Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-7417/2021 25.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Aynur Mirzalı qızı Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh1 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun tutulması, tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 14 noyabr 2018-ci iİ tarixli 200810-605767/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 36 ay müddətinə 12500 (on iki min beş yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1 mülkiyyətinə olan Sumqayıt şəhəri, 9-cu mkr, ev 9 ünvanında yerləşən ümumi sahəsi 84.50 kv.m-dən ibarət olan 12 saylı mənzil 14 noyabr 2018-ci il tarixli, 200810-605767/1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan Kredit Müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, Bank tərəfindən ipoteka predmetinə tutma yönəldilməsi barədə 06.07.2021-ci il tarixli, 001/007/3336/2021 nömrəli bildiriş ipoteka qoyan Cavabdeh1 07.07.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 14.07.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Kredit Müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Cavabdehin öz öhdəliyini icra etməməsi nəticəsində onun banka olan borcu 09 avqust 2021-ci il tarixə 6719.18 manat əsas borc, 1921.20 manat faiz borcu olmaqla, ümumilikdə 8640.38 manat təşkil edir. Qeyd olunanara əsasən məhkəmədən Cavabdeh1 14 noyabr 2018-ci il tarixli, 200810-605767/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc 6719.18 (altı min yeddi yüz on doqquz manat, on səkkiz qəpik) manat, əsas borca hesablanmış faiz borcu 1921.20 (bir min doqquz yüz iyirmi bir manat iyirmi qəpik) manat olmaqla, cəmi 8640.38 (səkkiz min altı yüz qırx manat otuz səkkiz qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmş 30,40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh1 tam mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mkr, ev 9 ünvanında yerləşən ümumi sahəsi 84.50 kv.m-dən ibarət 12 saylı mənzilə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mkr, ev 9 ünvanında yerləşən ümumi sahəsi 84.50 kv.m-dən ibarət 12 saylı mənzilindən çıxarlması və həmin mənzilin boşaldılması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, Cavabdeh2 öldüyü üçün cavabdehlər sırasından çıxarılması və onun qeydiyyatdan çıxarılması hissəsində iddia tələbinin azaldılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh1 dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmişlər, lakin onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, işə cavabdehin iştirakı olmadan baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanılmış 200810- 605767/1 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 36 ay müddətinə illik 26% dərəcəsi ilə 12500 manat kredit verilmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 kredit borcu üzrə ödənişləri kredit müqaviləsinin bağlandığı tarixdən bir ay sonradan, yəni 18 dekabr 2018-ci il tarixdən başlayaraq hər ay 540.70 manat olmaqla ödəməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, 09 avqust 2021-ci il tarixə Cavabdeh1 banka 6719.18 manat əsas borc, 1921.20 manat faiz borcu olmaqla, ümumilikdə 8640.38 manat borcu mövcuddur. İş materiallarında olan İddiaçı ASCı ilə Cavabdeh1 ilə bağlanmış 14 noyabr 2018-ci il tarixli ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 bankdan götürüdüyü pulun təminatı olaraq özünə məxsus Sumqayıt şəhəri, 9-cu mkr, ev 9 ünvanında yerləşən ümumi sahəsi 84.50 kv.m-dən ibarət 12 saylı mənzili ipoteka ilə yüklü edilmişdir və həmin mənzilin likvid dəyəri isə 68000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DƏDRX-nin verdiyi çıxarışının surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən 9 saylı evin 12 saylı mənzilinin mülkiyyətçisi Cavabdeh1dır. İş materiallarında olan İddiaçı ASC tərəfindən cavabdehə ünvanlanan 06.07.2021-ci il tarixli bildirişin surətindən görünür ki, İddiaçı ASC cavabdehdən 3 iş günü ərzində kredit müqaviləsi üzrə borcun ödənilməsini tələb edir. Əks halda İddiaçı ASC ipoteka predmetinin satılmasından əldə edilmiş vəsaitin hesabına kredit üzrə yaranmış borcun ödənilməsi üçün məhkəməyə müraciət etmək və ipoteka qoyulmuş əmlakı açıq hərracda satmaq hüququndan istifadə edəcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarında olan İddiaçı ASC-nin Sumqayıt filialının AR Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 2 saylı Ərazi idarəsinə ünvanladığı bildirişin qeydiyyata alınması haqqında ərizənin məzmunundan görünür ki, ipoteka müqaviləsinə əsasən banka girov qoyulmuş Sumqayıt şəhəri, 9-cu mkr, ev 9 ünvanında yerləşən ümumi sahəsi 84.50 kv.m-dən ibarət 12 saylı mənzilə tutmanın yönəldilməsi barədə 06.07.2021-ci il tarixli 001/007/3336/2021 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh1 07.07.2021-ci il tarixdə göndərilmişdir. Bildirişin dövlət qeydiyyatına alınması xahiş olunmuşdur. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş 07.11.2018-ci il tarixli ******* nömrəli AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Cavabdeh1 və Əliyev İbrahim Salman oğlu ünvan 1 ünvanında qeydiyyatdadırlar. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İ.Cavabdeh2 ölümü Gürcüstan DSİA Bolnisi Mülki Reyestr Xidmətində 14.02.2016-cı il tarixdə **********2 saylı akta əsasən qeydə alınmışdır. İş materiallarında olan məhkəmə tərəfindən təyin edilmiş müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş mənzilin qiymətləndirilməsi barədə hesabatdan görünür ki, Cavabdeh1 məxsus olan, Sumqayıt şəhəri, 9-cu mkr, ev 9 ünvanında yerləşən ümumi sahəsi 84.50 kv.m-dən ibarət 12 saylı mənzilin 06.10.2021-ci il tarixə olan bazar dəyəri 72 000 manat, likvid dəyəri 61 000 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 427.3-cü maddəsinin tələbinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 739.1. və 739.2-ci maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741 və 742.1-ci maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən Cavabdeh1 müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, iş materiallarında olan müstəqil qiymətləndiricinin rəyi nəzərə alınmalı və Cavabdeh1 məxsus olan, Sumqayıt şəhəri, 9-cu mkr, ev 9 ünvanında yerləşən ümumi sahəsi 84.50 kv.m-dən ibarət 12 saylı mənzilin likvid dəyəri 61 000 min manat təşkil etməlidir. Qeyd edilən Qanunun 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən haldır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsində göstərilir ki, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1. və 448.2-ci maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə araşdırması zamanı təqdim edilmiş sənədlərlə və məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14 noyabr 2018ci il tarixli, 200810-605767/1 №-li kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 26% hesablanmaq şərti ilə 12500 manat məbləğində kredit verilmiş, həmin kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 9-cu mkr, ev 9 ünvanında yerləşən ümumi sahəsi 84.50 kv.m-dən ibarət 12 saylı mənzil İddiaçı ASCının xeyrinə yüklü edilmişdir. Həmin müqavilələr bağlanarkən qanunun tələblərinə əməl edilmişdir. Cavabdeh1 İddiaçı ASC ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24.12.2014-cü il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. İş materiallarına əsasən müəyən edilir ki, Cavabdeh1 14 noyabr 2018-ci il tarixli, 200810-605767/1 №-li kredit müqaviləsi üzrə 09 avqust 2021-ci il tarixə banka olan borcu 6719.18 manat əsas borc, 1921.20 manat faiz borcu olmaqla, ümumilikdə 8640.38 manat təşkil edir. Məhkəmə, «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.3.1-ci maddəsinin tələbinə uyğun olaraq hesab edir ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, 9cu mkr, ev 9 ünvanında yerləşən ümumi sahəsi 84.50 kv.m-dən ibarət 12 saylı mənzilə tutma yönəldildikdə və o satıldıqda Cavabdeh1 ən geci bir ay ərzində həmin mənzildən çıxarılmalıdır. Belə ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30.40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat məbləğində çəkilmiş xərc müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh1 İddiaçı ASCının xeyrinə 14 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 6719.18 manat əsas borc, 1921.20 manat faiz borcu olmaqla, ümumilikdə 8640.38 manat borc, 30.40 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat məbləğində çəkilmiş xərc tutulub ödənilməli, tutma Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mkr, ev 9 ünvanında yerləşən ümumi sahəsi 84.50 kv.m-dən ibarət 12 saylı mənzilə yönəldilməli, həmin mənzilin likvid dəyəri 61000 manat müəyyən edilməli, fərdi yaşayış evi açıq hərracda satılmalı, borc Sumqayıt şəhəri, 9-cu mkr, ev 9 ünvanında yerləşən ümumi sahəsi 84.50 kv.m-dən ibarət 12 saylı mənzil satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməli, Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, 9-cu mkr, ev 9 ünvanında yerləşən ümumi sahəsi 84.50 kv.m-dən ibarət 12 saylı mənzilə tutma yönəldikdə və o satıldıqda ən geci bir ay ərzində həmin mənzil boşaldılmalı və Cavabdeh1 yaşayış evindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh1 İddiaçı ASCının xeyrinə 14 noyabr 2018-ci il tarixli kredit müqaviləsi üzrə 6719.18 (altı min yeddi yüz on doqquz manat on səkkiz qəpik) manat əsas borc, 1921.20 (min doqquz yüz iyirmi bir manat iyirmi qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 8640.38 (səkkiz min altı yüz qırx manat oruz səkkiz qəpik) manat borc, 30.40 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat məbləğində çəkilmiş xərc tutulsun. Tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Sumqayıt şəhəri, 9cu mkr, ev 9 ünvanında yerləşən ümumi sahəsi 84.50 kv.m-dən ibarət 12 saylı mənzilə yönəldilsin, həmin yaşayış evinin ilkin satış qiyməti (likvid dəyəri) 61000 (altmış bir min) manat müəyyən edilsin, açıq hərracda satılsın, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı ASCına ümumilikdə 8640.38 (səkkiz min altı yüz qırx manat oruz səkkiz qəpik) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu və və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 30 (otuz) manat xidmət haqqı olmaqla, cəmi 40 (qırx) manat məbləğində çəkilmiş xərclər ödənilsin. Cavabdeh1 yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin yaşayış evindən çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-7417/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-7417/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver