Məhkəmə qərarları › İş №2(060)-7155/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7155/2021

01.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7155/2021 01.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 41a məhəllə, 5V saylı evin 7 saylı mənzili onun mülkiyyətindədir. Həmin evi X4 39.500 manat ödəməklə AN-İ ******* №-li, 18.06.2021-ci il tarixli alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Həmin alqı-satqı müqaviləsi əsasında AR ƏMDK yanında DƏDRX-nin 24.06.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışı ilə onun mülkiyyətinə verilmişdir. Cavabdehlər köhnə ev sahibləri və onun ailə üzvləridir. Həmçinin qeydiyyatda olan azyaşlı uşaqlar olan 06.05.2016-cı il təvəllüdlü X5, 28.04.2018-ci il təvəllüdlü X6 və 02.08.2014-cü il təvəllüdlü Nağıyeva Mələk Azər qızının valideynləri qeydiyyatda olmasalar da uşaqları onun mənzilində qeydiyyatdadırlar. Evsatıldığı gündən nə cavabdehlər, nə də azyaşlı uşaqlar mübahisəli mənzildə yaşamırlar. Onların mənzillə heç bir əlaqəsi yoxdur, mənzildə onlara aid heç bir əşya da yoxdur. Alqı-satqı müqaviləsi tərtib olunarkən mübahisəli mənzildə heç kim qeydiyyatda olmasa da, AR Asan-Sumqayıt mərkəzinin 13.07.2021-ci il tarixli, ******* №-li arayışından görünür ki, cavabdehlər və azyaşlı uşaqlar hələ də qeydiyyatdadırlar. Cavabdehlərin qeydiyyatda qalması onun mənzil hüquqlarını pozur, ona görə də məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və azyaşlılar 06.05.2016-cı il təvəllüdlü X5, 28.04.2018-ci il təvəllüdlü X6 və 02.08.2014-cü il təvəllüdlü Nağıyeva Mələk Azər qızının ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi T.M.Məmmədov iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehlər həmin ünvanda yaşamadıqları üçün məhkəmə bildirişini onlara təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsi T.M.Məmmədovun izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş 18.06.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 1 ünvanını 39.500 manata X2 almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanı tam xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş, Asan-Sumqayıt tərəfindən verilmiş AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li 13.07.2021-ci il tarixli arayışdan görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və azyaşlılar 06.05.2016-cı il təvəllüdlü X5, 28.04.2018-ci il təvəllüdlü X6, 02.08.2014-cü il təvəllüdlü Nağıyeva Mələk Azər qızı ünvan 1 ünvanında qeydiyyatdadırlar. İnsan Hüquqlarının və X3 Haqqında Konvensiyaya dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Bütün bunları nəzərə alan məhkəmə iddianın təmin olunmasında maneçilik görmür. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxs yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. İddia tələbinin əsaslı olması cavabdehlərin qeydiyyatda olduğu ünvanda yaşamaması, yalnız qeydiyyatda qalmaqla iddiaçının hüquqlarından sərbəst istifadə etməsinə mane olması, mülkiyyətçi kimi hüquqlarının məhdudlaşdırması və gerçəkləşdirməsinə maneçilik törədilməsi ilə ifadə olunur. Ona görə də, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və azyaşlılar 06.05.2016-cı il təvəllüdlü X5, 28.04.2018-ci il təvəllüdlü X6, 02.08.2014-cü il təvəllüdlü Nağıyeva Mələk Azər qızının ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və azyaşlılar 06.05.2016-cı il təvəllüdlü X5, 28.04.2018-ci il təvəllüdlü X6, 02.08.2014-cü il təvəllüdlü Nağıyeva Mələk Azər qızının ünvan 1 ünvanından istifadə hüquqlarına xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar