Məhkəmə qərarları › İş №2(060)-7182/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7182/2023

29.12.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7182/2023 29.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X6 qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair mülki işə 29 dekabr 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsini, işə bərpa olunmağı və Cavabdeh MMC tərəfindən onu iddiaçı qismində qanunsuz işdən çıxardığına görə cavabdehin onu işdən çıxardığı günün sonrakı günündən yəni xx.xx.2023-cü il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqınının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ali təhsillidir, Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya ixtisası üzrə bakalavr təhsili almışdır. Son iş yeri olaraq onun və Cavabdeh MMC arasında xxxxxxx000609 nömrəli xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanılmışdır. Sözügedən müqavilə üzrə aylıq 1705 manat əmək haqqı ilə sahə rəisi vəzifəsində işləmişdir. Cavabdeh MMC ilə bağlanılan xxxxxxx000609 nömrəli xx.xx.2020-ci il tarixli əmək müqaviləsi xx.xx.2023-cü il tarixinə qədər qüvvədə olsa da əmək müqaviləsi əsassız olaraq ləğv edilmişdir. Belə ki, işlədiyi müddət ərzində kollektivin dərin hörmətini qazanmış, işində daim əmək fəaliyyətini yüksək peşəkarlıqla yerinə yetirsə də, başa düşmədiyi səbəbdən müqaviləsi sonlandırılmışdır. Müqaviləyə xitam təşkil edən xx.xx.2023-cü il tarixli əmrdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsi əsas gətirilsə də (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) nə 70-ci maddənin ç bəndini, nə də ki, 72-ci maddənin c bəndinə əsasən tərəfindən işlədiyi müəssisəyə maddi ziyan vurulmamışdır. Barəsində əsassız olaraq qeyd olunan maddi ziyan vurulması ilə bağlı əsas təşkil edən 15 və 28 avqust tarixli intizam tənbehi əmrləri ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı tərtib olunan xx.xx.2023-cü il tarixli əmr nüsxəsi ona əmək kitabçasının təqdim olunduğu tarixdə göstərilmiş və həmin anda həmin mətində sözügedən təqdim olunarkən əmrin içində oxuyaraq məlumatlı olmuşdur. Beləliklə məlum olur ki, sözügedən 15 və 28 avqust tarixli əmrlərin hər ikisi onun işdən əsassız olaraq çıxarılmağı ilə bağlı daxildə xx.xx.2023-cü il tarixində şifahi qaydada qərar verilmə nəticəsində əsasa söykənməsi məqsədilə sonradan tərtib olunmuşdur. Həmin əmrlərin heç birində ona məlumat verilməmiş və bunu təsdiq edən imzası belə əksini tapmamışdır. Bundan başqa, sözügedən qanunvericilik müddəalarında qeyd olunan tənzimləmələr maddi ziyan ilə bağlıdır. Ancaq cavabdeh əmək müqaviləsinin sonlanmasına əsas təşkil edən maddi ziyanın nə vaxt, hansı formada və nə məqsədlə vurduğunu obyektiv olaraq əsaslandıra bilməmiş və subutedici faktlar ortaya qomamışdır. Qeyd olunanlarlar birlikdə, intizam təhbehi tədbirlərinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddəyə əsasən İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Cavabdeh isə əmrləri işdən çıxarıldığı müddət ərzində əsassız olaraq etdiyindən ondan təbii olaraq yazılı izahat almamışdır (imtina etməsinin təsdiqedici sübutu yoxdur). Eyni zamanda həmin maddənin üçüncü bəndinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir, işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Cavabdeh isə qeyd etdiyi kimi, Məcəllənin sözügedən normalarının heç birinə əməl etməmişdir. Əmək müqaviləsinə xitam verilmənin əsas səbəbi müəssisə rəhbərliyinin onunla olan əmək müqaviləsinə davam etmək istəməməsi və bununla bağlı 31 avqust tarixində onu cavabdehin insan resursları ilə məsul əməkdaşa istiqamətləndirərək öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilməsi, ona onsuzda əsassız da olsa bunun ediləcəyinin bildirilməsidir. İşində qüsurunun olmadığı, müəssisənin ən çalışqan əməkdaşlarından biri olduğunu xatırlatsa da ona 31 avqust tarixində əmək kitabçası təhvil almağı məqsədilə son dəfə iş yerinə gəlməyi bildirilmişdir. Sözügedən tarixdə müəssisəyə gedərək əmək kitabçasını götürmüş və cavabdehin ona qarşı yuxarıda qeyd etdiyi əsassız olaraq tərtib etdiyi əmr (və mətnində digər əmrlərin vurğulanması) ilə tanış olmuşdur. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, cavabdeh onu qanunsuz işdən çıxardığına görə cavabdeh onu işdən çıxarıldığı günün sonrakı günündən yəni xx.xx.2023-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə kimi orta aylıq əmək haqqını ödəməyə borcludur. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsi Əmək müqaviləsinə xitam verilməsinin sənədləşdirilməsi qaydasını müəyyən edir. Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilətəsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Sözügedən maddəyə əsasən sözügedən əmrin surəti verilməmiş və əmək kitabçası ona təhvil verilərkən işəgötürən tərəfindən müəssisənin möhürü ilə təsdiq edilməmiş, aidiyyəti şöbənin daxili möhürü (İnsan resursları departamentin) ilə təsdiqlənməklə maddi hüquq normalarının tətbiqi pozulmuşdur. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2019-cu ilin noyabr ayından STP-də sahə rəisi vəzifəsinə təyin edilib. İşlədiyi müddətdə hər kəsin hörmətini qazanmış, işinə hər zaman məsuliyyətlə yanaşmışdır. X20 bir sahədə rəis olmağına baxmayaraq metallurq sahəsini də ona tapşırmaq istəyəndə, o, isə bununla razılaşmaq istəməmişdir, çünki evində parkinson xəstəliyindən əziyyət çəkən ailə üzvü vardır. İki işi birlikdə idarə etmək onun üçün çətin idi. Həmçinin ixtisası kimyaçı idi, metallurq sahəsini bilmirdi. Buna baxmayaraq bir il müddətinə iki işi birlikdə idarə etmişdir. Əgər o yaxşı işçi olmasaydı ona iki sahə etibar edilməzdi. Avqust ayının 30-da ona şiddətli töhmət verilmişdir. O, bununla razılaşmayaraq imzalamayacağını bildirmişdir. Eyni zamanda ona direktorun da göstərişi ilə ərizə yazıb işdən çıxmalı olduğunu dedilər. Cəmiyyətdə Nəriman Kərimov adlı növbə rəisi də işləyirdi, həmin vaxt onu da işdən çıxartdılar. Onu da məhkəmənin nəzərinə çatdırır ki, onunla bağlanmış əmək müqaviləsinin müddətinin bitməsinə 3 ay qalmışdı. O, rəhbərlikdən müddətinin bitməsini gözləmələrini xahiş etmiş, əks halda işdən çıxacağı təqdirdə ona 3 aylıq maaşının verilməsini istəmişdir. Lakin rəhbərlik onun bu istəyi ilə razılaşmamışdır. Ona könüllü işdən çıxmadığı təqdirdə onu maddə ilə çıxaracaqlarını bildirdilər. Məhkəmənin nəzərinə çatdırır ki, ona heç bir xəbərdarlıq olunmayıb. Ona ikinci xəbərdarlıq olsaydı, o, özü ərizə yazıb işdən çıxardı. Cavabdehin təqdim etdikləri sənədlər saxtadır, köhnə tarixlərdə sənədlər hazırlayaraq məhkəməyə göndəriblər. O, son 6 ay – 1 il ərzində Kadrlar Şöbəsinə çağırılmayıb, hətta kamera görüntüləri də bu faktı təsdiqləyir. Təqdim olunan sənədlər köhnə tarixlərə yazılmış sənədlərdir. Onu da bildirir ki, növbə rəislərinin hamısı işdən çıxarılıb. İzahatları da o, özü alıb. Bir daha qeyd edir ki, yalnız sonuncu şiddətli töhmət barədə ona məlumat verilib və o, təqdim olunub. O isə həmin səənədi imzalamaqdan imtina edib. Onu da xüsusilə məhkəmənin nəzərinə çatdırır ki, məhkəməyə təqdim edilmiş izahatdakı yazı ona aid deyil, imza isə ona məxsudur. Bəhs edilən hadisə avqust ayının 23-də baş verib. 500-600 profilin zay olduğu deyilmişdi, növbə rəisi ilə danışanda 50-60 profilin zay olduğu deyildi. Zay məhsul istifadəyə yararsız deməkdir. Amma bərpası mümkün ola biləcək profillər də var idi. 5130 profildən cəmi 50-sinin sıradan çıxması 6% itki deməkdir. İstehsal itki norması 14%-in altında olmalıdır. Dünya standartına əsasən 14%-ə qədər itki normaldır. Əslində Əmək Məcəlləsinin 187-ci maddəsi müəssisə tərəfindən kobud şəkildə pozulub. Göründüyü kimi, istehsalatda itki faizi də nəzərə alınmalıdır. Normal faiz 14 olur, onun işləridə isə 7-8% olurdu. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəməyə mülahizə təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdehə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddiası hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Belə ki, iddia ərizəsinin dəlilləri əsassız olduğundan onunla razılaşmırlar və aşağıdakıları qeyd etməyi zəruri hesab edirlər. İddiaçı ilə STP Alüminium MMC arasında xx.xx.2020-ci il tarixində əmək müqaviləsi bağlanmış və sözügedən müqavilə üzrə aylıq 1190 manat əmək haqqı ilə toz boya sahəsinə rəis vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2023-cü il tarixli əmr ilə STP Alüminium MMC-nin toz-boya sahəsinin rəisi ilə bağlanmış əmək müqaviləsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən - vəzifələrinin kobud şəkildə pozmaqla təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əsası ilə xitam verilmişdir. İşçinin əmək müqaviləsinə xitam verilməsinə səbəb əmək vəzifələrini kobud şəkildə pozaraq, öz vəzifə öhdəliklərini həyata keçirməyərək hərəkətsizliyi ilə işəgötürənə ümumillikdə 7962,57 manat məbləğində maddi zivan vurması olmuşdur. Belə ki, xx.xx.2020-ci il tarixli 070 NQ-li vəzifə təlimatının 5-ci bəndində işçinin vəzifə öhdəlikləri nəzərdə tutulmuşdur. Vəzifə təlimatının 5.1-ci maddəsinə əsasən, toz-boya sahəsinin sahə rəisi sahənin bütün istehsal növbələrində istehsal təsərrüfat işini təşkil edir. Vəzifə təlimatın 5.2-ci maddəsinə əsasən, verilmiş tapşırıqları vaxtında yerinə yetirilməsini, sahəsinin bütün istehsal növbələrində məhsulun keyfiyyətinin təminat sisteminə uyğun yüksək keyfiyyətli buraxılmasını, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasını təmin edir. Vəzifə təlimatının 5.3-cü maddəsinə əsasən, İstehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnalogiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, bütün növbələrdə keyfiyyətli məhsul istehsalının təmin edilməsi, zay məhsul buraxılışının qarşısının alınması, bütün daxili ehtiyatlardan səmərəli istifadə olunması, yeni məhsul istehsalı texnalogiyasının mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, məhsulun maya dəyərinin və sərf olunan əməyin aşağı salınması üzrə iş aparır, növbələrdə işini düzgün təskil edilməsini və növbə rəislərinin düzqün idarə edilməsini təmin edir. İşçinin vəzifə öhdəliklərindən göründüyü kimi, bütün istehsalat növbələrində məhsulun yüksək keyfiyyətdə buraxılması, zay məhsul buraxılışının qarşısının alınması, növbələrdə işini düzgün təşkil edilməsini və növbə rəislərinin düzgün idarə edilməsini təmin etmək İddiaçı əsas vəzifə öhdəlikləri olmuşdur və əmək funksiyasının əsasını təşkil etmişdir. Vəzifə təlimatının 7.1-ci maddəsinə əsasən, işçi Azərbaycan Respublikasının əmək qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada, vəzifə təlimatı ilə nəzərdə tutulmuş, vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə icra edilməməsi, Cəmiyyətdaxili qayda və prosedurlara riayət edilməməsinə görə məsuliyyət daşıyır. Vəzifə təlimatının 7.3-cü maddəsinə əsasən, İşçi Azərbaycan Respublikasının əmək, cinayət və mülki qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada maddi ziyanın vurulmasına görə məsuliyyət daşıyır. Vəzifə təlimatının 7.7-ci maddəsinə əsasən vəzifə təlimatında göstərilən bütün göstərişlərin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır. Vəzifə təlimatının 7.8-ci maddəsinə əsasən verilən işlərin yüksək keyfiyyətlə və vaxtında yerinə yetirilməməsinə görə toz-bova sahəsinin rəisi birbasa məsuliyyət daşıyır. Vəzifə təlimatının 7.9-cu maddəsinə əsasən Bütün istehsal növbələrində boya prosesinin düzgün aparılmamasına və uyğunsuz istehsal nəticələrinə görə toz-boya sahəsinin rəisi birbasa məsuliyyət daşıyır. Toz-boya sahəsinin rəisi vəzifəsini icra edən İddiaçı rəhbərlik etdiyi vəzifə təlimatına və əmək funksiyasına əsasən daşıdığı vəzifə öhdəliklərini düzgün icra etməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli əmrdən aydın olur ki, Toz-boya sahəsinin rəisi vəzifəsini icra edən İddiaçı rəhbərlik etdiyi sahədə növbə rəisinin iş fəaliyyətinə düzgün nəzarət təşkil edilməmiş və növbə rəisinin düzgün idarə edilməməsi nəticəsində alüminium profil məhsulları yararsız hala düşmüşdür. Vurulmuş ziyan növbə rəisinin izahatında öz əksini tapmışdır. Baş vermiş hal ilə bağlı olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən, İddiaçı işəgötürən tərəfindən şifahı qaydada xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixli əmrdən aydın olur ki, xx.xx.2023-cü il tarixində toz-boya sahəsinin rəisi vəzifəsini icra edən İddiaçı rəhbərlik etdiyi sahədə növbə rəisinin iş fəaliyyətinə nəzarət düzgün təşkil edilməmiş və növbə rəisinin düzgün idarə edilməməsi nəticəsində alüminium profil məhsulları boyanması prosesi düzgün aparılmamış və məhsullar yararsız hala düşmüşdür. Vurulmuş ziyan növbə rəisinin izahatında öz əksini tapmışdır. Baş vermiş hal ilə bağlı olaraq, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən, İddiaçı işəgötürən tərəfindən şifahi qaydada xəbərdarlıq edilmişdir. xx.xx.2023-cü il tarixində tozboya sahəsinin rəisi vəzifəsini icra edən İddiaçı rəhbərlik etdiyi sahədə işinə səhlənkar yanaşmış, profillərin boyanması prosesinin düzgün aparılmasına nəzarət etməmiş və profillərin yararsız hala düşməsinə səbəb olmuşdur. İddiaçı xx.xx.2023-cü il tarixli izahatında da əmək funksiyasını düzgün yerinə yetirmədiyini etiraf etmişdir. Dəfələrlə edilmiş şifahi xəbərdarlıqlar nəticə vermədiyindən, xx.xx.2023-cü il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən, Toz-boya sahəsinin rəisi vəzifəsini icra edən İddiaçı töhmət verilmişdir. xx.xx.2023-cü il tarixində toz-boya sahəsinin rəisi vəzifəsini icra edən İddiaçı bir daha rəhbərlik etdiyi sahədə işinə səhlənkar yanaşmış, profillərin boyanması prosesinin düzgün aparılmasına nəzarət etməmiş və profillərin yararsız hala düşməsinə səbəb olmuşdur. Baş vermiş hal, işçilərin izahatında da öz əksini tapmışdır. Dəfələrlə edilmiş şifahi xəbərdarlıqlar və töhmət nəticə vermədiyindən, xx.xx.2023-cü il tarixli əmr ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən Toz-boya sahəsinin rəisi vəzifəsini icra edən İddiaçı sonuncu xəbərdarlıq şiddətli töhmət verilmişdir. İddiaçı əmrlə tanış olmaqdan və izahat yazmaqdan imtina etmiş, və bununla bağlı olaraq xx.xx.2023-cü il tarixində akt hazırlanmışdır. xx.xx.2023-cü il tarixində İddiaçı tərəfindən yenə də sahədə işi düzgün təşkil etməmiş, işçilərin lazımi qaydada təlimatlandırılmaması, növbə rəislərinin işinə düzgün nəzarətin edilməməsi nəticəsində alüminium profilləri məhsulları yararsız hala düşmüşdür. İddiaçı əmrlə tanış olmaqdan və izahat yazmaqdan imtina etmiş, və bununla bağlı olaraq xx.xx.2023-cü il tarixində akt hazırlanmışdır. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli dəymiş maddi ziyan barədə aktlardan məlum olur ki, İddiaçı tərəfindən istehsal prosesinin düzgün təşkil edilməməsi və növbə rəislərinin düzgün təlimatlandırılmaması nəticəsində iyul ayı ərzində 721 kq alüminium profil məhsulu, avqust ayı ərzində 1550,5 kq alüminium profil məhsulu yararsız hala düşmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından məlum olur ki, toz-boya sahəsində iyul ayı ərzində 2256,73 manat dəyərində, avqust ayı ərzində isə 5705,84 manat məbləğində məhsul yararsız hala düşmüşdür. Göründüyü kimi, toz-boya sahəsinin rəisi vəzifəsini icra edən İddiaçı rəhbərlik etdiyi sahədə işin təşkilini düzgün təşkil etməməsi, növbə rəislərini və işçiləri lazımı səviyyədə təlimatlandırmaması, növbə rəislərinin iş fəaliyyətinə nəzarəti təşkil etməməsi, öz vəzifə təlimatındakı vəzifə öhdəliklərini yerinə yetirməməsi, öz əmək fuksiyasını kobud şəkildə pozması səbəbindən toz-boya sahəsində ümumilikdə 2271,5 kq alüminium profil məhsulu yararsız hala düşmüş və bununla birlikdə müəssisəyə 7962,57 (yeddi min doqquz yüz altmış iki manat, 57 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin c bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması İşçinin əmək vəzifəsini kobud şəkildə pozması hesab edilir. Bu hal İşəgötürən tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinin ləğv edilməsi hesab edilir.Həmçinin, iddiaçı məsələ ilə bağlı olaraq xx.xx.2023-cü il tarixində X16 Xidmətinin X6 müraciət etmişdir. X16 Xidmətinin X4 apardığı araşdırmalar nəticəsində işçinin əmək müqaviləsinə xitam verilməsi barədə heç bir qanun pozuntusuna rast gəlməmişdir. Odur ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası qanunvericiliyinin yuxarıda göstərilən tələblərinə istinadən, İddiaçı Cavabdehə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsinə dair iddiasının rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdmişdir. Daha sonra “STP Alüminium" Məhdud Məsuliyyətli Cəmiyyətinin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi vəkil X14 məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək bildirmişdir ki, hal-hazırda Sumqayıt Şəhər Məhkəməsinin icraatında İddiaçı STP Alüminium MMC-yə qarşı “işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsinə” dair 2(060)-7182/2023 saylı mülki iş vardır. İddiaçının bu tələbinə münasibətdə hesab edirlər ki, iddiaçı tələblə bağlı iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının 01 sentyabr 2023-cü il tarixli əmr ilə əmək müqaviləsinə xitam verildiyini nəzərə alınsa, iddia müddətinin axımı hüququn pozulduğu andan - 01 sentyabr tarixindən başlamış hesab edilir. Mediasiya haqqında qanunun 35.1-ci maddəsinə əsasən, Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. “005151” saylı poçt bildirişindən aydın olur ki, iddiaçının mediasiya təklifi cavabdehə xx.xx.2023-cü il tarixində çatmışdır. Həmçinin, Mediasiya haqqında qanunun, 35.2-ci maddəsinə əsasən, Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Qanunun 32.4.2-ci maddəsinə əsasən, arayışın təqdim edildiyi gündən iddia müddətinin axımı bərpa olunur. MŞS\MT030\2023-02281 nömrəli ilkin mediasiya prosesininin davam etdirilməməsinə dair mediasiya arayışından aydın olur ki, ilkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixində baş tutmuş, arayış isə xx.xx.2023-cü il tarixində hazırlanaraq təqdim edilmişdir. Beləliklə, iddia müddətinin axımı xx.xx.2023-cü il tarixindən bərpa olunmuşdur. E mehkeme portalından aydın olur ki, iddiaçı xx.xx.2023-cü il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Yuxarıda sadalanan hallardan göründüyü kimi, iddiaçı məhkəməyə müraciət edərkən tələblə bağlı iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 47, 78 və 184-cü maddələrinin tələblərini rəhbər tutaraq, İddiaçı Cavabdehə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi barədə iddia tələbinin iddia müddəti ötürüldüyündən rədd edilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh "xxxx" MMC-nin və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X4 nümayəndələri məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının növbəti dəfə təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil izahında bildirmişdir ki, iddiaçı "xxxx" MMC-də işləyir. İlk pozuntu halı iyul ayının 14-ü olub. Həmin tarixdə Toz-boya sahəsində səhlənkarlıq olub, nəticədə profillər yararsız hala düşüb. Bu barədə iddiaçıya şifahi xəbərdarlıq olunub. Bundan sonra hadisə yenidən təkrarlanıb və nəticədə iddiaçı yenə xəbərdarlıq olunub. 12 avqustda eyni hadisənin təkrarlanması ilə aliminium profillər yararsız hala düşüb. Hadisə yenidən təkrarlandığı zaman isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi barədə əmr verilib. İddiaçı isə əmrlə tanış olmaqdan və onu qəbul etməkdən imtina etmişdir. Eyni hal 5-ci dəfə təkrarlandığı zaman sonuncu əmr verilib. İddiaçının hərəkətləri nəticəsində müəssisəyə kifayət qədər çox ziyan dəyib. Buna görə də cavabdeh məcbur qalaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam vermişdir. İşəgötürənə maddi ziyan vurulması işə bərpa halını aradan qaldırır. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti X4 nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahında bildirmişdir ki, iddia tələbini qəbul etmir. İddiaçı sentyabr ayının 5-də X10 müraciət etmişdir. Vətəndaşın ərizəsindən, həmçinin 10 sentyabr tarixli izahatından aydın olur ki, o, əmək müqaviləsinə qanunvericiliyin tələblərinin pozulması ilə xitam verilməsindən şikayətçi olmuşdur. Bununla bağlı araşdırılma aparılmış, cavabdeh qurum tərəfindən təqdim edilmiş sənədlərdən aydın olmuşdur ki, xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə xəbərdarlıq və son olaraq şiddətli töhmət edilməklə xx.xx.2023-cü il tarixində Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı tərəfindən vəzifə təlimatına əsasən onun səlahiyyətinə daxil edilmiş sahələrdə xətalara yol verilməsi nəticəsində əmək müqaviləsinə xitam verilmişdir, bu barədə iddiaçıya rəsmi məktub ünvanlamışdırlar. Nümayəndə qeyd olunanların nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci ildə Cavabdeh MMC-nin İstehsalat Departamentinin Toz Boya Sahəsinin rəisi vəzifəsinə qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-nin İstehsalat Departamentinin Əritmə və Pəstahalma sahəsinin rəisi, xx.xx.2023-cü ildə Həmin Departamentin Toz Boya Sahəsinə sahə rəisi vəzifəsinə qəbul edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (vəzifələrini kobud şəkildə pozmaqla təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsinə müliyyətçiyə maddi ziyan vurması ilə) işdən azad edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-ci il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İşdə olan tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, həmin müqavilənin 2-ci bəndinə əsasən işçi (İddiaçı) tutduğu vəzifəsinə (səhə rəisi) uyğun olaraq əmək münasibatləri prosesində ona İşəgötürən (Cavabdeh MMC) tərəfindən etibar edilmiş və/və ya müvafiq qaydada təhvil verilmiş (təhkim edilmiş) əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütövlüyunə, qorunub saxlanmasna və mühafizəsinə görə tam həcmdə maddi məsuliyyət daşıyır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X4 İddiaçı ünvanladığı məktubundan məzmunundan görünür ki, həmin məktubla İddiaçı bildirilmişdir ki, Cəmiyyət rəhbərliyinin təqdim etdiyi xx.xx.2023-cü il tarixli 81-İR/M-x nömrəli məktuba və təsdiqedici sənədlərə baxılarkən müəyyən olunmuşdur ki, “Sizinlə xx.xx.2020-ci il tarixində müddəti üç ay olmaqla xx.xx.2020-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək müddətli əmək müqaviləsi bağlanılaraq cəmiyyətdə İstehsalat departamentinin Toz-boya sahəsində sahə rəisi vəzifəsinə işə qəbul edilmisiniz. Cəmiyyətin işəgötürəninin 01 sentyabr 2023-ci il tarixli 25-İR/X nömrəli əmri ilə xx.xx.2023-cü il tarixli 132-İR/b nömrəli intizam tənbehi, xx.xx.2023-cü il tarixli 25-İR/x nomrəli intizam tənbehi və 30 avqust 2023-cü il tarixində rəhbərlik etdiyiniz sahədə baş vermiş xətalara görə xx.xx.2023-cü il tarixli təqdimat əsasında Sizinlə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri gözlənilməklə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalan hallarda əmək vəzifələrini kobuc şəkildə pozduqda) əsasən xitam verilmiş, son haqq-hesabınız (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, əmək haqqı və digər ödəmələr) əmək müqaviləsi bildirişinizdə qeyd olunan əmək haqqınıza uyğun olaraq 2585 manat 79 qəpik məbləğində olmaqla xx.xx.2023-cü il tarixində əmək müqavilənizə xitam verildiyi gün əmək haqqı kartınıza köçürülmüşdür. Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət etmək hüququnuz vardır”. İşdə olan xx.xx.2023-cü il tarixli 132-İR/b nömrəli əmrdən görünür ki, həmin əmrlə İstehsalat departamenti Toz-boya sahəsinin növə rəisi X1, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən töhmət verilmişdir. İşdə olan Toz-boya sahəsinin sahə rəisi İddiaçı Cavabdeh MMC-nin direktoru Fərhad Əliyevə ünvaldığı təqdimatdan görünür ki, Toz boya sahəsində növbə rəisi Hüseynov Şirzad xx.xx.2023 tarixdə saat 00:00-dan 08:00 kimi zavodda növbədə olmuşdur. Növbə zamanı 1300 kq N 52898 və N 5291 profilləri boyamışdır. Boyamadan sonra 115 ədəd profilin zay məhsul kimi keyfiyyətə nəzarət şöbəsi kənarlaşdırmışdır. Profillərin zay olmasının səbəbi konveyerin yaglama şlanqının yerindən çıxması və tapançanın birinin normal işləməməsi olmuşdur. Növbə rəisi diqqətli olsaydı vaxtında bunu müşahidə edib növbətçi çilingərə məlumat verə bilərdi. Eyni anda tapançanın birinin xarab olması haqqında növbətçi avtomatiklərə məlumat verməmiş, məsələnin həllini tapançanın boyasını çox çüzi qoymagla həll etməyə çalışmışdır. Bu isə profillərdə böyük mikron fərqinin yaranmasına səbəb olmuşdur. xx.xx.2023 tarixində 49 zay boya istehsal etdiyində onu xəbərdar etmişdilər ki, yeni tempraturaya davamlı yağ sifarişləri alınana qədər diqqətli olsun. Görünür ki, onların onu xəbərdar etməmizdən heç bir nətiçə çıxarmamışdır. Növbə rəisinin bu yenidən məsuliyyətsiz törətməməsi üçün ölçü götürülməsini xahiş etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 114-İR/b nömrəli əmrdən görünür ki, həmin əmrlə İstehsalat departamenti Toz-boya sahəsinin növbə rəisi X5, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən töhmət verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan (MMC-nin İstehsalat Departamentinin direktoru, Planlama və anbar bölməsinin meneceri və Keyfiyyətə nəzarət bölməsinin müfəttişi tərəfindən tərtib edilmişdir) görünür ki, 2023-cü ilin iyul ayında Toz boya sahəsinin rəisi İddiaçı tərəfindən rəhbərlik etdiyi sahənin növbə rəislərinin düzgün təlimatlandırmaması və istehsal prosesinin düzgün təşkil edilməməsi nəticəsində sahədə profillərin boyanması zamanı aşağıda qeyd olunan miqdarda (721 kq) müştəri sifarişinin tələblərinə və keyfiyyət standartlarına cavab verməyən zay məhsul çıxmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 132-İR/b nömrəli əmrdən görünür ki, həmin əmrlə Tozboya sahəsinin rəisi İddiaçı və Keyfiyyətə Nəzarət bölməsinin meneceri X2, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən töhmət verilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli izahat ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə növbə rəisi Nəriman 5406 nömrəli profili boyamışdır. Həmin profillərin yararsız olduğu bildirilmişdir. Bildirir ki, həmin profilləri asmağın başqa yolu yoxdur və asqı yeri orada mütləq bilinir. Nəticədə cəmi 10 ədəd profil yararsız hala düşmüşdür. Boyama işləri vaxtında minimum itki ilə təhvil verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan (MMC-nin İstehsalat departamentin direktoru, İnsan resursları bölməsinin böyük mütəxəssisi və İnsan resursları bölməsinin aparıcı mütəxəssisi tərəfindən tərtib edilmişdir) görünür ki, xx.xx.2023-ci il tarixində "xxxx" MMC-nin Keyfiyyətə Nəzarət bölməsinin meneceri X2 və Toz-boya sahəsinin rəisi İddiaçı onlar barədə verilmiş xx.xx.2023-cü il tarixli, 132-İR/b saylı intizam tənbehi əmri təqdim edilmiş, lakin adları çəkilən işçilər Əmrlə tanış olmaq barədə imza çəkməkdən imtina etmişdirlər. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "STP Alüminium MMC" nin istehsalat direktoru Qasımov E., texnoloq İsmayılov R., Planlama şöbəsi meneceri Səfərov F., sahə rəisi İddiaçı, bu aktı tərtib etmişlər ondan ötrü ki, xx/xx/2023-ci il tarixində 2-ci növbədə Kontinent sifarişi üçün istehsal olunmuş 5296 nömrəli alüminium profillərin 53 ədədinin üzərində ciddi nöqsanlar aşkar etmişdirlər. Tərəflərindən araşdırılma aparılmış və bu nəticəyə gəlinmişdir ki, bu nöqsanların yaranmasına səbəb, boya bişirmə sobasının içi və konveer xəttinin yaxşı təmizlənilməməsidir. Proses zamanı asqılardakı 7 ədəd profil sobanın daxilinə düşmüş, bu isə yerə və divarlara yapışmış tozu və kənar maddələri tərpətmişdir. Nəticədə sirkulyasiya edən hava bunları profillərin səthinə yapışdırmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli 142-İR/b nömrəli əmrdən görünür ki, həmin əmrlə İstehsalat departamenti Toz-boya sahəsinin növbə rəisi X1, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 141-İR/b nömrəli əmrdən görünür ki, həmin əmrlə İstehsalat departamenti Toz-boya sahəsinin növbə rəisi X8, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən töhmət verilmişdir. X7 xx.xx.2023-cü il tarixli izahat ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə gecə növbəsində profillər yerə və sobanın içinə dağılmışdır. Profillər yenidən bərpa edilərək təhvil verilsə də, sobanın içini təmizləmək yaddan çıxmışdır. Gecə növbəsindən çıxarkən sahə rəisinə deməmişdir. Həmin ərizəyə İddiaçı tərəfindən ona hadisə barəsində heç bir məlumat verməməklərindən əlavə, sobaya tökülən boyanın növbəti növbələrdə boyanacaq profillər üçün nə qədər təhlükəli olduğunu bilərək sobanı təmizləmədən, növbəni təhvil verərək heç kimə demədən çıxıb getməsi barədə müvafiq qeyd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli 143-İR/b nömrəli əmrdən görünür ki, həmin əmrlə İstehsalat departamenti Toz-boya sahəsinin rəisi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan (MMC-nin Administrativ departamentin direktoru, SƏTƏM bölməsinin meneceri və İnsan resursları bölməsinin böyük mütəxəssisi tərəfindən tərtib edilmişdir) görünür ki, xx.xx.2023-ci il tarixində "xxxx" MMC-nin Toz-boya sahəsinin rəisi İddiaçı xx.xx.2023-cü il tarixində Toz-boya istehsalat sahəsində baş vermiş uyğunsuzluqlarla bağlı izahat yazmaqdan imtina etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan (MMC-nin Administrativ departamentin direktoru, SƏTƏM bölməsinin meneceri və İnsan resursları bölməsinin baş mütəxəssisi tərəfindən tərtib edilmişdir) görünür ki, xx.xx.2023-ci il tarixində "xxxx" MMC-nin Toz-boya sahəsinin rəisi İddiaçı xx.xx.2023-cü il tarixində Toz-boya istehsalat sahəsində baş vermiş uyğunsuzluqlarla bağlı xx.xx.2023-cü il tarixli, 143-İR/b saylı Əmrlə tanış olmaqdan imtina etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan (MMC-nin Administrativ departamentin direktoru, SƏTƏM bölməsinin meneceri və İnsan resursları bölməsinin baş mütəxəssisi tərəfindən tərtib edilmişdir) görünür ki, xx.xx.2023-ci il tarixində "xxxx" MMC-nin Toz-boya sahəsinin rəisi İddiaçı və Toz-boya sahəsinin növbə rəisi X9 xx.xx.2023-cü il tarixində Tozboya istehsalat sahəsində baş vermiş uyğunsuz boyama işləri və texniki qəza ilə bağlı izahat yazmaqdan imtina etmişdirlər. İşdə olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, 2023-cü ilin iyul və avqust ayı ərzində Cavabdeh MMC-nin Toz-boya sahəsində alüminium profillərin boyanması zamanı cəmi 2271,5 kq profil zay olmuş və nəticədə Cəmiyyətə cəmi 7962,57 manat məbləğində maddi ziyan dəymişdir. Dəymiş ziyanın hesablanması zamanı profillərin satış dəyəri, zay olmuş profillərin tullantı kimi qiyməti, təkrar emal və istehsal üçün işçilik qiyməti nəzərə alınmışdır. Əlavə vaxt itkisi, müştəri sifarişinin gecikdirilməsi və digər bu kimi hallar nəzərə alınmamışdır. İşdə olan xx.xx.2023-cü il tarixli aktdan (MMC-nin texnoloqu, Planlama və anbar bölməsinin meneceri və Keyfiyyətə nəzarət bölməsinin müfəttişi tərəfindən tərtib edilmişdir) görünür ki, 2023-cü ilin avqust ayında Toz boya sahəsinin rəisi İddiaçı tərəfindən rəhbərlik etdiyi sahənin növbə rəislərinin düzgün təlimatlandırmaması və istehsal prosesinin düzgün təşkil edilməməsi nəticəsində sahədə profillərin boyanması zamanı aşağıda qeyd olunan miqdarda (1550 kq) müştəri sifarişinin tələblərinə və keyfiyyət standartlarına cavab verməyən zay məhsul çıxmışdır. İşdə olan Administrativ departamentin direktoru Aruz Mikayılov, İstehsalat rəhbəri Elşad Qasımov və X13 "xxxx" MMC-nin direktoru Fərhad Əlievə ünvanladığı xx.xx.2023-cü il tarixli xidməti təqdimatdan görünür ki, 30 avqust 2023 cü il tarixində 00-08 iş növbəsində (növbə rəisi Nəriman Kərimov) 5400 nömrəli profillər RAL 9016 boyası əvəzinə RAL 7016 boyası ilə boyanmışdır. Nəticədə 315 kq alüminium profıl zay olmuş və əlavə olaraq 13 kq boya sərf edilmişdir. Yuxarıda qeyd edilənlərlə bağlı dəfələrlə Toz-boya sahəsinin rəisi İddiaçı sahədə işin düzgün təşkili ilə bağlı iradlar bildirilmiş, Növbə rəislərinin düzgün təlimatlandırılması, növbələrdə təhvil-təslimi işinin təşkili və sahə jurnalının düzgün aparılması barədə tədbirlər görməsi barədə tapşırıqlar verilmişdir. Bundan əvvəl də Tozboya sahəsində işin düzgün təşkil edilməməsi, növbə rəislərinin səriştəsizliyi, növbələrdə təhvil-təslim prosedurunun olmaması və işçilərin lazımi səviyyədə təlimatlandırılmaması səbəbindən oxşah hallar baş vermiş, sahənin növbə rəisləri və sahə rəisi barədə intizam tənbehləri tətbiq edilmişdir. Baş verən hadisələrlə bağlı Toz-boya sahəsinin rəisi İddiaçı hadisənin baş vermə səbəbi barədə izahat yazmaqdan imtina etmiş, sahədə işin düzgün təşkil edilməməsi səbəbini açıqlamaqdan boyun qaçırtmışdır. İşdə olan xx.xx.2023-cü il tarixli işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür kİ, həmin əmrlə İsayev X3 departamenti Toz-boya sahəsinin rəisi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (vəzifələrini kobud şəkildə pozmaqla təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) əsasən, xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə "xxxx" MMC arasında olan əmək müqaviləsinə xx.xx.2023-cü il tarixli, 25-İR/X nömrəli əmr ilə, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, cavabdeh MMC məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə versə də, məhkəmə hesab edir ki, iş üzrə iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı xx.xx.2023-cü il tarixdə işdən azad edilmiş, ilk dəfə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmiş, mediasiya prosesinə riayət edilməməsi əsası ilə iddia ərizəsi xx.xx.2023-cü il tarixdə geri qaytarılmışdır. Bundan sonra iddiaçı xx.xx.2023-cü il tarixdə qarşı tərəfə mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, məktub xx.xx.2023-cü il tarixdə cavabdeh MMC-yə təqdim edilmişdir. İlkin mediasiya sessiyası xx.xx.2023-cü il tarixində keçirilmiş, mediasiya prosesinin baş tutmaması barədə arayış isə xx.xx.2023-cü il tarixində hazırlanaraq təqdim edilmişdir. İddiaçı iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 7-ci bəndinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Mediasiya haqqında” Qanunun 35.1-ci maddəsinə əsasən, mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. Mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Həmin Qanunun 35.2-ci maddəsinə əsasən, Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Həmin Qanunun 32.4.2-ci maddəsinə əsasən, arayışın təqdim edildiyi gündən iddia müddətinin axımı bərpa olunur. Məhkəmə qeyd edir ki, iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Analoji münasibətləri tənzimləyən Mülki Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (380.1). Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir (380.2). Məhkəmə hesab edir ki, iddiaçı işə bərpa haqqında ilk dəfə məhkəməyə müraciət edərkən – xx.xx.2023-cü il tarixdə iddia müddətinin axımı kəsilmiş, xx.xx.2023-cü il tarixdən iddia müddəti yenidən başlanmışdır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək isə mediasiya prosesi ilə əlaqədar iddia müddətinin axımı dayandırılmışdır. Bu səbəbdən iddiaçı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən iddia müddətini ötürməmişdir. İddia tələbinin mahiyyəti ilə əlaqədar isə məhkəmə qeyd edir ki, milli qanunvericilikdə fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən aparıcı normativ-hüquqi akt Əmək Məcəlləsidir. Bu Məcəllə fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və onun tələblərinə görə tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Qeyd edilməlidir ki, əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri də işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. (ƏM-nin 70-ci maddəsinin ç bəndi). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin c) bəndinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2020-ci ildə Cavabdeh MMC-nin İstehsalat Departamentinin Toz Boya Sahəsinin rəisi vəzifəsinə işə qəbul edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (vəzifələrini kobud şəkildə pozmaqla təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsinə mülkiyyətçiyə maddi ziyan vurması ilə) xitam verilmişdir. İşçinin işdən azad edilməsinə əsas onun işdən çıxarılmasından əvvəl təxminən 2 ay müddətində rəhbərlik etdiyi toz-boya sahəsində dəfələrlə istehsal prosesinin düzgün təşkil edilməməsi nəticəsində profillərin zay məhsula çevrilməsi və nəticədə işəgötürənə maddi ziyan dəyməsi olmuşdur. Qeyd edilən halların araşdırılması məqsədilə işçi İddiaçı tutduğu vəzifə üzrə vəzifə təlimatı araşdırılmış və iş materiallarında olan xx.xx.2020-ci il tarixdə təsdiq edilmiş 070 nömrəli Sahə rəisinin Vəzifə Təlimatına əsasən müəyyən edilmişdir ki, Sahənin bütün istehsal növlərində istehsal-təsərrüfat işini təşkil etmək, sahə işçilərinə və növbə rəislərinə rəhbərlik etmək, verilmiş tapşırıqları vaxtında yerinə yetirilməsini, sahənin bütün istehsal növbələrində məhsulun keyfiyyətinin təminat sisteminə uyğun yüksək keyfiyyətli buraxılmasını, əsas və dövriyyə fondlarından səmərəli istifadə olunmasını təmin etmək, o cümlədən istehsalın təşkilinin təkmilləşdirilməsi, onun texnologiyası, istehsal proseslərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması, bütün növbələrdə keyfiyyətli məhsul istehsalının təmin edilməsi, zay məhsul buraxılışının qarşısının alınması, bütün daxili ehtiyatlardan səmərəli istifadə olunması, yeni məhsul istehsalı texnalogiyasının mənimsənilməsi, əmək məhsuldarlığının yüksəldilməsi, məhsulun maya dəyərinin və sərf olunan əməyin aşağı salınması üzrə iş aparmaq, növbələrdə işini düzgün təskil edilməsini və növbə rəislərinin düzgün idarə edilməsini təmin etmək, sahədə bütün işçilərin işlərini əlaqələndirmək sahə rəisinin vəzifə öhdəliklərinə aiddir (5-ci bənd). Eyni zamanda sahə rəisi bütün istehsal növbələrində boya prosesinin düzgün aparılmamasına və uyğunsuz istehsal nəticələrinə görə, hazırkı vəzifə təlimatı ilə müəyyən edilmiş vəzifə öhdəliklərinin yerinə yetirilməməsinə və ya lazımınca yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır (7-ci bənd) Göründüyü kimi, bütün istehsal növlərində və bütün növbələrdə istehsal-təsərrüfat işini təşkil etmək, sahənin bütün istehsal növbələrində məhsulun keyfiyyətinin təminat sisteminə uyğun yüksək keyfiyyətli buraxılmasını təmin etmək, növbələrdə işin düzgün təşkil edilməsini və növbə rəislərinin düzgün idarə edilməsini təmin etmək, o cümlədən sahədə bütün işçilərin işlərini əlaqələndirmək İddiaçı əsas vəzifə öhdəliklərinə aid edilmişdir. Lakin onun vəzifə öhdəliklərini lazımi qaydada yerinə yetirməməsi nəticəsində dəfələrlə sözügedən sahənin əsas işini təşkil edən profillərin boyanması prosesi lazımi qaydada yerinə yetirilməmiş, nəticədə yüksək miqdarda profillər zay hala düşmüşdür. Bununla əlaqədar iddiaçıya töhmət, şiddətli töhmət verilmiş, eyni hallar təkrar baş verdiyindən sonuncu dəfə işçi işdən azad edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni qanunsuz olaraq işdən azad edildiyini sübut edə bilməmiş, məhkəməyə bu halları təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, bu xarakterli mübahisənin qanuni həlli baxımından göstərilən əsasla əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən edilmiş təminatlar aydınlaşdırılmalı və iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən bu təminatlara əməl edilib-edilməməsinə diqqət edilməlidir. Belə ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən işçilər üçün müəyyən təminatlar müəyyən edilmişdir. Bu hal, həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı işdən azad edilməsi ilə bağlı sənədləşdirmə qanunamüvafiq qaydada aparılmış, bu zaman Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş bütün prosedurlara (əmrin təqdim edilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin, son əmək haqqının və digər ödəmələrin ödənilməsi) riayət olunmuşdur. Bu hal iş materialları və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin X4 müvafiq məktubu ilə də öz təsdiqini tapır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı işə bərpa və məcburi iş buraxma müddətinə görə orta aylıq əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar