Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7138/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi ilə , İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 11.08.2011-ci il təvəllüdlü X6, 09 may 2013-cü il təvəllüdlü X7 və 18.07.2015-ci il təvəllüdlü X9 ilə birlikdə Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı, «İnşaatçı» məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 300 A saylı fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 18.11.2010-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 11.08.2011-ci il təvəllüdlü X6, 09 may 2013-cü il təvəllüdlü X7 və 18.07.2015-ci il təvəllüdlü X9 dünyaya gəlmişdir. Qubadlı Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2(028)-262/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, rəsmi nikahdan anadan olmuş uşaqların iddiaçının yanında saxlanmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. 2019-cu ildən 21 may 2021-ci il tarixinə kimi Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı, «İnşaatçı» məhəllə komitəsinin əhatə etdiyi ərazi ünvanında yerləşən 300 A saylı fərdi yaşayış evində azyaşlı uaqlarla birlikdə yaşamışlar. Bunu 1 saylı “İnşaatçı” Məhəllə Komitəsinin 07.07.2021-ci il tarixli aktı təsdiq edir. İddiaçıya məxsus cehiz əşyaları da həmin fərdi evdədir. Hal-hazırda cavabdehlə münasibətləri pisləşdiyindən cavabdeh iddiaçının həmin evdə yaşamasına imkan vermir. Onun yaşamağa başqa yeri yoxdur. Nikah pozulduqdan sonra cavabdeh dəfələrlə ondan evi tərk etməyi tələb etmişdir. Məcbur olub valideynlərinin yanında, 1 otaqlı mənzildə 3 uşağı ilə birlikdə məskunlaşmışdır. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilmədiyini qeyd etmiş, hazırki mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı ərizəsində həmçinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında verdiyi izahatında iddianı müdafiəı edərək həmçinin bildirmişdir ki, 2021-ci ilin may ayına kimi Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı, «İnşaatçı» məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 300 A saylı fərdi yaşayış evində yaşamışdır. Bundan sonra isə cavabdehlə ailə münaqişəsi səbəbindən evi tərk edib. Nikahları isə iyun ayında pozulub. Onda olan məlumata görə cavabdeh də hazırda həmin evdə yaşamır. Evdə yalnız qaynanası yaşayırdı ki, onun bildiyinə görə o da bacısının evinə köçüb. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1992-ci ildə Qubadlı rayonu, Xocahan kəndində anadan olmuş, Qubadlı rayonu, Xocahan kəndində qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydyyatdadır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərinə əsasən tərəflərin yetkinlik yaşına çatmayan övladları X6 11.08.2011-ci ildə, X7 09.05.2013-cü ildə və X9 18.07.2015-ci ildə anadan olmuşlar. Qubadlı Rayon Məhkəməsinin 08.06.2021-ci il tarixli, 2(028)-262/2021 saylı qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, tərəflərin rəsmi nikahlarından anadan olmuş uşaqların iddiaçının yanında saxlanmaları və uşaqların yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 170 manat olmaqla, cəmi 510 manat məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İşdə olan “İnşaatçı” 1 saylı Məhəllə Komitəsi tərəfindən təsdiq edilmiş X4, X2, X3 tərəfindən tərtib edilərək imzalanmış aktda göstərilmişdir ki, iddiaçıl “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 300 A saylı fərdi yaşayış evində 2019-cu il arixindən 21 may 2021-ci ilə kimi 3 övladı ilə birlikdə yaşamışdır. “İnşaatçı” 1 saylı Məhəllə Komitəsindən verilən 265 saylı, 14.07.2021-ci il tarixli arayışda iddiaçının 3 övladı ilə birlikdə 01.09.2019-cu il tarixindən 20.05.2021-ci il tarixinə kimi “İnşaatçı” məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 300 A saylı fərdi yaşayış evində (bundan sonra – mübahisəli ev) yaşadığı göstərilmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X1 öz izahatında bildirdi ki, iddiaçının qonşusudur. Həmin evi tərəflər 2019-cu ildə hazır şəkildə alıblar. 2019-cu ildən 2021-ci ilə qədər iddiaçı, cavabdeh və cavabdehin anası həmin evdə birlikdə yaşayırdılar. İddiaçı cavabdehlə aralarında baş vermiş münaqişə nəticəsində 2021-ci ilin may ayında evdən çıxıb. Sonradan cavabdeh də evdən köçüb getdi. Yalnız cavabdehin qaynanası evdə yaşayır ki, o da demək olar ki, bacısının evində qalır və bəzən gəlib evə baş çəkir. Məhkəmə iclasında ifadə verən digər şahid X5 öz izahatında bildirdi ki, iddiaçının qonşusudur. 2021-ci ilin may ayına kimi iddiaçı uşaqları ilə birlikdə həmin evdə yaşayırdı. Evi hazır alıblar. Mayın 20-dən etibarən cavabdeh həmin evdə yaşamır. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Belə ki, Mülki Məcəlləyə əsasən Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır (180.1.). Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur (180.2.). Qeyd edilməlidir ki, mübahisəli ev özbaşına tikili olsa da, faktiki olaraq mövcuddur və iş üzrə tədqiq edilmiş yazılı sübutlar və şahid ifadələri ilə müəyyən edilir ki, mübahisəli ev tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmişdir. İddiaçı ilə cavabdeh nikahları dövründə həmin evi əldə edərək burada birgə yaşamışlar. Bu səbəbdən həmin evə onların yaşayış yeri kimi qiymət verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz azyaşlı uşaqları ilə birlikdə 21 may 2021-ci il tarixində həmin evi məcbur tərk etsə də, bu onun yaşayış yerini itirməsi anlamına gələ bilməz. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi özbaşına tikili olduğundan, cavabdehlərin həmin tikili üzərində hüququnun olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən onların iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər (27.1.). On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır (27.2.). Əgər şəxs hər hansı səbəbdən öz yaşayış yerini müəyyən müddətə tərk edirsə, o, yaşayış yerini itirmir (27.3.). Göründüyü kimi məhkəmə qətnaməsi ilə tərəflər arasında nikah pozularkən tərəflərin birgə nikahdan olan uşaqların iddiaçının yanında saxlanmaları qət edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, iddiaçı öz yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı yetkinlik yaşına çatmayan uşaqları 11.08.2011-ci il təvəllüdlü X6, 09 may 2013-cü il təvəllüdlü X7 və 18.07.2015-ci il təvəllüdlü X9 ilə birlikdə Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı, «İnşaatçı» məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 300 A saylı fərdi yaşayış evinə köçürülsünlər. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verildiyi gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-7138/2021
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-7138/2021
26.10.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver