yaşayış mənzildən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə gecəqondu ünvanında yerləşən fərdi yaşayış sahəsindən çıxarılsın. Cavabdeh 10 (on) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7087/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7087/2021
05.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver