Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7161/2021 26.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi , İddiaçının vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/31, mənzil 16ya olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/31, mənzil 16 xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. İddiaçı həmin mənzili 03 aprel 2021-ci ildə Əliyev Sərdar Sirac oğlundan alqı-satqı müqaviləsi ilə almışdır. Cavabdehlər keçmiş ev sahibinin ailə üzvləridir. Alqı-satqı müqaviləsinin 13-cü bəndinə görə cavabdehlər 03.06.2021-ci il tarixinədək iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxmalı olmuşlar. Cavabdehlərin iddiaçıya məxsus mənzilə qeydiyyatı formal xarakter daşıyır, bu isə öz növbəsində iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə təşkil edir. Ona görə də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək qeyd etdi ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/31, mənzil 14-ün sakinləridir və səhvən onların qeydiyyat yerləri Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/31, mənzil 16 qeyd edilmişdir, Cavabdeh3 isə əvvəlki mülkiyyətçinin oğludur və alqı-satqı zamanı ərizə yazaraq qeydiyyatdan çıxmaq öhdəliyi götürsədə bunu etməmişdir, ona görədə iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən məhkəmə hazırki, mülki işə onun iştrakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının vəkilinin-nümayəndəsinin izahatını dinləyərək və təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası DİN-nin ******* saylı arayışından görünür ki, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/31, mənzil 16-a qeydiyyatdadırlar. - Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil-Kommunal Sahəsinin 661 saylı, 15.10.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/31, mənzil 14-ə aid sakinlərdir, onlar və Cavabdeh3 Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/31, mənzil 16-a hüququ olmayan sakinləridir. - 21.04.2021-ci il tarixli ********** saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/31, mənzil 16 xüsusi mülkiyyət hüququ ilə X2 qızına məxsusdur. - Əliyev Sərdar Sirac oğlu ilə İddiaçı arasında bağlanmış 03.04.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Əliyev Sərdar Sirac oğlu Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/31, mənzil 16-nı X1 43000 manata satmışdır. -Sumqayıt şəhəri 3 saylı Notariat ofisində Əliyev Sərdar Sirac oğlu ilə İddiaçı arasında rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi üzrə 03.04.2021-ci il tarixli, 4Ə/401 reyestr nömrəli notariat işindəki cavabdeh Əliyev Tural Sərdar oğlunun 02.04.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Əliyev sərdar Sirac oğluna məxsus olmuş Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/31, 16 saylı mənzilin satılmasına etiraz etmir, nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Əliyev Sərdar Sirac oğlu Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/31, 16 saylı mənzili alqı-satqı müqaviləsi əsasında özgəninkiləşdirərək İddiaçı Nağdı qızının mülkiyyətinə vermişdir. Keçmiş mülkiyyətçinin ailə üzvləri mübahisəli mənzildən köçsə də, mənzildə pasport qeydiyyatında formal olaraq qalmışdır ki, bu da iddiaçının mülkiyyətində olan mənzilinə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olur və artıq kommunal xərclərin meydana gəlməsinə səbəb olur. Həmçinin iki cavabdehin ümumiyy\tlə qeyd edilən mənzilə aidiyyətləri yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Həmin Məcəllənin 572.1-ci maddəsinə əsasən alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarı ilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Göründüyü kimi, cavabdehlər iddiaçının mənzili əldə etməsindən əvvəl mənzilə qeydiyyata alınmış, onların mənzilə qeydiyyata alınması iddiaçının–yeni mülkiyyətçinin iradə ifadəsi ilə bağlı deyil, əksinə mülkiyyətçi kimi onun iradəsinə ziddir. Əvvəlki mülkiyyətçi iradəsini ifadə edib mənzil üzərində mülkiyyət hüququnu yeni mülkiyyətçiyə verərkən subyektiv hüquq kimi mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüş və ailə üzvləri ilə birlikdə mənzili tərk etmişdir. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin fərdi yaşayış evində qeydiyyatda qalması ona öz mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün isə onların mənzildən istifadə hüququna məhkəmə qaydasında xitam verilməlidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsindən görünür ki, müvafiq dövlət orqanı tərəfindən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallardan biri də yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Odur ki, cavabdehin mənzildən istifadə hüququ alqı-satqı müqaviləsində göstərilən tarixdən itirilmiş hesab olunmalıdır. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehlərin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalı, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilə yaşayış sahəsinə istifadə hüquqları itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus olan Sumqayıt şəhəri, 4-cü məhəllə, ev 16/31, 16 saylı mənzilinə olan istifadə hüquqları itirilmiş hesab edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-7161/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7161/2021
26.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver